Döyüşən
ədəbiyyat
Bildiyimiz
kimi, iki əsrdən artıqdır ki, ikiyə
bölünmüş Azərbaycanın mənəvi
bütövlüyünü hər şeydən çox onun ədəbiyyatı
yaşadır. Parçalanma və əsarətin
xalqımızın ruhunda açdığı dərin
yaralar Araz çayının o tayında - Azərbaycanın cənubunda
öz ədəbiyyatını - Cənubi Azərbaycan
milli-demokratik ədəbiyyatını yaratdı. Mənsub
olduğu xalqın azadlığı, haqq və
hüquqları uğrunda apardığı mübarizələrini
ardıcıl olaraq ifadə edən bu ədəbiyyatın bir
adı da "Döyüşən ədəbiyyat"dır.
Yarandığı vaxtdan etibarən, öz doğma xalqı
ilə bir nəfəs alan, onun maddi və mənəvi sərvətlərinə
sahiblənib uğrunda döyüşən, həqiqətini
işıqlandırıb yolunu aydınlatmağa
çalışan milli-demokratik ədəbiyyatı Azərbaycan
xalqının mübarizə tarixinə çevrilmişdir.
Cənubi
Azərbaycanda milli-demokratik ədəbiyyatın inkişaf
dövrü dörd qanlı-qadalı inqilab yola salmış
XX əsrin ikinci onilliyindən başlanmış olsa da,
çaxmağı XIX əsrin ikinci onilliyində
çaxılmşdır. "1811-ci ildə Qacar şahzadəsi
və Təbriz valisi, Abbas Mirzənin Təbrizə gətirtdiyi
çap dəzgahı" milli və demokratik ədəbiyyatımızın
gəlişməsinə səbəb oldu. Təbrizdə
qurulan çap dəzgahı əlyazmalar dövrünə son
qoymağa başladı və bir çağ çəkmədən
mətbuat və kitabların evlərə ayaq tutub getməsinə
səbəb oldu. Cənubi Azərbaycanda milli-demokratik ədəbiyyatın
inkişaf mərhələsi başlandı. Belə ki, 1819-cu
ildə Azərbaycanın milli şairi olan böyük
Füzulinin ana dilimizdə yazdığı "Leyli və Məcnun"
poeması çapdan çıxan birinci kitab oldu. Bu kitablar
hal-hazırda Təbriz Milli Kitabxanasında qorunur.
Füzulinin
"Leyli və Məcnun" əsərinin çapından
106 il sonra Cənubi Azərbaycanda yaranan Milli Hökumət
dövründə Cənubi Azərbaycan Şairlər
İttifaqının mətbu orqanı olan məşhur
"Şairlər məclisi" adlı kitabının ilk səhifəsində
böyük Füzulinin portretilə çap edilməsi təsadüfi
olmamışdır. Füzulinin əsərinə və şəxsiyyətinə
olan bu sayğı və qayğı göstərir ki, o
vaxtın alimləri bu yeniliyi milli bir rəmz olaraq
böyük Füzuli ilə başlamaq istəmişlər. Və
hər iki təşəbbüs göstərir ki, milli
oyanışın yeni mərhələsi başlanmaqdadır.
XX əsrin
birinci onilliyinin - Məşrutə İnqilabının ilk
günlərində "Azərbaycan" qəzetinin ilk
çapını görən böyük Səttarxanın təəssüratını
belə yazırlar: "...Azərbaycan ruznaməsi 1325 qəməri
ildə Səttarxanın əmri və tapşırığı
ilə nəşr olundu. O böyük sərdar bu ruznamənin
ilk nömrəsini görəndə dedi: "Bu gün Azərbaycan
xalqının milli bayramıdır" və həyəcan
şiddətindən gözləri yaşardı. Yaxşı
bilirik ki, XX əsrdə Cənubi Azərbaycanda yaranan və
inkişafda olan milli-demokratik ədəbiyyat iki məcradan: 1)
Osmanlı ədəbiyyatı ilə tanış olan milli
şüurun oyanışında rol oynayan cənublu şair və
yazarlar, 2) Şimali Azərbaycanda boya-başa çatıb Cənuba
qayıdan ziyalı və əliqələmlilərdən
oluşmuşdur. İkinci Dünya müharibəsi illərində
SSRİ qoşunlarının tərkibində Şimali Azərbaycanın
Cənuba daxil olan qələm sahiblərinin 1941-ci ildən
1946-cı ilədək çağdaş Cənubi Azərbaycan
ədəbiyyatının gəlişməsində əvəzsiz
xidmətləri oldu. Qeyd etmək lazımdır ki, bu
inkişaf yolu siyasi, ictimai və mədəni mövzularla
çap olunan qəzet və jurnalların nəşrilə
başlanmışdır. Bu nəşrlər həm milli
düşüncə, həm də demokratik fikirlərini
oxucularına aşılamışdır.
Təbii
olaraq Cənubi Azərbaycanda yaranan milli ədəbiyyat öz
mənbəyini ötən əsrlərdə olan
kök-soyundan almışdır. Onun kökü şifahi xalq
ədəbiyyatından başlanmış, onunla
mayalanmış və bugünkü gövdəsində olan
qol-qanadlarına axmışdır. 1945-ci illərdən sonra
yaranan milli-demokratik ədəbiyyatdan söz açanda,
yürüşdə olan bir ədəbiyyatın
hay-harayları, zəfər və irəliləyişlərilə
üzbəüz döyüşən bir xalqın ön cəbhədə
şəhid olduğunu, əsir düşən fədai əsgərlərinin
öldürüldüyünü, illər boyu
sarsıdıcı işgəncələrə məruz qalan
insanlarının oyanışını, həmin xalqın həyat
fəlsəfəsində milli şüurun çiçəklənməsini
və demokratik düşüncənin inkşafını
görürük.
İki
inqilab arasında yetişən Güney Azərbaycan ədəbiyyatının
simvolları 80 ilə yaxındır ki, bir çox dünya ədəbiyyatşünaslarının,
xüsusilə, qardaş türk xalqlarının tədqiqatçılarının
araşdırma obyektinə çevrilmişdir. Həmin illərdə
ana dilində məktəb və müəllim görməyən
Güney Azərbaycan ziyalıları arasından Səhənd,
Sahir, Səməd Behrəngi, Saidi, ustad Şəhriyar, Nitqi
Aytan, Hüseyn Düzgün, Yəhya Şeyda, Əlirza Nabdil,
Hüseyn Cavan, Qəşəm Güneyli və başqa bu kimi
qələm əsgərləri meydana çıxır.
Təbiidir
ki, 1946-cı ildə regionda maddi mənfəətlərini
güdən militar qüvvələrin və imperiyaların
himayəsi ilə mənfur şah rejimi tərəfindən
yurdu-yuvası talan edilən, igid oğulları dar
ağaclarından asılan, milli düşüncəli
soydaşları didərgin düşüb, sürgün olan
Güney Azərbaycanın el şairləri və yazarları
zaman-zaman yazıb-yaratdıqları sandıq ədəbiyyatlarında
mövzu və ideya baxımından döyüşkən məzmunçuluğun
müəllifləri olmalı idilər. Ona görə də,
folklorik əsərlərdən sonra milli-demokratik ədəbiyyatda
daha çox barışmaz, üsyankar və haqq-həqiqət
carçısı olan mübariz bir ədəbiyyatla
qarşılaşırıq. Misal üçün,
Aşıq Hüseyn Cavan (1916-1985) həmin illərin
üsyankar ruhlu şairi kimi yazır:
Şah,
mən unutmadım, sən də unutma
Sabunlu
kəndiri, dar ağacını.
Mən
də belə unutsam, tarix unutmaz
Sinəsi
dağlanan ana-bacını.
Eləcə
də, H.Cavan dirəniş ruhunda yaşayan xalqının
dilindən üzünü xarici müstəmləkəçilərə
və onların daxili nökərlərinə tutub deyir:
Haqqımızı
saxlamağa
Biz
durmuşuq mərdana.
Azadlığa
xain baxan
Boyanacaq
al-qana.
1945-ci
ildə yaranan Milli Hökumət zamanı Təbrizdə
yaranan şairlər cəmiyyətinin fəal üzvlərindən
biri də milli ruhlu, aydın düşüncəli, coşqun
ürəkli jurnalist-yazar Əli Fitrətdir (1890-1948). O öz
əsrinin xalqının amalı yolunda qurban gedən
azadlıq carçılarından biri kimi Cənub şeirinin
unudulmaz şairləri sırasında yer tutur. Azadlıq
aşiqi şair 1946-ci ildə Təbrizdə nəşr olan
"Şairlər məclisi" kitabına salınan
şeirində yazır:
Yaşa,
yaşa, Azərbaycanım, yaşa!
Sənsən
mənim din-imanım, yaşa!
Günəş
kimi nurun saçır hər yana,
Gözəl
vəsfin gəlməz sənin bəyana,
Canlar
qurban sənin kimi məkana,
Şərafətli
mənim məkanım, yaşa,
Yaşa,
yaşa, Azərbaycanım, yaşa!
Milli
Hökumət dövrü əldə edilən milli
azadlıqları ədəbiyyat tarixində yaşadan
şairlərdən olan Əli Fitrət o illərdə
xalqın güvənci olan "Milli Məclis"ə
yazır:
Binayi-zülmü
edib dəsti-əql zir o zəbər,
Açıldı
məclisi-milli, getdi hüzn o kədər.
1945-1979-cu
illər arasında ədəbi fəaliyyətlərilə
milli ruhun və demokratik düşüncənin
bayraqdarlarından olan şairlərin biri də Məhəmmədəli
Fəxrəddin Məhzun (1881-1989) idi. O, Milli Hökumət
zamanı öz şeirlərilə şairlər məclisində
tez-tez çıxış edir və həmin şeirləri
o zamanın mətbu orqanlarında yayaraq milli borcunu şərəflə
yerinə yetirirdi. Milli Hökumət yaranan günlərdə
yazıb çap etdirdiyi bir şeirində oxuyuruq:
Ölkəmin
sahib hünər ey qəhrəman oğlanları,
Azəristan
xəlqinin şiri-jiyan oğlanları,
Mehriban
qardaşlarım, yoxdur bizim biganəmiz,
Bir
ata evladıyıq aləmdə birdir xanəmiz.
Baxmarıq
xain sözünə, yoxdur heç divanəmiz,
Bu
elin, bu ölkənin şirinzəban oğlanları.
Pakdil
əfsər, nizami qardaşımdır hər zaman,
İftxarımdır
qəyur, namuslu insanlar, inan.
"Of"
deməm, azadlıq uğrunda əgər versəm də can,
Qorxu
bilməz cəngidə Səttarxan oğlanları.
1945-1979-cu
illər arasında ədəbi prosesin və milli dəyərlərin
inkişafında önəmli qələm sahiblərindən
olub, öz əsərlərində milli hürriyyət və
azadlıq uğrunda ədəbi-mədəni mübarizə
aparanların biri də Mir Mehdi Etimaddır (1900-1981). O təcrübəli
müəllim və şair kimi o zaman yaranan şəraitin
imkanlarından faydalanıb xalqın fikrinə aydınlıq
çiləsin deyə, əsərlərini 1941-1946-cı illər
arasında nəşr olan mətbuatda yaymaqla
yaradıcılığının ən qızğın və
təsirli illərini yaşadı. Milli Hökumət
zamanı "Şanlı Azərbaycan" adlı şeir
divanı çap olundu. O. Milli Hökumət dövrü Təbrizdə
yaranan "Şairlər məclisi" adlı ədəbiyyat
ocağının sədri oldu və gənc şairlərə
türk dilində yazıb-yaratmaq öyrədirdi. 1946-cı
ildə Milli Hökumətin dövlət himni isə Mir Mehdi
Etimadın yazdığı "Yaşa, yaşa, Azərbaycan!"
şeiri idi. Onun yazdığı bir şeirə mahnı bəstələnib
mədrəsələrdə, milli ordularda və fədai dəstələrinin
nümayişlərində milli marş kimi oxunardı:
...Azərbaycan,
Azərbaycan,
Aslanların
məskənisən,
Sən
qurduğun yeni həyat
Xalqımıza
verdi nicat.
Gözəl
günlər gətiribsən,
Səttarxanlar
yetiribsən.
Qoy,
yurdumuz cənnət olsun,
Düşmən
bağrı qanla dolsun.
1946-cı
ildə Milli Hökumət devrildikdən sonra Mir Mehdi Etimad iki
il müddətində Təbrizdə dustaq oldu və azad
olandan sonra, məcburi halda Tehrana sürgün edildi. O,
sürgün illərində də Tehranda yaşayan azərbaycanlılarla
birlikdə ədəbi görüşlərə şərait
yaradanlardan oldu. O, Milli Hökumətin daxili işlər naziri
olan doktor Salamullah Cavidin köməyilə Tehranda yaranan məşhur
"Dostlar görüşü" adlı ədəbi
yığıncağın fəal üzvlərindən idi.
Bulud
Qaraçorlu Səhənd (1926-1980) imperiyaların
barışıqlarına qurban kəsilən xalqının
qandonduran vəziyyətini belə qələmə alır:
Bu səs
gurladıqca bir şimşək kimi,
Vurub
titrədirdi zülmün binasın.
Onun
hiddətində gurlayan odlar
Yaxırdı
şahların köhnə dünyasın...
Yoxsa,
düşmanlar da duyurdu bunu,
Bu səsdə
toplanan böyük qüdrəti,
Bütün
Asiyanı tutacaq bu səs,
O ki,
görəmməzdi bu fəlakəti.
Səhəndin
yaxın dostu və kitablarını toplayan etibarlı qələmdaşı,
professor Məhəmməd Əli Fərzanə onun şeir məcmuəsinin
"Qardaş andı" bölümündə yazır:
"Səhəndin milli haqsızlıq haqqında
yazdığı ən güclü şeirlərindən biri
"Taleyimə sən bax" şeiridir. Səhənd bu
şeirində milli varlığından və ana dilində
danışmaqdan məhrum edilmiş bir insanı belə təsvir
edir:
Taleyimə
sən bax,
Düşüncələrim
yasaq,
Duyğularım
yasaq,
Keçmişdən
söz açmağım yasaq,
Gələcəgimdən
danışmağım yasaq,
Ata-babamın
adını çəkməyim yasaq,
Anamdan
ad aparmağım yasaq!
Bilirsən?
Anadan
doğulandan belə,
Özüm
bilməyə-bilməyə
danışmağım
yasaqmış, yasaq!
Beləliklə,
Səhənd 1960-70-ci illərdə Cənubi Azərbaycanın
mübariz şeirində özünə layiqli yer
açır.
Demək
olar ki, Milli Hökumət dövründən sonra 20 ilə
yaxın müddətdə ölkə miqyasında olan
türkdilli kitab və mətbuat aləmində vəsfəgəlməz
bir yasaqlıq illəri yaşandı. Lakin artıq Cənubi
Azərbaycanın döyüşkən şairləri milli
ruhlu sandıq ədəbiyyatı yaratmağa
başlamışdılar. Həmin illərin
ağrılı-acılı günlərinin birində ustad
Şəhriyarın "Heydərbabaya salam" poeması
ildırım sürətilə ədəbiyyat aləminə
yayıldı.
Dünən
və bugünümüzün əks-sədası olan bu
tarixi əsər Cənubi Azərbaycanın ən susqun
günlərində yarandı və əks-səda doğurdu;
demək olar ki, ədəbi əsrimizin ən böyük
hadisəsi oldu. O kitabın nəşr olunması ürəklərə
cürət verdi, qəddar hakimiyyətin dəmir hasarlarını
yardı və sərhədləri keçdi. Uzun illər boyu
minlərlə oxşar və nəzirəsi yazıldı. Həm
Azərbaycana, həm ustad Şəhriyara dünya şöhrəti
qazandırdı. O məcmuədə bir milli folklorik əsərə
çevrilmiş olan o aşıq ədəbiyyatı qəliblərinin
axıcı 11 hecaları elə düzülüb ki, həm
misradaxili bölgülərdə, həm də poemanın
bütünlüyündə onun tayını klassik ədəbiyyatda
hələ-hələ tapmaq mümkün deyil. Bugünədək
dünyanın 90 dilinə tərcümə olunan ustad Şəhriyarın
"Heydərbabaya salam" əsərinin, nəinki Güney
Azərbaycanda, bəlkə dünya folklorik ədəbiyyatında
tayı-bərabəri yoxdur. Bu bir ədəbi ecazın
yaranması deməkdir. Dünyanın harasında belə bir
istedadla yazılan əsər var?!
XX əsr
Cənub şeirinin ziyalı təbəqəsinə dərin
təsir edən və əsrin gənc şairlərinə
örnək olan ustad şairlərin biri də Həbib Sahirdir
(1903-1983). O ali təhsilini Türkiyədə oxuduğu illərdə
orada yaranan ədəbi mühitin ab-havasına alışaraq
yenilikçiliyin ilk banilərindən və onu yaya bilən
şairlərdən oldu. Aydın fikirli, milli ruhlu, insanlıq
vurğunu olduğu üçün gəlişməkdə
olan gənc nəslin sevilən şairinə çevrildi.
Çağdaş ədəbiyyat nəzəriyyəçiləri
Həbib Sahirin lirik-romantik şeirlərini "Məşrutə
dövrünün poeziyası ilə Nima Yuşicin müasir
şeirləri arasında bir körpü" kimi dəyərləndirmişlər.
Cənubi Azərbaycan ədəbiyyatında onu sərbəst
şeirin atası adlandırırlar.
Sahirin
əsərlərinə diqqət yetirib ötən 40 ildən
bəri nəzəriyyələr yazan şair, ədəbiyyatşünas
və dəyərli jurnalist Həsən İldrım
yazır: "...Ustad Həbib Sahir haqlı olaraq müasir
şeirimizin təmsilçisi adlanır. Şeirimizin səciyyəvi
xüsusiyyətləri onun əsərlərində öz
qabarıq ifadəsini tapmışdır. Görkəmli sənətkar
əsərlərində əsrimizin insanının (XX əsrin)
taleyi, istək və arzuları, keçirdiyi mübarizə
yolları və dünyamızda baş verən ən
mühüm ictimai və mədəni hadisələrini
dolğun, yararlı bədii formada tərənnüm
etmişdir. Şair qabaqcıl dünya şeirinin müsbət
ənənələrini mənimsəmiş və o ənənələri
milli irsimizin köklərinə əsaslanaraq müasir Azərbaycan
şeirində ana dilində səsləndirməyə
çalışmışdır".
Cənubi
Azərbaycanda 1945 və 1946-cı illərin bir ilin içində
baş verən ictimai-siyasi uğurlarını və payız
fəslindəki uğursuzluqlarını, ictimai həyatın
payız havasında qaldığını Həbib Sahir poetik
dillə belə ifadə etmişdir:
Bir xəzanda
yetim qaldıq,
Bir xəzanda
sevdalandıq,
Bir xəzanda
alovlandıq,
Ən
nəhayət, xülyaların havasından
qanadlandıq...
Qəndab Haqverdi Əliyeva
Ədəbiyyat qəzeti 2024.- 1 iyun, ¹20.- S.29.