"Yeni ədəbiyyatı tanıdaq: Adəm - “Prometey əfsanəsi”

 

Mayın 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi və "Ədəbiyyat qəzeti"nin birgə "Yeni ədəbiyyatı tanıdaq" layihəsi çərçivəsində Adəmin "Prometey əfsanəsi" romanının müzakirəsi keçirilib. Müzakirə mətnini ixtisarla oxuculara təqdim edirik.

Müzakirədə Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, böyük elmi işçi Mənzər Niyarlı, filologiya üzə fəlsəfə doktoru Gülnar Qəmbərova, doktorantlar Hənifə Səlifova və Səbirə Müzəffərli,  təcrübəçi tələbələr Yeganə Abdullayeva və Yenigül Əsgərova iştirak ediblər.

Moderator - filologiya üzrə fəlsəfə doktoru Mətanət Vahid.

Mətanət Vahid: Müzakirə üçün niyə məhz bu romanı seçdik? 28 may ərəfəsində düşündük ki, Cümhuriyyət mövzusu ilə bağlı yeni ədəbiyyata aid olan hansı romandan bəhs edə bilərik? Tehran müəllim Adəmin "Prometey əfsanəsi"ni təklif etdi, biz də məmnuniyyətlə qəbul etdik. Qeyd edim ki, Adəm - Nizami Hüseynovun yazıçı təxəllüsüdür. Ona görə xahiş edirəm, müəllifin seçiminə sayğı ilə yanaşaq; burada müəllif kimi, Nizami Hüseynov deyil, yaradıcı imzasını - Adəm ismini səsləndirək.

Bilmirəm, bu qeyd müəllifə məxsusdur, ya nəşriyyata, kitabda "Prometey əfsanəsi"nin eksperimental roman olduğu qeyd edilib. Həmçinin müəllif əsəri "kaş romanı" adlandırır. Bundan başlayaq ki, romandakı eksperimentlər nədən ibarətdir? Tehran müəllim hər dəfə deyir, ilk sözü gənclərə verin. Ona görə şöbəmizin doktorantı ilə başlayaq söhbətimizə. Buyurun, Səbirə.

Səbirə Müzəffərli: Milli ruhda qələmə alınmış və  modernist nəsrin estetik prinsiplərinə cavab verən mətndə  şərin hökm sürdüyü bir dönəmdə yaşamağa məcbur olan Azərin timsalında fərdin sivilizasiya ağrıları, məşəqqətli yaşamı, Azərbaycanın taleyi, qanlı tarixi, mənəvi-əxlaqi kodeksləri fraqmentar situasiyalarla diktə edilir. Əsərdə Azər xaotik bir dönəmdə özünə yer tapa bilməyən, uşaqlığından qocalığınacan çətin günlər yaşamış, dünya və təzadlı cəmiyyət ilə təkbaşına mübarizə aparan makrodünyanın mikroobrazıdır. Yaşamı büsbütün  kədər notlarına köklənib. Bu kədər onu  ömrü boyu izləmiş və "xoşbəxt ailə başçısı" arzusunu beşikdəcə boğmuşdur. Müəllif  bu romanla Azərin və onun kimi "kiçik  insanların" dərdlərinə, iddialarına, amallarına, yarımçıq qalmış  arzu və istəklərinə (xəyal poetikası fonunda) işıq salıb. Təkcə Azərin deyil, Azərkimilərin,  Həsənkimilərin, Cahangir Ağayevkimilərin  haqq bağıran səsini eşitdirmək istəyib.

Müəyyən məqamlarda iqtisadi bərabərsizliyin yaratdığı iki qütbü qarşılaşdırmaqla,  cəmiyyətdəki binar oppozisiyaları,  varlı-kasıb təbəqələşməsini canlandırmağa çalışıb.

Mətn  çoxtəhkiyəli, ictimai və sosial yükü özündə ehtiva edən ideya-estetik baxımdan da öncəki dönəmlərin əsərləri ilə yaxından səsləşən bədii əsərdir. Hər dönəmin xarakterik xüsusiyyətləri ağa-nökər tandemindən tutmuş, mədəni inqilabın ən xırda nüansına qədər hər şey bədii təxəyyül süzgəcindən keçirilmişdir.

Əsərin konstruksiyasına gəldikdə isə bu əsər  özündən öncə yaranmış lokal və qlobal   mətnlərə göndərmələr üzərində qurulub. J.Saramaqonun "İsanın İncili", M.Bulqakovun "Master və Marqarita"sı, Feyxtvangerin "Yalançı Neron", Paolo Koelyonun "Rio-Pyedranın sahilində oturdum və ağladım", eləcə də Seymur Baycanın "Ana ürəyi"  əsərlərinə edilən göndərmələr və adları çəkilən obrazların əzabları ilə Azərin əzabı arasında bir  assosiasiya yaratmışdır.  

İntermətnlik və ya intertekstual kimi səslənən bu göndərmələr mozaik təsvir yaratsa da, sonda bir sintaqm kimi birləşərək struktur  bütövlüyü yaradıb. Mətn  boyu interteksuallığın müxfəlif təzahür formalarının - mətnin öz sərlövhəsinə istinad etməsi ilə paratekstuallıq, mətnin öz mətnöncələrinə münasibəti kimi metatekstuallıq və janrlararası əlaqə kimi arxitekstuallığın izi görünür. Bu roman ifadə etdiyi həyatlar baxımından milli romandır, lakin kompozisiya baxımından modern roman texnikası ilə yaxından səsləşir. Tekstin fraqmentar situasiyada yaradılması da əsərin ilk cümləsindən bəlli idi. "Yenə xəyallar qurur, hər xəyalın ayrı-ayrı parçalarını birləşdirirdim...". İlk  monoloqun enerjisi oxucunu  oyun estetikasına çağırır. 

Tehran Əlişanoğlu: Mən istərdim, bu nəzəri illüstrasiyaları mətn üzərində nümunələrlə konkret təsdiqləyəsiniz. Bir çox göndərmələri, düzdür, müəllif özü də vurğulayır, qabardır, amma mən istərdim, Səbirə, bundan əlavə qeyd etdiyiniz göndərmələri mətndən çıxış edərək izah edəsiniz, nəyi nəzərdə tutursunuz?

Gülnar Qəmbərova: "Saqqallı uşaq"dan bir epizod var orada. Romanı oxuyanda yadımıza düşür, sonda görürük ki, müəllif özü də bunu qeyd edib. Mühacirətlə bağlı mətnlər də var.

Mətanət Vahid: Başqa aydın görünən mətnlər də var əsərdə... Məncə, roman üçün eksperiment hesab olunan məqamlarla bağlı qeyd etdi Səbirə bunu. Mətn bu pastişlər, göndərmələr üzərində qurulub deyə, bundan öncə də ədəbiyyatda mövcud olan texnikaları sadalamaqla, bir növ, romanın eksperimental olub-olmaması mövzusuna toxundu ötəri... Tutalım, müəllif romanda istifadə edilmiş ədəbiyyatın siyahısını verir. Bu da bir eksperimentdir. Amma məsələyə başqa tərəfdən yanaşsaq, bu həm də müəllifin oxucusuna inamsızlığı kimi də dəyərləndirilə bilər. Məsələn, bayaq adını çəkdiyiniz "Ana ürəyi" əsərində Seymur Baycan qətiyyən ipucu vermir bu barədə. Hətta xatırlayırlam ki, uzun müddət roman haqqında yazanlar mətni sadəcə, o məşhur lətifənin dekonstruksiyası kimi qəbul edirdilər və buradakı digər postmodern texnikalardan, demək olar, bəhs olunmurdu. Mən "Ana ürəyi" haqqında yazanda hətta yazıçının dostlarından ikisi mənə dedi ki, sənin romanla bağlı qeyd etdiyin o postmodern gedişləri müəllif heç özü də bilmədən yazıb. Mənsə əminəm ki, müəllif "bilməyərəkdən", ya "təsadüfən" belə bir mürəkkəb konstruksiya qura bilməz. Baxmayaraq ki, oxucu həmin romanın çözümünü verə bilmirdi, çünki o vaxt postmodernizmlə bağlı hələ təzə-təzə danışılırdı bizdə, 2012-ci il idi, deyəsən. Amma Seymur başa düşülməsinin qayğısına qalmamışdı, məncə də doğru olan elə budur. Müəllif oxucusuna "oyun" təklif etməyi bacarmalıdır, oxucunun labirintdə azıb qalmasından çəkinməməlidir. Sözüm ona ki, Adəmin bu istifadə olunmuş ədəbiyyat siyahısını əgər eksperiment olaraq qəbul etməsək, gərək qəbullanaq ki, müəllif oxucusuna güvənməyib sadəcə.

Səbirə Müzəffərli: Məncə, bunları qeyd etməsə, daha yaxşı olardı. Məsələn, mən oxucu kimi bir əlimdə kitabı tutmuşdum, bir əlimdə də telefonu, yəni özüm axtarırdım. Bu məqamları tutandan sonra isə istifadə edilmiş ədəbiyyatı görməkdən məyus oldum.

Mətanət Vahid: Məsələyə bir başqa tərəfdən baxsaq, bu da müəllif oyunudur.

Tehran Əlişanoğlu: Məncə, bunun üzərində çox durmaq lazım deyil. Sadəcə, siz deyən kimi, hələ ilk roman təcrübəsi olan müəllifin oxucuya inamsızlığından irəli gəlir bu nüans. Amma mən sualıma cavab almadım, maraqlıdır da mənə, bax o Saramaqonun adını çəkdiniz, əsərdə haradadır o göndərmə? Bədii əsər tapmaca deyil ki, biz orada nəsə axtaraq. Varsa, işarə verək və müəyyənləşdirək ki, müəllif bu üsulu niyə seçib?

Mətanət Vahid: Məncə, əsər elə "tapmaca"dır. Bədii mətn suallar yaratmalı, oxucunu axtarışa sövq etməlidir, əks halda, onun yazılmasının mənası nədir? Oxucu əsərdə müəllifin nəzərdə tutduğunu anlaya bilməyəndə onu mənasız mətn hesab edir və hətta müəllifdən öz mətninə açıqlama, izah istəyir. Mənə elə gəlir, mətn oxucunu axtarışa sövq edə bilirsə, bu onun uğurudur.

Tehran Əlişanoğlu: Mənim istədiyim də budur, müəyyənləşdirək ki, müəllif burada qeyd olunan texnikaları bilərəkdən edib, yoxsa elə dediyiniz oyunu qurmaq üçün? Məsələn, "Məktub yetişmədi" hekayəsi çox təbii şəkildə bu romana daxil olur, romantik nəsrin pafosundan deyək, ya estetikasından bəhrələnərək onu mətnin bir hissəsinə çevirə bilir. Hətta hansısa oxucu Abdulla Şaiqin hekayəsi ilə tanış deyilsə, o da mətnin içindən keçə bilir, fərqi yoxdur, müəllif sonda o əsər adlarını təqdim edir, ya yox. Bunu mətnə uğurlu tətbiq nümunəsi hesab edirəm. Mən sadəcə, onu soruşuram ki, romanda Seymur Baycana göndərmə etdiyini qeyd edir, mən bu məqamı görməmişəm, görənlər izah etsin.

Səbirə Müzəffərli: Romanda, məsələn, belə bir cümlə var: "Həmin gecə nə qədər ağladığımı, neçə dəfə bayılaraq yıxıldığımı bilmirəm." Burada anasının rəhmətə getməsi ilə "Ana ürəyi"ndəki xəyalpərvər qatil obrazının öz anasını öldürdükdən sonra keçirdiyi hisslərlə yaxınlıq gördüm. Həmçinin obrazın xəyallar dünyasında gəzişməsi, özünü orada daha yaxşı hiss etməsi də məndə o romanla oxşarlıq təəssüratı yaratdı.

Tehran Əlişanoğlu: Stilistik cəhətdən hiss etdiniz ki, romandan Seymur Baycan nəfəsi gəlir.

Səbirə Müzəffərli: Zevs insanları əsarət altında saxlamaq üçün hər şeydən məhrum etmişdi, romanın əvvəlində Azər obrazının da sanki ilk növbədə, əzablardan keçdiyi ilə və əzabın mahiyyəti ilə bağlı məlumatlar verir və bunu əlaqələndirir Ponti Pilatın, Neronun, İsanın əzabı ilə və s. Bunları araşdırdım, gördüm ki, bu obrazların biri "İsanın incili" ilə bağlıdır, yaxud Ponti Pilat "Master və Marqarita" ilə bağlı və s. Yəni mən məhz əzabın ifadəsi baxımından o əsərlərə göndərmə kimi hiss etdim.

Mətanət Vahid: Sadaladığınız obrazlar bədii ədəbiyyata "İncil"dən gəlib öz əzabları ilə birgə. Ona görə bu romanda J.Saramaqo və M.Bulqakova məhz bu baxımdan göndərmə olmaya da bilər... Adəmin romanında pastişin açıq-aydın görünən elementlərindən başqa da mətnlər var. Məsələn, Əmin Abid Gültəkinin "Buzlu cəhənnəm"indən, Məmməd Əmin Rəsulzadənin "Qəzetçi Seyyid"indən, Yusif Vəzir Çəmənzəminlinin "Beş qəpik" və s. mətnlərdən də istifadə olunub. Bu məqamı bayaq da qeyd etdim, ola bilər, müəllif romanda pastiş elementləri kimi istifadə etdiyi mətnlərin adlarını ədəbiyyat siyahısı olaraq təqdim etməklə də bir eksperimentə imza atmağa niyyətlidir. Bəlkə də nə vaxtsa oxuduğumuz əsərdə belə bir priyom rastımıza çıxıb, amma mən xatırlamıram. Yəqin, intellektual roman demək olar da "Prometey əfsanəsi"nə - həm problematika mürəkkəbliyinə görə, həm də ki, müəyyən hazırlığı olmayan oxucu mətndəki nəsr texnikasına bələd olmayacaq, onu elə xalis müəllifin yazdığı roman olaraq qəbul edəcək.

Tehran Əlişanoğlu: Mən razılaşmıram intellektual roman olması fikri ilə. Çünki mənə heç bir yeni intellektual bilgi vermir. Bayaq Səbirə xanım romanı modern kimi təqdim etdi, bununla da razılaşmıram. Məncə, müəllifin məqsədi postmodern roman yazmaq olub, məhz sitatlardan ibarət roman. Roman həm Elnarə Akimovanın "Ədəbiyyat qəzeti"ndəki resenziyasından mövzusu ilə mənim diqqətimi cəlb etdi, həm də "Prometey əfsanəsi" adı ilə. Əfsanədən başqa, bizim mühacirlərin "Prometey" adlı təşkilatı olub. Mənə elə gəldi, roman ora qədər dərinləşəcək. Hər halda, gənc müəllifin bu mövzuya müraciəti təqdirolunandır. Çünki bizdə bu mövzuda əsərlər yox dərəcəsindədir. Müəllif postmodern texnikanı seçib, romanını başdan-ayağa sitatlar üzərində qurmağa çalışıb. Postmodern romanın təkcə sitatçılıq, göndərmə yox, həyat həqiqətləri və ədəbiyyatı bir-biri ilə yanaşı qoymaq prinsipindən istifadə edib. Bilmirəm, siz nə qədər razılaşırsınız bu məqamla...

Mətanət Vahid: Razıyam, tamamilə postmodern estetika ilə yazılmış romandır. Burada roman içində roman texnikası da aydın görünür, ki bunun onlarla nümunəsini göstərmək mümkündür. Həmçinin təhkiyəçi-müəllifin itirilmiş romanı tapıb oxucuya təqdim etməsi, yaxud yarımçıq mətni özünün tamamlaması və s. priyomları çox geniş yayılıb, bunlar aydındır. Mən istərdim, romandakı ikinci romandan danışaq, axı biz mətnə cümhuriyyət mövzusuna görə müraciət etmişik. Mövzu nə dərəcədə reallaşıb bu əsərdə?

Mənzər Niyarlı: Mən əsəri sənədli roman da adlandırardım. Çünki çox istifadə edib sənədlərdən, məqalələrdən. Çox ağrılı romandır, həm də çox əhəmiyyətlidir. Repressiya haqqında gənc bir müəllifin yaza bilməsi çox xoşuma gəldi. Çünki gənclərimizin çoxunun xəbəri yoxdur ki, müsavatçıların o dövrdə başına nə gəlib. Orada onlara o qədər işgəncə verirlər ki. Çox təbii şəkildə ifadə edib, dili də çox aydın, səmimi... Öz həyatı ilə bağlı da yazır, yenə də sənədli tərzdə. Cahangir Ağayevin uşağının məktubu. Məktub yetişir, oxuyur, ürəyi gedir atasının. Romanda elə epizodlar var ki, doğrudan da, sarsılırsan.

Mətanət Vahid: Mənzər xanım çox maraqlı məqama toxundu, "məktub yetişir" dedi. O zaman belə bir variantı da qeyd edək: bəlkə, müəllifin, deyək ki, elə "Məktub yetişmədi" hekayəsini romanına gətriməkdə məqsədi o hekayələrin taleyini dəyişməkdir, bəlkə elə eksperimenti ondan ibarətdir.

Gülnar Qəmbərova: "Kaş" məqamı.

Mənzər Niyarlı: Mən dəfələrlə şahid olmuşam ki, gənclərin əksəriyyətinin nə repressiyadan xəbəri var, nə on səkkizinci il hadisələrindən. Orada bir məqam var: müsavatçını elə gözəl təqdim edir ki. Realist bir əsərdir də. Müəllif gedir, axtarır və eşidib-bildikərini yazır.

Tehran Əlişanoğlu: Yəni bizim postmodernə, sitatçılığa yozduğumuzu realist poetikadan çıxış edərək Mənzər xanım asanlıqla sənədliliyə yozdu.

Mətanət Vahid: Bizim, demək olar, bütün müzakirələrimizdə iki qütb olanda realist tərəfində mütləq Mənzər xanım olur və yeri gəlmişkən, bu da maraqlı bir mövqedir. Orxan Həsəninin romanının müzakirəsində də bu məqama gəlib çıxmışdıq. Bu məsələ, demək olar, hər dəfə niyə ortaya çıxır bizim müzakirələrdə?

Tehran Əlişanoğlu: Mənə elə gəlir, bu, mətn nəzəriyyəsindən irəli gələn bir xüsusiyyətdir. Postmodernizm quru yerdə yaranmayıb ki. Tarixən başqa estetikalarda olan cəhətlər təkamül nəticəsində belə bir məqama gəlib.

Hənifə Səlifova: "Prometey əfsanəsi" arzularla gerçəklərin üst-üstə düşmədiyi bir romandır. Müəllif bu günün insanını XX əsrin hadisələri ilə düşündürür. Zamandan çıxıb keçmişlə indi arasında gəzişərək oxucunu faktlarla tanış edir. Mətn daxilindəki geridönümlər ilə tariximizin yüz il əvvəlki hadisələrinə retrospeksiya diqqətimizi çəkir. Əsərdə Prometey rəmzi xarakter daşıyır, həqiqət, ədalət, humanizm simvolu kimi çıxış edir. Azərbaycan da Prometey kimi haqsızlığa məruz qalır, müstəqilliyi əlindən alınır, sovetin tərkibinə zəncirlənir. Prometeyin ciyəri necə yenidən bərpa olunursa, Azərbaycan da bütün fəlakətlər qarşısında əyilmir, öz əbədi mübarizəsini davam etdirir.

Romanda müsavatçıları əsas ideal olaraq götürə bilərik. Onların əzmkarlığı, xalqın rəğbətini qazanması, mübarizələrini uzun müddət davam etdirmələri diqqət çəkən məqamlardır. Əsərdə müəyyən gizli məqamların açılması da maraq doğurur. Məsələn, Azər babanın Sibirin buzlu cəhənnəmindən Karpovun vasitəçiliyi ilə xilas olması əsərin sonlarına yaxın aydınlaşır.

Romanda istifadə olunan mətn içində mətn texnologiyası, yazıçının sərbəstliyi, interpretasiyadan istifadə, pastiş, mətnin içində yazılma səbəbinin göstərilməsi, retrospeksiya, dağınıq struktur, xaotiklik, şüur axını, hadisələrin müəllifin arzuladığı formada təsviri postmodern romanın ünsürləridir. Postmodernist əsərlərdə sonluq naməlum olur, "Prometey əfsanəsi"ndə isə struktur dağınıqlığına baxmayaraq süjetin izlərini aydın görmək olur.  Və ən əsası, burada postmodernist romana xas olan keçmişə ironik münasibət və dekonstruksiyaya rast gəlmirik. Zaman kontekstində də əsaslı qeyri-müəyyənliyə təsadüf olunmur.

Tehran Əlişanoğlu: Modern roman deyildi, sonra keçdik postmodernə, sonra məlum oldu ki, realist ünsürlər də meydana çıxır. Ordan çıxış edərək "Kaş" məqamına gəlib çıxdıq. Müəllifin bizdə gətirdiyi yeniliyə aid edərək sanki bu əsəri postmodern roman yox, postmodern yanaşma hesab edə bilərik. Çünki bayaq qeyd olunan məqamla çox razıyam ki, postmodernə xas ironiklik işləməyəndə romanda, o artıq postmodern olmur. Bu eksperimentdə gizlənən əsas niyyət o "kaş" məqamıdır.

Yenigül Əsgərova: Mən romanı oxuyanda neçə yerdə "kaş ki..." dedim obrazla bağlı. O ki sürgünə göndərilir, biri edam edilir, sürgün zamanı qatarda başına gələn hadisələr, bir neçə yerdə mən dedim, kaş edam olunaydı, başına gəlməzdi bunlar. Kaş bəzi şeyləri istəməzdi: ata Bakını istəməzdi, köçüb gəlməzdilər, varlı olmaq istəməzdi, kaş kiminsə qapazı altında qalaydı, amma başına axırda bu şeylər gəlməzdi.

Mətanət Vahid: Bu məqamla heç razı deyiləm. Yəni canı sağ olsun deyə, qapazaltı olsun düşüncəsi bu romana tərsdir axı. Əksinə, azadlıq üçün "kaş" deyən romandır bu.

Yeganə Abdullayeva: 2023-cü ilin oktyabr ayında "Kitabqurdu" oxu marafonu təşkil olundu. Nizami müəllimi, yəni Adəmi oradan tanıdıq. 8 kitab idi, orada iki kitab da vardı: Yunis Orucovun "Boraltan" və Arif Əliyevin "Yalama" əsəri. Sanki eyni mövzu verilib və hər 3 müəllif eyni mövzuda yazıb. Qeyd etdiyim o biri iki romanda da eynən Azər var, onların sürgün məsələləri var, rus ordusunun yerləşdirilməsi və s. mövzular hər üç romanda əksini tapır.

Mətanət Vahid: Qeyd etdiyiniz bu məqamla biz tanış deyildik, dəyərli bir məlumat verdiniz, sağ olun... Müəllifin "Kaş" romanı bizə alternativ tarixi təklif edir. Həm əslində necə olduğunu göstərən, həm də xəyalını qurduğu bir keçmişi təqdim edir Adəm bizə. Bu eksperiment barədə - romanın məhz həmin o ikinci xətti üzrə fikirlərinizi də bilmək istərdim.

Tehran Əlişanoğlu: Ekperiment kimi "kaş" məqamını qoyur, o da bir növ, əsaslandırılmamış, motivlənməmiş, mətnin içindən çıxmayan şəkildə, sadəcə bir ideyanın illüstrasiyasını ortaya qoyur. Bununla belə, mən nəyi dəyərləndirdim: bundan öncəki müzakirələrimizdə də səsləndirilmişdi ki, müəllifin öz fərdi həyat təcrübəsindən kənara çıxaraq cəsarətlə hər hansı bir ictimai, fəlsəfi mövzuya müraciət etməsi yaxşı olardı. Adəmin romanının bir maarifçi tərəfi var, xüsusən yeniyetmə və gənc auditoriya üçün - bunu alqışlamaq olar. İlk romanı olduğu üçün Adəmi "başlayan yazıçı" kateqoriyasına aid etmək olar. Mətnin arxasında gizlənən potensialdan danışsaq, sosial mövzulara maraq hiss olunur Adəmin yaradıcılığında.

Yeganə Abdullayeva: Tehran müəllim kitabın maarifləndirmə xüsusiyyətini qeyd etdi, amma bu kitab bayaq adlarını qeyd etdiyim digər iki kitabdan bir az zəif qalır, o kitablar daha çox məlumat verir.

Tehran Əlişanoğlu: Şəxsən mənə, bir ədəbiyyatçı-oxucuya bu roman informativ cəhətdən, demək olar ki, heç nə vermir. Əksinə, məlum informasiyaları sanki bir mövzu ətrafında toplamağa çalışır.

Mənzər Niyarlı: Bəs yazılış baxımından necə?

Yeganə Abdullayeva: O baxımdan da, əgər sıralasaq, "Boraltan", "Yalama" və sonra "Prometey əfsanəsi" gəlir mənimçün.

Mətanət Vahid: Sizin fikrinizə alternativ olsun deyə demirəm, mən müzakirələrdə, demək olar, həmişə bu fikri səsləndirməli oluram ki, mətnə mətn kimi yanaşmalıyıq. Siz qeyd edirsiniz ki, informativ baxımdan zəif qalır, amma müəllifin də informasiya vermək kimi bir borcu yoxdur axı. Tarix dərsliyi deyil ki bu. Müəllif, əksinə, tarixi gerçəkləri dağıda da bilər, tamamilə uydura da bilər. O, sadəcə olaraq tarixi materiallardan istifadə edərək öz mətnini yaradır. Odur ki, bu baxımdan müqayisənizin yerinə düşdüyünü sanmıram. Ola bilər, başqa bir müəllif sırf realist mətn yazmaq istəyib, ona görə də tarixi hadisələri, əhvalatları yazıb.

Gülnar Qəmbərova: Romanda müstəqilliklə yanaşı, mart hadisələrinə də işarə olunur. Burada mart hadisələrini müstəqillik üçün bir od kimi qiymətləndirir və Prometeyin odu oğurlayıb gətirməsini, bir növ, həmin o mart hadisələri ilə paralelləşdirir. Romanda bəzi yerlərdə təkrarlar var, yəni mətnin müəyyən bir hissəsi olduğu kimi təkrarlanır. Mənə elə gəlir, bu, postmodern ünsürlərdən biridir. Bayaq Hənifə xanım dedi ki, keçmişə ironik baxış yoxdur. Mənə elə gəlir, burada postmodernizmə xas olan elə bircə o cəhət yoxdur, qalan çox şeylər var. Fərqli zamanlar romanda xaotiklik yaratmır, gəlib bir məqamda birləşirlər.

Tehran Əlişanoğlu: Elə o məqamı vurğulayırdım ki, romanda niyyətlər aydın görünür, amma reallaşması məsələsi... Yəni hadisələrin məhz o cür olması bu gün də azadlığın nəşəsini dada bilməməyimizə gətirir. İşarələr, eyhamlar şəklində keçir, yaxud yazıçılıq təcrübəsinin azlığından irəli gələrək müəyyən şeyləri demək istəyi, niyyəti tam reallaşmır.

Mətanət Vahid: Adəmin "Prometey əfsanəsi"ni oxumağa başlayanda mənə maraqlı idi ki, görəsən, müəllif eksperiment xatirinə eksperimentlər etməyib ki? Amma oxuduqca fərqində olursan ki, priyomlar mətndə özünü doğruldur. Düzdür, müəllifin ilk təcrübəsi olduğu çox hiss olunur. Bununla belə, bütövlükdə maraqlı bir romandır. Bəyənmədiyim cəhəti nədən ibarətdir: kaş ki romanın "Kaş" xəttini ayırmayaydı kursivlə. Bayaq da qeyd etdiyim kimi, müəllif imkan verməlidir ki, oxucu mətnin içində axtarışa çıxsın, qoy lap itib-batsın. Müəllif oxucuya çox ipucu verməli deyil, onun nəyisə başa düşüb-düşməyəcəyinin qayğısını bunca çəkməməlidir. Qoy lap oxucu mətni qəbul etməsin, nə bilim, pastişi plagiat hesab etsin, bunlar daha da müəllifin qurduğu oyun kimi, cəlbedici olacaq. Qalan bütün cəhətləri ilə romanı uğurlu hesab edirəm. Tehran müəllimə minnətdaram ki, bu kitabın müzakirəsini təklif etdi. Məncə, müzakirəmiz maraqlı keçdi. Təcrübəçi tələbələrin iştirakı da rəng qatdı söhbətimizə...

 

 Ədəbiyyat qəzeti  2024.- 1 iyun, ¹20.- S.30-31.