Atam
Səməd Vurğun haqqında
Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə
nailiyyətləri var? Şair, akademik, SSRİ Ali
Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun
üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan
Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin
üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə
Lenin ordeni kavaleri, İosif Stalin qarşısında şeir
oxumuş və Uinston Çerçillin qabağında tost
demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli
ucalır. Bir heykəli də Axundov adına
kitabxananın portalındadır. Bir
büstü Bakıdakı ev-muzeyinin qarşısında, bir
heykəli Salahlı kəndindəki xatirə muzeyinin
qabağında, böyük bir abidəsi Qazax şəhərində,
biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil,
Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın
cənubunda yerləşən bu qədim türk məskəninə
nə zamansa dahi rus şairi Puşkinin adını
vermişdilər. Niyə? Bəlkə ona görə ki, başqa bir ölkəni,
özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi
adlan ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə
rus, sovet dövlət xadimlərinin adlarını
daşıyan şəhərlər, qəsəbələr,
kəndlər var idi. Çarizm vaxtında
isə təbii ki, rus imperatorları və onların ailə
üzvlərinin adlarını daşıyan şəhərlərdə
yaşayıblar babalarımız. Ancaq Biləsuvarda
Səməd Vurğun ilə Puşkinin yanaşı
dayanmalarında ədəbi məntiq var. Səməd
Vurğun Puşkinin "Yevgeni Onegin" poemasını bizim
dilə böyük məhəbbət və professional məharətlə
tərcümə edib. Odur ki, onların
dünyanın hansısa bir yerində qoşa dayanma haqları
var.
Səməd Vurğunla bağlı rəsmi məlumatları
verdim. Adlar, titullar, abidələr, vəzifələr.
Yox, bır vəzifəsı yadımdan
çıxmışdı az qala: Səməd
Vurğun uzun illər Azərbaycan Yazıçılar
İttifaqına rəhbərlik edib. Ancaq
bütün bu sadaladığım rəsmi tanınma
atributları Azərbaycanda hamıya məlumdur. Və Azərbaycan
nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası
statusundan qurtulub, dünyanın, kim bilir, neçənci
müstəqil dövlətinə çevriləndən sonra
aydın göründü ki, Səməd Vurğunun
daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi
yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş.
Atam şair kimi neçin həmişə yaşayacaq? Mən bunu bəlkə
övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi
Səməd Vurğundur. Böyük poetik istedadı,
oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol
tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və
nəhayət, təbii hadisəyə bənzər, tamamilə
aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək,
sevilmək, yadda qalmaq, alqış doğurmaq
bacarığı, Səməd Vurğun fenomeni. Miflər
yaranan münbit zəmin... Sayı-hesabı
yoxdur atam haqqında hələ özü sağ ikən
yaranmağa başlayan miflərin, xatirələr formasında
yazılmış yalanlı-doğrulu dastanların.
Yaxşı, bəs belə bir istedadla, böyük
şair neçin 1937-ci illərin Stalin repressiyasına məruz
qalmadı?
- Səməd
fılankəsi satıb, özü aradan çıxıb.
Bu bir versiya.
- Səməd
doproslarda özünü mərd aparıb, elə kişilik
göstərib ki, ona ölüm hökmü
çıxarmağa heç kəsin əli qalxmayıb.
Bu da başqa bir versiya.
Anam Xavər
xanımın versiyası:
- Mircəfər Bağırov "Krasnıe
Partizanı" təşkilatında sənin dayın, mənim
böyük qardaşım Ağabəyin müavini olub.
Bir
başqası tamamilə səmimi deyir:
- Səmədi
tutub güllələsəydilər, bütün Azərbaycan
xalqı ayağa qalxıb üsyan edərdi!
O zaman bu
xalqın qorxusundan səsi də çıxmırdı...
- Ən istedadlıları, qaymaqları
öldürdülər, qaldı belələri.
Yalandır. Böyük bir bəşər, insan faciəsinin
adi məişət cinayəti səviyyəsinə endirən
yalan. Bəlkə də səmimi, fəqət,
tarixdən, ədəbiyyat və incəsənətdən
çox da hali olmayan insanların təəssüf doğuran
məyus məntiqidir bu fikir. Rusiyada
böyük şair Osip Mandelştam həbsdə
çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə?
Dünyada Stalinin adını poeziyaya ilk dəfə
gətirən məhz faciəli şəkildə həlak
olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov,
Marina Svetayeva, Mixail Bulqakov, nəhayət, tamamilə haqlı
olaraq Nobel mükafatları almış Mixail Şoloxov və
yenə də həmin Boris Pasternak. Bunlar fiziki
olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir.
Və ən dəhşətlisi də
ondadır ki, bu repressiyaların nə dəqiq çəki
norması olub, nə ölçü etalonu. Azərbaycanda
da, həmçinin Hüseyn Cavid, Mikayıl Müşfıq
kimi sənətkarlar tələf edildilər və onlarla
başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman
Rüstəm və yenə də onlarla başqaları sağ
qaldılar. İndi hansı tərəzi ilə
istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı, hər iki
gözü göz yaşları ilə dolub düz gələrdi.
Bəlkə də birə-bir...
Atamın
o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni
1971-ci ildə Moskvada mənə məşhur Sovet
şairi-yazıçısı Konstantin Simonov dedi:
-
Bütün diktatorlar kimi Stalin də öz misilsiz
yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər
Bağırov onun qəbulunda olanda o, Səməddən də
sözarası hal-əhval tuturmuş. Səmədi
fəlakətdən, yəqin elə bu qurtardı.
Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda
olmuşdu. Azərbaycanda Sovet hakimiyyətinin 15 illiyi münasibəti
ilə keçirilən bayram təntənələri günlərində.
Və orada Stalinin hüzurunda onun şərəfınə
yazdığı məşhur "Rəhbərə
salam!" şeirini oxumuşdu. Elə
burdaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual
verib, cavab almışdı.
Elə-belə,
rəhbər "marağı", "məzələnməyi"ni nümayiş etdirən sözlər...
- Samed gto
tvoe imə, a Vurqun familiə?
- Net,
tovarih Stalin, gto moy psevdonim.
- A
çto oznaçaet slovo Vurqun?
-
Vlöblennıy!
- V koqo, v
devuşku?
- Net,
tovarih Stalin, v Rodinu!
Bax, belə bir söhbət Kremldə. Bunun stenoqramması
atamın ev muzeyində saxlanılır. Vurğun ləqəbini isə məhz ilk uğursuz
məhəbbətindən sonra götürübmüş
atam. Stalini aldadıb ... Ertəsi gün
Stalinə orden və medallar almaq üçün təqdim
edilmiş azərilərin siyahısını gətirirlər.
Səməd Vurğun o siyahıda
Qırmızı Əmək Bayrağı ordeninə layiq
bilinibmiş. Ancaq Stalin öz əli ilə
"Lenin" ordeni yazıb, o birini pozub... Atamı
ölkənin ən yüksək ordeni ilə təltif edib.
Belə ki, Simonovun dediyində böyük məntiq
var. Həmçinin mənim yaddaşımdan
respublikamızın o zamankı yerli diktatoru Mircəfər
Bağırovun öz məhkəməsində dediyi sözlər
də çıxmır. Hakim Almaniya faşizmi üzərində
qurulmuş Nürnberq məhkəməsində SSRİ
adından ittihamçı kimi çıxış edən
Rudenko müttəhim Bağırovdan soruşdu:
- Siz
xalqın sevimli şairi Səməd Vurğunu neçin həbs
etdirmək istəyirdiniz?
- Mən
bunu istəsəydim, çoxdan edərdim.
Bağırovun sözləri də, zənnimcə, həqiqət
idi. Görünür, həyatda hər bir tarixi hadisənin
bir neçə yozumu olduğu kimi, dəhşətli Stalin
repressiyaları da bir nöqtədən çəkilmiş cəhənnəm
mənzərəsi deyil. Yəqin ki, bu haqda tarixçilər,
xüsusilə, sovetoloqlar öz mötəbər fıkirlərini
deməlidirlər, mənim amacım yalnız atamla
bağlı bu haqda oğul sözünü demək idi...
Səməd Vurğun, əsasən, 1926-cı ildən
müntəzəm şeirlər yazmağa başlayıb və
1932-də kitabı - "Fanar" işıq üzü
görüb.
Kitabdakı şeirlər Mayakovski poetikası
ruhuna və formasına yaxın yazılardan ibarətdir.
Ümumiyyətlə, otuzuncu illərin əvvəlində
çoxmillətli böyük bir ölkənin çoxdilli
poeziyası forma etibarilə bir-birinin eyni idi. Mayakovski pafosu, sərbəst cümlələr pillələri,
ritm və bu ənənə dahi rus şairi özünü
tapança ilə öldürənə qədər davam
etdi. "Fanar" kitabı ilə şair
Səməd Vurğun başlandı.
Bəs haralarda təhsil almışdı? Anadan
olduğu Salahlı kəndinin məktəbındə S sinif
oxumuşdu. Bibisi Ayşə xanım onu Qazaxa, orada yenicə,
1918-ci ildə açılmış seminariyaya gətirəndə,
həmin təhsil ocağının rəhbəri,
böyük maarifçi Firudin bəy Köçərli zəif,
raxit bədənli, 12 yaşlı uşağı
süzüb, deyibmiş:
- Ayşə
xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir,
beynində bilik qala bilməz, yazığın.
Bunu eşidən Səməd ağzını
açıb, Qurani-Kərimdən birnəfəsə surələr
deməyə başlayıb, parlaq yaddaşını
nümayiş etdirib və sonrakı illərdə
seminariyanın 1 nömrəli tələbəsi kimi
bütün mahalda ad çıxarıb. Humanitar fənlərdən
savayı, riyaziyyat, coğrafıyadan başqa Qazax
seminariyasında saz, tar, hətta skripka çalmaq da öyrənib,
dram dərnəyinin fəal iştirakçısı olub.
Sonralar Səməd Vurğun Bakı Pedaqoji
İnstitutunda və Moskva Dövlət Universitetində təhsil
alıb. Ancaq inanmıram ki, oxuduğu məktəblər,
institut, hətta Moskva Universiteti ona nə isə verib,
simasını şəxsiyyət kimi formalaşdırıb.
Çünki təbiət etibarilə atam
auditoriya və kitabxana adamı deyildi. Mən
onu mütəmadi dərs oxuyan, leksiyalarda səliqə ilə
konspektlər tutan tələbə kimi təsəvvürümə
belə gətirə bilmirəm. O, özünü
özü savadlı insan etmişdi. Fitri
istedadı və kitab oxumağı ilə, bəli, çox
geniş mütaliəsinin hesabına Səməd Vurğun
dünya fəlsəfəsindən, ədəbiyyat və mədəniyyətindən,
tarixindən xəbərdar idi. Onun haqqında
yaranmış yanlış miflərdən birinə görə,
Səməd Vurğun yalnız istedadı hesabına
böyük ədəbi sima ola bilib, guya
savadı olmayıb. Yalandır. Atam Kant,
Hegel, Şopenhauer fəlsəfələrindən də xəbərdar
idi, marksizm-leninizmi də bilirdi. Rus dilində
çap edilmiş dünya ədəbiyyatının nümunələrinin
əksəriyyətini də oxumuşdu. Rus
dilində tamamilə sərbəst danışır, bir
vergül səhvi belə buraxmadan yazırdı. İlya Erenbruq kimi intellektualı bu
bacarığı ilə, hətta bir dəfə heyrətə
gətirmişdi. Fəqət, yazımın əvvəlində
demişdim: atam haqqında miflər çoxdur, indinin
özündə də yaranmaqdadır. Qoy, olsun.
Bu miflərdən, şəxsən mənə
görə Səməd Vurğun poeziyasına nə xeyir dəyir,
nə zərər. Bu poeziya isə poeziya məfhumunun
özü qədər sehrkar və sirlidir. Niyə?
1989-90-91-ci
illərdə Bakıda keçirilən çoxminli Milli
Azadlıq hərəkatının mitinqləri azəri
türklərinin oyanışı, sovet imperiyasının
süqutu, millətin öz doğma torpağı Qarabağa
qarşı qonşu Ermənistanın təcavüzünə
sinə gərməkçün qalxması amilləri ilə
yanaşı, həm də neçə dəfə atamla
bağlı da narahat hisslər keçirmişdim. O zaman
Bakıda və başqa şəhərlərimizdə, qəsəbələrimizdə
Leninin, Kirovun, Şaumyanın və başqa bolşevik rəhbərlərinin
heykəlləri uçurulurdu. Və bu anlarda, nə gizlədim,
mənim övlad qəlbimdə xəfıf, fəqət, dəhşətli
bir xof, qorxu var idi ki, birdən beynləri qızmış gənclər
"sovet şairi", "sovet bəstəkarı",
"sosializm ideoloqları" fitvası altında Səməd
Vurğunun, Üzeyir Hacıbəyovun da abidələrinə əl
qaldırarlar, onları da dağıdarlar. Bununla
da, Çində baş vermiş "mədəni
inqilab"ın başqa variantını təkrar edərlər.
Bu mənim şəxsi faciəm və əlbəttə
ki, bütün Azərbaycana vurulmuş, ölkənin
nüfuzunu bütün dünyada ən aşağı pilləyə
endirən bir aksiya olardı. Xoşbəxtlikdən
xalqımız mənim xofumdan qat-qat müdrik
çıxdı, doğrudan da, poeziya məmləkətinin
övladları olduğunu sübut etdi. Mitinqlərdə
ən çox şeirləri səslənən şairlərdən
biri məhz Səməd Vurğun oldu. Qəribədir,
ana torpaq uğrunda şəhid olmağa hazır olanlar da Səməd
Vurğunun şeirlərindən misralar deyirdilər, meydanda
yüz minlərlə insanı dağıtmaq məqsədi ilə
oraya gələn kommunist partiyasının rəhbərləri
də, vətənpərvərlər və təxribatçılar,
türkçülər və islamçılar, demokratlar və
ifrat radikallar da. Belə də olmalı idi.
Əsl poeziya, hətta hansısa konkret bir
ideologiyanın tərənnümçüsü kimi
çıxış edəndə belə, öz bədii
muxtariyyətini qoruyub saxlamaq qüdrətinə malikdir. Buna misallar çoxdur. Uolt Uitmen Amerikada, Redyard
Kiplinq İngiltərədə... Unutmayaq ki, məşhur
"Qırmızı papaq" nağılını Şarl
Pyero bir royalist ideoloqu kimi yazmış və bu nağıl
Fransada bir müddət yasaq elan edilmişdir. Amma bu gözəl, müdrik nağılın bədiiliyi
bütün ideologiyalardan qüvvətli, yaşarlı
çıxıb və bu günə də ayaq basdı, gələcəyə
də yönəlib. Görünür,
Allah ədəbiyyatı, mədəniyyəti xüsusi nəzarəti
altında saxlayır. Ona təşəkkür
edək.
Mən Allaha bir işinə görə də minnətdaram. 1933-cü ildə
Səməd Vurğunu bir gənc qızla - Xavər Mirzəbəyovayla
görüşdürdüyünə görə. Mənim
atamla anamı...
1935-ci ildə qardaşım Yusif Səmədoğlu
dünyaya gəldi, yazıçı idi. Azərbaycan
parlamentinin üzvü olmuşdur.
1937-ci ildə bacım Aybəniz dünyaya göz
açmışdı. Atam ən çox sevdiyi övladı.
Onun bacıma olan böyük, kövrək məhəbbəti
məndə nədənsə heç bir vaxt qısqanclıq
doğurmayıb və bunun səbəbini sonralar
anlamışam. Axı atam ata da
görmüşdür, qardaşı da var idi. Anasını
lap uşaqkən itirmiş, bacısı isə
olmamışdır. Və Səməd
Vurğun bu həsrətini məhz Aybənizlə
söndürmüşdü. Bacım anam Xavər
xanımla birgə Səməd Vurğunun Bakıdakı ev muzeyini saxlamış, onun ruhunu
yaşatmışlar.
Qardaşımla
bacımın dünyaya gəlməklərini dedim, özümü
isə az qala, unutmuşdum. Mən
bu dünyaya 1939-cu ildə gəlmişəm. Mən doğulandan cəmi bir neçə saat sonra
atam doğum evinə - anama qısaca bir məktub, şeir
çatdırıb. İlk misraları belədir:
Demək, oğlumuzun Vaqifdir adı, O da olacaqdır
şeirin ustadı.
Göründüyü
kimi, məni ilk dəfə bu dünyada şair kimi elan edib,
adımı qoyan və tanıyan adam Azərbaycanın
Xalq şairi Səməd Vurğun olub. Əlbəttə
ki, bu sözlərim zarafatdır. Mənim
də həyatım təsadüflərdən yoğrulmuş
bir insan taleyidir. Genetik amilləri mən kənara
qoymuram. Bu da var...
Mənim yazım Səməd Vurğun
yaradıcılığının təhlili, onun tam
bioqrafiyası deyil. Sadəcə olaraq, əli qələm
tutan bir oğulun ata haqqında və dar çərçivə
daxilində yazdığı bir essesayağı məlumatdır.
Bununla belə deməliyəm ki, Səməd
Vurğun ən tanınmış Azərbaycan
dramaturqlarından biridir. İndinin özündə də
onlarla, bəlkə də yüzlərlə adam
var ki, onun mənzum "Vaqif" dramının ilk
misrasından sonuncusuna qədər əzbərdən deyirlər!
1938-ci ildə yazılmış bu əsər hələ
də unudulmayıb, çoxdan bəri səhnədə
qoyulmasa da. "Fərhad və
Şirin", "Xanlar", "İnsan" dramları da
var Səməd Vurğunun.
Səməd Vurğunun Azərbaycan qarşısında ən
böyük xidmətlərindən biri, onun indiki ədəbi
azəri türkcəsinin formalaşmasında
apardığı mübarizədir. Dilimizin ifrat ərəb
və farsçılıqdan qurtarmasında; qələbə
ilə nəticələnmiş bir mübarizə. Və nə qədər ki, bu dil var, Səməd
Vurğun adlı şair oxunacaq. Seviləcək
və sevilməyəcək. Yəni
yaşayacaq.
Vaqif Səmədoğlu
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış 2024.- 5 iyun,
№21.- S.2-3.