Mənim
altmışıncı illərim
İyirminci əsrin 60-cı illəri
şəxsən mənimçün nə idi?
Mən altmışıncı illəri
1961-ci ildən başlanıb, 1970-ci ildə qurtaran bu vaxt
axarı, zaman yolu kimi qəbul etmirəm. Bu
öz yerində. Təbii ki, illər
göydən düşməyib. "Göydən
düşməyib" deyəndə, əlbəttə ki, həm
İlahi, həm də fiziki mənada hər şey göydən
düşüb, həm də elə həmin göyün
içindədir. Günəşdən tutmuş, qum dənəsinə qədər hər
şey bu kainat dediyimiz sonsuz göyün içində
fırlanır, o cümlədən, biz də, bizim
yaşadığımız illər də, bu illərin
altmışıncıları da. Mənim mənsub
olduğum nəsil, dünyaya otuzuncu illərdə gəlsək
də, altmışıncılar deyirlər. Nədir axı bu altmışıncılar və
altmışıncı illər? İlk
növbədə, ədəbiyyat və incəsənət
baxımından. Bir əsrin içində
yaşanmış İntibah dövrüdürmü? Əlbəttə. Bu intibahı ədəbiyyata, incəsənətə,
humanitar və dəqiq elmlərə altmışıncı
illərdə gəlmiş, fəaliyyətə
başlamış insanlarmı yaradıblar? Əlbəttə ki, yox. Yalnız
onlar yox.
Orta əsrlərə, lap uzaq, qədim
dövrlərə getməyəcəyəm. 60-cı
illər Azərbaycan ədəbiyyatı, şeiri və nəsri,
bayaq dediyim kimi, göydən düşməmişdi, bizdən
əvvəlki nəsillərin əməyi, fəaliyyəti,
uğurları və səhvləri sayəsində
hazırlanmışdı. Mən əlimə ilk dəfə
şair kimi qələm alanda ana dilimdə artıq
"Şair, nə tez qocaldın sən", "Mən tələsmirəm",
"Qızılgül olmayaydı..." kimi misraların
musiqisi səslənirdi, "Nöqtə, nöqtə və
nöqtə..." yazılmışdı və bu nöqtələrdən
də yeni poeziya başlanırdı. "Xəzər
suyu duzlu adi dənizdir" misrası ritorikaya müharibə
elan edirdi, yeni nəsil "parka gedən tramvay"la
altmışıncı illərə gedirdi. Yəni mənimçün altmışıncı
illərin əsas qiyməti kimlərinsə o dövrdə
yaratdığı romanlar, povestlər, şeirlər,
simfoniyalar, rəsmi əsərləri deyil, bunlar öz yerində,
mənimçün o dövr əsas mahiyyətilə Yeni
Zövq yaranan bir zəmin kimi dəyərlidir. Və bu
fenomen yalnız Azərbaycanda və o zamanki SSRİ-də yox,
bütün dünyada baş verdi. 60-cı illər keçmişə, bu günə və
gələcəyə yeni rakursdan baxış nöqtəsi
idi. Baxıb, qiymət vermək
dövrü idi. Və mən deməzdim
ki, Yeni Zövq ədəbiyyat və incəsənətə,
tarixə və siyasətə verdiyi qiymətlərdə həmişə
haqlı olub, həqiqət söyləyib. Qətiyyən, yox. Ancaq
altmışıncı illər bir çox unudulmaz həqiqətləri,
bəzən də yalanları üzə çıxarıb,
yaddaşları silkələyib, həm gerçəkliyə,
həm də xatirələrə qiymət verməyə
çalışıb, buna səy göstərib. Bu baxımdan, altmışıncı illər
dünya tarixinin unikal onilliklərindən biri idi. Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər
Sabirin böyüklüyünü bizdən qabaq da biliblər,
onların ünvanına haqlı olaraq alqışlar deyiblər.
Ancaq məhz altmışıncılar kütləvi
şəkildə özlərini onların varisləri elan
etdilər. Təsviri sənətimiz məhz
o dövrdə üzünü qədim miniatürlərimizə
tutdu, xalı, kilim və palazlarımızın ornamentlərini
tablolara gətirdi. Qobustandakı qaya rəsmlərindən
bəhrələnməyə başladı.
Qəribədir, əhali və ərazi baxımından
çox da böyük olmayan Azərbaycan 60-cı illər
intibahının dünyada baş verən bədii hadisələrinin
əksəriyyətindən gen düşmədi, bir çox
sahələrdə öz sözünü dedi. Bir
çox özündən böyük ölkələri geridə
qoydu. Hətta Avropa və Amerika qitələrində
yerləşən ölkələri, dövlətləri belə.
O zaman SSRİ-də ad-san qazanmış sənətkarlar
arasında, forma və üslub baxımından ən
çağdaş, modernist bəstəkar və şair bizim
torpağın oğulları idi. Musiqidə Qara Qarayev,
poeziyada Rəsul Rza. Və təbii ki, bu iki
adamın ətrafına, başına gənclər
yığılmış, onların adları ilə
bağlı mənəvi məktəblər
yaranmışdı. Rəsmi sovet
ideologiyasının rədd etdiyi seriya (dodekfoniya) sistemində
yazılmış musiqi əsərlərini SSRİ-də ilk
dəfə konsert salonlarında səsləndirən Qara
Qarayev oldu. İyirminci əsrin əvvəllərində
Avropada Arnold Şenberqin yaratdığı bu musiqi sistemi
SSRİ-nin biz yaşadığımız guşəsindən
baş qaldırdı altmışıncı illərdə.
O illərdə ekzistensializm fəlsəfəsi
bütün dünyanı bürüdü. Sartnın,
Kamyunun, Yaspersin bəzi əsərləri makinada çap
olunub, "Samizdat" adıyla əldən-ələ gəzdi.
Min illər tarixi olan dzenbuddizm fəlsəfəsi
də elə bil yenidən dirildi. 60-cı
illərdə dünyanın elə bil gözlərinə təzə
işıq gəlmişdi, hamı nəsə yeni bir şey
görmək, başqalarına bir yenilik göstərmək
ehtirası ilə yaşayırdı. İnsan
təfəkkürünün elə bir fəaliyyət sahəsi
yoxdur ki, orada həmin dövr öz sözünü deməsin,
ya da deməyə cəhd göstərməsin. Dindən tutmuş, caz musiqisinə qədər, fəlsəfədən
başlamış, paltar modalarına kimi, azadlıq
ideyalarından rok, pop musiqisinəcən. Dizayn sənətində
demək olar ki, inqilab baş verdi. Həmin illərdə Amerika və Avropada hippi-bitnik
hərəkatı yarandı. Şəhərləri
aylarla saçlarına qayçı, bədənlərinə
su dəyməyən pinti adamlar bürüdü. İngiltərənin Liverpul şəhərindən
bu illərin musiqi fonu "Bitlz" vokal qrupunun səsi
ucaldı. Onların və Elvis Preslinin
oxuduqları artıq yalnız musiqi yox, o illərin
ideologiyasına çevrilmişdi. Mini
yubkalar küçələrdə, bikini geyimləri çimərliklərdə
göründü. Bizdə Vaqif Mustafazadə,
"Qaya" caz kvarteti, Rusiyada Vladimir Vısotski fenomeni
yarandı. Polşada incə zövq və yumorla çəkilmiş
plakatlar, Gürcüstanda qısametrajlı filmlər,
İtaliyada Fellini və Antonioni, İsveçdə dahi
Berqman, Fransada "Yeni dalğa" kinosunun ustaları, Azərbaycanda
Ruslan Şahmalıyev və Oqtay Mirqasımovun sənədli
filmləri...
Ancaq 60-cı illər mənim hafizəmdə yalnız
yaxşı tərəfləri ilə qalmayıb... Dini fundamentalizmlər də məhz bu illərdə,
orta əsrlərdən sonra yenidən baş qaldırıb,
siyasətə, fəlsəfəyə, insan münasibətlərinə
soxulmağa başladı. Fundamentalizmi nədənsə
yalnız islam dininin böyrünə
qoşurlar. Məgər televiziya ekranlarında namaz qılan
adamları ən gülünc rakursda göstərən, sirk
arenalarında "əzan" deyən klounlarla
tamaşaçı gülüşü doğuran, "o
Allax!" sözlərini belə kinayə ilə deyən
xristian yekəxanalığı fundamentalizm deyil?
Altmışıncı illərdən
başlayaraq narkomaniya da kütləvi, qlobal xarakter almağa
başladı. LSD kimi "intellektual"
narkotik çıxdı 60-cı illərin kimya
laboratoriyalarından.
Və nəhayət, o illərin bir bəlası
haqda da mütləq deməliyəm.
60-cı illər həm də
könüllü və kütləvi şəkildə
yaranmış Quldarlıq dövrü kimi qalıb mənim
yadımda. Və əsl quldarlıq dövründə
əl-ayaqları zəncirlənmiş qullardan fərqli olaraq,
könüllü qullar qul olduqlarından xəbərsiz idilər.
Əsl qul həmişə azadlığa can atır,
könüllü qul isə öz köləliyini azadlıq
sanır. İndinin özündə də belədir.
Bəşəriyyətin ən ağır bəlası,
bəlkə də ən əsas bəlası həmişə
könüllü qulların yaratdığı mənəvi
quldarlıq hökmranlığı olub. İlahi,
altmışıncı illərdə bu müsibət necə
aydın və aşkar nəzərə çarpırdı!
İdeya, Fəlsəfə, Fikir, Din, Əxlaq və sairə
qulları... Özü də quldarı olan,
özünə düşmən kəsilən insanlar, bir
ideya və ya fəlsəfə ilə öz əl-ayaqlarını
zəncirləyən və bu şəkildə Ədalətdən,
Azadlıqdan dəm vuran fanatizm məhbusları. Allah
üzərində belə monopoliya iddiası! Kimlər
idi bunlar? "Yeganə həqiqi din mənimdir!"
deyənlər. "İnsanın kim
olduğunu yalnız ekzistensializm deyib söyləyənlər".
"Yalandır, həqiqət yalnız
dzenbuddizmdədir!" qışqıranlar, "heca vəznində
yazanlar şair deyil, aşıqdılar" deyənlər idi
bunlar. "Sərbəst də şeir
olar?" deyib, gülənlər idi bu könüllü
qullar. "Təsviri sənətin kökləri
yalnız Afrika totemlərindədi", "Xeyr, Yaponiya
qravürlərində"... Yüzlərlə,
minlərlə bu sayaq şüarlar yazılmışdı
könüllü quldarlığın bayraqları üzərində.
Doğrudan da, böyük alim, psixiatr olmuş Ziqmund Freydin
adı ətrafında guya "intellektual" mübarizə, əslində
isə ən iyrənc al-ver gedirdi altmışıncı illərdə.
Həqiqi freydizmə əsaslanan gözəl, dərin
əsərlərlə yanaşı, əldən-ələ
"psixoanaliz" adıyla iyrənc qrafoman yazıları da
gəzirdi. Bu könüllü qul və
quldarlıqdan neçin bu qədər danışıram?
Ona görə ki, özüm də o illərdə
bu sayaq könüllü qullardan biri idim. Əruzda, heca vəznində
yazmırdım, özümü inandırmışdım ki,
20-ci əsrin poeziyası vəznsiz - qafiyəsiz
olmalıdır... Yaxşıdr ki, hələ
altmışıncı illərdə özümü öz
quldar pəncəmdən qurtara bilib, poeziyanın min rəngli
azadlığına çıxa bildim. Odur
ki, altmışıncı illərdən söhbət gedərkən,
o dövrün qiymətini azaltmaq da lazım deyil, idealizə
etmək də. Bəşər tarixinin
bütün dövrlərinin problemləri o zaman da var idi.
İntəhası, daha qabarıq şəkildə
üzə çıxmışdı. Həm
müsbət, həm də mənfi tərəfləri ilə.
Təkrar edirəm, mənimçün
altmışıncı illər Yeni Zövq dövrü,
altmışıncılar isə bu zövqün
daşıyıcılarıdırlar. Yəni mənim mənsub
olduğum nəsil göydən düşməyib, bizdən
qabaq yaşayan nəsillərin çiynində gəlib
çıxıb 60-cı illərə...
...60-cı illər... Artıq tarixə
dönmüş, keçmiş olmuşdu. İndi mən
XXI əsrin altmışıncı illərinə üz tutub
deyirəm:
- Mən də sizinləyəm...
Vaqif Səmədoğlu
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 5 iyun, №21.- S.3-4.