Qafiyəm ol, uşaq təbəssümü
Matəm
bayrağıtək dalğalanacaq
uşaq
paltarı
mən
ölən gün
Vaqif Səmədoğlunun ölüm tarixinin simvolik
çaları var yaddaşımda. 2015-ci il yanvar
ayının 28-də Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatının
problemlərinə həsr olunmuş yaradıcılıq
müşavirəsində şairin ölüm xəbərini
aldıq. Bu təsadüfi bağlılığın həzinliyi
içrə qeyri-ixtiyari aşağıdakı misralar
süzüldü yaddaşımdan:
Bir
şeir yaz mənim yerimə
gün
işığı,
qafiyəm ol,
uşaq
təbəssümü.
Həmin günə qədər V.Səmədoğlu
qafiyələrinə qarışan uşaq təbəssümü
bu dəfə şairin ölümü ilə bağlı
üzücü xəbərə qarışıb sanki hamını
ayaqda durmağa təpərli edirdi. Ömrün vəfasızlığını,
faniliyini uşaq çılğınlığı kimi
qavrayıb, ölümünə də uşaq təbəssümü
ilə cavab verməyi umurdu bizdən. V.Səmədoğlu
bütün ömrü boyu bizi bunun belə olmasına
inandırmağa çalışdı. Bəlkə
bu üzdən dünyasını dəyişəndə
yazdığı şeirlər irəli çıxıb
şairin ölümü ilə bağlı bütün təəssüf
nidasına köklənən mətnlərin
qarşısını kəsdi. Onlar
ölümü hamıdan daha yaxşı anladırdılar və
bunun belə olması üçün Vaqif Səmədoğlu
bir ömür fəda etmiş, ölümü əzizləmiş,
süsləyib-bəzəmişdi. İndi
onların qabağa çıxıb müəllifini
ölümsüzlük qatında vəsf etmələrinin
sırası idi. Baxmayaraq ki, bu işdə
də özü hamını qabaqlamışdı.
Nazimvari "təsəllisiz yaşamağı bacardım, təsəllisiz
ölməyi də bacararam" demək üçün sadəcə...
İlahi,
Dar quyu
dibində,
Qaranlıq
nəm içində,
İşıqlı
qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm...
Hələ
dünyasını dəyişməzdən az öncə
şairin ədəbi portallarda çıxan son şeirini yer
üzünün ən ağrılı, ən
üzüntülü və ən səmimi şeir nümunəsi
kimi oxuyub təsirlənmiş, "Ədəbiyyat qəzeti"nə
"İşıqlı qəm içində" adlı
esse təqdim eləmişdim. Bu yazı da onun
davamıdır. Nə fərqi, indi
artıq özgə dünyaların adamından bəhs edirik,
o, başından ayrı dünyanın adamı idi zatən.
Ağrıdan yalnız poetik detal kimi istifadə
etməklə deyil, onu mənəvi-fiziki dünyasında
yaşamaqla doğmalaşmışdı. O dünya ilə
doğmalıq isə bu dünyanın qəribinə döndərir
insanı. "Ölüm gəlir, ömür,
sonun mübarək!" - deyən
Vaqif Səmədoğlu bu hikməti hələ cavan
yaşlarında anlayacaq qədər müdrik idi,
yaradıcılığın qapısını ilahi bir
sonsuzluğa açmaqla ölümün o qədər də
yeknəsəq bir şey olmadığına özünü
və bizləri inandırmışdı.
Vaqif Səmədoğlu poeziyasındakı təklik,
darıxmaq, özünəsığınmaq motivləri haqda
həmişə düşünmüşəm. Bu
yaşantılar onun şeirlərinə qıraqdan gətirilən,
zorla pərçim edilən nəsnə təəssüratı
doğurmayıb heç vaxt. Bilavasitə
müəllifinin içindən, mahiyyətindən doğan
müstəsnalıq kimi əhəmiyyət qazanıb.
Şairin hələ 1963-cü ildə yazdığı
şeirə diqqət edək:
Sabahdan axşamacan gözüm yolda.
Nə bir
yoldaş gözləyirəm,
Nə qız gözü.
Nə
kağıza yapışan söz,
Nə də ki, bir baxt.
Sabahdan gözüm yolda.
Nə bir
Günəş möhürləyən səhər,
Nə də axşam imzası gözləmirəm.
Gözüm
yorğun...
yorğanları qapanır...
kimsə
yox,
heç
kimi gözləmirəm.
O zaman gənclik
havasını yaşayan şair ömrün bu erkən
çağında nədən hər şeydən əl
üzüb dayanmışdı görəsən? "Heç kimi gözləməmək", bəlkə
elə heç nə gözləməmək anlamını
ehtiva edirdi? Zamandan, dünya işləklərindən,
bəxtdən, tale oyunlarının aparıb
çıxaracağı sonucdan. Mənə
görə 90-cı illərdən başlayaraq
çağdaş poeziyamıza hakim olan ümumi
çöküş ruhu, qaranlıq simvolikası, payız
ovqatı öz səciyyəsi etibarilə zəminini
dünyada gedən xaos başlanğıcından daha
çox, milli poeziyamızda 60-cı illərin Səmədoğlu
faktından alır. 1968-ci ildə o, yaşamın mənasızlığını
qabardır, zamana tutunma gerçəkliyinin itirilməsindən
şikayətlənirdi:
"Görüşdük/İçdik./Bir az/süfrədə
olandan yedik,/bir az xatirələrdən./Gələcəyə
də uzatdıq/əlimizi hərdənbir.../Çörək
boyat/xatırələr acı,/gələcək yanıq
çıxdı...".
Bəs Səmədoğlu təkliyinin,
poeziyasındakı ölüm simvolikasının səbəbləri
nə idi? "Bir kəndir dayanıb qapı yerinə"
deyib intiharın son addımlığında dayanan, "kənara
atıram ümidlərimi" deyib könüllü
heçliyə, boşluğa yuvarlanan şairin bu qədər
faniliyi dərk etməsinin, hədəf seçdiyi absurd
situasiyaların səbəbi nədə idi? Bu gün
şair içinin, mənəvi dünyasının təkliyi,
tənhalığından hasilə gələn mətnlər
birmənalı təfsirə gəlmir, onun kökləri bir qədər
dərinlərə işləyib mövcudluğunu sovet ədəbiyyatı
daxilində yaranmağa cəsarət etmiş "son"
problematikalı poeziya mətnlərində tapır. V.Səmədoğlu hələ sovet
dövrünün hakim olduğu dövrdə sosialist
realizminin şablonlarından imtina edir, öz
yaşamının poeziyasını yaradırdı. Amma
bu poeziya yalnız ağrı simvolikası kimi ərsəyə
gəlmədi, həm də onun poetik yaddaşını bir
cümlə ilə dirildə bildi: "39-da doğuldum, 37-də
öldüm".
Gerçəklərin
yalan qarşısında sarsıntısı, həqiqətin
uydurmalar qarşısında susqunluğu... İçinə
enən ruh, əbədiyyəti tərcih edən
düşüncə, ölümü vəsf edən poeziya!
Böyük və fəci sarsıntılar
qarşısında ruhunu itirmək təhlükəsi ilə
üzləşən şairin dünyaya xitabının yeni
çaları: "Bir kor quyunun/zülmət dibinə
baxa-baxa/bu gün dünyadan şeir yazmışam/və
dünya dar gəlib mənə".
Vaxt gəlir, insan anlayır ki, əslində fani olan
dünya yox, o özüdür. Sosialist
dalğasının çəkilib-qabarmaları içində
bunu anlayanlardan oldu V.Səmədoğlu. Ona görə şeirlərində
daim ekzistensial mətləblərə həssas olan şair
çağın mənzərələri içrə gəzişərək,
mistik mənalar, simvolik atributlarla dünya iş(lək)lərinin
hesabatını dini-ilahi qatda aradı. Bəşərin
qarışıq mənzərələri önündə
çaşqınlığa uğramış
insanlığı itirdiyi ilahi bağlara bağlamağa
çalışdı.
durub pəncərə
qabağında, baxıram,
baxıram yağış və yağış səsi altda
ayağı yalın, başı açıq qalmış
bir insan
taleyinə,
və
bu tale yiyəsi
bu
allahsız dünyada da
inanır,
inanır, inanır Sənə...
Ölüm
və həyat... Bəşərin bu əbədi,
çözümsüz sualları V.Səmədoğlu
poeziyasında öz rəngində var oldu. Bəli, məhz
öz rəngində... V.Səmədoğlu
bunların heç birinə əlavə ştrix, boya
qatmadı. Ölümü ölüm, həyatı
həyat kimi təsvir etdi. Sadəcə,
bütün başlanğıclar ölüm adlı nöqtədə
bitdiyindən şairin də sözü bu məqamda öz
kölgəsinin üstündən üçmağa
qanadlandı. Amma bu halda belə
poeziyasının uşaq təbəssümü, uşaq
saflığı onu tərk etmədi. Ona
güvənərək yaşadı, ona güvənərək
yazdı və ona qarışaraq ömrə vida etdi.
Bir
uşaq oynayır,
Oynayır
özü kimi əlvan
otların, çiçəklərin arasında.
Günəşə
baxır göz qırpmadan...
Yoxdur
qocalıq yer üzündə, yoxdur!
O uşaq
indi də güllərin, çiçəklərin
arasında oynayır, göz qırpmadan günəşi
salamlayır və təbəssümünü qafiyələrə
çiləyərək sonsuzluğa səslənir: Yoxdur yer
üzündə ölüm, yoxdur!
Elnarə Akimova
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış 2024.- 5 iyun, №21.- S.8.