1964 yaşlı şair
"Ömür gedir, ölüm gedir,
O bir yana, bu bir yana.
Yerini de, unutmuşam,
Səsim hardadı,
ay ana?!"
Vaqif Səmədoğlu bu şeirində nənəsinin
tumanından tutub qonşuya oturmağa gedən uşaq
yaşındadı...
"Burda qoyma bura gəlməyini də!"
Vaqif Səmədoğlu təzəcə sevir...
"Qəzetdə bir yazı oxudum, amma
Nədənsə qızlarım
düşdü yadıma".
Vaqif Səmədoğlu qocalır, deyəsən...
"Başımız bir yastıqda
Bir-birimizdən xəbərsiz".
Vaqif Səmədoğlu darıxır...
"Sənə inamdan da gözəl sevgi var,
Məhəbbət dəmidi, saxlama məni."
Vaqif Səmədoğlu təzədən
cavanlaşır...
"Qoy tarixdə adım qalsın
Nüşabənin qulu kimi".
Vaqif Səmədoğlu yavaş-yavaş ev-eşiyə
sığmaq istəyir...
"Millət, dövlət zirvəsindən
İnsana enmək vaxtıdı".
Vaqif Səmədoğlu ictimailəşir...
"Yenə dərdə sığınıb
Azərbaycan ölkəsi".
Vaqif Səmədoğlu siyasiləşir...
"Allah, keç günahımdan
Qospodi, prosti".
Vaqif Səmədoğlu yalvarır...
"Mən burdayam, İlahi!"
Harda Vaqif Səmədoğlu?
"Yumruğunla qız üzündə
Anamı söydüyün yerdə".
Ora çoxmu uzaqdı?
"Papirosum da yox,
Ölçəm bu yolun uzunluğunu".
Niyə göz-gözü görmür?
"Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə..."
Ayrı nə var, nə yox?
"39-da doğuldum,
37-də tutuldum".
2003-39...
1964 yaşınız mübarək, Vaqif Səmədoğlu!
2003-cü il
Qulu Ağsəs
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 5 iyun,
№21.- S.9.