Vaqif
Səmədoğlunun sonuncu zarafatı
Vaqif müəllimlə poeziyadan kənar,
başqa vərdişləri, hobbisi haqqında ayrıca bir
müsahibə eləmək istəyirdim. Bir-iki
dəfə zəngləşdik, onda hələ amansız xəstəliyin
izi-sorağı yox idi. Razılaşdı,
amma hər dəfə görüş vaxtı qeyri-müəyyən
vaxta qalırdı. Sonuncu dəfə
"İçərişəhər" metrosundan
çıxanda Vaqif müəllimi gördüm. Əlində kitablar vardı, kimisə gözləyirdi.
Görüşdük, hal-əhval tutdu,
özü haqqında yazılmış yazıların,
müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrin
toplandığı kitabı mənə hədiyyə etdi.
- Başqa kitablarım səndə var? - deyə
soruşdu. - Bütün kitablarınız məndə var,
Vaqif müəllim. Hətta sovet dövründə
çıxanları da axtarıb tapmışam, - dedim. Gülümsədi. 2000-ci ildə
Vaqif müəllimin 60 yaşına bir yazı
yazmışdım."Yaşıl uzaq ada"ya səyahət
və ya azadlıqla baş-başa". Həmin
yazı mətbuatda dərc olunmuşdu. Haqqında
yazılanlardan ibarət kitabda öz yazımı axtardım,
rastıma çıxmadı. Həmin
yazını Vaqif müəllimə xatırlatdım.
Əlini çiynimə qoyub dedi:
- Kənan, qadan alım, xatırlayıram o
yazını. Vallah, kitab hazırlananda nəsə
tapa bilmədim. İstəsən, təkrar
çap etdirərsən.
- Yaxşı, - dedim. Sonrakı
görüşümüz gənc şair Fərid Hüseynin
toyunda oldu. Eyni masada oturmuşduq,
Vaqif müəllimin əhvalı çox yüksək idi. Gənc yazarlarla özünəməxsus zarafatlar
edir, düşündürücü fikirlər söyləyirdi.
Ondan bir az əvvəl feysbuk hesabımda
Vaqif müəllimin şeirindən bir bənd
paylaşmışdım.
Qoy sevinim bu gün, utanım sabah,
Yarımçıq çıxmasın
sinəmdən bu ah.
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni.
Mənalı-mənalı üzümə baxıb:
"Kənancan, gördüm şeirimi paylaşmısan, bəs
niyə bir bənd? Şeiri gərək bütöv
paylaşaydın", - dedi.
- Vaqif müəllim, nədənsə məhz həmin bəndi
paylaşmaq istədim, - deyə cavab verdim. Bığaltı
qımışdı: - Birdən çaşıb sən də
belə günahlar edərsən ha, - söylədi. Gülüşdük. Sözarası
müsahibəni yadına saldım, "mütləq, vaxt
tapıb görüşək", - dedi.
Amma tale elə gətirdi ki, nə biz Vaqif
müəllimlə görüşüb söhbətləşə
bildik, nə də o yazını yenidən çap etdirməyə
imkan oldu. Sonra şairin amansız xəstəliklə mübarizəsi
başladı... Həmin yazı arxivimdə
qalır, nə vaxtsa mütləq yenidən çapa verəcəm.
Vaqif müəllimi bir də Akademik Dram
Teatrında özünün 75 illik yubileyində
gördüm. Cismən çox zəifləmişdi,
amma həmişə olduğu kimi həyat eşqiylə dolu
idi... Salona toplaşanların hamısı
bilirdi ki, şair bu dəfə doğrudan da oxucuları ilə,
dostları ilə, onu sevənlərlə
sağollaşır. Səhnəyə
çıxmazdan əvvəl kulisdə divanda əyləşmişdi,
salamlaşdım. O anda Vaqif müəllim qayıtdı
ki, Kənanın da cəmi bircə şeirim xoşuna gəlib,
onu da yarımçıq paylaşıb. Yaddaşına
heyrət elədim.
Bu, Vaqif müəllimin
mənimlə sonuncu zarafatı idi...
Vaqif Səmədoğlu
Azərbaycan poeziyasında hadisə idi... İstisnasız,
bütün şeirləri, poemaları, pyesləri,
"Gürzəçöl yazıları" fenomenal təfəkkürün
məhsulu idi.
O, bu həyatda ölümü də ömür kimi
yaşadı...
Kənan Hacı
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
2024.- 5 iyun, ¹21.- S.11.