"Dedim, Vaqif, sənin haqqında kitab yazıram. Dedi yaz, amma sən Allah, məni tərifləmə"

 

  Böyük şairimiz Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova ilə görüşüb ondan müsahibə almalıydım. Neçə illik jurnalistlik təcrübəmə baxmayaraq, nədənsə içimi həyəcan bürümüşdü. Vaqif Səmədoğlu kimi bənzərsiz şairlə bir ömür yolunu paylaşmaq hər qadının hünəri deyil.

 

Qoy tarixdə adım qalsın

Nüşabənin qulu kimi.

 

Nüşabə xanımın sevgisi şairə bu misraları yazdırmışdı. Ona verəcəyim sualları yolboyu içimdə götür-qoy edirdim. Nədənsə mənə elə gəlirdi ki, bu müsahibəni Vaqif Səmədoğlu mütləq oxuyacaq... Çox güman ki, həyəcanım da bu səbəbdən idi.

Nüşabə xanımla Vaqif Səmədoğlu Mərkəzində görüşdük. Divardakı çərçivədən bizə Vaqif Səmədoğlu baxırdı və məmnunluqla gülümsəyirdi...

 

- Nüşabə xanım, xoş gördük.

- Xoş gördük.

- Vaqif Səmədoğlu ilə tanış olmazdan əvvəl onun şeirlərini oxumuşdunuzmu?

- Yox, qətiyyən. Sadəcə, onu televiziya ekranlarında görmüşdüm. Bilirsiniz ki, o, xeyli müddət Azərbaycan televiziyasında caz haqqında verilişlər aparmışdı. Bundan başqa, qardaşımdan onun haqqında eşitmişdim. Amma poeziyası ilə tanış deyildim. Biz tanış olandan sonra mən onun şeirlərini oxudum. Özü kimi yaradıcılığının da təkrarsız, unikal olduğunu gördüm.

- Vaqif müəllim sizin həyatınızda nələri dəyişdi? Ümumiyyətlə, o, necə həyat yoldaşı idi? İki fərqli xarakterə malik insanın bir-birinə uyğunlaşması necə baş verdi?

- Bilirsiniz, biz tanış olanda ikimiz də yetkin, təcrübəli insanlar idik. Münasibətlərimiz ciddiləşdikcə mənim tərəddüdlərim də artırdı. Bir dəfə telefon danışığımızda mənə dedi ki, "mənim çoxdankı arzum idi sənin kimi qadına rast gəlmək, bilmək ki, harada olmağımdan asılı olmayaraq, məni gözləyəcək, yükümü daşımaqdan çəkinməyəcək". Bu sözlərin ağırlığı məni qorxutdu. Sərbəstliyimi, azadlığımı itirməkdən qorxdum. Mən ümumiyyətlə çərçivələri sevməyən adamam. Ona belə cavab verdim: "Biz səninlə heç vaxt birləşə bilməyəcək çayın iki sahiliyik". Bilirdim ki, bu sözümlə incitmişəm. Beş illik ünsiyyət beləcə sona yetdi. Araya il yarımlıq ayrılıq düşdü. Bu ayrılığın mənim üçün belə çətin başa gələcəyini təsəvvür edə bilməzdim. Əlbəttə, beş illik münasibətlər izsiz keçə bilməzdi. Hardasa oxuduğum bir fikir yadıma düşür. Deyir: "əgər kiməsə inamın yox, şübhən varsa, ondan uzaqlaş, onu azad burax. Əgər o, sənindirsə, mütləq qayıdacaq və heç vaxt səni tərk etməyəcək, qayıtmayacaqsa, deməli, heç vaxt sənin olmayıb". O il yarımlıq ayrılıq, bəlkə də bizim sevgimizi sınağa çəkirdi. Bilirsiniz, bizim zamanımızda sevgi daha müqəddəs idi, sevənlər bir-birinin yolunda canından belə keçməyə hazır idi. Sevgi insanların həyatının ayrılmaz bir parçası idi. Valideynlərimiz bizi belə böyütmüşdü, biz sağlam mühitdə yetişmişdik. Yeri gəlmişkən, biz ailə qurduqdan sonra bir dəfə Xavər xanım məndən soruşdu ki, qızım, yaşlıların hörmətini saxlamaq hardandı səndə? Dedim ki, gözümü açandan yanımda nənəmi görmüşəm. Bizim üçün mənəvi mühit daha önəmli idi. Bu gün dünəndən başlayır, sənin bugünkü həyatında sürətlə nələrsə dəyişir, sən anlayırsan ki, indiyə kimi baş verənlər bu gün əldə etdiklərinin müqəddiməsi imiş. Mən xoşbəxt qadınam ki, belə bir ailədə böyümüşəm və Vaqiflə münasibətlərimizə də bu kontekstdən baxırdım. Onunla bir dam altında yaşamağın ağırlığından qorxurdum. Amma hiss edirdim ki, onun mənə ehtiyacı var. Bunu hiss etməsəydim, bəlkə mən də başqa cür davranardım. Bilirsiniz ki, onun özü də azad ruhlu bir insan idi, azadlığını heç nəyə qurban verməzdi. Yaradıcılığında olduğu kimi, davranışlarında da tam sərbəst idi. Mən onunla quracağımız ailənin məsuliyyətini dərindən dərk edirdim. Bütün bunları "Mən sənin yuxunam" kitabında yazmışam.

Biz ailə qurandan sonra, sanki bir-birimizi yenidən kəşf etdik. Bu yaşda gələn sevgi bəzən gənclik hisslərindən də güclü olur. Gəncliyə xas olan şövq, çılğınlıq yaş ötdükcə yerini bağlılığa, qayğıya verir. Yaş ötdükcə qadın məhəbbəti daha mehriban, daha müdrik olur. Mən Vaqiflə ailə qurandan sonra tamamilə dəyişdim, özüm də buna məəttəl qalmışdım. Gəncliyimdə olduqca tərs, ərköyün qız olmuşam, öz bildiyimi heç kəsə güzəştə getməmişəm. Amma Vaqifin sayəsində öz "eqo"mla vidalaşdım, tamamilə başqa bir insan oldum, bu olmasaydı, biz birlikdə yaşaya bilməzdik. Həyatımı büsbütün ona həsr etdim. Mən Vaqif Səmədoğluda öz taleyimi tapdım.

Mən həyatda çətinliklərdən heç vaxt qorxmamışam. Məhəbbət qarşılıqlı inamdan yaranır. O inam olanda artıq çətinliklər səni qorxutmur. Biz təzə evlənən vaxtı müəyyən çətinliklər oldu. İşdən çıxıb anamgilə baş çəkirdim, sonra gəlirdim öz evimizə. Anamgil Maksim Qorki küçəsində, indiki Mirzə İbrahimov küçəsində qalırdı. Bu, get-gəllər, qaç-qovlar məni bir az yorurdu. İkicə gün idi ki, evlənmişdik, mənə dedi ki, dur, gedirik anangilə. Mən bu təklifi ondan gözləyirdim, özüm ona deyə bilməzdim, dedi: "ay qız, sənin orda anan var, qızın var, - dedi nə lazımdırsa, alaq, aparaq". Dedim: Vaqif, heç bir şey lazım deyil". Heç vaxt ona deməmişdim ki, anamgilin nəyəsə ehtiyacı var. Heç vaxt. Mən onun anama, qızıma böyük hörmətlə yanaşdığını, diqqət göstərdiyini gördüm.

Belə oldu ki, biz evlənəndən üç həftə sonra anam vəfat etdi. Anamın qırxını verdikdən sonra biz mənim ata evimə köçdük. Sanki anam ona görə həyatımızdan çəkilib getdi ki, biz birləşək, bir olaq. Biz bu evə köçəndən sonra həyatımızın başqa bir dövrü başlandı. Onun qətiyyəti, nizam-intizamı məni ruhlandırırdı, o, qısa zamanda səfərbər oldu və bu da bizim tezliklə həmin evə yığışmağımıza kömək etdi. İlk gündən çalışdım ki, o, özünü bu evdə qonaq kimi hiss eləməsin. İstəyirdim ki, bu ev ona da doğmalaşsın. Həqiqətən də, belə oldu. Mənim qızımı da öz doğma övladı kimi sevdi. Bu ev ona düşərli oldu, bu evdə yeni teletamaşalar, teatr üçün pyeslər, şeirlər yazdı.

- Məlumdur ki, bir çox dahi şəxsiyyətlər dünyalarını dəyişdikdən sonra xanımları onlarla bağlı xatirələr kitabı yazıblar. Lev Tolstoyun, Nazim Hikmətin, Pablo Nerudanın, Milorad Paviçin və digərlərinin xanımlarının yazdıqları memuarlar hər zaman böyük maraqla oxunur. Sizdə bu duyğu nə zaman yarandı? Nə zaman qərara gəldiniz ki, "Mən sənin yuxunam" kitabını yazmalısınız və bu kitab necə yazıldı?  

- Mən ara-sıra yazılar yazırdım. Vaqif də bunu bilirdi, arada zarafatla deyirdi ki, mən yazıb neylədim ki, sən də neyləyəsən? İlk yazım rəhmətlik Xavər xanım haqqında oldu. Ona dedim ki, istəyirəm, Xavər xanım haqqında bir yazı yazım. Dedi, "yaz". Yazını yazıb bitirdim və Vaqifə dedim ki, istəyirəm, sənə oxuyum, olar? Dedi, "əlbəttə". Bilirsiniz, Vaqif olduqca hövsələsiz adam idi, heç vaxt "bunu belə yox, elə yaz" deməzdi. Sakitcə dinlədi və sonra gəlib başımdan öpdü və dedi ki, yaxşıdır. Bir dəfə söhbət əsnasında ona dedim ki, Vaqif, sənin haqqında kitab yazıram. Artıq bu kitabı yazmağa başlamışdım. Dedi, hə? Dedim "hə, səndən yazıram". Qayıtdı ki, nolar, yaz, amma sən Allah, məni tərifləmə. Dedim, "necə yazım, ikinci şəxsin təkində (sən) yoxsa, üçüncü şəxsin (o)?" Dedi, "üçüncü şəxsin". Beləcə, yazmağa başladım. Sonra Vaqifin xəstəliyi düşdü araya. Günümüz xəstəxanalarda keçirdi. Lap birinci dəfə Türkiyəyə dövlət xəstəxanasına müayinə üçün gedəndə məlum oldu ki, ürəyində ciddi problem var, ürək əməliyyatı olmalıdır. Vaqif əməliyyata heç cür razılıq vermirdi. Ümumiyyətlə, xəstəxanada qalmaq istəmirdi. Nə qədər təkid etdiksə, qalmadı. Dedi, "sən başa düşürsənmi, mən burda niyə qalmaq istəmirəm?" Soruşdum ki, niyə? Dedi ki, əməliyyatdır də, bəlkə mən əməliyyatdan sağ çıxmadım, aparacaqlar məni "morq"a, sən də "morq"un qapısı ağzında durub ağlayacaqsan. Dedim, "ay Vaqif, nə danışırsan?" Dedi, "həyatdır də, olmadı elə, oldu belə". Orda da özünəməxsus zarafatlarından qalmırdı. Vəziyyət nə qədər ciddi olsa belə, o, yumor hissini itirmirdi. Arada mənə sataşmağı xoşlayırdı, güclü yumor hissi vardı. Kitaba gəldikdə isə, mən düşündüm ki, çox şeylər var ki, mən mütləq onları yazmalıyam, çünki bunları yalnız mən bilirəm. Onu da fikirləşdim ki, bəzi məsələləri başqa cür danışacaqlar, müəyyən faktları təhrif olunmuş şəkildə təqdim edəcəklər, deyəcəklər. Bu yanlışların qarşısını almaq üçün bunlar mütləq yazılmalıydı. Onu da deyim ki, xəstəliyi ilə bağlı məqamları ən axıra saxlamışdım və o məqamları yazanda çox çətinlik çəkdim. O hissləri yenidən yaşamaq mənim üçün olduqca ağır idi. Ömrünün son saatlarını, son dəqiqələrini... Yazdıqca mən, sanki Vaqifi yenidən kəşf edirdim, yenidən tanıyırdım. Amma kitabı tamamlamalıydım. Bu dəfə isə kitabda ona "sən" deyə müraciət edirdim.

- Nüşabə xanım, Vaqif müəllimsiz həyatda ən böyük təsəllini nədə tapırsınız?

- Vaqiflə keçirdiyim ömür, onunla bağlı xatirələr mənim üçün ən böyük təsəllidir. Onunla bağlı etdiklərimin adı həm də təskinlikdir. Mən bu təskinliklərlə yaşayıram.

- Vaqif müəllimin arxivində hələ də çap olunmayan yazıları varmı?

- Bəzi çap olunmamış yazıları qalır. Amma yazdıqlarının böyük bir hissəsi, demək olar ki, çap olunub.

- "Gürzəçöl yazıları" vəfatından sonra çap olundu. O yazılar stilistikası, üslubu etibarilə tamamilə yeni mətnlər idi. Bu pritçaları niyə sağlığında özü çap etdirməmişdi?

- Bilirsiniz, necədi, Vaqifin istedadı çoxşaxəli idi. O, hələ ötən əsrin 60-cı illərinin sonunda müharibədən bəhs edən "Köhnə yəhudi mahnısı" adlı kinopovest yazmışdı. O əsərdə elə bənzərsiz detallar var ki...

- Bəli, xatırlayıram. İkimininci illərin ortalarında o kinopovest "Azərbaycan" jurnalında dərc olunmuşdu.

- Bəli, tamamilə doğrudur. Bu barədə danışarkən, rus şairi Aleksandr Blokun Puşkin haqda məşhur fikrini xatırladım. Blok deyirdi ki, Puşkin Dantesin gülləsindən ölmədi, o, havasızlıqdan öldü. Söhbət mənəvi atmosferdən gedir, bilirsiniz ki, sovet senzurası uzun illər Vaqifin çap olunmasına mane oldu. O, içində yaşayan bir insan idi, içinin azadlığını heç nəyə qurban verə bilməzdi, belə olsaydı, o, şeir yaza bilməzdi və sistemin yaratdığı qadağalar onu boğurdu. Siz "Gürzəçöl yazıları"nı deyirsiniz. Onlar unikal mətnlərdir, çox təəssüf ki, Vaqif yaradıcılığının yeni cəhətini özü istədiyi kimi tanıda bilmədi. Öz niyyətini, düşüncələrini istədiyi səviyyədə deyə bilmədi. O dəftər əlimə keçəndə təəccüblənmişdim. Mürəkkəbli qələmlə yazılmış pritçalar idi. Üstündə əl gəzdirilmiş, nəsə pozulmuş, nəsə yazılmışdı. Bu, qaralama idi. "Gəl, bunu makinada yığım, çap edək", - dedim. O, çox ciddi tərzdə dəftəri əlimdən alıb: "üzərində işləməliyəm", - dedi. Düzü, bir az ondan incidim. Ondan inciyəndə də özüm öz könlümü alırdım. O, dəftəri uzaq bir yerə qoydu. Sonralar o yazıların taleyilə bağlı bir-iki dəfə söz salsam da, hər dəfə susurdu. Mən də daha bu mövzuya qayıtmadım. Aradan on beş il keçəndən sonra "Gürzəçöl yazıları"nı tapdım. Bu dəfə tapıntıma sevinmədim. Vəfatından sonra bu yazılar kitab halında işıq üzü gördü. Xəyalında olanları, yazmaq istədiklərini bu mətnə əlavə etsəydi, necə bütöv, qeyri-adi bir əsər yaranardı. "Gürzəçöl yazıları" da, "Köhnə yəhudi mahnısı" da onun yaralı yeri idi.  Bütün keçirdiyi daxili iztirablar, sarsıntılar onun səhhətinə təsirsiz ötüşmədi. Ömrünün çox hissəsini sovet dönəmində yaşamışdı və o dövrün senzurası da onun daxili azadlığını təhdid edirdi, o,  havasızlıqdan, anlaşılmamaqdan boğulurdu. Bütün o xəstəliklər mənəvi sıxıntıların nəticəsi idi, illər sonra üzə çıxdı. Vaqifin həyatı o qədər də rahat olmayıb. "Köhnə yəhudi mahnısı" xatırlatdınız. Vaqif o ssenarini 60-cı illərin sonunda yazmışdı. 70-ci illərin əvvəllərində bu ssenari çəkilməli idi, amma Moskva icazə vermədi. Onda Vaqif sınmışdı. Bu barədə ondan nəsə soruşanda da əsəbiləşirdi. O barədə danışmaq istəmirdi.

Düzdür, çap olunmamaq ona müəyyən sərbəstlik verdi, ideya sərbəstliyi, fikir sərbəstliyi. İstədiyini yazdı. Şair kimi öz azadlığını qoruyub saxlaya bildi. Gündəliyində belə fikirlər var: "Şair yalnız öz taleyini yazmalıdır, öz iç aləmini ortaya qoymalıdır. Şair kiminsə ideyasını müdafiə edən, kimlərisə ifadə edən adam olmamalıdır... Nəyi bilirsənsə, ondan, necə bacarırsansa, elə yazmalısan. Ancaq öz ağlına, öz dəliliyinə, öz həqiqətinə və yalanına bel bağlamalısan. Nə Tolstoya, nə Füzuliyə, nə Folknerə... Özündən yaxşı heç kəsi tanımırsan bu dünyada. Səndən yaxın adam yoxdu özünə yer üzündə".

Gündəlikləri qalır, bundan əlavə, aforizmlərindən ibarət kitabını tərtib etmişəm. Bundan əvvəl hələ özünün sağlığında (hələ xəstəliyini bilmirdik) təklif etdim ki, Vaqif, gəl, sənin fotolarından ibarət bir albom hazırlayaq, şeirlərinlə birlikdə. Dedi, "maraqlı olar, hazırlamaq istəyirsənsə, mənim deyimlərimi, aforizmləri ver". Beləcə, "Müdriklərlə üz-üzə" kitabı ərsəyə gəldi. İndi isə daha geniş həcmdə aforizmlərini toplamışam, kitab halında çap ediləcək. Arxivində yenə də başqa nələrsə var. 

- Vaqif müəllim yuxunuza gəlirmi?

- Çox gəlir. Axırıncı dəfə bir neçə ay bundan qabaq yuxuma gəlmişdi. Hara olduğunu bilmədim, çoxlu adam vardı, Vaqif də ordaydı, məni gördü, dedi ki, getmə, qal. Belə qəribə bir yuxu idi. Elə Vaqiflə keçən günləri də yuxu kimi xatırlayıram.

 

Nüşabə xanımın gözləri yol çəkir. Bu məqamda, mən Vaqif Səmədoğlunun bir şeirini xatırlayıram:

 

Bəlkə yuxu görək bir yerdə?

Bəlkə bir yerdə

gözlərimizi yumub

başa düşək ki,

bir yerdə yuxu görə bilməyəcəyik

                        bu dünyada?

Bəlkə mən bərkdən hönkürüm,

sən ucadan güləsən?

Və bir yerdə səslənsin

həyatın səsi?

 

Söhbətləşdi: Kənan Hacı

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 5 iyun, ¹21.- S.10-11.