Allahla
söhbət
Poeziya duadan başlayır. Başqa sayaq da demək olar: tarixdən
məlumdur ki, poeziya dua kimi başlanmışdır, bir sənət
növü kimi, bədii söz kimi dua şəklində
meydana gəlmişdir. Buna qədim "Tövrat",
"İncil", "Quran" mətnləri də
misaldır, şaman ayinləri də...
Allaha
inanan gecəmdir yenə,
Şeir oxuyuram dua yerinə.
Poeziya şairin Allahla söhbətidir. Qəribə dialoqdur bu.
Allaha müraciət edir:
Allah, bir az da möhlət ver,
Öldürmə, sağ saxla, yenə.
Beş-on
yazılmamış şeirim,
Beş-on
duam qalıb sənə...
Şair ulu Tanrıya yalvarır, ondan nə isə
gözləyir, umur - kömək, imdad, nicat, ümid, izah, təsəlli. Elə bil, bu
dualar, yalvarışlar Allaha yetmir.
Bəlkə,
dualarımı
Yolda vururlar?
Yaralı
dualar
yetə
bilmir hüzuruna,
Ulu
Tanrı?
Kimin var,
Ulu Tanrı,
məndən savayı bu dünyada?
Kimim var səndən
başqa
bu aləmdə
mənim?
Sən tək,
mən tək,
Ulu
Tanrı.
Allah susur.
(Bu mübhəm sükut qarşısında Şair
şübhələrə düşür.)
Yoxsa sənin
də
könlünə dəymişəm, Allah.
Sərxoş olduğum vaxtı?
Bütün
dualarım
Geriyə dönür bir-bir.
Ölənə,
evindən köçənə
yazılmış məktublar kimi...
Keç
günahımdan, Allah...
Allahsa susur.
Şair
müraciətlərinin cavabsızlığını
dolayı yolla da ifadə edir:
Duman
Allaha yetməmiş duatək
enib
aşağı,
ayılıb göyün üzünə.
Amma yenə cavab yoxdur ki, yoxdur.
Allah nədən arxasını çevirir bizə?
Suallara
bir sual verərdim,
bilsəydim ki,
sual
eşitməyəcəyəm cavab yerinə.
Bu necə dialoqdur belə? Biri hey soruşur,
soruşur, soruşur, ağlayır, yalvarıb-yaxarır,
yanıb-yanıb yaxılır. O biri hey susur, susur... Ümidsizləşməyəsən, neyləyəsən?
Bəlkə,
Ümid
döyən qapını
Dünya bağlayıb gedib.
Bu
yağışla gecəni
Allaha ağlayıb gedib.
Amma Vaqif
Səmədoğlu - yuxarıda gətirdiyim misralar onundur - bir
böyük həqiqəti də bilir: Allaha müraciətlər
cavabsız qalmır. Ulu Tanrının cavabı
yaşadığımız bu dünyadır, hər birimizin
və hamımızın birlikdə ömrüdür, həyatıdır,
taleyidir. Bu "Bir yandan boşalıb, bir
yandan dolan" (Səməd Vurğun) dünyanın tənhalığında
hər birimizin son pənahı, son sığınacaq yeri
Allahdır. Vaqif Səmədoğludan çox-çox
qabaqlar yaşamış Bikəs adlı şairimizin beytini
Vaqif öz daxili harayı saya bilərdi:
Hər kəsin
var kimsəsi,
mən
Bikəsin yox bir kəsi,
Kimsəsiz
qaldım, mədət qıl,
Kimsəsizlər Kimsəsi.
Vaqif Səmədoğlunun bu yeni və ən sanballı
kitabı "Mən burdayam, İlahi" adlanır. Təbii ki, bu
kitab dini kitab deyil, mərsiyələr, sözün hərfi mənasında,
dualar toplusu deyil. Amma kitabın
bütün ruhunu, mənasını varlığın, bəlkə
də, ən mühüm mövzusu, ən vacib mətləbi
- insanla Allahın münasibətləri təşkil edir.
İndi ateist sovet rejimi çökəndən
sonra hamı bir günün içində yaman allahpərəst,
dinçi, dindar oldu. Vaqifin Allaha inamı,
Allaha üz tutması, Allahdan cavab, izah, təsəlli istəməsi
bu gün yox, onun poeziya aləminə gəldiyi ilk addımdan
başlanıb. Otuz üç ildir
uzanır bu söhbət, bu birtərəfli mükalimə, bu
sirləri açmaq, anlamaq, cavab almaq cəhdləri.
Volterin "Əgər Allah olmasaydı, onu uydurmaq
lazımdı" kəlamı insan düşüncəsinin
təməl müddəalarından bir kimi dillər əzbəridir. Otuz üç il bundan qabaq V.Səmədoğlunun "Şəffaf
balıq" poemasında kəşf etdiyi fikir, zənnimcə,
daha dəqiqdir: "Allah insan ağzıyla "yoxam"
demiş". Yəni Allahın inkarı, daha
ümumi şəkildə desək, ateizm Allahın
özünün insana təlqin etdiyi bir düşüncədir. Otuz üç il
sonra Allahla bu fasiləsiz, aramsız söhbətləşmənin,
Allah haqqında fikirlərin məntiqi nəticəsi kimi Vaqif
yenə də dərindən bir mətləb kəşf edir?
İndi hər
səsdən, hər küydən
Sükuta dönmək vaxtıdır.
Millət,
dövlət zirvəsindən
İnsana
enmək vaxtıdır...
İndi nə
dua, nə qarğış,
Nə nəzir demək vaxtıdır.
Dünya
susmalıdır artıq,
Allaha kömək vaxtıdır.
Bu fikrə
çatmaq üçün Vaqif Səmədoğlu bir
şair kimi Allahdan umduğu cavabları almadan tənhalıq səhrasından,
kədər girdabından, ümidsizlik
üfüqsüzlüyündən keçməli,
xalqının, dilinin faciəsini yaşamalı, mənəvi
əsarətin, köləliyin möhnətini duymalı,
anlaşılmamaq dərdinə dözməliydi. Zəmanəmiz üçün nadir olan bir mərdanəliklə
keçdi bütün bu sınaqdan Vaqif. Bunu
tam məsuliyyətim ilə təsdiq edirəm, çünki
Vaqifin bütün yaradıcılıq ömrü gözlərimin
qarşısındadır.
Onun poetik yaradıcılığa başlamasının
tarixçəsini yazmaq fikrində deyiləm, bunu haçansa
özü yazacaq. Ancaq 60-cı illərin əvvəllərində
Moskvada oxuduğumuz vaxt şeirlərini makinada yazdığım
sarı cığara kağızları indi də durur və
Vaqif üçün də, mənim üçün də
ömrümüzün o çağının ən munis
xatirələri kimi əzizdir.
Ədəbiyyatşünaslıq
araşdırmalarında "60-cı illər nəsli"
kimi keçən bir nəslin nümayəndələriydik
biz. O illər
bizləri daha çox söyürdülər,
döyürdülər, indinin özündə də hərdən
söyür, bəzən də öyürlər. Amma o nəslin gerçək ovqatını,
ümidlərini və ümidlərin
qırılmasını, o nəslin sevincini,
acısını, gənclik fərəhini, gənclik həvəsini,
nisgilini sonunacan yalnız 60-cı illərin nəsildaşları
başa düşə bilir və yalnız özləri ifadə
etməyi bacarırlar. Qoy, bu günün
icazəli qəhrəmanları o dövrün əzabkeşlərinə
iradlar siyahısı tutmasınlar. Doğulduğu
və yaşadığı vaxtı, məkanı, mühiti
insan özü seçmir. İnsanın
seçimi yalnız yaşadığı vaxt, məkan,
mühit içində insan kimi ömür sürmək, yaxud
boyun əyməkdir.
Bu gün açılmış həqiqətlər
bucağından o illərdəki rejimi yalnız qara boyalarla
boyamağın əleyhinəyəm (Halbuki o illər bizi ən
çox həyata qara eynəklə baxmaqda və tünd
boyalarla təsvir etməkdə suçlayırdılar). Tarixin arxivinə
verilmiş o dövrün müəyyən yaxşı cəhətləri,
üstünlükləri də vardı. Amma
bütünlükdə biz - o vaxtın gəncliyi - ətrafımızı
sarmış riyakarlıq, saxtakarlıq, yalan, nadanlıq, cəhalət,
anlaşılmazlıq mühitində, hər azad
düşüncənin boğulduğu bir şəraitdə
yaşayırdıq, nəfəs alırdıq, daha
doğrusu, nəfəs almağa
çalışırdıq. Duyğularımızı,
düşüncələrimizi yazılarımızda
dolayı yollarla, sətiraltı mənalarla, alleqoriyalarla, rəmzlərlə
deməyə çalışırdıq. Mən bir dəfə yazmışam ki, bizdə
bütöv bir dövrün həqiqi ədəbiyyatı
yalnız Azərbaycan dilində deyil, həm də Ezop dilində
yaradılırdı. Demək istədiklərimizin
həqiqi mahiyyətini azdırmaq, senzuradan, rəsmi senzuradan
betər "ədəbi ictimai rəy"dən qorumaq
üçün ən müxtəlif üsullardan və ən
müxtəlif ünvanlardan istifadə edirdik.
Rastlaşdığımız ədalətsizliklərin, haqsızlıqların,
milli əsarətin, müstəmləkəçilik təzyiqinin,
azadlıq ehtirasının ünvanını gah Afrikaya, gah
Kubaya, gah Vyetnama, gah da yer üzündə olmayan şərti
bir ölkəyə ünvanlayırdıq. Vaqif
də bəzən belə edirdi. İkinci
kitabına "Vyetnam dərdi" adlı bir şeir daxil eləmişdi.
Buradakı "Sabahı da ölür bu gün
ölən məmləkətin", yaxud "Vətən
şirin şeydir, şirindir talan olsa da, şirindir tək-tük
şeiri, mahnısı yalan olsa da. Amma
ikiqat şirindir iki yerə bölünmüş Vətən"
və başqa bu kimi misralar Vyetnamdan artıq Azərbaycana
aiddir. Amma hətta belə bir
"ideyalı" şeir də müəyyən kupyurlarla,
ixtisarla və müəyyən dəyişikliklərlə, əlavələrlə
dərc olunmuşdu. Şeirin məndə
olan ilk variantına, orijinalına nəzər salanda onun
çap olunmaq naminə necə kosmetik əməliyyata
düçar qaldığı aydın görünür.
Məndə olan nüsxədəki bəzi parçalar, təbii
ki, çap variantında ola bilməzdi.
Nə qədər
ki, əli bağlı insan var,
qapısı bağlı həyat,
qapısız vətən var...
Sizin
torpaqda qalan izlərinizlə
öz
torpaqlarında addımlayacaqlar
azadlığa
insanlar.
Heç ayıq-sayıq senzura belə imaları,
eyhamları buraxardı?
Yaxud
aşağıdakı misralar da kitab nəşrində ola bilməzdi və yoxdur:
İndi
bizdə gecəykən
sizin
torpaqda səhər açılır.
Şair redaktora yüz dəfə izah etsəydi ki, burada
söhbət Vyetnamla Azərbaycan arasında saat
zolaqlarının fərqindən gedir - çifayda. İdeoloji
qoruyucular qan çıxmayan yerdən də qaşıyıb
qan çıxarırdılar, rəmz, işarə olmayan yerdə
də rəmz, işarə, eyham axtarırdılar, onda ki belə
açıq söylənmiş fikir olsun.
Bəzən
düşünürəm ki, o illər bizim bir çoxumuzu -
nasirləri də, şairləri də, o cümlədən,
Vaqif Səmədoğlunu da ideoloji büdrəmələrdə,
sovet həyatını təhrif etməkdə, sosialist realizmi
metoduna zidd çıxmaqda, daha nə bilim, nələrdə
ittiham edənlər, bəzən açıq, bəzən
gizli donos yazanlar, görəsən, vicdanları
qarşısında bu gün haqq-hesab verirlərmi? O vaxt
Allahsız olub, bu gün guya ki, Allaha tapınanlar
açıq tövbəyə qadirdirlərmi? O zamanın
ötkəm sovet ideoloqları bu günün ötkəm
antisovet ideoloqlarına çevrilərkən dünənki
sözlərini, hərəkətlərini, fikirlərini yada
salırlarmı? Heç olmasa, bircəciyinin
"O vaxt səhv etmişdik?" etirafına mərdliyi
çatarmı? "Həyat həqiqətlərinə,
sənət meyarlarına o dövrlərdə sədaqətli
olanlar biz deyil, bizim söydüklərimiz, ifşa etdiklərimiz,
tənqid atəşinə tutduqlarımız olub?" -
bunu deməyə cəsarəti çatan
olacaqmı? İndi hər şeyi partiyanın,
KQB-nin, "Qlavlit"in, bilməm, daha kimlərin üstünə
yıxırlar. O dövrdə hər baş redaktorun,
böyüyündən kiçiyinəcən, hər bir
naşirin, tənqidçinin, ədəbiyyat
darğasının zəhmi, hökmü, zövqü və
zövqsüzlüyü partiya məmurlarından, senzura
yasaqlarından, KQB xofundan daha az əhəmiyyətli
idimi? Vaqifin indiyə qədər ancaq iki kiçik kitabı və
çox az sayda silsilə şeirləri
çıxıb, halbuki bu qalın kitabda topladıqları
yazdığının ancaq bir hissəsidir. Bunun
səbəbi bir də onun şeirlərini başa düşməyən,
ya düşmək istəməyən redaktorların
hökmü, ədəbi mühit adlanan sönük
adamların bayağı anlayışları və zövqləri
idi. Hansı redaktorlasa çənə-boğaz
olmağa, hansısa senzoru başa salmağa, hansısa tənqidçiylə
söz güləşdirməyə, hansısa naşı
oxucuya şeirin ecazını və sehrini izah etməyə
Vaqifin hövsələsi çatmırdı. O vaxt da
çatmırdı, indi də çatmır. İnsana
verilən enerji potensialı tükənməz deyil. Bu enerjini ya yaradıcılığa sərf etməlisən,
ya da yazdıqlarının üzə
çıxarılmasına. Bəzən
bu iki fəaliyyət sahəsini vəhdət şəklində
uyğunlaşdırmaq olur. Amma belə
hallarda da yazdıqlarını reallaşdırmağa sərf
etdiyin enerji vahidi yaradıcılığında itirdiyin enerji
vahididir. Vaqif
yaradıcılığının bircə səhifəsini də
yaradıcılığı nümayiş etdirmək həvəsinə
qurban vermədi. Təsəllisini
"Şair sözündən qorxan, ya cəllad, ya dəlidir"
aforizmində tapdı. Vaqif poetik "mən"ini
ana balasını qoruyan kimi qorudu. Bu
baxımdan, Vaqif aramızda hamımızdan çox azad idi.
Ona görə ki, hamımızdan az
çap olunurdu. Başqa cür də demək olar:
hamımızdan az çap olunurdu, ona
görə də hamımızdan azad idi.
Mən belə yaradıcılıq yoluna haqq
qazandırıb, başqa ədəbi davranışı, yəni
müəyyən güzəştlərə məcbur olsan
da, yazdıqlarını üzə çıxarmaq yolunu
qınamaq istəmirəm. Həm də bizim
çap olunmaq həvəsimiz yalnız şöhrət,
tanınmaq istəyi deyildi, axı (bu istəyi
büsbütün inkar eləməsəm də). Əsas niyyətimiz o idi ki, dar imkanların məhdud
çərçivəsində mümkün qədər
çox həyat həqiqətlərini, insan qəlbinin
gerçəkliklərini, çağdaşımız
insanların doğruçu yaşayışını,
düşünüşünü əks etdirək, həm də
yüksək ədəbi meyarlara mümkün qədər
sadiq qalaq. Bu iş görülməsəydi,
bütün bir dövrün mətbu ədəbiyyatı bədiilikdən
məhrum, gerçəklikdən uzaq, sönük və
solğun bir söz yığını kimi qala bilərdi. Bu böyük məqsəd yolunda müəyyən
güzəştləri bu gün də məqbul sayıram və
tarixin də bu cəhdləri doğru-düzgün qiymətləndirəcəyinə
inanıram. Amma ikinci bir yol da vardı -
tamamilə güzəştsiz bir yol. Yəni
yazdıqlarının oxucuna bir il, beş
il, on il, otuz il yox, bəlkə, bir ömürboyu
çatmayacağını bilə-bilə tam daxili sərbəstliyə
və azadlığa malik olan bir ədəbiyyat yaratmaq. Vaqif Səmədoğlu yaradırdı bu ədəbiyyatı
- bu yolun bütün məşəqqətli tənhalığını
duya-duya, bilə-bilə. Könüllü
olaraq bunu yaradıcılıq və yaşayış kredosu
seçən Vaqifin dözüm igidliyi içində bir təəssüf,
küskünlük, inciklik, giley çaları da var.
Ana yurdum,
torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu,
öldü şairin,
Sənin xəbərin olmadı.
Vaqifin
poetik azadlığının bir bəliri də odur ki, o,
"nikbin", "gümrah", həmişə "şən"
rəsmi sovet ideologiyasının dəmir barmaqlıqları,
tikanlı çəpərləri ardında, şairin bədbin
və bədbəxt olmaq haqqını qoruyub saxlaya bildi. Belə davranışının, belə
dünyagörüşünün
qarşılığı, cavabı, aldığı qiymət
- sükut idi.
Yollar
uzun, yollar gödək,
Nə fərqi
var, hansı eldə,
hansı
yolda azasan?
Ellər
min-min,
dillər
min-min,
Nə fərqi
var,
hansı
eldə,
hansı
dildə
susasan?
1982-ci ildə
yazdığı bu şeirin cavabını, yəni öz
dilində susmağın, çap olunmamağın,
yazılarını oxucuya təqdim etməməyin
qarşılığını Vaqif 1995-ci ildə
yazdığı misralarda açıqlayır:
Mənə
sükut əl çalır,
Belə alqış olarmı?
Bu kitaba
Vaqif Səmədoğlunun otuz üç il
müddətində yazdığı şeirlər daxil
edilib, amma şeirlərin altındakı tarixlərin heç
bir əhəmiyyəti yoxdur. Bəlkə,
Vaqifin qələmi bu illər ərzində yalnız texniki cəhətdən
püxtələşib (Bu da mübahisəli məsələdir,
çünki məncə, altımışıncı illərin
bir çox şeirləri 95-ci ilin şeirlərindən bədii
cəhətdən heç də aşağı deyil). Hər halda, bu otuz üç yaşlı poeziya
mahiyyəti, dünyaduyumu, fəlsəfi konsepsiyası
baxımından heyrətamiz şəkildə bütöv bir
poeziyadır. Bütövlük, bütünlük
poeziyasıdır.
Uzaq gənclik illərindən bəri Vaqif mənim dostum
olub, indi də dostumdur və güman edirəm ki, sonadək
dostum olaraq qalacaq. Bayaq haqqında
danışdığım sovet rejiminin ən dözülməz
mənəvi kimsəsizliyində mənə dost-həyan, həmdərd
və həmfikir olan adamlardan biridir. O illərin
intellektual və emosional, zehni və duyğusal tənhalıq
səhrasında bir-birimizə qısılıb
yaşadığımız yoldaşlarımı
düşünürəm, uşaqlıq, gənclik
dostlarımı - rəhmətlik Araz Dadaşzadə, Emin
Sabitoğlu, Rəhman Bədəlov, Yusif Səmədoğlu,
Maqsud və Rüstəm İbrahimbəyovlar, Elçin,
Əkrəm Əylisli, Fikrət Qoca, Fikrət Sadıq,
İntiqam, İsa, Ələkbər, Ramiz Rövşən. İndi bu adları bir siyahıda görmək kiməsə
çöçün gələr. Zaman,
hadisələr, olaylar, dəyişən anlayışlar,
siyasi təmayüllər, əxlaq sınaqları bizi
ayırdı, pərən-pərən saldı.
Krım-tatar mahnılarından birini anam uşaqlıqda oxuyardı mənə:
Qədifə
biçim-biçim,
Ölürəm sənin için.
Dostlarım
düşmən oldu
Səni sevdiyim için.
"Səni" - mənimçün bu anlamda həqiqətdir. "Səni,
həqiqəti sevdiyim üçün dostlarım düşmən
oldu. Pasternak deyir: "İstinu işut v odinoçku i
porıvayut so vsemi, kto lyubit yeyo nedostatoçno". Dostlarım çox idi. Hətta bir dəfə,
yadımdadır, Əkrəm mənə dedi ki, sən
dostluq-yoldaşlıq dairəsini çox geniş
götürmüsən. O vaxt bu fikri qəbul etməmişdim.
İndi görürəm ki, düz deyirmiş,
dairə çox geniş imiş, daraldı, daraldı. Doğrudur, Allahın da rəhmi böyükdür,
itirdiyin dostlarla bərabər, yeni tapdığın dostlar da
bəxş edir sənə. Amma hər
halda, heç kəs heç kəsin yerin vermir. Bir də gənclikdə dostları daha çox
qazanırsan, yaşlı vaxtında daha çox itirirsən.
Dairə daralır,
daralır. Və bu get-gedə daralan
dairənin içində mənimçün Vaqif Səmədoğlu
həmişə qalacaq. Məhz elə bu dostluğumuza
ərk edərək Vaqif haqqında bəzi fikirlərimi də
gizlətməyəcəyəm. İnsani rəftarında
Vaqifin bir az dəmdəməkiliyi də
var, insanlara münasibətdə hərdəmxəyal da olur bəzən,
siyasi addımlarında, baxışlarında, rəğbət
və nifrətində çox vaxt hissə qapılır (bu,
təbiidir, şairdir, axı). Dünən
olanı bu gün unuda da bilir. Vədinə
xilaf da çıxır.
Amma möcüzə də budur - şeirində, poetik
varlığında, şair "mən"liyində Parisdəki
metr-etalon kimi sabit və dəyişməzdir. Yenə də Vaqifin
çox sevdiyi Pasternakın təbirincə desək: "Bir
dilim, bircə dilim belə poetik sifətini dəyişməyib"
heç vaxt. Elə tək buna görə ona hər
şeyi bağışlamaq olar.
***
Başqa çağdaş şairlərimizin yüksək
poetik istedadını, ədəbiyyatımızda əhəmiyyətli
yerlərini, bədii dilimiz qarşısında böyük xidmətlərini
hörmətlə qiymətləndirərək Vaqif Səmədoğlu
yaradıcılığını şeirimizdə bənzərsiz,
təkrarsız, unikal hadisə hesab edirəm. Bu
unikallığı maddə-maddə, hər şeirini, hər
misrasını, hər obrazını misal gətirərək
sübut edə bilərəm. Amma belə
sadalama quru inventarlaşma təsiri bağışlayır.
V.Səmədoğlu poeziyasının özəlliyini,
siqlətini, oxşarsızlığını duymaq, dərk
etmək üçün onun şeirlərini küll
halında, həm də diqqətlə, mənalarına
dala-dala, poetik tapıntılarını dərindən-dərinə
qavraya-qavraya mütaliə etmək gərəkdir. Vaqif Səmədoğlu poeziyasının XX əsr
azəri türk şeirində mühüm mərhələ
olması mənimçün danılmaz, şəksiz-şübhəsiz
bir həqiqətdir. Əminəm, gün gələcək,
bu qənaət məlum fakt kimi hər kəs tərəfindən
təsdiq olunacaq. Amma bir yandan baxanda,
hamının təsdiqinə ehtiyac varmı? Elə şeir var ki, onun qiymətini ümumi rəy,
çoxluğun fikri təsdiq edir. Vaqif
poeziyasının belə bir referenduma, rəy sorğusuna
ehtiyacı yoxdur. Vaqif poeziyası ayrı dəyərlərə
arxalanır. Şairi qiymətləndirərkən
onun şeirlərini sevənlərin keyfiyyəti kəmiyyətindən
daha vacibdir.
Gur poeziya da var, həmin poeziya da. Gur poeziyaya
qarşı deyiləm, təki gur olsun, gurultulu yox, hay-küy,
şüarçılıq, təmtəraqlı nidalar həqiqi
poeziyadan çox uzaqdır. Əlbəttə,
xalq taleyinin həlledici məqamlarında şairin gur səsi,
fəryadı, harayı da yüksəlməlidir. Amma şairin xitab ünvanını da nəzərdən
qaçırmaq olmaz. Kütlələrə,
izdihama müraciət edən şair
qışqırmalıdır, fəqət, Allahla və
öz-özünlə qışqıra-qışqıra
danışmaq olmaz. Xəfif səslə,
bəzən də tam səssiz, içində, dinməz
danışmalısan. Vaqif dərdlərini
hayqırmır, hıçqırır,
çağırmır, xısın-xısın
pıçıldayır.
Susmaq, həmişə
susmaq,
Ananla
söhbət edəndə də,
Sevdiyinlə
görüşən anda da,
hər
an, hər yanda
susmaq,
eləcə susmaq...
Hər
gün dost-aşna söhbətinin
sükutuna enmək öz səsinlə,
hər
gün bülbül kimi ötən
lal
insanlarla rastlaşmaq
və
görmək
və
bilmək ki,
bu səssiz
bağırtılar içində
Pıçıltıya ehtiyacı var insanın.
Gurultulu poeziya qulaq pərdələrimizi deşə bilər,
amma ürəyə sızmağa, beyinə süzülməyə
qadir deyil. Hay-küylü, haray-qışqırıqlı,
ritorik poeziya bayağı zövqlərə hakim kəsiləndə
"vətən sözünü belə
pıçıltıyla deyən" Vaqif Səmədoğlu
poeziyasının daha artıq xiffətini çəkirik.
Marş sədaları arasında neyin həzin
iniltisini, muğam zümzüməsini, nöktürnün
qüssəsini eşitmək duymaq istəyirik.
Bu sevincək
rənglərin mənzərəsindən
yorulmuşam, bezmişəm yaman.
Gözlərim
taqətdən düşüb
alabəzəyə baxmaqdan,
neyləyim, yatmır ürəyimə
rənglərin, boyaların zildən oxunanları.
Amma sonucda pıçıltıyla söylənmiş
poetik obraz illəri, əsrləri yarıb keçir, zaman
yarğanlarını aşıb çox sonralar eşidilir. Bəzən
poetik pıçıltının əks-sədası
hayqırışın əks-sədasından daha
güclü və daha uzun, daha davamlı olur, daha geniş
üfüqlərə yayılır.
***
Vaqif Səmədoğlu şeirinin zərifliyini, incəliyini
nümayiş etdirən yüzlərlə örnək gətirmək
olar.
Yalnız bir neçəsi: "Ulduzlar yağır yerə
gecənin yarasından", "Elə bil ömrümü
tutub verdilər süzən qağayının məhkəməsinə",
"bütün yollar çəkilibmiş gözlərim yol
çəkmək üçün", "yer altından
min ah kimi çıxdı çiçəklər səhər",
"insan ağlamayanda Allahın gözü dolur",
"Meşədə adam öldürürlər o qədər
ağacın gözü qabağında", "yer
üzünə sığmır, göy üzünə də
yayılır qürbət", "nə yaxşı var
imiş, bizim ölkədə yalqız adamların payız
bağları" - müxtəlif illərin müxtəlif
şeirlərindən alınmış bu misralar qədim
Çin, yapon qravürləri qədər zərif, Orta əsr
Azərbaycan, İran, Türkiyə miniatürləri kimi incədən-incədir.
***
İnanıram ki, haçansa bizim dövrün insan
psixologiyasına, çağdaşımız insanın
ürək nigarançılığına,
düşüncə çırpıntılarına bələd
olmaq istəyənlər Vaqif Səmədoğlu poeziyasına
müraciət edəcəklər. Çünki bu poeziya
zamanın kardioqramını cild-cild elmi kitablardan daha dəqiq
və dolğun əks etdirir. Vaqif
dövrün ayrı-ayrı hadisələrini, olayların təfərrüatını,
ayrıntılarını yox, onların insan şəxsiyyətində
inikasını canlandırır, dövrün nəbzini tutur,
ovqatını açır. Son nəticə
etibarilə zamanın mənəvi, ruhi mənzərəsini
yaradır. Bu baxımdan, Vaqif
yaşadığı zamanla sıx bağlı olan sənətkarlarımızdandır.
Vaqif öz zəmanəsinin şairidir.
Vaqif zamanın yaraladığı şairdir. Dövrün ən
ağır dərdlərini, məlalını, qəm-qüssəsini
içində yaşadan və içində ağlayan
şairdir.
Cənnətdə quşlar necə oxuyurlar?
Zildən, ya pəsdən?
Cəhənnəmdə
şairlər necə ağlayırlar,
Zildən,
ya bizim
kimi?
1982-ci ildə
yazılmış bu şeiri sitat gətirəndə Vaqifin 29
il bundan qabaq - 1964-cü ildə
yazdığı misralar da düşdü yadıma:
Cənnət
görmək istəyəndə
yumuram
gözlərimi.
Cəhənnəm
görmək istəyəndə
açıram gözlərimi.
Sovet rejiminin sərt illərində bu sayaq şeirləri
nəinki çap etmək, kimlərəsə oxumaq da təhlükəli
idi. Hələ belə şeirlər yazmağın nə
qədər təhlükəli olduğunu demirəm.
Moskvada oxuduğum illər idi: qısa Xruşşov
"ottopel"i (buzların əriməsi) manejdə mücərrədçi
rəssamların tar-marıyla əvəz olundu. Bundan sonra
yalnız təsviri deyil, ümumən, sənətə, o
sıradan da, ilk
növbədə, ədəbiyyata təzyiqlər şiddətləndi,
təqiblər başlandı, girəvə gəzən
xüsusi "tapşırıqlı mərdimazarlar"
meydan sulamağa başladılar. "Samizdat"
adıyla məşhurlaşan yeraltı ədəbi nəşrlər
(yasaq ədəbiyyatın makinada bir neçə nüsxə
çap edilməsi) əl-əl gəzir, hansı yollarlasa
xaricə ötürülürdü və eyni zamanda
bütün bu fəaliyyət cəza orqanları tərəfindən
pusulurdu. Vaqif də makinada
yazdığı şeirlərini toplamış və
üstündə "Samizdat" yazmışdı. O
nüsxə məndə indi də durur. Əlbəttə,
bizim "Samizdat" ayrı növ samizdat idi. Vaqifin müəyyən şeirlərindən
yalnız mən və Yusif Səmədoğlu xəbərdar
idik.
Dəfələrlə demişəm ki, bizim nəslin
yeniyetməlik dövrü 1956-cı ilin payızında - sovet
qoşunları Macarıstana soxulub bu ölkənin istiqlaliyyət
arzusunu qan içində boğanda - bitdi. Amma onda
yeniyetməlik dövrünü bitirmiş, gənclik
dövrünə keçmişdik. Gənclik
isə, hər halda, ümiddir, hər şeyin dəyişəcəyinə
inamdır. Həm də o il -
1956-cı ildə Kommunist Partiyasının XX Qurultayı
keçirilmişdi, bu qurultayda Xruşşov Stalin rejiminin
cinayətlərini ifşa edən məruzəylə
çıxış etmişdi. Çox
şey, doğrudan da, dəyişirdi, cəmiyyətin, necə
deyərlər, qırışları açılır, donu
açılırdı. Milyonlarla məhv
edilmiş günahsız insan bəraət
qazanmışdı, yasaq olunmuş adlar
qaytarılırdı, Sibir sürgünlərindən minlərlə
sürülmüşlər, o sıradan bizim
qohumlarımız da geri, Vətənə dönürdülər.
Macarıstan olaylarını da Stalin
dövrünün son gəyirtisi kimi qavramaq istəyirdik.
"Bütün bunlar bir daha təkrar
olunmaz" xəyalıyla yaşayırdıq. Nə qədər gənc və nə qədər
sadəlövh imişik. Gəncliyimiz
1968-ci ilin avqustunda bitdi. Çexoslovakiyaya
girən sovet tanklarının tırtılları altında
yalnız qısaömürlü Praqa baharı deyil, bizim nəslin,
şəxsən mənim özümün sosializm ideyasına
son inamımız da xıncım-xıncım doğranıb
töküldü. O il Vaqif
"Füzuliyə" şeirini yazdı və bu şeirdə
belə misralar vardı:
Sən, bəlkə
də, sevinərdin
Baxıb dənizə sarı.
Axı
yuxuna girməzdi
Rus çarının tankları.
Çarlar vaxtı tanklar yoxdu. Çexoslovakiya torpağını
"ram edən" və "gülərüzlü
sosializm", "xoşsifət sosializm"
xülyasını al-üst edən Brejnevin tankları idi.
Daha heç nəyə inamımız, heç bir ümidimiz
qalmamışdı, daha dəhşətli şeyləri
gözlərimiz qarşısına almışdıq və
bu önduyum, ürəyədamma da Vaqifin həmin şeirində
əks olunub:
Bilirsənmi,
artıq kəsib
Ümid
keçən yolları,
Tikilməmiş
türmələrin
Hörülməmiş hasarı.
Vaqif o
dövrün amansız seçimini bir şair fəhmiylə
hamımızdan öncə və hamımızdan artıq
duymuşdu:
Deyirlər,
özün seç, tebe na vıbor
İntihar,
qazamat, vətən həsrəti...
Yaşadığımız cəmiyyət növbəti
dövründə elə bir mərhələyə qədəm
basmışdı ki, Söz üstündə insanlar yenə
məhbəslərə atılır, sürgünlərə
göndərilir, "psixuşkalar"a - dəlixanaya
salınır, ya xarici ölkələrə
atılırdı (Soljenitsın kimi).
Əlin
sınaydı, sanitar,
O
qızı döydüyün yerdə.
Yumruğunla
qız üzündə
Anamı söydüyün yerdə.
O qız
çılpaq çinarın da
Başında
hava görmüşdü,
Allahın
atıb getdiyi
Boş qalmış yuva görmüşdü.
Sən o
qızı döyən zaman
Açılmamış güllər soldu.
Dəlixana
həyətində
Bir ağac da dəli oldu.
Xışıldadı
yer üzünün
ən əlacsız
yarpaqları
Dəlixana
divarını
öpür çinar budaqları...
Aleksandr Soljenitsinin "Qulaq takım adaları"
kitabının dəhşətli faktlar sadaladığı
içində bir səhnə məni daha çox
sarsıdır. Sərxoş, vəhşi türmə gözətçisi
hansısa çox yüngül bir "günah"
üstündə cavan qızcığazı, yeniyetmə
zavallını barakdan şaxtaya çıxarır və
şaxtadan donan qızcığaz "əmican, - deyə
yalvarır, - daha eləmərəm, bağışla, məni
içəri burax". Bu səhnənin şahidi olmuş
"zek" - dustaq Soljenitsin yazır ki, bu an başa
düşdüm, başa düşdüm ki, bu türmə cəhənnəmində
mütləq sağ qalmalıyam, mütləq
yaşamalıyam və bu balaca qızcığazın
iztirabını yazmalıyam. Bu onun
qarşısında, milyonlarla "günahsız müqəssirlər"in
qarşısında mənim insanlıq və yazıçılıq
borcumdur.
Vaqif Səmədoğlunun
dəlixana həyətində sanitar tərəfindən
döyülən qıza həsr etdiyi şeir də məni
Soljenitsinin təsvir etdiyi səhnə qədər
sarsıdır... Və ölənlər, tələf
olmuşlar, işgəncələrə məruz
qalmışlar qarşısında hamımızın vicdan
borcunu xatırladır.
***
Hələ
1969-cu ildə Vaqif azadlıq həsrətini belə ifadə
etmişdi:
Sən mənim
doğma
anamsan, Azadlıq,
Mən sənin
yad
qapısında böyümüş balan...
Sən
son ümidimin qaldırdığı
ağ
bayraqsan, Azadlıq,
Mən səni
yellədən külək...
Hələ
1982-ci ildə Vaqif bilirdi ki,
Heykəllərin çoxundan soyuq gəlir,
buz
qoxuyur,
qardan
yonulub bu abidələr.
Günəş
çıxsa,
açılsa istiyə qapılar,
Əriyəcək
heykəllərin çoxu -
buz
qoxuyan bu abidələr.
Aşıq
demiş: "Deyilənlər gəldi başa". Azadlığı, müstəqilliyi də
gördük. Qos-qocaman sovet imperiyası da
çökdü, darmadağın, tar-mar oldu. Amma
Bilirsənmi,
ən
xoş niyyət də
pisliyə dönür əvvəl-axır.
Qalib gəlib
hakimiyyət olmuş inqilab kimi.
Dediyim kimi, V.Səmədoğlu poeziyası zamanı,
zamanın yaralarını, dövrü və dövrün dərdini,
ağrısını-acısını əks etdirən
poeziyadır.
Amma həqiqi poeziya kimi o, həm də zamandan
uca dayanan, dövrün fövqündə duran bədii hadisədir.
Ədəbi problemləri - həyat,
ölüm, eşq, həsrət, tənhalıq
qayğılarını ehtiva edən bir dünyadır.
"Həyat ayrılıq imiş insanla ölüm
arasında".
Təsəvvür şairlərinin nəfəsi gəlir
bu misradan, vəhdəti-vücud fəlsəfəsinin
işığı süzülür. Vaqif
poeziyası həyat və ölüm haqqında
düşüncələrlə dopdolu olan, həm ümid, həm
də ümidsizlik poeziyasıdır. Ümidsizlik
içində kövrək, ürkək bir ümid
işartısı görünür bu poeziyada.
Ey
Füzuli, şami-qəm əncamına yoxdur ümid,
Bir təsəllidir sənə ol söz ki, derlər, var
sübh.
V.Səmədoğlunun
aşağıdakı sətirləri ulu ustadın bu beytiylə
necə də həmahəng səslənir:
Bu yerlər
də sevinir
İçində gülməsə də.
Hardasa ağ gün də var,
Gəlsə də, gəlməsə də.
Bu iki parçadakı ümidin təsəlli
çaları, yaxud təsəllinin ümid çaları
bir-birinə forma, biçim, təşbeh baxımından
deyil, ruh baxımından yaxın və doğmadır.
Yenə
Füzuliylə həmahəng səslənən başqa bir
motiv:
Edəməm
tərk, Füzuli, səri-kuyin yarın
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
Kaş
yenə də uyuyaydım,
Başm sənin sol qolunda.
Millət
deyə-deyə, gülüm,
Öləydim sənin yolunda.
Yara, qadına, sevgiliyə məhəbbət hər iki
parçada vətən, millət eşqi bərabərində
bir hiss kimi qavranılır, duyulur və tərənnüm
edilir.
Nəhayət, Vaqif Səmədoğlu poeziyasında
tez-tez təkrar olunan bir motiv - Vüsaldan qorxmaq və
qaçmaq ("Gəlmə, gəlişindən yaman
qorxuram"), sevginin yalnız intizarı ilə yaşamaq istəyi,
yalnız əzabına düçar olmaq arzusu "yarəb,
bəlayi-eşq ilə qıl aşina məni" duyumunun
dövrümüzə uyğun ifadəsi deyilmi?
Vaqif Səmədoğlu poeziyası tənhalıq
poeziyasıdır. Şairin tənhalığı ins-cinssiz
səhrada tək qalmış adamın təkliyi deyil, insanlar
içində, insan tünlüyündə, insan bolluğunda
duyulan yalqızlıqdır. "Dərdimi
kimə deyim, dünya dolu adamdır" (Rəsul Rza).
Vaqif
1982-ci ildə yazdığı şeirində
"Ömür tənhalıq verdi mənə"
deyir, amma bu şeirdən 17 il qabaq yazdığı şeirdə
də təklikdən şikayətlənir: "Mən də
tək, tək, tək" və bu şeirdən on
üç il sonra - 1995-ci ildə yazdığı şeirlərində
də eyni hissləri yaşayır. Bu, taleyin, məişətin,
ailə keşməkeşlərinin doğurduğu tənhalıq
deyil, metafizik, ekzestensial yalqızlıqdır. Ümumən, insanın varlıq, dünya
qarşısında təkliyi. Ölüm
qarşısında təkliyi. Allah
qarşısında təkliyi. Və təklik
yükünü çəkmək iqtidarı.
"Yalqızlığa inan, yaşa", - deyir Vaqif.
Müəyyən motiv təkrarları V.Səmədoğlu
poeziyasına yeknəsəklik gətirsə də, şair
dünyaduyumunun ömrü boyu dəyişməz qalmasına,
onun bütövlüyünə,
ardıcıllığına, sabitliyinə heyran qalmamaq olmur. Otuz
üç ildir ki, Vaqif öz şeirləri ilə
üz-üzə dayanıb və bu şeirlərin tənhalıq
dərdinə, ölüm vahiməsinə dözüb.
Zənnimcə, bu poeziyada ölüm, ölüm qorxusu, məzar
motivləri də bir az əndazədən
çıxır, ölçü hissinə uymur. Hərdən
bu cəhətdən Vaqifi qınayıram da: "Bəsdir qəbiristanlıq
şeirləri yazdın", - deyirəm. Amma
bir yandan baxanda, insan qarşısında ölümdən
vacib bir məsələ dururmu? Nazim Hikmət demişkən:
Nə
ölümdən qorxmaq ayıb,
Nə də düşünmək ölümü.
Vaqif gecə-gündüzün hər anında, sinninin hər
çağında həmişə ölüm haqqında
düşünən şairdir. Müxtəlif illərin, müxtəlif
şeirlərin içinə səpələnmiş misralar:
"Harda
gözləyim səni, evdə, eşikdə, ya məzarda?",
"Özümü öldürmək istəmişəm iki
dəfə, amma öldürməmişəm min dəfə",
"Ay yarımçıq, ulduzlar yox, yaman ölməli gecələr",
"Allah, məni yarı öldür, yarı saxla
ağlamağa", "yuxumda bir məzar gördüm,
qazılmamışdı", "Gözlərimi yumanda
Allaha xəbər verin", "Özümlə məşğulam,
özümü hər gün yüz yol dirildirəm, yüz
yol asıram", "Ömürsə yırğalanır
ölümün beşiyində", "Ölümdən xəbər
yox, ömürdən soraq", "Ruhu şad olur meyvə
bağında ölənlərin", "Ölülər
ocaq qalayır", "Ya günün əvvəlidir, ya da
ömrün axırı", "Sevgilim, mən öləndə",
- misalların sayını uzatdıqca, uzatmaq olar. Məncə, min illik poeziyamız tarixində
ölümü Vaqif Səmədoğlu kimi ciddi qəbul eləyən,
ölümlə bu qədər maraqlanan ikinci şairimiz
olmayıb. Şair özü də bu barədə səmimi
etiraf edir:
Niyə,
görəsən, adam bilmək istəyir
Kim nə deyəcək o öləndə.
Kim necə ağlayacaq onun meyidi üstə?
Neçin
insan oğlu
Gizli bir həsrətlə
Öz dəfnini görmək istəyir?
Neçin
diriykən
Yüz
yol basdırırıq özümüzü,
Tabutumuzu
qoyub
Qohum-qardaş, dost-aşna çiyninə?
Mənə elə gəlir ki, Vaqif poeziyasında
ölüm mövzularına bu aludəçilik, hardasa,
nekrofiliya təsiri bağışlayan bir meyildən, yaxud
gerçək ölüm xofundan daha artıq tənhalıq,
yalqızlıq dünyaduyumu ilə bağlıdır. Ölüm -
tənhalığın sonudur. Dəfn -
insanların - dostun da, yadın da səni əzizlədiyi, sənə
yandığı dəqiqələrdir, sənin diqqət mərkəzində
olduğun anlardır və deməli, tənhalığın,
ancaq öz içində yaşadığın bir
ömrün bitməsidir. Bu çəmbərdən
çıxmaq, xilas olmaq yoludur. Bir də
ki poeziyalaşdırılmış (poetikləşdirilmiş
demirəm, məhz poeziyalaşdırılmış, yəni
- poeziya mövzusuna çevrilmiş) Ölüm - gerçək
ölümdən fərqli və üstündür. Poeziya həyatın ölüm üzərində qələbəsidir.
Hətta mövzusu ölüm olan poeziya da.
Ölümün, Xarabalığın, Viranalığın rəmzi
olan bayquşa həsr etdiyi şeir də məhz yüksək
sənət örnəyi olduğu üçün
varlığın yoxluq üzərində zəfəridir.
Bacım
bayquş, gözlərini ver, mənə,
Gecə düşüb, qaranlıqdır, görmürəm.
Gündüzlər
də bu dünyanı seyr edib,
Abadlıqdır, viranlıqdır, görmürəm.
Bacım
bayquş, ovun bir baxışladı,
Allah səni gecəyə naxışladı.
Mənə
də bir ömür-gün bağışladı,
Əbədidir, bir anlıqdır, görmürəm.
Bacım
bayquş, zülmətdən çıxdım yola,
Neçə
kərə yıxılmışam az qala,
Qurban
olum, ulayanda bərk ula,
Səsə gedim, dumanlıqdır, görmürəm.
***
Dediyim kimi, Vaqif Səmədoğlu poeziyası Allahla
söhbətdir. Nədən yazır-yazsın, şair Allahla
danışır: ömür barədə, ölüm barədə,
amansız dövran barədə, əbədi tənhalıq
barədə, bu tənhalıqdan qurtulmaqdan aldanışı
- qadın sevgisi və bu sevginin mümkünsüzlüyü
barədə. Bütün bu söhbətlərin
ana motivi birdir - şairin ən etibarlı istinadgahı,
dayağı, sevgisi şeirdir, poeziyanın özüdür.
Şeir, Vaqif dünyasında Allahdan sonra ən
yüksək məfhumdur. "Şeir
yazıram" adlı ilk gənclik şeirində Vaqif
şeir yazmaq və istədiyi kimi yazmaq haqqını
müdafiə edirdi. Sonra bütün illərdə
də şair kimi yaşadı, şair ömrü
yaşadı və yaşayır. Şeirləri
də onunla birgə "yaşa dolub qocalır".
Şeir
yazmaq tutub məni,
Ağlımı
itirmişəm
Şeir yazmaq arzusundan.
Dilimə
gələn sözlərin quluyam,
Ürəyimdə qalanların dəlisi.
Bu
şeir çox mühüm bir etirafla bitir: "Dünya bəhanə
imiş, şeir yazmağa". Şair belə bir qənaətə
gəlir ki,
...Bəlkə,
mənə
Yaşamaq
yox,
Şeir yazmaq gərəkdir.
Şairin ən böyük arzusu kimsəsiz bağ evində,
Allah məhkəməsi qabağında üz-üzə
durmuş iki cani kimi, şeirləri ilə tək-təkə
qalmasıdır. Həm də şeir yazmaq Vaqif
üçün narkozsuz cərrahiyyə əməliyyatındakı
kimi dözülməz ağrıya dözməkdir.
Şair taleyi haqqında, həyatın unutqanlıq qanunu və
yaddaşlarda əbədi qalmaq istəyi haqqında
düşüncələrini belə yekunlaşdırır:
Şair
kimi yox,
Şeir kimi ölmək istəyirəm.
Oxumaq
arzusu ilə yaşayıram -
Əvvəldən axıra kimi oxunmaq.
Əzbər
qalmaq istəyirəm
Kimin isə yadında.
Bəyənilmək,
sevilmək istəyirəm,
İstəyirəm
dəlicəsinə -
Şair
kimi yox,
Yaddan
çıxmayacaq bir şeir kimi...
Dediyim kimi, Vaqif üçün şeirdən yüksək
yalnız Allahdır. Amma elə məqamlar olur ki, o, "ağ kağız
üzərində yer üzünün bütün məntiqlərinə
meydan oxuyan qələminin təkliyi"ni
heç kimə və heç nəyə dəyişmək
istəmir: "Nə bir dövlət bayrağının
kölgəsinə, nə də bir qadın səsinə, nə
övlad nəfəsinə, nə də, bağışla,
Allah, sənə".
Allahla şair münasibətlərinin bu mərtəbəsi
də var.
Vaqif elə bil, bütün otuz üç yaşlı
poeziyasını - Həzrət İsa yaşlı
ömürlüyü olan yaradıcılığını
- Allahla sorğu-suala həsr eləyib. Sanki soruşur ulu
Tanrıdan:
"Niyə, axı niyə mənə şair olmaq
işgəncəsini, yəni tənhalığı,
ölüm vahiməsini, anlamaq dərdini, qadın həsrətini,
demək istəyini və susmaq məcburiyyətini rəva
bildin? Niyə gəncliyim əsarət, haqsızlıq və
ədalətsizlik hökm sürdüyü bir dövrana
düşdü? Gücün, zorun haqqı
tapdamasını gördüm, xalqımı köməksiz
gördüm, zəncirlər qırılanda, məhbəs
divarları uçanda isə "qul quldar oldu",
"Azadlıq yalan çıxdı" və yenə də
mənə "Ana torpaqda qərib məzarı
qazıldı". Yenə də "qu"
deyib, qulaq tutulan tənhalıq səhrasında da, adamların
tünlüyündə də, səslərin, rənglərin
haray-qışqırığı içində də
özümü tək, tək, tək hiss elədim.
"Batan gəmidən atılan yük kimi kənara atdım
ümidlərimi" və gördüm ki, "ömrün
divarında yenə kəndir dayanıb qapı yerinə",
"Uzaqda bir külək, onun üstündə bir bayraq"
olduğunu bilsəm də, yetə bilmədim o küləyə
və o bayrağa, dünyanın hər "gecəsini son gecəsi
kimi, hər səhərini son səhəri" kimi
yaşadım. Niyə, onsuz da, sonu ölüm və
yoxluq olan bu həyatda sevincimi belə qıt,
"ağrı-acımı belə bol elədin? Niyə axı, Niyə, Niyə?"
Mənə
elə gəlir ki, Allahın Vaqifə cavabını da
eşidirəm: "Naşükür, sənə
bütün bu ağrı-acını ifadə etmək
üçün istedad da vermişəm axı. Məgər bu azdır?"
***
Vaqif Səmədoğlunun ən böyük kitabı
qarşınızdadır. Çoxları
üçün bu toplu şairlə ilk görüş
olacaq. Hər halda, hamı Vaqif poeziyası ilə ilk dəfə
bu ölçüdə, bu miqdarda, bu miqyasda tanış
olur. Bu kitabın əks-sədasının
çox uzaq gələcək illərə və çox uzaq
ellərə yayılacağına əminəm. Vaqifin yuxarıda gətirdiyi misralarını bir də
təkrar gətirirəm.
"Oxunmaq istəyirəm -
Əvvəldən axıradək
oxunmaq".
Vaqif Səmədoğlunun,
ən azı, buna haqqı var.
Vaqif Səmədoğlunun "Mən
burdayam, İlahi" kitabına
Ön söz, oktyabr-noyabr,
1995.
Anar
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 5 iyun, ¹21.- S.12-15.