Allahın
əbədi sükutu və Vaqif Səmədoğlunun bitməyən
sualları
"Mən burdayam, İlahi" kitabına Anarın
yazdığı "Allahla söhbət" adlı Ön
sözdən sonra Vaqif Səmədoğlu barədə yeni
söz demək çətindir, bəlkə də heç
mümkün deyil. Anar Vaqif Səmədoğlu
yaradıcılığının əyarını bir kəlmə
ilə müəyyənləşdirir: "Allahla söhbət".
"Mən burdayam, İlahi" səslənişi əvvəlcə
Tövratda, sonra Sartrda və amerikan cazında - Ellinqtonun
Bibliya motivlərinə interpretasiyasında, daha sonra isə
bizdə Vaqif Səmədoğlu poeziyasında dilə gəlir. Və şair ən bitkin
kitabını da bu adla adlandırır: "Mən burdayam,
İlahi".
"Mən burdayam, İlahi" kitabındakı, əsasən,
ekzistensial ruhlu şeirlərin səmavi, teoloji aspekti şairin
aramsız sualları və Allahın əbədi sükutu ilə
müşayiət olunur. Sanki Musa peyğəmbər Tur dağında "Rəbbim,
mənə görün, sənə baxım", - deyə
Allaha səslənir.
İlahi,
burdasansa,
Tanışlıq ver.
Yanından
salamsız
ötüb keçməsin bu torpaq, bu yer.
Tanışlıq
ver,
Bilmədən ayağını basmasın bu dünya.
Baxıb başımız üstündəki Günəşə,
Aya.
Səni də
tanıyaq
Onların arasında.
Səni də
görək
Gündüzün
ağında,
Gecənin qarasında.
Tanışlıq ver bizə.
Hz.Musaya
cavab verən Allah Vaqif Səmədoğlunu cavabsız
buraxır... Yaxud ikisinin də aldığı cavab eynidir:
"Üzümü görə bilməzsən. Üzümü görüb yaşaya bilməzsən".
Bəlkə elə bu səbəbdən Vaqif Səmədoğlu
Allahı yuxusunda görə bilmədi. Bunu yazarkən
öz yeretik üslubumdan qorxdum. Amma onun
ömür bioqrafiyasını əvəz edən şeirləri
məni belə düşünməyə vadar etdi. Çünki Vaqifin bütün ömrü Allahla
söhbətdən ibarətdir.
Bəlkə
dualarımı
Yolda vururlar?
Yaralı
dualar yetə bilirmi hüzuruna,
Ulu
Tanrı?
Kimin var,
ulu Tanrı,
Məndən savayı bu dünyada?
Kimim var səndən
başqa
Bu aləmdə mənim?
Sən tək,
mən tək,
Ulu
Tanrı...
Vaqif Səmədoğlu
özünü demirdi ki.. Azərbaycanın
adından danışırdı. Çünki
90-cı illərin əvvəllərində Azərbaycan
dünyanın ucqarında tənhalıq heykəli kimi
qalmışdı. Və Vaqif Səmədoğlu o illərdə
bəlkə də yeganə Azərbaycan şairi idi ki, faciələrin
detallarını deyil, millətin psixoloji ovqatını, ruhi
halını yazırdı:
Sevinməyə vaxtmı, var?
Sevinməyə baxtmı, var?
Sevinc indi
uzaqdır,
Sevinc
burda yasaqdır...
Sərin
deyil yenə də
Yurdda
ağac kölgəsi,
Yenə dərdə
sığınıb
Azərbaycan
ölkəsi...
Burda həssas bir məqama gəldik. 1990-cı il
faciəsindən sonra Vaqif Səmədoğlunun Moskvada, rus
diində "Sfinksı noçi" adlı kitabı nəşr
olunub. "Sovetskiy pisatelğ" nəşriyyatı kitaba
belə bir qeyd yazmışdı: "Son vaxtlar ədəbiyyat
və sənətin dəyərləndirilməsindəki ədalətsizlikləri
ortadan qaldırmaq üçün çox işlər
görülür. Ən ilginc, modern Azərbaycan
şairlərindən birinin kitabının rusca
yayınlanması bu yöndə irəliyə
atılmış bir addımdır. Vaqif Səmədoğlu
əsərlərində qorxusuz, barışmaz və bəzən
də tragikdir. Kitabın içində ən
önəmli şey yaşayan ümidlərdir. Şair,
Baratinskinin sözləri ilə özü haqqında bunu deyə
bilərdi: "Və mənim üçün sevinc
yoxdur". "Sovetskiy pisatelğ"in bu qəribə mətni
20 Yanvar faciəsindən beş ay sonra
sovet (rus) humanitar ideoloji düşüncəsinin Azərbaycan
ədəbiyyatı qarşısındakı ilk tövbəsi
idi və etiraf edək ki, nəşriyyatın seçimi də
dəqiq idi. "Vaqif Səmədoğlunun
xalqını incitmək, öldürmək olmaz" mənasında.
Vaqif Səmədoğlu Əhdi-Cədid, İncil və
Quran mətnlərindən, yaxud dünya rəssamlığı
və musiqisindən aldığı intermedial impulsları
öz poetik məhvərində düşüncə və xəyal
məhluluna çevirməyi bacaran nadir dünya şairlərindən
idi. Onun teoloji tərəfi estetik hüdudları ilə
eyni miqyasdadır. Səmədoğlunun "Mən
burdayam, İlahi" xitabını Bibliyadan xəbərsiz
oxucu anlaya bilməyəcəyi kimi, "Musiqi şeirləri"ni də musiqi intellekti olmayan heç kəs
anlaya bilməz. Bramsdan qalan səslər, Şopenin beş, on taktı, insan gözdən itib yox
olana qədər səslənən tənha soprano və s... Həm də buna görə Səmədoğlunun təfəkkür
dünyası həm horizontal, həm də vertikal - estetik
ucalığına, dərinliyinə və bütün mənalarda
miqyasına görə tədqiq olunmalıdır.
***
1982-ci ildə
yazdığı "Əlin sınaydı sanitar, o
qızı döydüyün yerdə" misraları ilə
başlayan şeirinin daxili dinamikasının səs və rəng
keçidləri Van Qoqun 1889-cu ildə təsvir etdiyi "Sen
Remidə dəlilər evinin bağçası"ndakı pərişan
rəngləri asossiasiya edir. Şeirdə və tabloda hər
şey eynidir: "Dəlixana divarını / Öpdü
çinar budaqları" Bu mövzuda təhlillərə
ehtiyac yoxdur. Çünki təhlillər
subyektiv mülahizələrdən uzağa getməyəcək.
Vaqif Səmədoğlunun sanitara
ünvanladığı şeiri hər dəfə oxuyanda
düşünürəm. İndi bəziləri,
xüsusən, alababat şairlər, guya açıq mətnlər
yazmaqdan çəkinmir. Fərdi-ictimai
qayğıları estetik tül altında ifadə etməyə
gücü çatmayan belə mətnləri şeir
adlandırmaq əlbəttə, mümkün deyil. Amma
Vaqif Səmədoğlu "Dəlixana həyətində bir
ağac da dəli oldu" - deyəcək qədər cəsarətli
və estet idi. Cəsarətli olub-olmamaq, belə
məqamlarda heç onun vecinə də deyildi.
Əlin
sınaydı, sanitar,
O
qızı döydüyün yerdə.
Yumruğunla
qız üzündə
Anamı söydüyün yerdə.
O qız
sənin gözlərinlə
O
ağaca baxmamışdı,
O qız
o gün o ağaca
Elə-belə
çıxmamışdı...
O qız
çılpaq çinarın da
Başında
hava görmüşdü,
Allahın
atıb getdiyi,
Boş
qalmış yuva görmüşdü...
Sən o
qızı döyən zaman
Açılmamış
güllər soldu,
Dəlixana
həyətində
Bir
ağac da dəli oldu...
Xışıldadı
yer üzünün
Ən əlacsız
yarpaqları,
Dəlixana
divarını
Öpdü çinar budaqları.
Şeirin doğurduğu intibalar
saysız-hesabsızdır və bu intibalar, həm siyasi, həm
fərdi, daha çox da estetik anlam daşıya bilər.
***
Vaqif Səmədoğlunun hər yeni şeiri poeziya
planetindən meteorit kimi qopur, səma cismi kimi Yer üzünə
düşürdü. Sonuncu dəfə belə bir cismin Yer üzünə
düşməsi 2015-ci il yanvarın 28-də
Akademiyanın Ədəbiyyat İnstitutunda uşaq ədəbiyyatı
ilə bağlı keçirilən müşavirədə
Xalq yazıçısı Anarın telefonunda "Ay
Laçın" melodiyasının səslənməsi ilə
əks-səda verdi. Həm də deyəsən,
zəng Vaqif Səmədoğlunun öz telefonundan gəlmişdi.
Ona zəng vurub kədərli xəbəri verdilər.
Anar telefonu qapayıb ayağa qalxdı: "Vaqif Səmədoğlu
dünyasını dəyişib", - dedi və
müşavirə zalını tərk etdi.
Mən
ölən gün
bir
külək əsəcək küçələrdə.
Və
yellədəcək
ipdən
asılı, quruyan
sarı
çiçəkli bir uşaq paltarını.
Matəm
bayrağı tək dalğalanacaq
uşaq
paltarı
mən
öldüyüm gün...
Qismən şeirdəki kimi oldu. Anar müəllimin telefonuna gələn
qara xəbər, yanvar ayı və uşaq ədəbiyyatına
həsr olunmuş müşavirə... Yeri gəlmişkən,
Vaqif Səmədoğlu Azərbaycan şairləri arasında
uşaq dünyasına dərindən aşina olan nadir söz
adamlarından biriydi. Onun 25
yaşlarında yazdığı "Uşaq sözlərindən
doğulmuş şeirlər"i təbii ki, uşaq
poeziyası örnəkləri deyil, amma şeirlərin
strukturu baxımından onları Prevertin "Əgər
quş rəsmi çəkmək istəsən" şeiri
ilə də müqayisə etmək mümkündür.
Uşaq dünyası ilə böyüklərin
ruhi aləmini birləşdirən, ruhi bir bağlantı
yaradan bu üç şeir modern poeziya tariximizin nadir incilərindəndir,
poeziyamızda postmodernizm texnikasını sərgiləyən
ilk poetik mətnlərdir. Humayın: "Mən bir
gün qəşəng olmuşdum" sözünə
göndərmə edərək yazdığı:
Mən
bir gün üfüq olmuşdum,
Duman
çökdü dənizə...
Görünmədim.
Mən
bir gün cığır olmuşdum,
gedib-gələn olmadı, ot basdı üstümü...
Görünmədim...
Mən
bir gün təbəssüm olmuşdum,
Nə
oldu, bilmədim....
Görünmədim".
***
Bundan sonra yazacağım xatirəmi bura
köçürməyə məni vadar edən hansı
duyğudur, bilmirəm. Amma Vaqif Səmədoğlu ilə
bağlı yaddaşımın əbədi sakini Salehə
xanımla bağlı altımış illik
ömrümün olsa-olsa, 10 dəqiqəsini ehtiva edən
anlarımı mütləq yazmaq istəyirəm. 1984-cü ildə İncəsənət
İnstitutunu bitirəndə Vaqif Mustafazadə barədə
"Sənsiz səninlə" adlı tamaşa
hazırladım. Tamaşa üzərində iş gedərkən,
Mustafazadənin lent yazıları lazım oldu. Gecə
saat 12 radələrində Vaqif Mustafazadənin anası Zivər
xanımla sağollaşıb Vaqifgildən - onların
İçərişəhərdəki evlərindən
çıxıb yaxınlıqdakı köşkdən Vaqif
Səmədoğluya zəng vurdum. İndi
bu sətirləri yazanda bunu hansı cəsarətlə və
hansı ərklə etdiyimi düşünürəm. Məni təmkinlə dinlədi. Vaqif Mustafazadənin
lent yazılarını tapmaqda mənə kömək etməsini
xahiş etdim. On dəqiqədən sonra ona təkrar
zəng vurmağımı tapşırdı və dəstəyi
asdı. Gecədən keçmişdi.
Kirayədə qaldığım evin
yaxınlığından - Mustafa Sübhi küçəsindəki
telefon köşkündən ona təkrar zəng vurdum. "Sabah telekomitetə - Salehə xanımın
yanına gedərsən. O sənə Vaqifin lent
yazılarını verəcək" dedi. Sonra
da tamaşaya Eliza Mustafazadəni dəvət edib-etmədiyimi
soruşdu. Dəvət etmədiyimi, Eliza xanımın
telefonunu bilmədiyimi və utandığımı dedim.
Telefon nömrəsini verib "ona zəng vur, mənim
adımdan dəvət et", - dedi.
Səhər Telekomitəyə gəldim. Qapıya mənim
adıma buraxılış vərəqəsi qoyulmuşdu.
Salehə xanımı soraqlaşıb
tapdım. Mənə Vaqifin iri çarxlardakı lent
yazılarını verərkən, "bunlar qızıl
fondun materiallarıdır, adətən
kimsəyə verilmir. Amma Vaqif zəng vurub deyə bunları sənə
verirəm", - dedi. Salehə xanım mənim
həyatda söhbət etdiyim ilk kübar qadın idi. Nağıl kimi qadın. Sonralar Salehə barədə
Anarın "Elə bil heç yox imiş" adlı kədərli
bir yazısını oxudum, bəlkə də Anarın ən
kədərli yazısıydı və o yazıdan öyrəndim
ki, Salehə xanım Anarın əzizi və bibisi
qızıymış...
P.S. Eliza
xanım isə mənim diplom tamaşama qızı Əzizə
ilə bir yerdə gəldi və tamaşanı sona qədər
izlədi.
***
1982-ci ildə gecə saat 12 radələrində ona hansı
cəsarətlə və hansı ərklə zəng
vurduğuma indi özüm də təəccüb etdiyimi
yazmışdım. Vaqif Səmədoğlu evimizin əziz
adamı idi. O, ilk dəfə bizdə, özünün
də etiraf etdiyi kimi, 12-13 yaşı olanda qonaq
qalmışdı. Atamın yubiley tədbirində özü
də bunu xatırlatdı: "İlk dəfə mən
İmamverdi müəllimi görmüşəm 12-13
yaşım olanda - Neftçalada. Əllinci illərin
əvvəli idi. İmamverdi müəllimlə
Səməd Vurğunun qucaqlaşıb öpüşmələrinin,
o gün şahidi oldum". Vaqif Səmədoğlunun
oxucularla ilk görüşü də 1976-cı ilin
fevralında Neftçalada olmuşdu. Gecə
evimizdə qalıb, ertəsi gün həmin
görüşün keçirildiyi məktəbə getdilər.
Şeirləri barədə ilk mülahizələr
söyləyən tənqidçilərdən biri
İmamverdi Əbilov olmuşdu. "Ədəbiyyat və
incəsənət" qəzetinin 9 oktyabr 1965-ci il tarixli sayında dərc edilmiş
"Şeirimizdə forma axtarışları" məqaləsində
"Anna səkidə qaldı" şeirindən bəhs
olunurdu.
İndi yazı masamın üzərində atamın
ağüzlü xatirə dəftərini açıram. Səhifələrdən
birində Vaqif Səmədoğlunun xətti ilə
aşağıdakı şeir yazılıb:
"Məzarıma
nə
başdaşı qoyun,
nə
heykəl.
Bir
cüt ayaqqabı
Qoyun,
Ayağı
yalın
Geyib getsin.
Vaqif Səmədoğlu.
8. II.
1976.
Neftçala"
***
1985-in yayı. Hərbi xidmətdəyəm. Tayqa meşəsi. Gecə. Meşənin bütün quşları qəfil və
bir ağızdan ötməyə başlayır. Bu
polifonik quş xorunun, əslində işıqla, günəşlə
ilgili olduğunu yaddaşımda Vaqif Səmədoğlunun
misraları oyandırır: "Quşlar saatla yox,
işıqla başlayır oxumağa..."
1987-ci il 3 iyun tarixli "Ədəbiyyat və incəsənət"
qəzetində ("Ədəbiyyat qəzeti") dərc
olunan və Vaqif Mustafazadəyə həsr etdiyim ilk yazım
bu sözlərlə bitirdi: "Adaşın Vaqif Səmədoğlu
demişkən, "Sonun mübarək!" Vaqif Səmədoğlunun
"Ömür, sonun mübarək" misrasını mətbuatda
dərc olunmuş ilk məqaləmin sərlövhəsinə
çıxarmışdım... "Sonun
mübarək, ustad!"
***
O, indi
işıqlı qəm içindədir. Allahla söhbəti
bitibmi-bitməyibmi, kim bilər?!
3 iyun 2024
Azər Turan
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 5 iyun, №21.- S.16-17