Füzuliyə

 

Bu gün dənizi siləndə

Giləvarın yaylığı

Yenə dindi təkliyimin

Yorğun söz azadlığı…

 

Sən bəlkə də sevinərdin

Baxıb dənizə sarı.

Axı yuxuna girməzdi

Rus çarının tankları…

 

Bilirsənmi, vaxt dəyişib,

Məcnun fit çalır tində.

Özbəklər xələt paylayır

Sənin yubileyində…

 

Bilirsənmi, artıq kəsib

Ümid keçən yolları

Tikilməmiş türmələrin

Hörülməmiş hasarı…

 

Gecə yarı, ay sapsarı,

Nə yapışmışam səndən?

Yəhərlənməmiş dünyanın

Yıxılıram belindən…

 

1968

 

Vaqif Səmədoğlu

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış  2024.- 5 iyun, ¹21.- S.23.