Kür qırağının əcəb
seyrəngahı var, yaxud Vaqif Səmədoğlu ilə
üç gün
Yenilənmiş
variant
"Kitabını
oxudum ("Balıq adam" romanını
nəzərdə tuturdu), yaxşı yazırsan, yazmağa
haqqın var." Bu sözləri Vaqif Səmədoğlu Azərbaycan
Yazıçılar Birliyində, Anar müəllimin kabinetində
mənə dedi. O zamandan bizim isti münasibətlərimiz
başladı. Mən Vaqif Səmədoğlunu
tanıyırdım, indi isə o məni
tanımışdı. Həm də hər
ikimiz Katibliyin üzvüydük. O, Ağsaqqallar
Şurasının sədri, mənsə, Gənclər
Şurasının...
2008-ci ildə biz Qərb bölgəsində Mahmud
Kaşğari Fondunun xəttilə bir layihə həyata
keçirirdik.
Ona görə də təxminən bir həftə
oralarda olduq.
Qazaxda
günorta nahar edərkən, Vaqif müəllimin Bakıda bizə
verdiyi qonaqlığı xatırladıq və
şair-deputatımıza zəng edib, "Vaqif müəllim,
deputat qonaqlığınızdan ötrü nostalji hisslər
keçiririk", - dedim. İş
burasındadır ki, bir müddət öncə, Azərbaycan
Yazıçılar Birliyindən çıxarkən, Vaqif
müəllim "Elçin, hara gedirsiniz?" - deyə xəbər aldı. Mən
də zarafatyana cavab verdim ki, "Elxanla cavanlıq eləməyə
gedirik". "Bəlkə mən də
sizə qoşulum?" - Vaqif Səmədoğlu dedi. Ünlü şairimizin bu fikri ikimizin də ürəyimizdən
oldu və Elxan Zalın təbirincə desək,
"qağamızın" maşınına oturduq və
şəhərin mərkəzindəki restoranlardan birinə gəldik.
"Vaqif müəllim, bəlkə başqa yerə
gedək. Buralar bizlik deyil", - dedim. "Elçin,
mən sizə şair yox e, deputat qonaqlığı verəcəm". Və indi
üstündən bir müddət keçəndən sonra mən
həmin qonaqlığa işarə edirdim. Söhbət süfrəylə yox, Vaqif Səmədoğlu
ilə təmasa ehtiyacdan gedirdi. O da başa
düşdü. "Hardasınız?"
- telefonun o başından Vaqif müəllimin
təbəssümlü səsini eşitdim. Qazaxda
olduğumuzu biləndə: "Sabah axşam ordayam", - dedi
və dediyi vaxtda da gəldi.
"Sabahdan
Kür qırağına gedək, qoy, Elçin bizim yerlərin
ruhunu duysun, havasını udsun", - Vaqif müəllim təklif
elədi. Həmin gündən, belə demək
mümkünsə, Vaqifli günlərimiz başladı.
Özü də nə başladı. Təbiət
qoynunda, Kür qırağında söhbətlər,
qonaqlıqlar... Uşaqlıq və məktəb dostu Anar,
böyük qardaşı və sirdaşı Yusif Səmədoğlu,
"əmi" deyə müraciət etdiyi Rəsul Rza,
Ənvər Məmmədxanlı ilə bağlı xatirələr
çözələndi.
Biz Poylu körpüsündən keçib, Qarayazı səmtə
gəldik və dayandıq. Bu səfərdə
bizi Vaqif müəllimin bu yerlərin gözəl oğlu hesab
etdiyi Qasım müəllim müşayiət edirdi.
Kür qırağında özünü 58 yaşlı kimi
qələmə verən, əslində isə yeddi onilliyi
qara kürəyinin arxasında qoyan Fərhad kişi və
yaxınları ocaq çatıb, qazan asmışdılar,
Vaqif müəllimin görüşünü səbirsizliklə
gözləyirdilər. "Siz gələn yollara qurban
olum", - Fərhad kişi dedi və
hamının boynunu qucaqladı. Sonradan bildik ki, Fərhad kişi Elxan Zalın yaxın qohumuymuş. Necə deyərlər, "oğlumu
axtarırdım, dostumu tapdım".
Mən Kürün qırağına
çıxdım. Vaqif müəllim: "Elçin, uzağa getmə ha,
burada canavarlar var", - dedi. Bilmirəm, ustad sənətkarımız
bunu zarafatla, yoxsa, ciddi söylədi. Mən dedim ki,
"Kür qırağında yatmaq istəyirəm". Palaz, döşəkçə gətirdilər.
Kür qırağında uzanıb, suyun həzin nəğməsindən,
sudan qopan küləyin nəmli dadından
xoşhallandım, bir zaman Araz qırağında quzu otararkən,
bax, beləcə uzanıb, suyun səsinə qulaq
asdığımı xatırlayıb yuxuladım. Uzaqdan isə
Səmədoğlunun Elxana zarafatyana dediyi və ümumi
gülüşlə qarşılanan sözlərini
eşitdim: "Ə, Elxan, onu qoyma e, yatsın. Birdən
Elçini bada verərik? Canavar yeyər, sonra deyərlər
ki, qazaxlılar qarabağlılardan Vaqifin hayfını
aldılar..."
Oyananda hamı süfrə başında oturub, Vaqif
müəllimin xatirələrini dinləyirdi. Ən
çox xatırlanan mərhum Yusif Səmədoğluydu.
Qasım müəllim Yusifdən
danışanda gözləri dolurdu. Vaqif müəllim
dostunun ovqatını başqa səmtə yönəltmək
üçün söhbəti dəyişdi və uzaq Leninqrada
apardı:
"Bizi
Leninqrada - Səməd Vurğun poeziya gününə dəvət
eləmişdilər. Rəsul əmi məni də
aparmışdı. O zaman İosif Brodskinin vətəndən
qovulan vaxtlarıydı. Leninqrad Yazıçılar Birliyinin
rəhbəri Orlov mənə də söz verdi.
Mən də təklif elədim ki, Piter şairlərinin,
eləcə də Brodskinin sağlığına içək.
Hamı çaşdı, bir-birinin üzünə
baxdı. Mən də əlavə elədim
ki, "ayaq üstə içək". Məcbur
olub ayağa durdular. Tədbirdən sonra Rəsul əmiyə
dedim ki, deyəsən, düz eləmədim axı. O da
hirsli-hirsli cavab verdi ki, "düz eləmədin,
ancaq əcəb elədin!"
Elxan Zal
Kür qırağının gözəlliyindən, Səmədoğlunun
xatirələrindən vəcdə gəlib: "Qağa,
söz verirəm ki, bu görüşümüzdən bir
poema yazacam, adını isə "Qarağacın altında
bir gün" qoyacam", - dedi. Əslində
isə altında oturduğumuz ağac vəhşi
qovağıydı. Amma fərqi nəydi
ki, kölgəsi qarağacınkı kimiydi.
Saloğluda vaxtımız başa çatırdı. Səhəri
gün Vaqif müəllimin məktəblərdə
görüşü vardı. Daha
doğrusu, sentyabrın 15-də o, bir neçə məktəbin
açılışında olmalıydı. Ona görə də Qazaxın "Olimpiya"
kompleksinə tələsdik. Ölkəmiz
kimi Qazax da yenidən qurulurdu. Vaqif müəllimin və
bizim qaldığımız bu kompleks zövqlə
tikilmişdi, xidmətinə də söz ola
bilməzdi. Kotejlərin eksteryeri və interyeri
zövqlə işlənib, müasir avadanlıqlarla təchiz
olunmuşdu. Rayonun "Diaqnostika mərkəzi",
"Planetari" adlanan "Heydər Əliyev sarayı",
"Rəsm qalereyası" göz oxşayırdı... Qazaxda ziyalılarla, mədəniyyət və ədəbiyyat
adamları ilə maraqlı görüş keçirdik.
Bu yerlərin ən tanınan şairi Ələddin
İncəlinin kitab çapının çətinliyi ilə
bağlı kövrək etiraflarını dinlədik.
Sentyabrın 15-də məktəblərin
açılışından sonra ustad şairimiz, lətifələri
dillər əzbəri olan Hüseyn Arifin "Ev muzeyi"nə
gəldik. Yazıçılar Birliyinin Qazax filialının sədri
Barat Vüsalın da iştirak etdiyi məclisdə saz
çalındı, söz deyildi, Hüseyn Ariflə
bağlı xatirələr dinlənildi. Vaqif Səmədoğlu
bir əhvalat danışdı: "Bu evi rəhmətlik
Hüseyn qağa özü tikdirib. Bir dəfə
burada möhkəm yeyib-içəndən sonra Hüseyn
qağa yatdı, mənsə gündəliyimə qeydlər
eləməyə başladım. Bir də gördüm
ki, qağa yorğanın altından mənə baxır,
axırda yorğanı üzündən götürdü və
dedi: "a başı batmış, yenə də
yazersanmı? Yaz, yaz, tarixdi".
Bizim Vaqif Səmədoğlu ilə günlərimiz də
tarix idi.
Bakıya
qayıdanda mən Səmədoğluların səxavətini,
qazaxlılara xas mərdliyini, şirinliyini daha çox hiss elədim.
Tovuzun çıxacağında nahar elədik,
Vaqif Səmədoğlu ofisiantı öz əliaçıqlığı
ilə sevindirdi. Səhərisi gün
Yevlax körpüsündən keçəndən sonra Səmədoğlu
maşını mühafizəçi polislərin yanında
saxladı və "naruşeniya eləmədik ki?"
- deyə soruşdu. "Xeyr,
ağsaqqal", - mühafizəçi cavab verdi.
Səmədoğlu cibindən pul çıxarıb,
"günorta nahar eliyərsiniz", - dedi və onların tərəddüdlərinə
baxmayaraq, istəyini yerinə yetirdi. Oradan uzaqlaşandan sonra:
"Ay Elçin, körpümüzü qoruyurlar dana", - dedi. Mənsə: "Səxavətiniz
artıq olsun", - cavabını verdim...
Hacıqabula
çatanda Miryusif adlı bir dostu ilə
görüşdü və süfrə zamanı
üzünü ona tutub dedi: "Miri, indi qoyun-quzunun dağdan
düşən vaxtıdır. Yaxşı bir erkək
tap". Tapdı da. Onu kəsdirib pay elədi
və dirəndi ki, bunun çox hissəsi sənindi". Mən
nə illah elədimsə də, xeyri olmadı: "Sizin o xalq
şairiniz var ha, Səməd Vurğun, bilirsən, nə
deyirdi? Deyirdi ki, kişi evdən çıxdı, geriyə
dönəndə əlində ət, cibində pul
qayıtmalıdır..."
Mən heç nə demədim. Çünki qağam
cibimizə pul da qoymuşdu.
Sonra xeyli tədbirdə və qonaqlıqlarda olduq. Onun 70 illiyini
Yazıçılar Birliyində qeyd elədik və banket
zamanı nədənsə üzünü mənə tutub
dedi: "Elçin, bunlar məni elə tərifləyirlər
ki, birdən inanaram, e!"
Vaqif müəllimin xəstə yatan
vaxtlarıydı. Tez-tez İsrailə müalicəyə gedirdi.
Telefonuna zəng çalanda da, telefonu əsasən, həyat
yoldaşı Nüşabə xanım
götürürdü. Elə onun vasitəsilə hal-əhval
tuturdum.
Bir dəfə "Ulduz"da öz
otağımda oturub yazırdım. Qapım da, adətən həmişə
açıq olurdu. Hiss elədim ki, qapıya kölgə
düşdü, yəni kimsə gəldi. Başımı
qaldırmadım ki, cümləni qurtarıb nöqtəni
qoyum. Gələn adam da səsini çıxartmır. Birdən
Qulu Ağsəs gəldi və dedi ki, "başını
bir qaldır gör, kim gəlib da!" Başımı
qaldırdım, gördüm ki, Vaqif qağa qapıda
dayanıb. Tez ayağa durdum, öpüşüb-görüşdük.
Vaqif müəllim: "Bilirsən, bura niyə
gəlmişəm, gəlmişəm ki, iki baş redaktora -
İntiqamla sənə qonaqlıq verim. Çünki mən xəstə
yatanda yanıma çox gəlib-getdiniz." Qağanın
yumorunu başa düşdüm və dedim ki, "ay qağa,
gəlməsək də, həmişə hal-əhval tutmuşuq.
Nüşabə xanım da deyib ki, yaxşısan, istirahət
eliyirsən". "Zarafat eliyirəm, - dedi, gəlmişəm,
Anarın yanına, deyirəm ki, ay Anar, gəl uşaqları
da götürək, gedək nahar eliyək. Nə
cavab versə, yaxşıdı, deyir ki, Vaqif, otu, bir saat 4-ə
kimi söhbət edək, sonra gedərik (Anar müəllim, adətən
həmin vaxt işdən çıxır. - E.H.). Deyirəm ki, ay Anar, biz səninlə 70
ildir ki, söhbət edirik, indi nədən
danışacağıq?"
Nə isə, deyə-gülə restorana gəldik. Yeyib-içəndən
sonra, sən demə, hesabı xəlvətcə İntiqam müəllim
verib. Vaqif müəllim bunu biləndə
etiraz elədi. İntiqam müəllim də dedi ki,
"ay qağa, hesabı həmişə sən verirsən,
bir dəfə mən verəndə nə olar ki?"
Onda Vaqif müəllim təklif elədi ki,
yaxınlıqdakı "Hilton" otelinə gedək, orada
adama bir əlli-əlli konyakla qəhvə içək."
Belə də oldu.
Vaqif müəllim hesabı verəndən sonra (hesab həddən
artıq yüksək idi) özünəxas yumor hissi ilə
dedi: "Uuuşaqlar, sizə məsləhət görürəm
ki, bir də belə yerlərə gəlməyəsiniz..."
Vaqif Səmədoğlu söhbətlərimizdə
Hüseyn Ariflə bağlı xeyli maraqlı xatirə
danışıb. Amma sözü uzatmaq istəmirəm.
Tanrı
böyük şairimizə, böyük qağamıza rəhmət
eləsin! Qəbri işıqlı-nurlu olsun!!!
Elçin Hüseynbəyli
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 5 iyun,
¹21.- S.18.