Vaqif Səmədoğlu haqda
Vaqiflə ilk tanışlığım
qiyabi olub. 1960-cı illərin əvvəllərində
qonşuluqda yaşayan fotoqraf Ərdəş Məhərrəmov
bir şeir kitabçasını mənə göstərdi və
ağızdolusu onun müəllifindən danışdı.
Mən kitabı Ərdəşdən
birgünlük aldım və birnəfəsə oxuyub
bitirdim. İndiyə qədər
oxumağa alışmadığım, qeyri-adi üslubda
yazılmış şeirlər məni alıb apardı.
O vaxtdan gözüm hər yerdə Vaqifin şeirlərini
axtarırdı. Lakin mətbuatda - qəzet və
jurnallarda təzə şeirləri uzun müddət
rastıma çıxmadı. Sadəcə,
hərdən radio və televiziyada, konsertlərdə onun
sözlərinə bəstələnmiş mahnılar səsləndirilir,
mən də sevə-sevə dinləyirdim.
Vaqiflə əyani
tanışlığımıza isə onun dostu Anar səbəbkar
oldu. Ötən əsrin 80-ci
illərinin lap əvvəlində Azərbaycan
Televiziyasında "Evləri köndələn yar"
teletamaşasına quruluş verirdim. Hazırlıq prosesində
Anarın təklifi ilə Vaqif bir neçə mahnı mətni
yazdı və onun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi
bu mahnılar dillər əzbəri oldu.
80-ci illərin
ortalarında Vaqif mənim çəkdiyim "Üç
çinar yarpağı" adlı bədii-sənədli
filminin qəhrəmanlarından biri oldu və bu iş bizi
xeyli yaxınlaşdırdı.
Vaqif artıq öz qələmini
dramaturgiyada da sınamağa və dərhal da orijinal dramaturq
kimi tanınmağa başlamışdı. Onun "Bəxt
üzüyü" dramaturgiyamızda yeni söz idi.
O, 1987-ci ildə AzTv
üçün "Yaşıl eynəkli adam"
teletamaşasının ssenarisini yazdı və əsər
Yeni il gecəsi efirə gedəndən sonra ondan sitatlar
ağızdan-ağıza gəzdi. Beləcə kədərli
şeirlərin şairi indi də baxımlı
komediyaların müəllifi kimi şöhrət tapdı.
Vaqiflə bizim
yaradıcı dostluğumuz onun ömrünün sonuna kimi
davam etdi. Həm teleekranda ("Yaşıl eynəkli adam
2", "Yaşıl eynəkli adam 3", "Yumurta"),
həm də teatr səhnəsində ("Generalın son əmri")
onun əsərləri mənim quruluşumda işıq
üzü gördü.
Vaqif Səmədoğlu
öz şəxsiyyəti və yaradıcılığı
ilə Azərbaycan ədəbiyyatında, mədəniyyət
və incəsənətimizdə silinməz izlər
buraxmış bir Ustaddır.
Ruhun şad olsun, Vaqif.
Səni unutmuruq.
Ramiz Həsənoğlu
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 5 iyun, ¹21.- S.19.