Dost Vaqifdən şair Səmədoğluya
qədərki yol
Elə
insanlar var ki, onların xatirəsi özləri qədər
işıqlı və aydındır. Həmin xatirələr
lentini yaddaşın xəyali ekranından izlədikcə
ötən günlər üçün qəribsəyirsən
və yaşanılan onca gözəl hadisəni, doğma
simaları kədərli-sevincli hisslərlə yad edirsən. Vaqif Səmədoğlu
da mənim yaddaşımın ən müqəddəs yerində
xatirəsi həkk olunan şairlərdən, dostlardan biridir.
Mən
Vaqif Səmədoğlunun özü ilə tanış
olmazdan əvvəl əfsanəvi imzası ilə
rastlaşmışam, yepyeni nəfəsini duymuşam və
poeziyasının bakir ifadələr timsalında heyrəti məni
bürüyüb. İndi də keçmişə
ekskurs etdikdə, ilk yadıma düşən şəxsiyyətlərdən
biri Vaqif Səmədoğludur.
Ötən əsrin 70-80-ci illərində sovet
senzurası kəskin olduğundan ədəbi diskussiyalar
çox vaxt çayxanalarda aparılırdı. Həmin illərdə Aqil
Abbasla tanış olmuşdum. O, məni həmin
çayxanalara aparırdı. Həmin yerlərdə
ədəbiyyat, sənət adamları ilə, uzaqdan tanıdığım
və sevdiyim tanınmış simalarla
görüşürdüm, söhbətlərinə qulaq
asırdım. O söhbətlər tariximiz, mədəniyyətimiz,
keçmişimizlə bağlı maraqlı nüanslardan məni
agah edirdi. Amma daha çox müasir ədəbiyyat,
söz yaradıcılığının dəyərləri
barədə söhbətlər gedirdi. Həmin
söhbətlər əsnasında tez-tez Vaqif Səmədoğlunun
adı çəkilirdi. Aqil Abbas
özünəməxsus pafosla, sevgi ilə onun haqqında
danışırdı.
Bir
küçə var şəhərimdə,
sakit,
qısa bir küçə...
Yetmiş
addım o yana,
yetmiş
addım bu yana.
Bir siqaret
o yana,
bir
siqaret bu yana.
Aqil müəllim onun, bu şeirdə olduğu kimi,
insanın hiss və duyğularını rəssamtək təsvir
edən poetik nümunələrindən bəhs edirdi. Sonralar sevimli şairimiz
Ramiz Rövşənlə tanış
oldum və onun da dilindən Vaqif Səmədoğlu
yaradıcılığı haqqında dərin fikirlər
eşitdim.
Vaqif Səmədoğlu o dövrdə elə də
çox çap olunmurdu. Hətta demək olar
ki, kitabları nəşr edilmirdi. Xatırlayıram
ki, Vaqif Səmədoğlunun yaxın dostu, görkəmli
yazıçımız Anar müəllim onun özündən
dəftərini götürərək silsilə şeirlərini
"Qobustan" jurnalında dərc etmişdi. Nadir hallarda çap olunduğundan Vaqif Səmədoğlu
imzası oxucular üçün əfsanəyə
çevrilmişdi.
Həmin illərdə rejissor Ramiz Həsənoğlunun
"Üç çinar yarpağı" televiziya filmi
yayımlandı. Bu film Vaqif Səmədoğlu, Ramiz Rövşən və
Vaqif Cəbrayılzadə haqqında çəkilmişdi. Onda çox tanınmayan, hətta hardasa yasaqlı
sayılan, bir-birindən xeyli fərqli üç şairin təqdimatı
kimi xüsusi əhəmiyyət daşıyırdı həmin
film. "Üç çinar
yarpağı" ədəbi mühitdə, ümumən, cəmiyyətdə
böyük reaksiya doğurdu. Hər
üç şairin qeyri-adi şeirləri, bir-birinə bənzəməyən
ifadə tərzi hamını heyrətləndirmişdi.
O dövrdən Vaqif Səmədoğlunun şeirlərini
tapıb oxumağa başladım və bir şair kimi
özüm üçün kəşf etdim. İndinin
özündə də tez-tez bu şeiri xatırlayıram:
Gecə göy üzü ulduzlarla dolu.
Biri
neçə min günəş boydadır
bəzi
ulduzların.
Bəs
niyə qərq olmuruq
onların işığına,
yanmırıq istisinə?
Ulduzlar
çox uzaqdı, çox uzaq,
özgə dərdi kimi uzaq...
İnsanlardan biganəlik, laqeydlik görəndə
ulduzların özgə dərdi kimi uzağa bənzədilməsi
yadıma düşür, sosial şəbəkələrdə
bu misraları paylaşıram.
Nə
yaman ağırmış hər gün
Bir ömrü yüz yerə bölmək.
Dəniz
sahilində durub
Dəniz
həsrətiylə ölmək...
Bu misralar da ara-sıra zehnimdən keçir. Vaqif Səmədoğlu
bu misralarla, əslində sovet dövrünün mahiyyətini
təsvir edirdi. Biz həmin illər dəfələrlə
dəniz sahilində durub dəniz həsrəti ilə ölmək
hissini yaşayırdıq. Bu mənada,
Vaqif Səmədoğlunun şeirləri cəmiyyətin,
duyğuların dəqiq və bənzərsiz əksi idi.
Onun sevgi şeirlərində də pafos, bəlağət
yox idi. Sakit və təmkinli misralarla oxucunu ələ
almağı bacarırdı. Vaqif Səmədoğlunun
bu şeirini gənclik illərində tez-tez deyirdim, indi də
əzbərimdədir:
Sevgilim, mən
öləndə,
Bir
küncdə xısın-xısın
Ağlayacaqsanmı, sən?
Kimin
xarabasında
Bir damla
yaşa dönüb
Düşəcəyəm gözündən?
Ağla,
qurbanım, ağla,
Ağla,
heyranım, ağla...
Laylay kimi insanın ruhuna yayılan bu şeir indi də
dillər əzbəridir, müxtəlif qiraətçilər
tərəfindən səsləndirilir, internet portallarında
tirajlanır.
Sevginin bu şəkildə fərqli tonlarla təsvirinə
nadir hallarda rast gəlinir. Vaqif Səmədoğlu
məhz bu məqamlarla fərqliliyini büruzə verirdi.
Onunla
şəxsi tanışlığımın da maraqlı
tarixçəsi var. Yaradıcılıqda çox qeyri-adi
olduğu kimi, son dərəcə fərqli insan idi; xarizmatik,
şux, ünsiyyət müstəvisində də istedad
nümunəsi...
90-91-ci illərdə Tərcümə Mərkəzində
çalışdığım illəri xatırlayıram. Çox qaynar
mühit var idi. Rəhmətlik Aydın Məmmədov
gənc yazarları başına toplamışdı. Sonralar Afaq Məsud həmin mərkəzə rəhbərlik
edəndə Vaqif Səmədoğlu ora tez-tez gəlirdi və
mən onunla həmsöhbət olarkən fərqli, təzadlı
xüsusiyyətlərinə bələd olurdum. Vaqif Səmədoğlu
daim gənc qələm adamları ilə dostluq edirdi, həmişə
onlarla ünsiyyətə can atırdı.
1986-cı ildə Şuşada keçirilən Vaqif
Poeziya Günləri mənim ən ülvi xatirələrim cərgəsindədir. Həmin ərəfələr
Zakir Fəxri şeirlərimi "Ulduz" jurnalında
çap etdirirdi. Onun vasitəsilə jurnalın baş
redaktoru Yusif Səmədoğlu ilə də tanış
olmaq şansı qazanmışdım... O illər alkoqolizmə
qarşı qərar qəbul olunmuşdu, kütləvi tədbirlərdə
spirtli içki məhdudlaşdırılmışdı. "03-35" markalı yaşıl "Jiquli"m
var idi. Ağdamdan həmin Vaqif Poeziya Günlərinə
yollananda "Jiquli"nin arxasını
içkilərlə doldurmuşdum. Rəsmi tədbirin
ardınca İsa bulağında ziyafət olurdu. Yusif Səmədoğlu,
Məmməd İsmayıl, Zakir Fəxri və mən əvvəlcədən
ziyafət təşkil olunan yerin arxa tərəfinə gəldik,
bizim məclisimiz daha tez başladı. Əsas
ziyafətdə sağlıqlar kompotla deyilirdi, qayda-qanuna
görə stolda içki yox idi. Biz dördümüz
isə arxa tərəfdə "Jiquli"nin
arxasındakı içkiləri yavaş-yavaş badələrə
süzürdük. Bir az sonra Vaqif Səmədoğlu
yaxasında fotoaparatı ilə mənə
yaxınlaşdı və həmişə böyük ehtiram
göstərdiyi qardaşı Yusif Səmədoğluya
işarə edib asta-asta dedi: "Barı, qağam babat vura
bildimi?" O yarızarafat-yarıgerçək müraciəti
indiyədək yadımdadır.
Vaqif Səmədoğlu əsl vətəndaş idi. O bu kəlmənin
haqqını verən qələm adamları sırasında
sona qədər məğrur dayanmağı bacardı. Xalq hərəkatı zamanı Vaqif Səmədoğlu
özünəməxsus çıxışları ilə
prosesdə fəal iştirak edirdi. Bir dəfə
milli təklik haqqında, ağrılarımız,
acılarımız, hər tərəfdən
sıxışdırılmağımız barədə lirik
bir çıxışı o insan kütləsində
xüsusən dərin təsir oyatmışdı.
Vaqif Səmədoğlu millət vəkili olanda da tez-tez
görüşərdik. Sonralar o, Avropa Şurası Parlament
Assambleyasının Azərbaycan nümayəndə heyətinin
üzvü oldu. Yadımdadır ki,
Şuranın iclaslarında Vaqif Səmədoğlunun
davranışı, gəzişi, reaksiyaları, ağır-təmkinli
duruşu, danışığı parlamentarilərin diqqətini
çəkirdi. Hətta bəziləri bir neçə
dəfə Fələstin lideri Mahmud Abbasa oxşadıb onunla
salamlaşmışdılar...
Bir dəfə
isə Vaqif Səmədoğlu Avropa Şurasının
sarayının foyesindəki fortepianoda tənəffüs
vaxtı klassik Avropa bəstəkarlarının əsərlərini
ifa edərkən, azərbaycanlı millət vəkilinin
musiqiyə bu cür dərindən bələd olması
hamını heyrətləndirmişdi...
Belə səfərlərin birində Parisdə
yaşayan dostum Şahin Sinariya ilə birlikdəydik. Vaqif müəllim
Şahinlə mənim fotolarımı çəkmişdi.
İndi də o şəkillərə baxanda hiss olunur ki,
peşəkar tərəfindən kadra alınıb.... Həmin
gəzinti zamanı Strasburqda "Pivə akademiyası"
adlanan kafenin qarşısından keçəndə Vaqif Səmədoğlu
dedi ki, Rəşad, gəl, biz də burda şəkil çəkdirək.
Şahin bizim şəklimizi çəkdi. O şəkil
"525-ci qəzet"in redaksiyasındakı masamın üzərindədir.
Vaqif Səmədoğlu ilə dostluq etmək,
ünsiyyətdə olmaq özü böyük bir zövq
idi. Çox incə yumoru var idi. Onun dərin, kübar, həssas
zarafatlarının bir qismi ilə "Bəxt
üzüyü" əsərindən tanışıq.
Vaqif Səmədoğlunun ağır xəstəlik
xəbəri hamımızı sarsıtmışdı.
Tez-tez Türkiyəyə gedib-gəlirdi. Bir dəfə Vaqif
müəllim Ankarada olanda biz də, Xalq
yazıçısı Anar başda olmaqla, bir tədbirdə
iştirak üçün ora yollanmışdıq. Anar
müəllim zəng edib harda olduğumuz barədə ona xəbər
verdi və çox keçmədən Vaqif müəllimlə
görüşdük. Həmin görüşdə Anar
müəllimlə Vaqif Səmədoğlunun şirin söhbətlərinə,
zarafatlarına, keçmişlə bağlı xatirələrinə,
günümüzün reallıqları ilə bağlı
danışdıqlarına maraqla qulaq asırdım... Bu yaxınlarda Anar müəllimin həyat
yoldaşı, akademik Zemfira Səfərova "525-ci qəzet"də
yayımlanan "Vaqif Səmədoğlu haqqında xatirələrim"
yazısında bu iki böyük şəxsiyyətin dostluğu,
səmimi münasibəti, təhsil aldığı illər,
gənclik münasibətləri barədə maraqlı
nüansları qələmə alıb. Vaqif Səmədoğlunun
xəstələnməyi və vəfatı Anar müəllimə
çox pis təsir etdi. Yadımdadır, Ədəbiyyat
İnstitutunda bir tədbirdə Anar müəllimə zəng
gəldi və Vaqif Səmədoğlunun vəfat xəbərini
ona çatdırdılar. Həmin tədbiri tərk etdi və
bu günə qədər də onun xatirəsini əziz tutur.
Düzü, Vaqif Səmədoğlunun
85-ci doğum günü barədə eşidəndə bir
anlıq təəccübləndim. Çünki
gözümü açandan Vaqif Səmədoğlunu
müdrik, qocaman, ağsaqqal simalı görmüşəm və
maraqlıdır ki, o, sağlığında neçə-neçə
85 ilə sığan məsələləri yola verib,
neçə-neçə söhbətləri ürəyinə
sığdırıb, ürəyində yer tapa bilməyənləri
vərəqə köçürüb. Dost Vaqifdən
şair Səmədoğluya qədərki yol mənim
üçün bəhs etdiyim nəsnələrin
timsalında olduqca mənalı, şərəflidir. Bu
gün də mən onu məxsusi xarizması, şuxluğu,
maraqlı söhbətləri ilə xatırlayıram. Ruhu
şad olsun!
Rəşad Məcid
Ədəbiyyat qəzeti: xüsusi buraxılış
2024.- 5 iyun, №21.- S.22-23.