Dramaturq Vaqif Səmədoğlu
Dramaturq
Vaqif Səmədoğlu güclü müşahidə qabiliyyətinə,
yumor hissinə, hadisələri ümumiləşdirmək
ustalığına malikdir. Vaqif Səmədoğlunun
dramaturgiyasında bir, yaxud bir neçə ailənin
münasibətləri fonunda cəmiyyətdəki
ictimai-sosial, siyasi vəziyyət, mənəvi durum, həmçinin
insan - cəmiyyət, cəmiyyət - ziyalı münasibətləri
əks olunur.
Müəllifin
maraqlı pyeslərindən biri Nikolay Erdmanın
"Somoubiysa" əsərinin motivləri əsasında
yazdığı "İntihar" adlı üçşəkilli,
özünün qeyd etdiyi kimi, "ağlamalı-gülməli
təbdil"dir. Əsərdə keçid dövrü Azərbaycanının
həm sosial problemlərindən, həm ictimai-siyasi durumundan bəhs
olunur. Pyesin qəhrəmanı Azər
işsizlikdən, həyat yoldaşı Məsmənin məvacibi
hesabına yaşamaqdan təngə gələrək ilk
baxışdan ciddi görünməsə də, intihar etmək
qərarına gəlmişdir. Hər
şey yoldaşı Məsmənin və qayınanası
Xeyransanın onun bu qeyri-ciddi qərarını
böyüdüb ətrafa yaymasından sonra başlayır.
Yalançı vətənpərvər, "xalq qəhrəmanı"
Elcan Vətənski, istedadsız şair-dramaturq Şəkər
Bədbin, türkiyəli iş adamı ilə ailə qurmaq
istəyən Kleopatra və Elladanın bu intihardan qazanmaq istəklərini,
öz məqsədlərinə çatmaq niyyətlərini
göstərən müəllif cəmiyyətin müxtəlif
sferalarındakı problemləri komik-dramatik şəkildə
təqdim edir. Azərin intiharqabağı
yazdığı - "Mənim ölümümdə
heç kəsi günahlandırmayın" - məktubunu
öz istəklərinə uyğunlaşdırmaq, onun
ölümündən istifadə etmək istəyənlər
bir-bir qəbula gəlirlər. "Xalq qəhrəmanı"
Elcan Vətənski ona, -
ölürsənsə, boşuna ölmə, millət
uğrunda öl, ölüm konsepsiyan olsun, - deyə minnət
qoymaqla həyatla vida məktubunu yazmağı boynuna
götürür və "A millət, türklük bater,
millət geder, qalx əyağa, qalx, nə iqtidara, nə
müxalifətə indən belə bel bağlama, öz səsini
ucalt. Vətənski təkin oğulların var, a
biçarə köçəri nəvələri, a oğuz törəmələri!" - məzmununda mətn hazırlayır.
İstedadsız şair Şəkər Bədbinin isə
Azərdən istəyi başqadır. O başa düşür
ki, Azərə - "Öldürmə özünü! Yer üzündə yaşayan hər bir insan təkrarolunmazdır,
Allahın verdiyi ömrü sona qədər, Allah borcu kimi
yaşayıb, sonda Allahın özünə qaytarmaq
lazımdır", kimi tövsiyələr verməlidir.
Amma ona: "Sizə yalvarıram, ədəbiyyatımız,
dilimiz, mədəniyyətimiz uğrunda qurban verin cavan
ömrünüzü qoca ölümə, ədəbiyyatsız
dil, dilsiz millət yoxdur. O dilin adını nə qoyursansa,
qoy..." kimi boğazdan yuxarı, gəlişigözəl
sözlər söyləməklə, ondan bu məzmunda məktub
yazmasını istəyir: "Yazın ki, dövlət
büdcədən qələm sahiblərinə pul
ayırsın, nəşriyyatları maliyyələşdirsin.
Gələn ilin sentyabr ayında mən bədbəxtin
altmış yaşı tamam olur. Dediyim nədi?
Demirəm, Respublika sarayında, heç olmasa,
Filarmoniyada xudmani bir toplantı keçirilsin". Beləliklə, öz şəxsi
istəklərini həyata keçirmək üçün
başqalarının ölümündən istifadə edən
adamlar öz nitqləri ilə iç üzlərini
açıb göstərirlər. Bütün bu müraciətləri
görən Azər: "Ancaq mən görürəm ki, Azərbaycana,
onun indiki problemlərinə bir ölü çox azdır!
Gündə azı iyirmi adam öldürməlidir
bu məmləkətdə özünü", - deyir. Əsər keçid dövrü Azərbaycanının
ictimai-sosial problemlərini göstərmək baxımından
diqqəti cəlb edir.
Əsərin
sonunda Azərin lal-kar olduğunu bilmədiyi, kənddən
yeni gəlmiş, hələ "şəhərin intellektual
hisi, tüstüsü ilə" beyni zəhərlənməmiş
gənc oğlana söylədiyi maraqlı monoloqu var. Monoloqun
bir yerində deyir: "bayaq bura, cavan oğlan, keçmiş
qonşumuz Akop gəlmişdi. Tapsan, niyə gəlmişdi?
Adının Akop olduğunu unudub, erməni kimi,
başa düşürsən, millət kimi gəlmişdi.
Bizdən torpaq istəyirlər. Savaş gedir. Onlar da
qırılır, biz də. Niyə?
Ona görə ki, onlar da adlarını unudub,
biz də. Azər Akopa, Akop Azərə heç bir vaxt əl
qaldırmaz, amma erməni türkü, türk ermənini
"uf" da demədən öldürər. Çünki
millət olublar. Qarabağ isə, cavan
oğlan, bizdən də, ermənilərdən də qabaq
olub, vaxtla, millətlə, ölkəylə
ölçülməyib".
Müəllif bu qənaətə gəlir
ki, insan millətinin zəhərli ideologiyasının,
lazımsız hədəflərinin, uydurduğu
xülyaların qurbanına çevriləndə (Akop kimi)
insanlığını, fərdiliyini, əsl kimliyini unudur.
"Başbilənləri"nin
ideyalarının quluna və alətinə çevrilir.
"Generalın son əmri" ikihissəli tragikomik
pyesində kiçik bir ailə daxilində baş verən
hadisələrin fonunda böyük mətləblərə
toxunulur. Həm repressiyanı, həm II Dünya müharibəsini
görmüş, hər ikisində Stalin qarşısında
neçə-neçə insanın ölümünə fərman
vermis, ailəsini sürgünə göndərmiş
generalın bütün ittihamlardan üzüağ
çıxmağa bəhanəsi var. Hətta sənədlərlə,
qovluqlarla. Məsələn, vaxtı ilə - 37-ci ildə
bir ay zirzəmidə saxlayıb, sonra
"xalq düşməni" kimi öldürüb, ailəsini
isə Qazaxıstana sürgünə göndərdiyi şəxsin əlli ildən sonra intiqamını almağa gələn
qızının qarşısına atasının əli ilə
yazdığı, imza atdığı elə sənədlər
qoyur ki, qadın generaldan üzr istəyib geri qayıdır. Ömürboyu bu generalın əmrlərini yerinə
yetirən cəllad isə bir fərari ilə söhbətində
işlərinin fəlsəfəsini anlatmağa
çalışır. Cəllad əslində günahları birmənalı
başa düşməyi düzgün saymır və bunun
Tolstoyun "Sergey ata" əsərində çox gözəl
ifadə olunduğunu, bu səbəbdən o əsəri otuz
iki dəfə oxuduğunu deyir.
Əslində cəllad o əsəri oxumaqla təsəlli
tapmağa, gördüyü işlər üçün
özünə haqq qazandırmağa, görünür,
vicdanını rahatlamağa çalışır. Cəlladla fərarinin dialoqu çox
maraqlıdır. O, fərariyə deyir ki, Allahın
yaratdığı ağaclardan fərqli olaraq insanın
yaratdığı dar ağacı bütün fəsillərdə
bar verir, həmişə "meyvəsi" üstündə
olur. İnsan öldürməyi bacarmadığından,
güllələri alman əsgərlərinin başı
üstündən havaya atan, beləliklə, içdiyi əsgər
andına xilaf çıxan, bu üzdən mayorun "al
tapançanı, get, özünü öldür", -
dediyi fərari, "axı özüm də adamam, mən adam öldürə bilmirəm", - deyib, cəlladdan
kömək istəyir. Hər gün neçə
insanı çətinlik çəkmədən dar
ağacından asan cəllad, "Mən cəlladam!
Qatil, başkəsən, adam öldürən
deyiləm! Buna rəsmi əmr olmalıdır, mən qanuna
zidd gedə bilmərəm, get, generaldan sənəd al, gəl,
sonra", - deyir. General isə müharibə
bitdiyi üçün fərariyə sənəd verməyi
qanunsuz hesab edir. Müəllif demək istəyir
ki, general da, cəllad da neçə-neçə ölümə
bais olsalar da, onlar özlərini əmr adamı, qanun adamı
hesab edirlər. Qanun icazə verməsə, onlar belə
iş tutmazlar. Ölümsə, qanuniləşəndə
onlar üçün adi iş hesab olunur.
Generalın heç vaxt əməl olunmamış əmri
olmayıb, ancaq son əmrindən başqa. O, nəvələrinə
mehriban olmağı əmr edir: "Bir şeyi
də unutmayın, bu gün müharibə edən ölkələr
sabah barışıb müttəfiq, dost ola bilirlər, bu
gün bir-birini qıran millətlər sabah bir süfrə
başında oturub çörək yeyirlər, ailədə
isə xırdaca incik yarası belə heç bir zaman
sağalmır, irinləyə-irinləyə
böyüyür, qanqrena verir. Onu da yalnız kəsib atmaqla
qurtarmaq olar". Amma nəvələr generalın son əmrini
yerinə yetirmirlər. Babasının ölümündən
sonra bütün miras və mülkləri öz əlinə
keçirən qız nəvə qardaşına heç nə
vermir. O, əsər boyu babasından anasının
aldığı lüstranı əziz xatirə və yadigar
kimi istəsə də, baba mülkünü ələ
keçirən kimi çilçırağı zibilliyə
atır. Hamıya əmr edən
general öz kiçik ailəsində sabitlik yarada bilmir.
"Yumurta" pyesində müəllif səhiyyə
sahəsindəki boşluqları, sensasiyalı xəbər
axtarışında olan medianın problemlərini,
görüntü üçün "xeyriyyəçilik"
edən məmurların simasını göstərmişdir.
"Bəxt üzüyü"
pyesi şairin maraqlı və ən çox populyarlıq
qazanan əsərlərindəndir. Əsərin "Bəxt
üzüyü" adlanması təsadüfi deyil, bəxt
üzüyü xalqın mental yaddaşında xoşbəxtliyin
simvoludur, yeni həyatın astanası, gözəl gələcəyin
nişanəsidir və onun itməsi Moşunun xoşbəxtlik
sözünün qafiyəsini itirməsi kimidir. Tapılmayan "xoşbəxtlik"
sözünün qafiyəsi yox, xoşbəxtliyin
özüdür. Əgər Moşu Göyəzənli əsər
boyu "xoşbəxtlik" sözünə qafiyə
tapmırsa, bu onun təkcə şair kimi istedadsız
olmasını göstərmir. Əsərdə hər qəhrəmanın
xoşbəxt olması üçün nə isə
çatmır. Hamı xoşbəxt olmaq üçün nə
isə axtarır, Tanrıverdi dayı ağacları suvarmaq
üçün mərhəməti olan birini, kimsəsizlər
evində böyüyən Hüseyn içki
üçün pul, Sara üzüyünü axtarır. Hətta
hamıdan xoşbəxt görünən, həyat yoldaşı
Rasimdən hər cür qayğı görən Seda da həyatını
rəngləndirmək üçün nə isə
axtarır. Pyesdə Moşu Göyəzənli,
Tanrıverdi dayı, Söylü kimi hər biri fərqli və
maraqlı xüsusiyyətə, cizgi və xarakterə mənsub
obrazlar və müxtəlif ailə tipləri vasitəsilə
Vaqif Səmədoğlu həm cəmiyyətdə, həm
insanlar arasında, ziyalı və mühit münasibətlərindəki
problemləri göstərmişdir. Vaqif Səmədoğlunun
yaradıcılığından danışanda,
vurğulayırlar ki, o, şair kimi nə qədər kədərli
və pessimistdirsə, dramaturq kimi o qədər komikdir.
Əslində isə Vaqif elə dramaturgiyasında da həmin
Vaqifdir. Onun pyeslərində də insan faciəsi var,
ziyalı faciəsi var, başa düşülməmək
var, yasaqlar var, ağrı var, amma sadəcə, burada
ağrı komik tərzdə təqdim olunur.
Vaqif Səmədoğlu Moşu obrazı ilə Azərbaycan səhnəsinə yeni
və maraqlı şair obrazı gətirdi. Akademik İsa Həbibbəyli
bu haqda yazır: "Dramaturgiya sənətində Vaqif Səmədoğluda
dərin qatlardan gələn ənənə zəminində
daha çox yeni yanaşma müşahidə olunur. Belə ki, Səməd Vurğun "Vaqif"
dramında Molla Pənah Vaqifin timsalında ideal sənətkar
obrazı yaratmağı ön mövqeyə çəkmişdirsə,
Vaqif Səmədoğlu "Bəxt üzüyü"
pyesində şair Moşu Göyəzənlinin simasında sənətkar
və cəmiyyət münasibətlərinə
üstünlük vermişdir. Sənətkara münasibətdə
Səməd Vurğun sənətindəki romantik pafosu Vaqif Səmədoğlundakı
realist yanaşma əvəzləyir. "Vaqif" dramında
Molla Pənahı əhatə edən saray əyanlarının
yerinə "Bəxt üzüyü"ndə Moşu
Göyəzənlinin ətrafındakı məişət
planında düşünülmüş sadə adamlar səhnəyə
çıxarılmışdır. Hətta Moşu Göyəzənli
obrazındakı romantik görüntü komik ünsürə
çevrilmişdir. Beləliklə, Şair və Zaman
mövzusunda tamamilə yeni əsər meydana
çıxmışdır".
Hüseyn Abbaszadə isə
yazır: "Ədəbiyyatımızda Məşədi
İbad kimi, səhnədən həyata ayaq açan və
milyonlar tərəfindən tanınıb qəbul edilən
surətlərdən biri də Vaqifin yüksək ustalıqla
yaratdığı Moşu obrazıdır. Əlavə edək
ki, təkcə Moşu yox, əsərdəki
bütün obrazlar məişətdən, həyatdan gəlmişdi
və hər biri Vaqif Səmədoğlunun
fırçası ilə rənglənib, bəzənib həyata
qayıdıblar. Söylü, Seda, Hüseyn və Moşu
kimi.
Aygün
Bağırlı
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 5 iyun, №21.- S.25.