Son
beşik
- Alo!
- Salam,
Xavər!
- Salam. Necəsən?
-
Çox sağ ol, əzizim. Yaxşıyam. İşləyirəm.
Mənim yazı masamın üzərində əlyazma var. Onu
Vaqifə ver, işə gətirsin...
Evləri
çox uzaq sayılmazdı atasının iş yerinə...Vaqif
bu qısa yolu qaça-qaça, yüyürə-yüyürə
elə həvəslə gedirdi ki, sanki qanadlanırdı,
uçurdu onu hər dəfə atasının iş yerinə
yollayanda.
Bu əzəmətli binada onu hər kəs yaxşı
tanıyırdı. Rastlaşdığı hər adam
onun kefini xəbər alır, üzünə gülümsəyirdi.
Ən
çox verilən sual isə təbii ki, "böyüyəndə
kim olacaqsan?" sualı idi. Bir də onu həmişə sonbeşik
adlandırırdılar. Atası da onu kiməsə təqdim
edəndə hərdən bu ifadəni işlədirdi... "Sonbeşiyimdir" deyirdi.
Üçüncü mərtəbədə
atasının otağının önünə çatanda nəfəsini
dərib, özünü içəri atırdı. Hər dəfə
yeni, ilk dəfə gəlirmiş kimi baxırdı otağa,
otaqdakı əşyalara. Bəzən işin sonuna qədər
qalmaq üçün atasını yola gətirməyi də
bacarırdı... Bura gəlib-gedən gənc,
yaşlı insanların atasına göstərdiyi hörmət
və ehtiramı müşahidə etməyi, onların
söhbətlərini dinləməyi çox sevirdi.
Adamın adı dillər əzbəri olan, dünya
şöhrətli bir atasının olması qədər
başqa xoşbəxtlik nədir görən, bu dünyada?! Başqa bir xoşbəxtlik
də evin sonbeşiyi olmaqdır bəlkə də... bəlkə
də...
Hə... başqa uşaqlar kimi o sual Vaqifi də
çox düşündürürdü... Kim
olacaqdı böyüyəndə görəsən?
Böyüyəndə?! Fəqət nə qədər
böyüsə də, bir ömür boyu sonbeşik
qalacağını bilmirdi. Əvvəllər xoşbəxtlik
sandığı sonbeşikliyin sonralar acı tərəflərini,
kədərli günlərini yaşayacağını,
dözülməz dərdlərini çəkəcəyini də
bilmirdi heç...
- Alo!
- Salam... atanı itirdik...
- Alo!
- Salam... qardaşını itirdik...
- Alo!
- Salam... ananı itirdik...
- Alo!
- Salam...
bacını itirdik...
Yaman tez böyüdü sonbeşik Vaqif.
Bir də
baxdı, dərd saçını rəngləyib,
"qaradan başqa rəng yoxdu" deyənlər onu
aldadıbmış, bir də baxdı, dünyaya iki əllə
sarılıb, itirdiklərini tapmaq üçün dörd
gözlə gəzir... Bir də baxdı ki, saçları
tökülüb, bir əlində qəlyan, bir əlində əsa
və yeni yazdığı vida şeiri var... Bir də
baxdı ki, onu son beşiyə yola salırlar...
Sonbeşiyin
son beşik arzuları isə belə idi...
İlahi,
yatağın nə sağında,
nə
solunda,
nə
bir gözəlın qolunda
yatmaq
istəyirəm.
İlahi,
nə
söyüd kölgəsində,
nə
dünyanın
ən
azad ölkəsində
yatmaq
istəyirəm.
İlahi,
dar quyu
dibində,
qaranlıq nəm içində,
işıqli qəm içində,
ağrısız
yatmaq
istəyirəm...
Ölüm
xəbərini eşitdiyimdə görkəmli Xalq şairimizə
belə bir şeir həsr etmişdim...
Sarı
çiçəkli matəm bayrağı...
Bir
külək əsəcək sabah...
Vida
küləyi
Qurumaqda
olan
Bir
körpə paltarı yellənəcək ipdə -
Sarı
çiçəklidir ətəyi
Matəm
bayrağına bənzətmişdi onu
Hələ
otuz üç il əvvəl
Bir
şair...
budur
şairin
rəngli
həyat hekayəsinin sonu -
sarı
çiçəkli uşaq paltarı...
dalğalanan matəm bayrağı...
və
sair... və sair...
Bir də
Dar quyu -
Dibi
qranlıq və nəm...
Ağrısız
filansız
Bir az yatmaq istəyən şairi
Əbədi
yatmağa göndərdik bu dəm...
Yandırın qəm içindəki
İşıqları...
Qaldırın bayraqları
Şair... öldü!
Ötən il - V Şairlər Günündə
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar çıxışı
zamanı dəyərli dostunu belə xatırladı...
"Müşfiq cəmi 29 il yaşadı... Bu gün mənim
dostum, Xalq şairi Vaqif Səmədoğlunun da doğum
günüdür. Vaqifsə, 76 yaşında köçdü
bu dünyadan... Şair nə zaman ölürsə,
yaşından asılı olmayaraq, vaxtsız ölür...
amma şairlərin xoşbəxtliyi odur ki, özləri gedəndən
sonra sözləri qalır"...
2016
Xəyal Rza
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 5 iyun, ¹21.- S.27.