"Şeir
kimi ölmək" arzusu
Bir
neçə il
"Yazıçı" nəşriyyatının folklor,
klassik ədəbiyyat və incəsənət
redaksiyasında bir yerdə işlədiyimiz, sadə, təvazökar
olduğu qədər böyük insan Vaqif Səmədoğlunun
bir şeirini xatırladım:
Şair
kimi yox,
Şeir
kimi ölmək istəyirəm...
Oxunmaq
arzusuyla yaşayıram -
Əvvəldən
axıra
kimi
oxunmaq...
Əzbər
qalmaq istəyirəm
kiminsə yadında!
Hə, qardaşım, elə yaşadın ki, əzbər
qaldın yaddaşlarda. Şair kimi də, şeir kimi də diri qaldın hafizələrdə...
Sən - dərin zəkan, kəsərli
baxışlarınla bütün stereotipləri
sındırmağa qadir, yenilikçi bir şair,
zamandaşları tərəfindən tam dərk olunmayan
fövqəl istedad sahibi idin. Hər söhbətimizdə
səndən nəyisə öyrənmiş olurdum. Ən ciddi söhbətlərində də xəfif
bir yumorun vardı. Ova getməyi çox
sevərdin. İşdən çox ovda
olardın. Amma bu sərbəstliyin də səbəbi
vardı. "Yazıçı" nəşriyyatı
yarananda ölkənin sayılıb-seçilən
yazarları redaktor və mütərcim kimi bu nəşriyyata
cəlb edilmişdi. Bəzi redaktorlara əlyazma
üzərindəki işini evdə də icra etmək səlahiyyəti
verilmişdi. Onlara "ev redaktoru"
deyirdik. Vaqif Səmədoğlu, Seyfəddin
Dağlı, Fərman Kərimzadə mənim
çalışdığım redaksiyanın "ev
redaktorları" idi. Bu sərbəstliyə
görə Vaqif müəllim zamanının çoxunu
ovçuluqda, bölgələri gəzməkdə
keçirirdi. Hər gələndə də
yeni lətifələr, gülməli əhvalatlarla
qayıdırdı.
Xalq şairi Hüseyn Arif də bu "ev
redaktorluğu"ndan xəbərsiz olduğuna görə elə
bilirdi ki, Vaqif müəllim işə nizam-intizamla gəlmir. Odur ki, günlərin birində
"Yazıçı" nəşriyyatının uzun dəhlizində
Hüseyn Arifin Vaqif Səmədoğlunun qolundan tutub "bu bəyi
də iş yeri ilə tanış etməyə gətirdim"
deməsi hamını
güldürmüşdü...
O,
çox azad və sərbəst bir adam
idi. Azərbaycan öz müstəqilliyi
uğrunda ayağa qalxanda Vaqif və qardaşı Yusif Səmədoğlular
xalq hərəkatının öndərlərindən oldular.
Qardaşlar ataları Səməd Vurğunun
ilahi məhəbbətlə tərənnüm etdiyi Azərbaycanı
azad, müstəqil, yurddaşlarımızı xoşbəxt
görmək istəyirdilər. Məmləkətimizin
istiqlal tarixində Xalq şairi Vaqif Səmədoğlunun və
Xalq yazıçısı Yusif Səmədoğlunun öz
yeri, öz xidməti var...
Vaqif müəllimlə söhbətlərimizdə həmişə
xarici dili, o cümlədən, rus dilini öyrənməyi
tövsiyə edərdi. Deyərdi ki, rus dili vasitəsilə
dünya ədəbiyyatından xəbərdar olarsan,
dünyaya baxışın dəyişər. Ona görə
də mənə bağışladığı rusca-azərbaycanca
üçcildlik lüğətin birinci cildinə
yazdığı qeyd beləydi: "Əzizim, Adil! Rus dili Oktyabr dili olsa da, onu ilin bütün
aylarında bilmək lazımdır. Vaqif Səmədoğlu.
7 may 1982, Bakı". "Rus
dili Oktyabr dili olsa da..." eyhamı arif oxucuya, təbii ki,
qaranlıq qalmır.
Vaqif müəllimin hər sözündə, söhbətində,
yazılarında ikibaşlı, sətiraltı mənalar
vardı. Onun müxtəlif janrlı əsərlərində,
şeir və dramlarında bunun şahidi oluruq. "Bəxt
üzüyü", "Yaşıl eynəkli adam", "İntihar" kimi əsərlərində
sözün sətiraltı mənalarından o qədər
ustalıqla istifadə edir ki, o frazalar dinləyici dilindən
düşməyən aforizmlərə çevrilir.
Xalq
şairi Vaqif Səmədoğlu şair kimi də, insan kimi də
bənzərsiz idi:
Əlimi
uzatdım
Sevincə
sarı,
Gördüm,
yox,
Arada kədər dayanıb.
Atamı
səslədim
Köməyə
gəlsin,
Gördüm,
yox,
Arada qəbir dayanıb.
Üz
tutub gedirdim
Allaha tərəf,
Gördüm,
yox,
Arada ömür dayanıb.
Bəli, əziz Vaqif müəllim, sənin Allahla aranda
dayanan ömrün ölməzliyə qovuşdu. Bütün
yazıların yaşayacaq və yaşadacaq qədər dəyərlidir.
Ruhun şad olsun, böyük insan!
Adil Cəmil
Ədəbiyyat qəzeti:
xüsusi buraxılış 2024.- 5 iyun, ¹21.- S.27.