Vaqif
Səmədoğlu - mütəfəkkir
Platonun "Fedra"sında "şairlər və digər
təqlidçilər" ruhların doqquzpilləli
ierarxiyasında altıncı pilləni tuturlar. İerarxiyanın
"yüksək pilləsində Muzaya sadiqlər -
müdriklik pərəstişkarları qərarlaşır".
Vaqif Səmədoğlu yalnız böyük şair
deyildi, həm də Platonun təbiri ilə desək,
"müdriklik pərəstişkarı" idi. Bu
düşüncə pozası ilə mənə həmişə
arxaik yunanları və Bəhlul Danəndəni
xatırladırdı. Əlbəttə,
bütün müqayisələr qüsurludur, amma elə bilirəm
ki, Vaqif Səmədoğlunun düşüncə tərzi
antik mədəniyyət tipinə çox yaxındır.
Fəlsəfi düşüncələrinin və
deyimlərinin mozaikliyi o qədər orqanikdir və
prinsipialdır ki, hələ də Azərbaycan fəlsəfi-kulturoloji
fikrində öz şərhçisini gözləyir.
Şairi çox yaxından tanıyan və poeziyasını
sevən, onu "nadir təvazökar intellektuallardan biri"
hesab edən akademik Nizami Cəfərov ona
ünvanladığı açıq məktubunda
yazırdı: "Sizin intellektual-fəlsəfi
düşüncə mədəniyyətiniz barədə
olduqca az yazılıb, nəinki tələb olunan səviyyədə,
heç onun yarısı qədər də təhlillər,
ümumiləşdirmələr aparılmayıb... ona görə
yox ki, sizi dərk eləmək çətindir, daha çox
ona görə ki, Sizi izah edəcək elmi modellər, ifadə
texnologiyaları tapmaq çətindir" ("Ədəbiyyat
qəzeti", 19 iyun 2009-cu il).
Onu da əlavə edim ki, Vaqif Səmədoğlunun
hazırcavablığı haqqında, gördüyü və
eşitdiyi adi bir situasiyanı lətifəyə-pritçaya
çevirməsi haqqında Nizami müəllimdən çox
eşitmişəm.
Yaxşı ki, şairin şifahi söhbətlərini,
gündəliklərini vəfalı ömür-gün
yoldaşı Nüşabə xanım qoruyub saxlayıb və
çap eləyir. Bəzilərini "Mən sənin
yuxunam" avtobioqrafik əsərinin təhkiyəsində
istifadə edib. Mətbuat səhifələrində
çoxlu müsahibələri qalıb...
Vaqif Səmədoğlunun şeirlərinə diqqət
yetirsək, şairin aforizm və ya pritça janrında nə
qədər intensiv işlədiyini təsdiq edən
bütöv mikromətnlər blokunu müəyyənləşdirdmək
olar.
Vaqif Səmədoğlu poeziyası fraqmentlər
poeziyasıdır. Şeirləri kimi, aforistik deyimləri də
fraqmentlərdir. Vaqif Səmədoğlunun improvizə
istedadı, güclü ümumiləşdirmə qabiliyyəti
fəlsəfi fraqment şəklində təzahür edir: Fəlsəfi
fraqmentlər və deyimlər şairin özünün tarix
fəlsəfəsini, ömür fəlsəfəsini ifadə
tərzi idi.
Antik mütəfəkkirlərin fəlsəfi sistemi əksər
hallarda mətn parçaları, fraqmentlər səviyyəsində
bərpa olunur və bu metod özünü doğruldur,
çünki onlar elə əvvəldən fraqment şəklində
mövcud olub.
Məsələn, Efesli Heraklitin mətnləri orakul (görücü) deyimlərinə
oxşayan sirli formullardan ibarətdir.
Alman romantikləri də fraqmentlərə
üstünlük verirdilər.
Əlbəttə, bütöv, tam mətnlər
mövcuddur. Amma nədənsə antik dünyanı mən
sitatlar şəklində təsəvvür edirəm. Hər bir sitat özündə bütöv mətnin
dərin mahiyyətini ifadə edir.
Əslində
şairin bütün deyimləri, zərb-məsəlləri
hansısa şeirin qəlpələri, bir poemanın
"künc daşlarıdır" Bunu özü də
etiraf edirdi: "Mənim bütün əsərlərim:
dramaturgiyamı da, poeziyam da bir şeirdir. Özüm haqda deyə
bilərəm ki, mən həyata vurğun pessimistəm..."
(N.Babayeva-Vəkilova. "Mən sənin
yuxunam" kitabından).
Bu
şeirin aforizmvari misraları paradoksallığı ilə
dzen-buddizm koanlarını da xatırladır:
hər
gün yüz kərə irəli sıçramaqdansa,
bütün ömrün uzunu
cəmi
bircə addım kənara atıb
bir
daş üstə otur.
Oturub
göy üzünə
Və yollara bax.
Dünyada
ən qədim şey göy üzüdür,
Ən
köhnəlmiş şey - yollar"
yaxud
"Cünəş
yavaş-yavaş açıb, ağardanda
Suyun
üzünü,
Bu suyun
qiymətinə qalxır,
Yaman bahalanır insan ömrü.
Görən
gözlərin xoşbəxtliyini
Görən
göz olmur hayıf,
Çünki
həyat yox olub, görünmür
Sarı
qamışların arasında..."
Vaqif Səmədoğlu sözü - şeirləri ilə,
dramları ilə 70-80-ci illər Bakısının ziyalı
təbəqəsinin, yaradıcı zümrənin həyatında
bütöv bir hadisə idi. Onun teatr
tamaşalarına baxanlar, şeirlərini oxuyanlar
inanırdılar ki, o yalnız mütəfəkkir şair
deyil, həm də Tanrı vergili, filosof düşüncə
tipinə aid olan bir mütəfəkkirdir.
Gec çap olunsa da, o dövrdə şüurlarda bir
"Vaqif Səmədoğlu mifi" yaşayırdı. Atası Səməd
Vurğundan fərqli yol getməsi - sərbəst şeir
yazması, pianoçuluğu, cazmenliyi bu mifi bir az da gücləndirirdi və cəlbedici edirdi.
Amma bir ədəbi həqiqət də var: "Vaqif
yaradıcılığının bircə səhifəsini də
yaradıcılığı nümayiş etdirmək həvəsinə
qurban vermədi. Təsəllisi "Şair
sözündən qorxan ya cəllad, ya dəlidir aforizmində
tapdı" (Anar).
Vaqif Səmədoğlunun həm poetik, həm də
prozaik aforizmləri onun azad şəxsiyyətinin, həqiqəti
deməkdən və yazmaqdan çəkinməyən bir
dövlət xadiminin və ustad bir sənətkarın
özünü ifadə forması idi.
Vaqif Səmədoğlu poeziyası mahiyyətcə
kosmoloji poeziyadır. Varlığın əsas təbiət
ünsürləri onun şeirlərində metaforik (mifoloji) səviyyədə,
canlı şəkildə mövcuddur. Ona
görə də onun poeziyasına bir "ovsun havası"
xasdır.
Amma fəlsəfi
mətnləri, məsələn, Falesin, Heraklitin mətnləri
kimi, kosmoloji xarakterli deyil, daha çox cəmiyyət, məişət
problemlərinə fokuslanır, yer üzündə
"Allahın yadından çıxmış"
insanın taleyi ilə bağlı haqqında pessimist, metafizik
düşüncələrdən ibarətdir.
"Ömür
yolu açıq yoldur,
Nə getdi, getdi.
Bir
gün də qalmır əslində,
Nə itdi, itdi.
Bu dünya dəmyə dünyadır.
Nə bitdi, bitdi".
Vaqif Səmədoğlunun fəlsəfi sistemində
"azadlıq" anlayışı xüsusi önəm
verilir. Onun
üçün "azadlıq" çoxmənalı
söz idi, hətta deyərdim ki, bir çox metafizik
anlamların fövqündə dayanan bir qutsal məna idi:
"...Mən
Azadlıq çox gözəl bir qadına bənzədirəm.
Gözəl qadın nə sevir: dövlət, güc və
qüvvə. Kasıb ölkədə
azadlıq qeyri-mümkündür. Azadlıq
kasıb, qüvvəsiz ölkədə yuva salmır,
qaçır gözəl qadın kimi".
Müsahibələrində, məclislərdə Sokrat
sayağı danışsa da, fikirlərini bloknota
köçürürdü. Bu fikirlər
"şüur axın"ında, sürreal prosesdə
doğulsa da, tez də yazıya alınırdı.
Nüşabə
xanım xatırlayır: "Sən bütün
ömrünü kağız üzərində
yaşamısan. Şeirlərində, pyeslərində.
Sənin yanında həmişə bloknot və
karandaş olub. Yanında da pozan. Pozanı vaxtaşırı təmizləyərdin".
Gündəlikdən:
"Pozanı spirt yaxşı təmizləyir. Amma qorxuram öz əlimlə öz pozanımı
alkoqolik eləyim" (N.Vəkilova-Babayeva. "Mən sənin yuxunam" kitabından).
Belə məqamlardan birinin şahidi olmuş
yazıçı Azər Abdulla da xatirələrində
yazır ki, "Vaqif Səmədoğlu ən acı, ən kədərli
vəziyyətin gülməli, yumor tərəfini, zarafat tərəfini
və əksinə, komik bir vəziyyətin kədərli bir
yerini duya bilən və yanındakına göstərə bilən
müdrik bir insandır. Redaksiyada söhbətin şirin yerində
"yağı daşırmış kimi" birdən yerindən
qalxıb tələsik qapıdan çıxırdı.
Belə vaxtlar bir neçə yol maraqlanıb
dalınca getdim. Kabinetində əyləşib
karandaşla nömrələdiyi balaca kitabçasına yenicə
ağlına gəlmiş fikri, kəlamı yazırdı.
Niyə həmişə karandaşla
yazırsan? - soruşanda - ən
etibarlısı karandaşla yazılandır. Suda,
nəmdə yayılmır, pozulmur, geodeziyada da bu, sınaqdan
çıxıb, - söylədi".
Düşüncələrini bloknota yazması
sözü və düşüncəni gizlətmə
imkanı idi.
Şair Barat Vüsala dediyi söz yadıma düşür:
"Barat, gizlənməyim gəlir, yəni şeir yazmaq istəyirəm".
O sanki
düşüncələrini bəd nəzərdən, yaman
sözlərdən qorumaq istəyirdi.
Antik dünyada filosof yalnız müdrik olmurdu, həm də
vəhmilə gələcəyi hiss etməli idi. Filosof daim
suallar verən, varlığın sirlərinə astaca toxunan
adama deyilirdi.
Onun bütün ritorik sorğu-sualları bəndəyə
deyil, Tanrıya ünvanlanıb. Bütün
cavabları yalnız Ondan istəyir.
Allaha inanırdı, amma bu inamı dindən və
dindarlardan yox, ateistlərdən öyrənidiyini qeyd edirdi. "Əgər Allaha təbiətə
bu lazımdırsa, mən heç üçüncü
dünya müharibəsindən də qorxmuram", yaxud:
"Bizi yaradan qüvvə hər şey eləyib ki, biz kim, nə olduğumuzu bilməyək. Kilsələr,
məscidlər, dillər, xülasə, bu dünyada nə
varsa, bizi özümüzdən xəbərsiz etmək
üçündür...", "Biz bu planetə
sürgün olunmuşuq..."
Vaqif Səmədoğlu bu mənada hardasa Nitşeyə
yaxındır. Mən onun ideyalarını deyil, filosofluq
üsulunu nəzərdə tuturam. Nitsşe kimi,
yazıda düşüncənin kosmik məhrəmliyini və
enerjisini hiss etmək, bundan vəcdə gəlmək onun
naturasının mahiyyətində idi.
Vaqif Səmədoğlu müdrikliyinin özünəməxsusluğu
bir də onda idi ki, şeirləri və dramları kimi tragik mətndə
ironiyanı, yaxud ironik mətndə isə faciəliyi
qoşalaşdırırdı. Müsahibə verməsi
gündəlik yazması lap sonralar isə internetdə virtual
yazışmalara keçməsi əslində söhbətləşmə-dərdləşmə
formaları idi. Allah ilə, oxucu ilə
dialoqları - dərdləşmələri monoloqlar idi.
Vaqif Səmədoğlu
aforistik fraqmentlərdə bizə əsl ekstaz məqamını
yaşayırdı...
O, sadəcə
ironik baxışla ətrafı seyr etmirdi,
başqalarının diqqət yetirmədiyi detalları, hadisələri
metafora dilinə keçirə bilirdi, zarafat və lətifə,
paradoks və pritça vasitəsilə öz fəlsəfi
sistemini təqdim edirdi. Yalnız şeirlərində
deyil, şirin söhbətlərində şərti tələbləri
pozurdu, streotipləri, çərçivələri
dağıdırdı və yenə də ətraf
üçün sirli və qapalı qalırdı.
İncə ironiyasız, tragik pafossuz Vaqif Səmədoğlu
fenomeni də yoxdur.
Şübhəsiz, Vaqif Səmədoğlu çox
maraqlı həmsöhbət idi, deyimləri, ironik zərb-məsəlləri
şeir kimi doğulurdu, şeirlə yoğrulurdu. "Generalın son əmri"
pyesinin premyerasından sonra şairin verdiyi müsahibədə
bunu aydın sezmək mümkündür: "Generalın son əmri"
pyesində bir yer var, cəllad özünü asır.
Son
şeirlərindən biri belə qurtarır:
Şər
xeyirmiş, xeyir şərmiş
Hər
ikisi bir ad imiş
Qılıncla
cəllad başını
Vuran da bir cəllad imiş.
Cəlladı haqq eləyən haqq deyil. O da cəlladdı. Yer üzündə mütləq xeyir, mütləq
şər yoxdu. Həyat var. Xeyirlə Şərin,
iblislə mələyin qatışığı,
çarpazlaşması, hərdən ayrılmağı,
vuruşu var" ("Rezonans" qəzeti, 23-26 may 1998).
Yığcamlıq Vaqif Səmədoğlu
müdrikliyinin əsas bədii-estetik kateqoriyasıdır, buna
şeirlərində də, pritçalarında da tam əməl
edirdi. Akademik T.Hacıyev "Yeni ədəbiyyat yaranır..."
məqaləsində haqlı olaraq qeyd edirdi ki, "Vaqif
şeirinin bir əlaməti də fövqəladə
yığcamlığıdır. Bu şeirlər həyat
həqiqətləridir - həyat həqiqətləri qəlpə-qəlpə
olur...
Həqiqət
cild-cild, səhifə-səhifə olmaz, misra-misra, kəlmə-kəlmə
olar..." Böyük alimin bu qənaətlərini
onun aforistik kəlamlarına da şamil etmək olar.
Nüşabə
xanım qeyd etdiyimiz əsərində şairin gündəliyindən
pritçalarla bağlı etiraflarını misal gətirir:
"Hər yazı iki səhifədən uzun
olmamalıdır. Maksimum yığcam
yazılmalı və ən sadə danışıq dilində
olmalıdır bu yazılar. 120-200
pritçavari əhvalatı pritçasayağı qələmə
ala bilərəm".
İstənilən banal söhbət, zarafat onun
müdrik, paradoksal düşüncəsini "hərəkətə
gətirir", şüuraltı fikir
"partlayışına" gətirib çıxardı.
O bir
filosof kimi özünü real həyat situasiyası ilə
bağlı replika kimi atdığı frazalarda gerçəkləşdirirdi.
Bu frazalar kanonik fəlsəfi mətnlərdi.
"Gündəlik"dən:
"Məğlubiyyətini yazıçı istedadla yazsa, bu
onun qələbəsinə keçir..."
Vaqif Səmədoğlu bir filosof kimi hardasa həyatın
fövqündə idi. Onun qənaətinə görə, filosofun
işi-gücü yaşamaq sənəti ilə bağlı
olmalıdır: "...bir insan ömrü gərəkdir mənə
ölməkdən ötrü".
S.Vurğuna görə, dünyanın düşünən
şairi olmaq əslində filosof olmaq idi. Filosof
şairin ən çox sevdiyi sənət idi. Təsadüfi deyil ki, "İnsan"
dramının qəhrəmanı Şahbaz da filosof idi. (Bu, ayrı mövzudur, geniş təfərrüata
varmaq istəmirəm). Vaqif Səmədoğlunu
filosofluquna təsir edən bəlkə də atasının
bu obrazla bağlı ümidləri olub?!
Maraqlıdır
ki, Vaqif Səmədoğlu yüksək sosial statusuna
müdrikliyinə, bir çox sahələrdə dərin
bilgilərinə baxmayaraq, heç vaxt Müəllim və ya
millətin tərbiyəçisi pozasında durmadı...
Müsahibələrinin
birində deyirdi: "Bir neçə həqiqət var: Allah,
məişət, poeziya həqiqəti. Sevgiyə
gələndə isə... gərək Vətən sevgisini Azərbaycan
bilməsin. Bu, dəqiq əqidəmdir..." ("Ulduz". N.4.2007)
Onunla həmsöhbət olmaq, onun yanında
(yaxınlığında) olmaq fikir atəşinə yoluxmaq,
yanma prosesinə qatılmaq idi. Bu, təhlükəli iş idi, amma
riskə dəyərdi...
Vaqif harda olurdusa, orda tamamilə yeni, gözlənilməz,
qeyri-adi atmosfer yaranırdı. Ekstaz məqamında
olan fikrin atmosferi.
Düşünürəm ki, artıq Vaqif Səmədoğlunun
fəlsəfi sistemini yaratmaq olar. Müsabilələrinə,
şeirlərinə dramlarına kəlmə-kəlmə səpələnmiş,
misra-misra sıxılmış fəlsəfi mətnlərindən
mütəfəkkir obrazı boylanır. Onun ölkənin
taleyi ilə, yaşadığı içində olduğu cəmiyyətin
qayda-qanunları ilə bağlı yazılarında, söhbətlərində
kəskin, intuitiv-analitik mühakimələri bütöv bir
fəlsəfi sistemi ehtiva edir, milli yaşam sənətinə
girişdir, harmonik millik universumun qurulmasına girişdir...
Rüstəm Kamal
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 5 iyun, ¹21.- S.28-29.