Ruhun
şad olsun, ustad!..
Vaqif Səmədoğlunun
ruhuna ehtiramla
Gecə
saat 03:07-də oyandım. Ərşə çəkilmiş
yuxum yerinə Azərbaycanımızın əvəzsiz
şairi Vaqif Səmədoğlunun ruhu hakim kəsilmişdi
ruhuma. Belə hallar tez-tez baş verir mənim
ömrümdə. Gah Bayronun ruhu, gah Nəsiminin,
gah Yunus Əmrənin, ən çox da Vaqif Səmədoğlunun
ruhu ərşə göndərir yuxumu. Yalnız
Vaqifin ruhu ilə qovuşanda ruhum, mütləq şeir
yazılır. Onu da deyim ki, şeirlərimin
çoxu məhz Vaqifin ruhundan doğulub. Elə
bil məhz şeir diktə etmək üçün hakim kəsilir
Pirimin ruhu ruhuma. Bu gecə isə şeir deyil, məhz bu
yazı hopdu ruhumdan bilgisayarımın ekranına...
Vaqif üzündəki təbəssümü ilə
göylərdən elə boylanırdı ki, sanki yenə də
hansısa məzəli əhvalatı danışacaqdı
şirin-şirin, yastı-yastı, aram-aram,
danışdığından özü ləzzət ala-ala və
qəşş edib güləcəkdik. Sonra da yenisini
başlayacaqdı. Vaqifin
danışdıqları hər kəsin
danışdığı lətifələrdən deyildi, məhz
özünün başına gəlmiş çox maraqlı
əhvalatlar, hadisələr idi. Hadisələr o qədər
maraqlı idi ki, sanki duzlu-məzəli lətifə dinləyirdin...
Bu gecə isə Vaqif susurdu, Vaqifin sükutu
danışırdı, qıyılmış gözlərinin
xoş təbəssümü ilə. Eynən
nəşi Akademik Teatrın səhnəsində qoyulan
günkü kimi. Həmin gün
unudulmazdır. O gün Vaqifsevərlər axın-axın
teatrın salonuna toplaşırdı. Salonda yer
qalmamışdı. Foyedə, koridorlarda, giriş
qapısının ətrafında, teatrın
qarşısında - kim harda yer tapa
bilmişdi, orda dayanmışdı. Hamı
Vaqiflə vida mərasimini qaçırmamaq üçün
tələsmişdi Akademik Teatra. Salondakılar
səhnədə qoyulmuş Vaqifin nəşinin başı
üstündə asılmış məhz həmin təbəssümlü
anının fotosuna zilləmişdilər gözlərini,
lakin digər məkandakılar, sanki ruhu ilə ünsiyyətdə
idilər böyük şairin. Elə bil
Vaqif hər kəsə bir mövzu danışırdı.
Hərə Vaqifin ruhu ilə bir cür ünsiyyətdə
idi. Bu ovqat hər kəsin üzündə
əks olunurdu. Haqqında xoş xatirələr
danışanlar da var idi. Mən fərqli
olaraq özümə yer tapa bilmirdim. Gah
salonda bir kənarda oturub təbəssüm dolu çöhrəsində
onun yaddaşıma yazılmış xatirələrinin
anılarını axtarır, tapır, elə bil
canlı-canlı söhbət edirdim, gah foyeyə
çıxır, gah koridora, gah bayırdakı ziyarətçilərin,
daha doğrusu, Vaqifçilərin həndəvərində hərlənirdim.
Bu, məndən asılı olmadan baş
verirdi. Hər yerdə də Vaqifin ruhunun
dolaşdığını, hər kəslə bir-bir
ünsiyyət qurduğunu, sanki bir tamaşaçı olaraq
onun əsərlərinin epizodlarına baxırmış kimi
canlı-canlı görürdüm. Vaqiflə
olan bütün görüşlərim bir-bir gözlərim
önündə epizod-epizod canlanırdı. Bir anlıq ilk
tanışlığımızın epizodu da gəlib dayandı
gözlərim önündə. Səksəninci
illər idi. Böyük şair Səməd
Vurğunun "Vaqif" tamaşasının premyerasından
sonra - mən həmin tamaşada Əli bəy rolunu
oynayırdım - səhnə arxasında bizimlə
görüşən Xavər xanım və Vaqif Səmədoğlunun
aktyorları təbrik anları unudulmazdır. Xavər
xanım mənim əlimi sıxarkən: "Çox gözəl
oynadınız, kaş Səmədin özü görəydi
sizin oyununuzu", - dedi. Vaqif məşhur təbəssümü
ilə, zarafatlaşdı: "Biz gördük, bəsidi..."
- dedi və boynumu qucaqladı. Mən sözün ləzzətini
alana qədər ətrafdakıların ləzzətlə
güldüyünü gördüm və mən də onlara
qoşuldum. Sonralar Xavər xanımla təsadüf elə gətirdi
ki, bir neçə dəfə də rastlaşdıq və
bir kərə, məni növbəti dəfə təbrik edərkən
- bu dəfə Vaqif Səmədoğlunun "Yayda qartopu
oyunu" tamaşasının premyerasında - "ailəmizin
Əli bəyi", - deyə əlimi sıxdıqda, bu kəlməni
özümə ən qiymətli mükafat kimi qəbul
etmişdim və Vaqif Səmədoğlu onda da öz
zarafatı ilə hamımıza gülüş bəxş
etdi. "Əli bəy köhnəlib, Niftalısı deyək",
- dedi və yenə də boynumu qucaqladı. Həmin
məqamda bir anlıq "Yayda qartopu oyunu" əsərinin
ilk məşqini xatırladım. Məşqi
görkəmli teatr rejissoru Hüseynağa Atakişiyev (ruhu
şad olsun!) aparırdı. İlk
cümləni oxuyarkən, Vaqif sözümü kəsmişdi.
Həzzlə, "Eloğlu, (o, həmişə mənə
eloğlu deyirdi!) elə bil, bu obrazı səni
görüb yazmışam", -
demişdi. Əlbəttə ki, həmin
gün deyilən bu xoş sözlər, sanki Vaqifin ruhundan
qopub ruhuma hopan enerjiyə çevrildi və əbədilik
ruhumda özünə yer tutdu. Məhz həmin
enerji bu gün də mənimlədir və bütün
varlığımda, ruhumda dolaşır; vaxtaşırı
mənə şeirlər diktə edir. Sanki
Allahla aramızda bir ünsiyyət dalğasıdır Vaqifin
ruhu. "Ayrılıq bir dəniz
imiş, sən uzaq, yaşıl ada" fəlsəfi hikməti
Vaqifi sahilsiz dənizə bənzədir. Mənə həmişə
elə gəlir ki, Vaqif sükutla kükrəyən dalğa
kimi şahə qalxır və öz izini qum
üstünə deyil, havaya həkk edir. Yəni,
Vaqifin sahili göylərdir. Ona görə,
Vaqifin "Mən burdayam, İlahi..." harayı ölməz
bir hayqırtı kimi oxunur. Sanki könlü ilə
sağ olarkən canlı şəkildə Allaha həmişə
bağlı olduğunu və ulu Yaradana qovuşduqdan sonra, yəni
indinin özündə bizləri Allahlı olmağa öyrədir
Vaqifin ruhu...
"Yayda qartopu oyunu" tamaşamız o qədər
maraqla qarşılanmışdı ki, hər dəfə
tamaşa oynanılanda anşlaqla keçirdi. Yadımdadır
ki, teatrın rəhbərliyi, administratorları o
tamaşanın hazırlandığına çox sevinirdilər.
Tamaşa teatra açıq kassa ilə biletlər
satılmaqla çoxlu tamaşaçı gətirirdi. Hətta Niftalıya təkrar baxmağa gələn
xüsusi tamaşaçılar da var idi. Tamaşanın
belə uğur qazanmasına reaksiya verən Azərbaycan
Dövlət televiziyası "Yeni il şənliyi"
verilişi üçün Niftalı ilə Aynaxanım
duetini həmin verilişdə canlandırmağımızı
xahiş etdilər. Aynaxanımı sevilən
gənc aktroylarımız, mənim tələbəlik
dostlarım - Zemfira Nərimanova və Zöhrə Şirinova
oynayırdılar. Elə oldu ki, biz Vaqif
müəllimdən televiziya üçün yeni səhnə
yazmasını xahiş etdik. O da yazdı və məni
evlərinə dəvət etdi. Xavər
xanımla yenidən görüşdük. Onun
"xoş gəldin"indəki istiqanlılıq,
mehribançılıq unudulmazdır. O gün belə
bir epizod da baş verdi. Biz
otaqda Vaqif müəllimlə oturmuşduq. Vaqif müəllim yazdığı səhnəni
oxumağa başlamışdı. Həyat
yoldaşı, hörmətli Nüşabə xanım sakitcə
otağa daxil oldu, əlindəki podnosu stolun üstünə
qoydu. Podnosda bir çaynik, iki fincan və
qənddan var idi. Nüşabə xanım
pıçıltı ilə, "Vaqif,
çayınızı gətirdim, istəyəndə
süzüb içərsiniz", - dedi və otaqdan
çıxdı. Vaqif müəllim oxumağı
dayandırdı, boynunu büküb, fağır-fağır
Nüşabə xanımın arxasınca sakitcə dilləndi:
"Niyə süzmürəm, şair deyiləmmi?"
zarafatı ilə ortaya bir şirinlik gətirdi. Sonralar həmin
dialoq bir remarkaya çevrildi və şairlər haqqında
bir şeir yarandı, həmin şeir "Nə qəribə
yuxuymuş" şeirlər kitabımda özünə yer
tutdu...
Belə maraqlı epizodlar saysız-hesabsız dərəcədə
xatirələrimdə yaşayır və həyatımda
Vaqifin ruhu ilə birgə mənimlə bərabər
ömür sürür.
Vaqif müəllim təpədən-dırnağa kimi
orijinal şəxsiyyət idi. Xasiyyəti də,
yaradıcılığı da bənzərsiz idi. Vaqifi, sanki böyük şair Səməd Vurğun
mistik şeir kimi yaratmışdı. Ona
görə də Vaqif ətrafa mistik bir şeir təsiri
bağışlayırdı. Hər halda
bu, mənə görə belədir. Onun
bütün yaradıcılığı başdan-ayağa
mistika ilə doludur. Hətta adi söhbətlərində,
ünsiyyətində, münasibətində və s. Vaqif
özünəməxsus alicənab xasiyyəti ilə elə əhval,
ovqat
yaradırdı ki, onu dinləyənlər özlərini
sokral dünyada hiss edirdilər...
Onu da demək mütləqdir ki, Vaqif son dərəcə
xeyirxah insan idi. Onun xeyirxahlığını isbat edən
neçə-neçə hadisələrə şahid
olmuşam. Ancaq önəmli olan odur ki, o
dövr ədəbiyyatının görkəmli nümayəndələrinin
çoxu xeyirxah idi. Sanki onlar xüsusi
seçilmişlərdir. O xeyirxahlardan biri də görkəmli
yazıçımız Anardır. Vaqif şair
idi, yəni şeir yazanlardan deyil, şeir doğanlardan idi.
Ona görə də öz şeirlərinin təbliğatı
ilə məşğul olmaq onun ağlının ucundan belə
keçmirdi. Şair yalnızca öz
şeirlərini dünyaya gətirməklə işini
bitmiş hesab edirdi. Ancaq Anar müəllim
geniş ürəklə Vaqif Səmədoğlunun şeirlərinin
ictimaiyyətə təqdim olunması üçün əlindən
gələni etdi və bir də baxdıq ki, Azərbaycanın
əvəzsiz, özünəməxsus, papaq altında yatan
bir fundamental şairini Anar müəllim xalqımıza
açıqladı. Şeirlərini
oxuduqca yeni ruhlu qəribə şairin varlığına
heyran qaldıq. Təkcə bu cəhətinə görə
Anara da minnətdarlıq hissləri ilə münasibət
göstərmək, hətta azdır...
Xalqımızın
sadə insanlarından tutmuş, "qaymaqları"na qədər dolu olan Akademik Teatrın salonunda
son dəfə Vaqifin təbəssümlü fotosuna zillənən
nəzərlərimin içinə Vaqifin ruhundan qopub dolan bir
qərib şeir yavaş-yavaş dodaqlarımda
pıçıldanmağa başladı:
"Bir
az Səmədə bənzəyirdin,
bir az
Xavərə...
Bir az Aybənizə,
bir az
Yusifə,
bir az da
özünə - Vaqifə...
Bir az sevincə bənzəyirdin,
bir az kədərə...
Sən
bir az gecəyə,
bir az səhərə,
bir az
sözə,
bir az
musiqiyə,
bir az
muğama,
bir az
caza,
bir az
kamana,
bir az
saza,
bir az
qışa,
bir az
yaza,
bir az
yaya,
bir az
payıza bənzəyirdin...
Bir az günəşə bənzəyirdin,
bir az da
aya...
Bir az dənizə,
bir az
çaya,
bir az
insana...
Çalışırdın,
bənzəyəsən
bir az da
Allaha...
Heç
özün də bilmirdin
nə
vaxt gəlmişdin bu dünyaya...
Elə
hey baxırdın yüz ilmi,
min ilmi
bundan sonraya...
Bir az bu dünyaya bənzəyirdin,
bir az o
dünyaya...
Yaman
sevirdin Allahı,
həm
də bu dünyanı.
Ömrü
uzatmaq üçün dua edirdin Allaha...
Ömür
bahaymış sən demə, baha...
Bu
dünyadan doymamış,
qovuşdun o dünyaya -
Çox
sevdiyin Allaha...
Sən
getdin, şeirlərin işıq tutur sabaha...
Yolun
açıq olsun,
işıqlı olsun,
Sənə uğur olsun, qağa!"... bir də
gördüm ki, Fəxri Xiyabandayıq. Vaqifi son mənzilinə
uğurlama mərhələsinin son anlarını
yaşayırıq... Bir anlıq bütün ətraf
gözlərimdə donmuş kadra çevrildi. Sanki Vaqif Səmədoğlunun çəkdiyi
fotolardan biri kimi. Axı, Vaqif ömrün anlarını
öz fotoaparatının yaddaşına həkk etməyi
sevirdi... Ətrafda nə qədər nəhəng
Azərbaycan sənətkarlarının məzarları var
idi. Sanki onlar bir məhlənin sakinləri
kimi donmuş kadrlarda öz ruhsal dünyalarını
yaşamaqda idilər. Həmin məzarlar
arasından məğrur-məğrur boylanan Səməd
Vurğunun ruhu da ətrafındakılar kimi Vaqifin ruhunu
sükutla qarşılamaqda idi. Əlbəttə
ki, bu ovqat mənim bütün varlığıma hakim kəsilmişdi.
Qəribədir, mənə elə gəlirdi ki,
Səməd Vurğun öz mistik şeirini özünəməxsus
pafosla "Fəxri Xiyaban"a sükut harayı ilə səsləndirirdi.
O mistik şeir isə Vaqif Səmədoğlu idi... Həmin
anda, Vaqifin nəşini səhnədən qaldırarkən
salonu bürüyən alqışlar qulaqlarımda cingildəməyə
başladı və o cingiltinin qulaqlarıma dolan sədası
ilə əvəzsiz şairin torpağın ağuşunda
özünə necə yer tutduğunu anbaan görür,
ölümdən heç vaxt qorxmadığını,
ölümün gözlərinin içinə dik baxaraq
ölümün özünü belə sevimli insanlara necə
sevdirdiyini, vaxtilə apardığı söhbətlərində
təlqin edərkən o sevgiyə hər kəsi
inandırdığını xatırlayırdım. Və
düşünürdüm, yəqin ki, Vaqif o məkanda
artıq daha azad, daha ruhsal yaşayacaq və ruhu ilə həmişə
yenə də insanlara "həyat-ölüm" sevgisini
öyrədəcək...
Saata
baxdım, 05:10-nu göstərirdi. Bu mistik, mənə
görə sokral yazının nöqtəsini qoymuşdum.
Ancaq hələ də Vaqifin ruhu ilə həmsöhbət
idim. Deyəsən, yeni şeir diktə etməyə
hazırlaşırdı Vaqifin ruhu ruhuma... Məkanın cənnət
olsun, dərdiş!.. Ruhun şad olsun, ustad!.. Ehtiyacımız tükənməzdir ruhuna!..
30.05.2024
İftixar
Ədəbiyyat qəzeti: xüsusi buraxılış 2024.- 5 iyun, ¹21.- S.30-31.