Qorxularımdan
xilas edən şair üçün: Ömür - ilklərin
təkrarıdır
İlk
şeir
Vaqif Səmədoğlu
ilə iki ilk şeir xatirəm var: birincisi, onun
yazdığı şeiri oxuyanda, o biri, mənim bir şeirimə
şərh yazanda.
Məzarıma
nə başdaşı qoyun, nə heykəl,
Bir
cüt ayaqqabı qoyun,
ayağıyalın geyib getsin...
1963
Məktəb
kitabxanasında idim - Bakının Keşlə qəsəbəsində,
201 saylı məktəbdə. Balaca
kitabxanamız vardı. Qaranlıq və nəmişlik.
Bu misraları oxuyanda elə bildim ki, tozlu
kitabxana bir anda yoxa çıxdı, əvəzində
hundür bir dağın zirvəsi peyda oldu. Bu cür insanla eyni cinsdən, eyni növdən
olduğum üçün qürurlandım. Ölümdən sonra da xeyirxahlığı
yaşada bilmək ehtimalının verdiyi həzzi hələ
də xatırlayıram.
İkinci
şeir xatirəm:
Havadan
yapışıb, çıxacam küləyə,
Tanrıya
söz deyib, enəcəm ölməyə...
Bu "sonu lazım deyil" misraları sosial şəbəkədə
"bəyən"mişdi. Sevindiyimdən o qədər
hoppanmışdım ki, ayağımın birini burxmuşdum.
O hiss unudulmazdır.
İlk
şərh
Zərdüşt Şəfidən müsahibə
almışdım. Özüm üçün. Sosial hesabımda paylaşdım. Şair şərh
yazdı: buna müsahibə demək olmaz, iki maraqlı və
istedadlı gəncin söhbətidir.
O uzunluqda
söhbəti, həqiqətən, oxumuşdumu? Tez Zərdüştə zəng elədim. O təmkinlə
gülümsəyirdi, mən isə yenə küləkdə
yellənən yarpaq kimi canıma yer tapmırdım.
İlk
görüş
Nəsimi Milli Mükafatında hekayəm ikinci yer
tutmuşdu. Münsiflər sırasında Vaqif Səmədoğlu
da var idi. Ona yaxınlaşıb şəkil çəkdirmək
istədiyimi deyəndə: - Günelcan, səni izləyirəm,
çox fərqli baxırsan dünyana. Davam et,
- dedi.
Ayağımın altından yer qaçdı, sanki. Kəkələyə-kəkələyə:
- Bir az qəlizəm, qışqırıram, deyəsən, anlaşılmazam,
deyəsən, - dedim.
O da dedi
ki:
- Qorxma! Bu həyatda pafosdan, qəribə olmaqdan, ya da lap elə
bayağı görünməkdən də qorxma. Nə
hiss edirsənsə, yaz.
Sizə
görə bu hamı üçün məlum mətləblər
ola bilər. Mənə
görə isə bu cümlələr həyatımın
növbəti, daha maraqlı və nəhəng mərhələsinə
keçid üçün təkan verən taleəhəmiyyətli
ifadələr oldu.
Bəzən insanlar həyatı boyu "qorxma!" deyəni
olmadığı üçün kölgədə solur. Mənim bu
sarıdan bəxtim gətirdi. Ruhunun aliliyinə, zəkasının
dərinliyinə, istedadına və zəhmətinə tərəddüdsüz
güvəndiyim bu yaradan adamın əminlik və sahib
olduğu mülayim, amma hökmlü səs tembrindən
eşidilən beş hərf ilə
bütün təşvişlərimdən qurtuldum.
"QORXMA!" elə bil bu beş hərfin
hər biri ağır artilleriya kimi məni əsir saxlayan təşvişin,
güvənsizliyin, səksənin üzərindən
keçdi. Mütəmadi bəzi
döyüşlərdə uduzduğum da olur, amma savaş
davam edir və Vaqif bəyin "QORXMA!"qoşununun
gücü tükənmir.
İlk rəqs
Şair dostlardan kiminsə toyu idi. Kiçik
qızım Xədicə ilə getmişdim. Şair hardansa bizim masaya gəldi. Rəbiqə və mənim yanımda əyləşdi.
Söhbətləşdik. Birdən
şair ayağa qalxıb 8 yaşlı qızımı rəqsə
dəvət elədi. Yadlarla heç bir ünsiyyətə
getməyən, çəkingən qızım məmnuniyyətlə
şairlə rəqs elədi və sonra hər onu televizorda
görəndə "Mən bu babayla vals
oynamışam", - deyib forslandı. Şairin
qızının adı da Günel idi və mənə
"Günelcan", deyirdi. Rəqsdən sonra
qızımı masaya yola salanda mənə "tam bir ledi
yetişdirmisiniz, şairə xanım", - dedi.
Son
söz
Vaqif bəyin şeirlərindən birinə kollaj düzəldib
paylaşmışdım.
Jurnalistlərdən biri xoşagəlməz nəsə
yazmışdı. Cavabını vermişdim. Bundan sonra şair mənə "Eh, Günelcan, ən
axmaq ideotun belə eləyəcəyi, deməyəcəyi
sözləri ayağıma yazırlar. Kədərlidir"
yazmışdı.
Mən də:
"Günah sizdədir, bu qədər talantlı və
uğurlu olmayaydınız, şayiə
qoşmayaydılar", - demişdim. Yarım
mörtərizələr göndərmişdi.
Maraqlı söhbətlər edərdik Messenger-də. Sevdiyi filmlərdən,
fotoqraflardan danışardıq. Elə hey
fotoaparat kolleksiyası ilə öyünərdi. Bir dəfə
soruşdu ki: - Bilirsənmi, dünyanın ən bəxtəvər
canlısı hansıdır? Dedim: - Qartal. Dedi: - yox, ayı.
Bütün qışı yatır e, bəxtəvər - və
çoxlu gülüş...
Son
görüş
Azərbaycan Dram teatrı. İstiqlal ordeni
verilirdi. Şair çəliklə səhnəyə
çıxdı. Başında
araxçın vardı. Hamı kədərli
və həyəcanlı idi. Danışanda
kövrəldi. Dedi ki, deməli, çox sözü var.
Kaş elə səhnənin ortasına bir kreslo qoyaydılar. Danışaydı, susaydı, baxaydıq. Amma zarafat elədi, xəstəliyinə də,
ölümə də sataşdı və getdi.
Bütün tədbir boyu camaat səhnəni izlədi, mən
isə amfiteatrdan onu. Əl çalırdı, yerini dəyişirdi,
tərini silirdi, araxçınını düzəldirdi və
bunları izləmək tamaşadan daha maraqlı idi.
Fikirləşdim ki, ən dahi yazıçı,
ssenarist belə Tanrının ömür adlı
tamaşasının yanında həmişə uduzur. Vaqif Səmədoğlu
da varlığı ilə özünün yazdıqlarına
qalib gəlmişdi. Əminəm, bu
gerçək onu məyus edərdi.
Tədbirin sonunda ardınca getməyini izlədim. Bir də onu
heç görməyəcəyimi bilirdim. Sadəcə,
ürəyimdə bu sözləri pıçıldadım:
"Şair, qorxma".
Həyata meydan oxuyan ironiyası ilə Vaqif Səmədoğlu
yaşadı və yaşatdı.
Günel Xəzəl
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış 2024.- 5 iyun, №21.- S.31.