Folkner ömürlüyü: həyat
və yaradıcılıq salnaməsindən ştrixlər
1897
25 sentyabr. Gələcəyin məşhur
yazıçısı Uilyam Katbert Folknerin dünyaya göz
açdığı gün. Missisipi
ştatının Nyu-Olbani şəhərində dəmiryol
rəisi Marri Folknerin ailəsində doğulan uşağa
vaxtilə sahibkar, vəkil, jurnalist, yazıçı, Vətəndaş
müharibəsinin fəal iştirakçısı olmuş,
son dərəcə maraqlı və zəngin bioqrafiyalı
ulu babasının adı verilir.
1902
22 sentyabr. Ailə Oksforda köçür; burada əvvəl
atası əmisilə birgə şərikli baqqal
dükanı alır, sonra isə ekipaj icarəyə verən
at tövləsinə yiyələnir (xeyli sonralar
yazdığı bir məktubda yazıçının buna
dair qeydi də var: "Həyatımın müəyyən
dövrünü atamın at tövləsində
keçirmişəm"). Müəyyən
fasilələrlə Folkner, demək olar ki, bütün
ömrünü bu əyalət şəhərində
yaşayır.
1905
Folkner birinci sinfə gedir; idmana və rəsmə maraq
göstərir, parodiya və şeirlər yazır,
özünü bacarıqlı şagird kimi göstərsə
də, xüsusi diqqət çəkmir.
1914
Müasir ədəbiyyatın həvəskarı və
bilicisi olan Yel Universitetinin tələbəsi, Oksford bankirinin
oğlu F.Stounla (1893-1967) dostlaşır. Stoun öz
şəxsi kitabxanasından Folknerə oxumaq üçün
bəzi kitablar, o cümlədən, Suinbernin və fransız
simvolistlərinin şeirlərini, C.Konrad və rus klassiklərinin
romanlarını verir.
1915
Folkner 10-cu sinfi başa vurmadan orta məktəbi
yarımçıq tərk edir; babasına məxsus bankda bir
müddət mühasib köməkçisi işləyir,
eyni zamanda şeirlər yazır, rəsmlər çəkir,
hərbi təyyarəçi olmaq arzusuyla yaşayır.
1918
Yaz. Sevdiyi qızın - Estella Oldhemin ərə getməsini
ürək ağrısıyla qarşılayan Folkner Nyu-Heyvenə,
F.Stounun yanına gedir; bir neçə ay buradakı silah
zavodunda işləyir.
İyun.
Britaniya Kral Hərbi-Hava Qüvvələrinin
nümayəndəsi ilə rəsmi söhbətdən sonra
Folkner Torontodakı yay hərbi peşə məktəbinə
göndərilir və dekabra qədər həmin məktəbdə
təhsil almaqla xüsusi kurs keçir.
1919
6 avqust.
Folknerin fransız simvolistlərinin təsiri
altında yazdığı şeirlərdən biri ilk dəfə
olaraq dərgidə dərc edilir.
Oktyabr. Missisipi Universitetinə daxil olur, burada fransız və
ispan dillərini öyrənir, eyni zamanda ingilis ədəbiyyatı
kursunu keçir; redaktoru olduğu universitet tələbə qəzetində
şeirlərini və ilk nəsr nümunələrini dərc
etdirir.
1920
Yayda oksfordlu yazıçı Stark Yanqla (1881-1963)
dostlaşan Folkner payız aylarında tələbə dram
teatrı üçün "Marionet" adlı birpərdəli
pyes yazır.
Noyabrda Folkner təhsil aldığı Missisipi
Universitetini də yarımçıq tərk edir.
1921
Yay-payız. S.Yanqın məsləhəti ilə
Nyu-Yorka gedən Folkner burada bir müddət Elizabet Prollun
(sonradan görkəmli Amerika yazıçısı Şervud
Andersonun həyat yoldaşı olmuş qadının) kitab
dükanında işləyir.
Dekabrda təzədən Oksforda qayıdır, imtahan
yoluyla universitet nəzdindəki poçt-meyster vəzifəsini
qazanır və 1924-cü ilin oktyabrına qədər həmin
vəzifəni icra edir.
1922
İyun.
Yeni Orleanda nəşr olunan, Ş.Anderson,
H.Kreyn, E.Heminquey və digər gənc yazarların əməkdaşlıq
etdiyi "The Double Dealer" dərgisi Folknerin "Portret"
şeirini dərc edir.
1923
Folkner
Bostondakı nəşriyyatla "Orfey" şeirlər
toplusunun çapı üçün danışıqlar
aparır, lakin vəsait çatışmazlığı
ucbatından bu iş baş tutmur və kitabın əlyazması
geri qaytarılır; belə olan halda, F.Stoun Folknerin "Mərmər
favn" adlı digər şeirlər toplusunu nəşriyyata
təklif edib, maliyyə xərclərini öz üzərinə
götürür; 1924-cü ilin 15 dekabrında işıq
üzü görən kitabın Ön sözündə
F.Stoun gənc şairin parlaq gələcəyindən
uzaqgörənliklə bəhs etsə də, Folknerin ilk
şeirlər kitabı oxucu və tənqidçi diqqətini
özünə cəlb etmir.
Tərcüməçidən:
Ədəbi yaradıcılığın ilk
çağlarında daha çox poeziyaya meyil etsə də,
Folkner özünü heç vaxt ciddi şair
saymamış, müsahibə və
çıxışlarında ondan yaxşı şair
çıxmayacağını hələ erkən
yaşlarından dərk etdiyini vurğulamışdı. Şekspiri istisna etməklə, o ən yaxşı
poetik nümunələrin yalnız 17-26 yaş həddində
yaranması fikrini irəli sürmüşdü. Mübahisə doğuran bu subyektiv mülahizələr,
heç şübhəsiz, yazıçının şeir sənətinə
son dərəcə ciddi meyarlarla yanaşmasından irəli gəlirdi.
Öz nəsrinin, əslində, poeziya olduğunu bildirən
yazıçının qənaətinə görə,
şeirdə yerinə düşməyən nəinki bir
misra, hətta bircə kəlmə belə işlədilməməlidir:
"Romanda uzunçuluq eləsən, bəlkə də oxucu
bunu bağışlayar, hekayədə isə hər söz
öz yerində və dəqiq işlənməlidir. Mən Çexovun yazdıqlarıtək əsl hekayələri
nəzərdə tuturam. Buna görə
poeziyadan sonra birinci sıraya məhz hekayəni qoyuram - o da
şeir qədər ifrat dəqiqlik tələb edir; romanda yol
verilən səliqəsizlik burada yolverilməzdir. Hekayəyə artıq olan heç nəyi dürtə
bilməzsən. Poeziyada isə, ümumiyyətlə
qeyri-dəqiq bircə söz belə işlənməli deyil -
şeir tam və mükəmməl olmalıdır..."
1924
Noyabr. Folkner Yeni Orleanın Köhnə Məhəlləsinə
köçərək burada məskunlaşmış gənc
rəssam və yazıçıların çevrəsinə
daxil olur; özünü başından ağır zədə
almış veteran-təyyarəçi qismində təqdim
edib, müharibədə göstərdiyi hərbi şücaətlər
barədə uydurduğu romantik əfsanələrini
dövriyyəyə buraxır. Az
sonra yazıçı Şervud Andersonla tanış olur (bu
tanışlığı Ş.Anderson özünün
"Cənubda görüş" hekayəsində müfəssəl
təsvir edib).
1925
Yanvar-may.
Yeni Orleanda nəşr edilən "The Double
Dealer" dərgisi və "The
Times-Pieayuner" qəzeti Folknerin silsilə şeirlərini
və oçerklərini dərc edir. Folkner
"Əsgər mükafatı" adlı ilk romanını
bitirir, Şervud Anderson isə romanı öz naşiri Hores
Livrayta təklif edir.
İyul-dekabr. Rəssam dostu Spartlinqlə birlikdə Avropa səyahətinə
çıxan yazıçı əvvəlcə yük gəmisində
Yeni Orleandan İtaliyaya gəlir, sonra İsveçrəni,
Fransanı və İngiltərəni gəzir; avqustdan etibarən
Parisdə məskunlaşır, Ceyms Coysun
"tamaşası"na gedir, başa
çatdırmadığı "Elmer" romanı üzərində
işləyir.
1926
25 fevral.
Nyu-Yorkda Folknerin ilk romanı - "Əsgər
mükafatı" nəşr edilir; yayda isə hələ
Parisdə olarkən yazmağa başladığı
"Mığmığalar" romanı üzərində
işi başa çatdırır.
Dekabr. Spartlinqin təzəlikcə çapdan
çıxmış "Şervud Anderson və digər məşhur
kreollar" adlı karikatura və rəsmlər kitabına
yazdığı Ön sözdə müəlliminin
üslubunu lağa qoyan Folkner bu hərəkəti ilə onu
özündən incik salır.
İlin
sonlarında Folkner eyni vaxtda iki mətn üzərində ciddi
işə başlayır - biri Snoupslar haqqındakı
"Abram ata", digəri isə, öz nəslinin
tarixçəsini xatırladan Sartorislər ailəsi barədə
romandır; yazıçının sonradan tam əzəmətilə
meydana çıxan "Yoknapatofa saqası" məhz bu
romanların rüşeymləri üzərində pərvəriş
tapacaqdı.
1927
30 aprel.
Gənc yazıçının sayca ikinci olan
"Mığmığalar" kitabı nəşr edilir.
29 sentyabr. Folkner sonralar "Sartoris" adıyla nəşr
olunacaq "Toz içində bayraqlar" romanını
başa çatdırır; iki həftə sonra romanı
Livraytın nəşriyyatına göndərsə də,
naşirdən rədd cavabı alır.
Tərcüməçidən:
"Əsgər mükafatı",
"Mığmığalar" və "Sartoris" -
Folknerin ilk romanlarıdır. Xeyli sonralar - 1956-cı ildə
Nyu-Yorkda olarkən Sorbonna Universitetinin tələbəsi
C.Stayna verdiyi (ilk dəfə "The Paris Reviyev" dərgisində
dərc edilən) müsahibəsində: "Əsgər
mükafatı" ilə "Sartoris" romanları
arasındakı dövrdə sizin yaradıcılıq
taleyinizdə nə baş verdi, Yoknapatofa
saqasını başlamağa sizi vadar edən nə oldu?"
- sualını Folkner belə
cavablandırmışdı: "Əsgər
mükafatı"nı yazarkən gördüm ki, yazmaq
ümumiyyətlə maraqlı işdir. Ancaq
sonradan başa düşdüm ki, yazıçının nəinki
ayrıca bir kitabı, bütövlükdə
yaradıcılığı hansısa ümumi bir niyyətə
tabe olmalıdır. "Əsgər mükafatı"
və "Mığmığalar"ı mən, sadəcə
olaraq, yazmaq xatirinə, bu iş xoşuma gəldiyi
üçün yazdım. "Sartoris"i başlayanda isə
dərk etdim ki, mənim poçt markası boyda doğma
torpağım tamamilə layiqdir ki, onun barəsində yazasan
və ömrün boyu yazsan da, bu bir parça torpağın
mövzusu bitib-tükənən deyil... Sonuncu kitabım "Məhşər",
yaxud "Yoknapatofanın Qızıl kitabı"
olmalıdır; bundan sonra qələmi qırıb
yazmağın daşını biryolluq atacağam..."
1928
Yaz. Folkner özünün ən çətin başa gələn
və ən sevimli əsəri olan "Səs-küy və
hiddət" romanı üzərində işə
başlayır.
Tərcüməçidən:
Digər əsərləri ilə müqayisədə, "Səs-küy
və hiddət" romanından Folkner daha çox söhbət
açmış, bu barədə həmişə həvəslə
danışmışdı. Romanı özünün ən
parlaq məğlubiyyəti kimi dəyərləndirən
yazıçı elə bu səbəbdən də onu ən
sevimli əsəri adlandırmışdı: "Bu
romanın üzərində hədsiz dərəcədə
çox işləmişəm. Bir neçə
dəfə yarımçıq qoyub başqa əsərlər
yazsam da, axırda yenə ona qayıtmalı oldum. Onun başa çatması uzun çəkdi. İndiyədək yazdığım kitabların
heç birində istədiyimi tam əldə edə bilməmişəm,
ona görə də axıradək razı qaldığım
heç bir kitabım yoxdur. Yoxsa, yazmağa otuz il vaxt sərf etməzdim. Bu roman qısa bir
hekayədən doğuldu: nənənin dəfni zamanı iki
azyaşlı nəvəni həyətə oynamağa
göndərirlər, evdən uzaqlaşdırırlar ki,
balacalar bu mərasimi görməsin. Ağıldankəm
qardaşından yaşca böyük olan qız evdə nə
baş verdiyini bilmək üçün ağaca
dırmaşıb pəncərədən içəri
boylanır. Başları öz uşaq
oyunlarına qarışmış balacalar evdən tabutun
çıxdığını tam təsadüfən
görürlər. Bax, onda mənim
ağlıma belə bir fikir gəldi ki, görəsən, bu
hadisəni ağıldankəm uşaq - Benci danışsa,
necə olar? Və mən hadisəni onun
gözüylə təsvir etdim. Az
sonra Ceyson ortaya çıxdı, daha sonra isə - Kventin. Başa düşdüm ki, bunların hamısı
bir hekayəyə sığışmayacaq. Əvvəlcə hadisələri Bencinin dilindən
verdim. Çox dolaşıq alındı.
Buna aydınlıq gətirmək
üçün yeni fəsil yazmalı oldum və sözü
Kventinə verdim ki, həmin gün nələrin baş
verdiyini o danışsın. Nəticədə
kontrapunkta zərurət yarandı və Ceyson ortaya
çıxdı. Hər şey bir-birinə
qarışdı və gördüm ki, təsvirlərin
heç biri tam deyil. Ona görə kənar
gözlə baxan daha bir müşahidəçiyə ehtiyac
yarandı - yazıçının özü
danışmağa başladı ki, görək, həmin
gün həqiqətən, nə baş verib. Beləliklə, eyni şeyi, eyni tarixçəni
dörd dəfə yazası oldum. Heç
biri də məni qane eləmədi. Çap
vaxtı, hətta birinci hissəni müxtəlif rənglərlə
vermək istəyirdim ki, bəlkə bu yolla
dolaşıqlıq aradan qalxsın, ancaq 30-cu illərdə
poliqrafiya o səviyyədə deyildi ki, eyni səhifədə
müxtəlif rənglərdən istifadə edə biləsən.
Bu mümkün olsaydı, kimin hansı vaxtda nə
dediyini və necə düşündüyünü istənilən
oxucu asanlıqla anlaya bilərdi. Mən bu
romanda düz dörd dəfə məğlubiyyətə
uğradım. Təsvirlərin heç
biri ürəyimcə deyildi, amma hər biri elə çətinliklə
başa gəlmişdi ki, hansınısa qoparıb ata
bilmirdim, əsəri yenidən yazmaq iqtidarında da deyildim.
Axırda dörd hissənin dördünü də
çapa verdim. Bu ona bənzəyir ki,
ananın ona qan udduran dörd övladı var - bu uşaqlar
doğulmasaydı, onlarsız ananın günü daha xoş
keçərdi, ancaq indi ana onların heç birini ata bilməz.
Adını "Maqbet"dən götürdüyüm
romanı, bax, bu səbəbdən çox sevirəm,
çünki orada dörd dəfə məğlubiyyətə
uğramışam..."
20 sentyabr. "Harkur və Breys" nəşriyyatı
ilə müqavilə imzalanır; müqaviləyə əsasən,
əlyazmadan 11 min söz çıxarmaq şərtilə, nəşriyyat
"Toz içində bayraqlar" ("Sartoris")
romanını nəşr etməyi öhdəsinə
götürür.
Oktyabr-noyabr. Folkner Nyu-Yorka gəlir; burada "Səs-küy
və hiddət"i təzədən işləyir və
"Sartoris"in ixtisarında öz ədəbi agenti Ben
Uossona kömək edir.
1929
31 yanvar.
Yoknapatofa haqqında ilk əsər ("Sartoris") məlum
ixtisarla nəşr olunur, fevralda isə Folkner "Səs-küy
və hiddət" romanının nəşri
üçün yenicə yaranmış "Keyp və
Smit" nəşriyyatı ilə müqavilə
bağlayır.
May.
"Məbədgah" üzərində iş başa
çatır. Sonralar Folkner bu əsəri "yalnız və
yalnız qazanc xatirinə qələmə
aldığını və cəmisi üçcə həftəyə
yazıb tamamladığını" iddia etsə də, əslində,
romana yarım il vaxt sərf etmişdi və
kitabın gəlir gətirəcəyinə xüsusi inamı
yox idi (üstəlik də, qorxunc qanqsterlər, fahişə
və butlegerlər mühitindən bəhs edən əsərin
əcaib süjetindən çəkinən ayıq-sayıq
naşirlər çapdan imtina etmişdilər).
20 iyun. Folkner ailə qurur - iki uşaqla ərindən
ayrılaraq yenidən Oksforda, valideynlərinin yanına
qayıdan Estella Oldhemlə evlənir.
7 oktyabr.
Folknerin ədəbi mühitdə böyük səs-küyə
və hiddətə səbəb olan (ilk dəfə tənqidçi
diqqətini özünə cəlb edən) "Səs-küy
və hiddət" romanı çapdan çıxır.
11 dekabr.
"Əcəl saatım yetişəndə"
romanı üzərində işi tamamlayıb, əsəri nəşriyyata
göndərir və növbəti ildə - 1930-cu ilin 6
oktyabrında kitab çapdan çıxır.
1930
12 aprel.
Folkner borca girib, XIX əsrin ortalarında inşa edilmiş məşhur
Ronouk malikanəsini
alır; iyunda ailəsi ilə malikanəyə
köçüb, demək olar ki, ömrünün sonunadək
orada yaşayır.
Tərcüməçidən:
Yazdığı romanların kiçik tirajla çap
olunması, pis satılması və qazancın
azlığı səbəbindən, 1930-1932-ci illər
arasında Folkner "çətin" saydığı
hekayə janrına daha tez-tez müraciət etməyə məcbur
olmuşdu. O, Amerikada nəşr edilən müxtəlif dərgilərə
42 hekayə göndərmişdi ki, bunların da 30-u dərc
olunmuş, yaxud çap üçün qəbul edilmişdi.
30 aprel.
"Forum" dərgisi məşhur "Emili
üçün qızılgül" hekayəsini dərc
edir; az sonra ingilis yazarı Riçard
Hyuzun Ön sözüylə "Əsgər
mükafatı" İngiltərədə nəşr olunur.
Payız.
Folkner çapından çoxdan əl
üzdüyü "Məbədgah" romanının nəşriyyatdan
göndərilən korrekturasını alır; əsər
üzərində ciddi işə başlayıb, demək olar
ki, onu əvvəldən axıradək, təzədən
yazmalı olur.
1931
11 yanvar.
Yazıçının ilk övladı - Alabama dünyaya gəlir,
lakin cəmi doqquz gün yaşayır (İki ildən sonra,
1933-cü il iyunun 24-də doğulan Cili -
Folknerin ikinci qızı, həm də yeganə
övladıdır.)
9 fevral.
"Məbədgah" işıq üzü
görür, dərhal da böyük qalmaqala səbəb olur;
əksər tənqidçilər Folkneri ədəbsizlikdə,
pozğunluqda, kəskin naturalizm meyillərində
suçlayır; buna baxmayaraq, digər romanlarıyla
müqayisədə yazıçının bu kitabı daha
yaxşı satılır.
Tərcüməçidən:
"Məbədgah" ədəbi ictimaiyyət tərəfindən,
həqiqətən, birmənalı
qarşılanmamışdı, buna görə də məsələyə
aydınlıq gətirmək üçün
yazıçı bu mövzuya dəfələrlə
qayıtmalı olmuşdu. 1955-ci ildə Naqanoda keçirilən
Amerika ədəbiyyatı üzrə yay seminarında Folkner
auditoriyadan xahiş etmişdi ki, Yaponiyada hansı əsərinin
daha çox sevildiyini müəyyənləşdirsin; ertəsi
gün tələbələr yekdil şəkildə həmin
əsərin məhz "Məbədgah" olduğunu
bildirib, yazıçıdan yapon gənclərinin bu
seçiminə münasibətini soruşmuşdular. Cavab belə
olmuşdu: "Hər halda, sizin seçiminiz bugünkü
söhbətimizi başlamaq üçün maraqlı bir
mövzu verir. Siz, çox güman ki, əsərin necə
yazılması və ortaya çıxması barədə məlumatlısınız;
bu haqda kitaba yazdığım Ön sözdə
açıqlama vermişəm - tanış
deyilsinizsə, məlumat verməyə hazıram. Deməli,
belə: bu, həmin vaxtlar idi ki, mən artıq
yazıçılıqla məşğul olmağa
başlamışdım və sizə deyim ki, bu işdən
zövq alırdım. Fikirləşdim ki, bəlkə
gördüyüm işdən müəyyən gəlir də
əldə edə bilərəm və elə bu fikirlə də
oturub bu kitabı yazdım. Onu nəşriyyatlardan
birinə göndərdim və belə cavab aldım ki, əgər
bunu çap eləsək, sizi də, bizi də həbs edərlər.
Beləcə, iş yarıda qaldı, mən,
hətta əlyazmasını da unudaraq, başqa kitablar
yazmağa girişdim. İki kitab yazdım, ikisi
də çap olundu. Günlərin bir günü,
üstündən iki il ötəndən
sonra, heç gözləmədiyim halda, qəfildən "Məbədgah"ın
hazır korrekturasını aldım; onu nəşriyyatdan
göndərmişdilər, bildirirdilər ki, yaxın günlərdə
nəşr ediləcək. Əsəri təzədən
oxuyanda yararsız olduğunu anladım. Onu
o vaxt hansı maraqdan yazdığım indi hər
sözündən, hər cümləsindən mənə bəlli
idi. Odur ki, nəşrə qəti surətdə
etiraz elədim. Amma nəşriyyatda kitab
artıq çapa tam hazırlanmış, hətta metal
lövhələrə də
köçürülmüşdü; əsəri təzədən
işləsəydim, bu lövhələri atmaq lazım gələcəkdi.
Nəşriyyata isə bu işə yenicə
başlamış cavan bir oğlan rəhbərlik edirdi.
Dedi ki, təzə klişelər üçün vəsaiti
yoxdur, mən də bildirdim ki, kitabın bu şəkildə
çapına razı deyiləm, çünki zay kitabdır.
Axırda belə razılaşdıq ki, xərcin
bir hissəsini o öz boynuna götürür, bir hissəsini
də mən. Mənim payıma 270 dollar
düşürdü, intəhası, həmin pul məndə
yox idi. Onda bu mənə dərs oldu; belə
nəticə çıxardım ki, heç vaxt ucuz şeyə
getmək olmaz; qarşıya qoyduğun məqsəd həmişə
ciddi olmalıdır. İstənilən
halda kitab dərc olundu və mən ömrümdə ilk dəfə
guya yaxşı gəlir əldə etməliydim. Amma həmin ərəfədə nəşriyyat
müflisləşdi, mən bir qəpiyin də yiyəsi
olmadım. Bu mənə daha bir dərs oldu və
özüm üçün ikinci nəticə
çıxardım: yazırsansa, namusla yaz. Bu dərsə,
bu nəticəyə görə bu gün də taleyimə
minnətdaram. Siz, təbii ki, haqqında
danışdığım ilk variantı görməmisiniz;
romanın hazırda sizin oxuduğunuz variantından o vaxt nəyi
artıq sayırdımsa, imkan daxilində hamısını
silib atdım, demək olar ki, əsəri təzədən
yazdım... (bu vaxt tələbələrdən
biri Folknerlə razılaşmadığını, romanın
ilk variantda bunca yararsız olduğunu əsla təsəvvür
etmədiyini bildirmişdi və Folkner nitqinə davam edərək
fikrini belə yekunlaşdırmışdı) ....sizin
oxuduğunuz variantda əlimdən gələni etməyə
çalışmışam ki, ilk variantdakı ucuzluqdan
heç bir nişan qalmasın. O variantın ortaya
çıxmaması üçün mən xeyli pul xərclədim,
filan qədər ziyana düşdüm, çünki dediyim
kimi, o, bir xaltura idi. Bir daha təkrar edirəm
ki, ilk variantı mən qazanc xatirinə, gəlir əldə
etmək niyyəti ilə yazmışdım. Və sizə
deyim ki, sənətkarın pul-para haqda, qazanc barədə
düşünməsi, ümumiyyətlə çox pis
haldır..."
14 may.
Hekayələr məcmuəsinin nəşri üçün
Folkner "Keyp və Smit" nəşriyyatı ilə müqavilə
bağlayır; "Emili üçün qızılgül və
digər hekayələr" kimi nəzərdə tutduğu,
xanımı Estellaya və qızı Alabamanın xatirəsinə
ithaf etdiyi həmin kitab sentyabrın 21-də "On
üç" sərlövhəsiylə çapdan
çıxır.
Tərcüməçidən. Folknerin ən çox oxucu rəğbəti
qazanmış "Emili üçün qızılgül" hekayəsi
həm də tənqidçilər arasında
çoxsaylı suallar doğuran əsərlərindəndir. İlk sual elə addan doğur - axı hekayədə
qızılgüldən, yaxud hər hansı təbrikdən
söhbət getmir, bu barədə epizodik bir səhnə, adi
xatırlatma belə yoxdur. 1955-ci ildə Yaponiyadakı
çıxışların birində Folkner sərlövhə
ilə bağlı açıqlama verərək onun sırf
alleqorik mahiyyətdə olduğunu bildirmişdi: "Burada
söhbət bir qadın faciəsindən gedir; faciənin
qarşısını almaq, qadının taleyini dəyişmək
mümkünsüzdür. Mən bu qadının halına
yanıram, taleyinə acıyıram və hekayənin
adıyla onu salamlayır, uzaqdan-uzağa ona öz
ehtiramımı və önündə hörmətlə təzim
etdiyimi bildirirəm; adətən belə hallarda kişinin
şərəfinə badə qaldırarlar, qadın
üçünsə qızılgül hədiyyə edərlər..."
"Emili
sizin üçün ideal qadın obrazıdırmı?"
sualını isə Folkner belə
cavablandırmışdı: "Mənim Emiliyə ürəyim
yanır. Onun faciəsi ailənin tək
övladı olmasındadır. Özünə
adaxlı seçmək, ərə gedib şəxsi həyatını
qurmaq imkanına yiyələndiyi bir zamanda atası barmaq silkələmişdi
ki, "yox, sən evi tərk etməməli, mənim
qayğımı çəkməlisən". Xeyli sonradan o özünə adaxlı tapsa da,
görünür, adamları yaxşı
tanımadığından seçimi də uğursuz
alınmışdı - adaxlısı onu atıb getmək qərarı
vermişdi. Bu itki Emili üçün hər
şeyin sonu demək idi, çünki belədə qocalıq
və tənhalıqdan savayı zavallıya daha heç nə
qalmırdı. Və hələ ki, onun əlində
nəsə vardı - o, bu "olanı" itirmək istəmirdi,
var gücüylə çalışırdı ki, nəyin
bahasına olursa-olsun, onu tutub saxlasın. Əlbəttə,
bu pisdir, hətta çox pisdir, amma yenə də mənim Emiliyə
ürəyim yanır. Bilmirəm, belə
bir qadın ürəyimcə olardımı? Bəlkə
olmazın
iztirablara məruz qalan, taleyin məhv etdiyi insanlar
adamı qorxudan kimi, belə bir qadın da məni
qorxudardı..."
Hekayənin
necə yaranmasını Folkner bu cür izah edir:
"Şüurumda bir mənzərə yaranmışdı -
balış üzərində insan teli. Bu, əsasında
bir obrazın - əldən-ayaqdan uzaq, unudulmuş bir otaqda,
balış üzərində bir çəngə telin
olduğu qarabasmalar haqqında hekayətdir".
Hekayənin
Amerikanın cənubu ilə şimalı arasındakı əbədi
münaqişənin simvolikasını göstərmək
üçün qələmə alındığını
iddia edən tənqidçilərə də Folkner geniş
açıqlama verməli olmuşdu: "Heç bir insan
havadan asılı vəziyyətdə mövcud deyil - o öz
keçmişinə söykənir, öz keçmişinin,
həm də gələcəyinin məhsuludur. Cənubla
şimal arasındakı mübarizə, heç şübhəsiz
ki, mənim bunu nə qədər dərk etməyimdən
asılı olmayaraq mənəvi irsimin, əldə etdiyim təcrübənin
mühüm bir hissəsini təşkil edir. Yazıçı əhatə dairəsində
olduğu mühitdən, adamlardan bəhs edir, yəni bu barədə
bildiklərini söyləyir. Əgər
kişinin Şimalı, onu öldürən qadının isə
Cənubu təmsil etməsi barədə simvolika varsa, mən
burda belə yanaşma və rəmzlərin mövcud
olmadığını deyə bilmərəm. Amma bu, müəllifin bilə-bilə etdiyi
şüurlu cəhd deyil. Yazıçı
öz qarşısına belə bir məqsəd qoymur ki, bax,
mən indi xarakterlərdən birinin Şimalı, digərinin
isə Cənubu təmsil etdiyi bir hekayə yazmaq niyyətindəyəm.
Burdakı münaqişə daha çox
Şimalla Cənub arasında deyil, bəlkə də Allahla
Şeytan arasında gedən bir münaqişədir.
Münaqişənin kökü isə miss Emilinin
özündədir: o bilir ki, öldürmək olmaz; o belə
tərbiyənin yiyəsidir ki, oynaş saxlamaq yolverilməzdir;
oynaş saxlamaq yox, ərə getmək lazımdır. O,
öz dairəsinin bütün adət və
qanunlarını, son nəticədə isə bəndəni
öldürməyi yasaq edən Allahın buyurduğu qanunu
pozub. Emili şər iş tutduğunu bilir və öz şəxsi
həyatını məhv edir. Amma başqa cür olması da
mümkün idi: qadın oynaşını
öldürüb təzəsini tapardı və istifadə edəndən
sonra onu da öldürə bilərdi; bunun əvəzində
miss Emili öz günahını yumaq yolunu seçir..."
10 iyul. Memfisdə çıxan bir qəzetdə
yazıçının ilk müsahibəsi dərc olunur.
23-24 oktyabr. Folkner Cənub yazarlarının
Şarlotsvilldə (Virciniya ştatı) keçirilən
konfransında iştirak edir. Ertəsi
gün Nyu-Yorka gəlir və burada görkəmli ədəbiyyat
adamı kimi əsl hörmət və rəğbətlə
qarşılanır - bir sıra ziyafət və qəbullarda
iştirak edir, yazıçılarla, naşirlərlə
görüşür, jurnalistlərə müsahibə verir və
Hollivuda dəvətlə bağlı onunla
danışıqlar aparılır.
1932
Fevral.
"Avqust işığı"nın əlyazması
üzərində işi yekunlaşdırıb, nəşriyyata
("Smit və Haas") təhvil verir; oktyabrın 6-da roman
çapdan çıxır. Apreldə Folknerin
hekayələri ilk dəfə fransız dilinə tərcümə
olunur.
Mart-iyul.
"Məbədgah"ın yeni nəşri
işıq üzü görsə də, nəşriyyat
müflisləşdiyi üçün Folkner qonorarını
ala bilmir. Ağır maliyyə böhranı keçirən
yazıçı Hollivud şirkətlərindən biri ilə
müqavilə imzalayır: şərtə görə həftəsi
500 dollar olmaqla, Folkner filmlər üçün orijinal
süjetlər qurmalı, dialoqlar yazmalı, ssenarilərin
redaktəsi ilə məşğul olmalıydı. Beləliklə, mayın 7-dən iyunun 10-dək
Folkner Hollivudda işləyir. Az sonra
həmin şirkətdə dostlaşdığı kinorejissor
Q.Hoks daha sərfəli şərtlər əsasında
yazıçı ilə yeni müqavilə bağlayır. Lakin avqustun 7-də Folkner atasının vəfatı
xəbərini alır və bir neçə həftəliyə
evə dönür; həmin müddətdə "Yerində
tam geriyə dönmə" adlı hekayəsinin motivləri
əsasında, Q.Hoksun sifarişi ilə yeni ssenari yazır.
1933
Memfisdə
təyyarə təlimatçısından uçuş dərsləri
alan Folkner apreldə ilk dəfə sərbəst
şəkildə uçuş yerinə yetirir; bir ay sonra -
mayın 13-də şəxsi təyyarə alır.
12 aprel.
Folkner özünün eyniadlı hekayəsi əsasında
ssenarisini yazdığı və rejissor Q.Hoksun çəkdiyi
"Yerində tam geriyə dönmə" filminin, bir ay sonra
- mayın 12-də "Məbədgah" romanının
motivləri əsasında rejissor S.Robertsin çəkdiyi
eyniadlı filmin premyerasında iştirak edir.
Oktyabrın sonlarında H.Smitə yazdığı məktubda
Folkner Snoupslar haqqında
düşündüyü kitabı yarımçıq
qoyduğunu, əvəzində, "Rahibə
üçün rekviyem" adlı yeni roman
başladığını xəbər verir; iki ay sonra
planların dəyişdiyini - "Rekviyem"i də
yarımçıq saxlayıb, əvəzində,
"Avessalom, Avessalom!" adlı yeni əsər
yazdığını bildirir.
1934
16 aprel.
"Doktor Martino və digər hekayələr"
adlı yeni kitabı çapdan çıxır; ardınca Vətəndaş
müharibəsi mövzusunda silsilə hekayələr
yazıb hamısını dərgidə dərc etdirir,
sonradan həmin hekayələri "Məğlubedilməzlər"
adı verdiyi povestində cəmləyir.
İyul.
Folkner yenidən Hollivuda gəlir və məşhur kinorejissor
S.M.Eyzenşteynin Amerikada səfərdə
olarkən yazdığı "Satterin qızılı"
ssenarisini təzədən işləyir (Q.Hoksla birgə); təəssüf
ki, həmin ssenari əsasında filmin çəkilişləri
baş tutmur.
Avqust.
"Avessalom, Avessalom!"un qələmə
alınmış ilk fəsilləri Folkneri qane etmədiyindən, o yenidən
"Rahibə üçün rekviyem"ə qayıdır,
lakin beynində qəfil doğan ideyanın təhrikilə
payızda əlindəki işi yarımçıq
saxlayıb, Amerikanı kəndbəkənd, şəhərbəşəhər
gəzərək müxtəlif yarmarkalarda sirk nömrələrinə
bənzər oyunlar quran, havada təhlükəli tryuklar
göstərən təyyarəçilər haqqında roman
yazmağa girişir; "Pilon" adlandırdığı həmin
romanı çox qısa müddətdə yazıb başa
çatdırır...
1935
...Çox
qısa müddətdə yazdığı yeni romanı
çox qısa müddətdə də nəşr etdirir -
martın 25-də "Pilon" çapdan çıxır. Buna qədərsə, yəni kitab nəşriyyatda
çapa hazırlandığı müddətdə Folkner
yenidən "Avessalom, Avessalom!"a qayıdaraq onu qane
etməyən romanı, demək olar ki, əvvəldən
axıradək təzədən yazmalı olur.
Tərcüməçidən:
Başqa romanlarla müqayisədə, həqiqətən,
çox qısa müddətdə yazdığı
"Pilon" əsəri yazıçının diqqət
çəkməyən əsərlərindəndir. Sonralar
Virciniya Universitetində seminar apararkən, tələbələrdən
biri yazıçıdan bu romanı hansı səbəbdən
yazdığını soruşanda Folkner belə demişdi:
"Bu əsəri yazmağa o səbəbdən girişdim
ki, "Avessalom..." çox ləng gedirdi, axırda onu kənara
qoyub fikirləşdim ki, bu işdən bir müddət
uzaqlaşmaq yaxşı olardı və başımı qatmaq
üçün tam başqa bir əsər yazmağa qərar
verdim - bax, "Pilon" belə yarandı. Əsərin
qəhrəmanları müasir həyatımızın fonunda
çox qəribə, ötəri təzahür kimi
görünür; faktiki olaraq, bizim o vaxtkı mədəni və
iqtisadi həyatımızda onlar üçün yer yoxdur,
bununla belə, onlar mövcud idilər, hamı da bilirdi ki, bu
adamlar bizim dünyanın sakinləri deyil. Kiçik, sürətli aeroplanlarda həyatlarını
riskə qoyan bu insanların tək bircə arzusu var - kaş
acından ölməsinlər və aldıqları pul
növbəti yarış meydançasına çatanacan
onları görsün. Burada dəliliyə,
çılğınlığa, mənəviyyatsızlığa
bənzər nəsə var. Onlar, sanki Allahın iradəsindən
asılı olmadan mövcud idilər; sadəcə, sevgi və
qayğıdan deyil, məhz Tanrı qüdrətindən kənarda
mövcud idilər. Keçmiş və gələcək
məfhumlarını zərurət kimi qəbul etməyən
bu adamlar, sanki birgünlük idilər - sübh
çağı kəpənəksayağı mədəsiz-filansız
yalnız ondan ötrü doğulmuşdular ki, ertəsi
gün ölsünlər. Belə
insanlardan yazmaq mənə maraqlı, çox maraqlı gəlirdi.
Amma ən başlıcası bu idi ki, başımı nə iləsə
qatmaq istəyirdim və heç cür irəli getmək istəməyən
o biri kitabdan yaxamı qurtarmaq üçün bəhanə
axtarırdım...".
Hazırladı: Mahir N.Qarayev
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.42-43; 48.