XOŞ GÜNLƏR, ARZULAR HƏLƏ QABAQDA…

 

(Faiq Balabəylinin 60 illik yubileyi münasibətilə…)

 

 Hamımız kimi o da otuz il idi ki, Qarabağ həsrətiylə ağrı-ağrı sızlayır, həsrət-həsrət göynəyirdi.  İşğal altındakı torpaqları düşünəndə ayağı altından yer, narahat ruhlarıyla Azərbaycan səmasında dolaşan şəhidləri xatırlayanda, başı üstündən Göy çəkilirdi. Hamımız kimi otuz ildir onun da səbri tükənmişdi, azadlıq toxumunu səpənlərin – 20 Yanvar şəhidlərinin arzularını cücərtmək üçün canını fada edən oğulların əməyinin yerdə qalmağından qorxurdu:

 

Uğrunda öldükləri torpağı

Qanları ilə suvardılar ki,

Torpağımızda

ATƏŞKƏS bitsin!

Azadlıq toxumunu

səpənlərin arzuları

cücərib, bitsin.

 

Elindən, dilindən, dinindən uzaqda, gavur qandalları altında qanadları qırılan əsirləri düşünəndə doğma ocağında əsir olurdu:

 

İlim-ilim itirik, gəlmir sorağımız da,

Açılmamış saralır, solur yarpağımız da.

Şəhid qanı çilənən Şəhid torpağımızda

De, budurmu, azadlıq?!

 

Talanan ocaqların, alınan torpaqların geri qayıtmayacağından, qisasın yerdə qalacağından qorxurdu. Yeniyetmə çağlarından sirrinə sirdaş, dərdinə həmdəm, sevdasına atəş olan qələmdən sıyrılıb qılınc gəzirdi:

 

Qılınc verin siz mənə, atım qalıb mıxçada,

Tüfəng verin siz mənə atım, qalıb taxçada.

İstəmirəm yenə də yatım qalım bağçada,

Düşmən üstə getməyə yaraq verin siz mənə!

 

Zaman gəldi, vaxt yetişdi. Nəyi, necə nə vaxt edəcəyini çox gözəl bilən, 44 gün ərzində göstərdiyi siyasi və hərbi taktikasına bütün dünyanı heyran qoyan Ali Baş Komandanımız İlham Əliyev mərd, qorxmaz Azərbaycan oğullarına “İrəli!” əmrini verdi. Otuz ildir davam edən, səngiməyən Qarabağ savaşı Azərbaycanın qələbəsi ilə sona yetdi. Otuz ildir qolu qandallı, sinəsi tapdaqlı Faiq Balabəyli poeziyası da Zəfər sevinciylə süsləndi:

 

Şuşa!

Mənim qoca şəhərim, mənim uca şəhərim,

neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!

Özümüzdən çox uzaq,

könlümüzə çox yaxın,

gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!

Axır ki, qayıtdıq, gözlərin aydın!..

 

Gözümüz aydın!!!

Bu il yubiley ili olan, ömrünün dəli-dolu çağlarını geridə qoyub, ahıllaşan, aqilləşən, ağırlaşan Faiq Balabəylinin poeziyasına yenidən nəzər saldım, düşündüm, qeydlər apardım. İlk olaraq diqqətimi çəkən o oldu ki, Faiq Balabəyli şeirlərini oxuyanda başqa-başqa şairlər yadıma düşmədi, kiminsə yaradıcılığını xatırlamadım. Sevindim ki, şair kimsəni təkrarlamır, kimsəyə bənzəməyə çalışmır, başdan-başa özüdür – özünün duyğuları, düşüncələri, arzuları və özünün yolu, izi var. Və bu çəhlimdə – yolda bir silsilə – “Məhbusun dəftərindən” olan şeirlər var ki, oxucunu dayanmağa, durmağa, dərindən düşünməyə vadar edir. Bu şeirlərdən ibarət dəftərin sahibi – məhbus elə şairin özüdür. Ən böyük əsərlər ən kiçik odalarda yazılır, ən işıqlı kəşflər ən qaranlıq guşələrdə həyata keçir. Faiq Balabəyli yaradıcılığında çox sevdiyim poetik nümunələr də cismin bağlı, ruhun azad olduğu bir yerdə yazılıb. Qollar bağlıykən ruhu qorumaq, onun azadlğını əlindən almamaq da hər kişiyə qismət deyil, buna görə də güclü iradəyə, mənliyə malik olasan gərək. Şair hər gün gözləriylə “dərdiyi” dustaq qızılgülləri görüşünə gələn qızına verir:

 

…anasının

əllərindən tutaraq

Oğlum və körpə qızım

görüşə gəlmişdilər.

Onda gözlərimlə yox,

Əllərimlə dərdiyim gülləri

Barmaqlığın o tayında olan

Qızıma verdim.

…Bunların heç ətri yoxdu ki,

Özləri də solublar, – dedi qızım.

 

Və o balaca, məsum qızcığaz başını qaldırıb barmaqlıqlar arasında olan atasına və tottuş əllərində tutduğu, ölümü ilə azadlıq qazanan qızılgüllərə bir də boylanır. Bu dəfə onun gözlərindən məsum bir sevgi, həsrətlə yanaşı, qorxu da oxunurdu. O qızcığaz atasının da barmaqlılar arxasında bu güllər kimi solacağından qorxurdu, çox qorxurdu…

Məhbus şairin dəftərindən “Axşamkı yağışdan sonra” şeirini oxuyuruq:

 

Axşamkı yağışdan sonra

Doğan Günəşin istisinə

Boy verəcək yamyaşıl otlar

Torpağın bağrını dələcək,

Yaşaya biləcəklərinə inanacaqlar…

 

O göy otlar, göy ağaclar, göy insanlar bilməyəcəklər ki, Günəşin istisinə dev atlar, dev əjdahalar, dev insanlar da göyərəcək və o göy otları, göy ağacları, göy insanları tapdalayacaqlar, əzəcəklər, öldürəcəklər…

 

Axşamkı yağışdan sonra

Küçələrdəki gölməçələrdə

…Qarışqa kimi qaynayacaq çömçəquyruqlar.

Böyümək istəyəcəklər,

Böyüyüb,

Qurbağa olacaqlarının

Fərqinə varmayacaqlar…

 

Və o böyümək istəyən çömçəquyruqlar, çömçəquyruq adamlar da bilməyəcəklər ki, böyüyüb özündən kiçikləri yeyən qurbağa, özündən zəifləri tapdalayan zalım, qaniçən olacaqlar…

“Axşamkı yağışdan sonra”nın doğan Günəşi ana obrazıdır. Ümumiyyətlə, analar bütün yaradıcı adamların əsərlərindən Günəş kimi boylanır. Bu isə ən ülvi hisslərin – sevginin, qayğının umacaqsız, təmənnasız olaraq yalnız analara məxsus olmasından xəbər verir. Bu şeirdə də bala üçün ürəyinin təpərini, gözünün yağını əridən, balası üşüyəndə üşüyən, balası yananda yanan ana oxucunu yandırır:

 

Axşamkı yağışdan sonra

Anamın fikri iki,

Gözləri dörd olacaq:

Aranı dağa daşıyacaq, dağı arana…

…bayıra çıxacaq isti otaqdan,

İslanacaq.

Üşüyəcək…

Və elə zənn edəcək ki,

Dustaq oğlu kimi durub yağışın altında –

Canını belə qızdıracaq…

 

***

Şairlər qoşmaları kimi dəli-dolu, təcnisi kimi ərköyün, bayatısı kimi kövrək, sərbəst şeirləri kimi azad, dağınıq olurlar. Şairlər gözəlliyə biganə qalmırlar, şairlər gözəllərin yanından fağır keçmirlər. Faiq Balabəyli də ta məktəb vaxtlarından gözəl qızlara biganə qalmayıb. Hətta özü də etiraf edir ki:

 

Gülüşdülər, qış çəkildi yaz oldu,

Baxışları işvə oldu, naz oldu.

Sevmədiyim sevdiyimdən az oldu,

Kəndimizin qızları…

 

Faiq neçə-neçə qızın saçlarına gül düzüb,  neçə-neçə qız oğrun-oğrun Faiqə baxıb, neçə-neçə qızın qəlbini oğurlayıb Faiq:

 

Çiçək dərib saçlarına

O qız taxdımı, taxdımı?

Oğrun-oğrun mənə sarı

O qız baxdımı, baxdımı?

 

Amma həyatında heç vaxt, heç yerdə unutmadığı, ürəyindən çıxarmadığı sevimli bir qadın olub:

 

Sən heç yaddan çıxmadın,

Sən heç unudulmadın.

Heca-heca dolandı

Dodaqda-dildə adın.

Ey sevimsiz odada

Xəyallardan çıxmayan

Sevimli qadın!

 

Bu qadın şairin anasının gəlini, ömrünün yarı, övladlarının anası, nəvələrinin nənəsidir. Gen günündə rahatlığı, huzuru, dar günündə – ürəyi cisminə, cismi barmaqlıqlar arasına sığmayanda doğmalarını, yaxınlarını axtaranda sevgisinə, qayğısına, xəyalına tapındığı qadın:

 

Sənin əlindən tutmaq,

hər şeyi unutmaq…

…yaralı quş kimi çırpınan

Sinənə sıxılmaq istəyirəm.

Məni heç kəs yıxa bilməz

Sənə yıxılmaq istəyirəm!

 

***

Dədə-babalarımızdan bizə (qanı, soyu arılara, durulara) ədəb-ərkan, böyüyə hörmət, kiçiyə mərhəmət, ata-anaya səcdə… kimi müqəddəs bir miras qalıb. Bu miras Faiq Balabəylinin oturuşundan-duruşundan göründüyü kimi, şeirlərindən də boy verir. Şair illər əvvəl vəfat etmiş atasından yenə də çəkinir, yenə də ona hesabat verir. Dünyasını çox erkən dəyişmiş qardaşı oğlu Vüsalın xatirəsinə yazdığı elegiyada Vüsaldan atasını soruşur və:

 

Baban sənə nə dedi,

Doyunca oxşamadığı

saçına əl gəzdirib

boyunu oxşadımı?

Sənin çalınmamış

Toyunu oxşadımı?

Qınadımı baban bizi?

Biz səni qoruya bilmədik,

Bağışlasın baban bizi…

 

qardaşının balasını qoruya bilmədiyi üçün atasından əfv diləyir.

Onu da qeyd edim ki, Faiq Balabəyli özü ilə dərdləşəndə, şeirlə həmsöhbət olanda,

 

Bu dünyanın çox üzü var,

Mənə düşən bu dörd divar.

Üz tutsam, göylər od tutar,

Əyilsəm torpaq yanacaq.

 

-         desə də, həyatda çox şən və nikbin birisidir. Şairin şeirlərini oxumasan, içini görməsən, onu dünyanın ən xoşbəxt, dərdsiz, ağrısız insanı sanarsan.

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Faiq Balabəyli ilə yoldaş olduq, şüşə ürəyimizin Şuşa qalasına,

 

Doyunca əyilib içdim suyundan;

Tamı tamahlandırdı, yumdum gözümü,

dadı damağıma köçdü, içimə çəkdiyim

havanı udmaq

geri qaytarmamaq… yordum özümü…

Qaratikanların, böyürtkənlərin

əlimi daladı, ovcumu, dizimi -

amma incitmədi, beləcə açıldı günüm, səhərim.

Dağların qoynunda məğrur dayanan

ismətli, namuslu gəlin Şəhərim!..

 

misralarıyla vəsf etdiyi Şuşa şəhərinə səfər etdik. Faiq Balabəylinin sözünə baxmayan, hər kiçik eyhamdan sözalan, dolan ürəyi yenicə əməliyyatdan çıxmışdı. Buna baxmayaraq, şair çox nikbin, şən, hərəkətli, xoşbəxt görünürdü. Deyəcəksiniz ki, başımıza gələn bu qədər faciələrdən sonra Şuşada kim şən, xoşbəxt olmaz ki? Bəli, həmin gün onun nikbinliyinin əsas səbəbi Şuşa olsa da, şair ümumən də şən və nikbin – içindəki ağrı-acını başqalarına yükləməyən,  başqalarının sevincinə kölgə salmayan, dərdini içində gizlədən adamdır…

 

***

Şeirləri bizə Faiq Balabəyli ömründən gün-gün, il-il söz açır.

 

Ucqar kəndimizin torpaq yolları,

Böyürtkən kolları, moruq kolları,

…yadıma gör nələr düşdü bu axşam…

 

Uşaqlıq xatirələrini qələmə alır, yenidən yaşayır o günləri və yaşadır…

 

Böyük qardaşımın kiçik köynəyin,

Bir daha əynimə geyməyəcəkdim.

 

Amma heç vaxt şair günü-gündən dəyişən, uzaqlaşan, soyuqlaşan kəndlərini unutmayıb:

 

Hər şey dəyişib, əzizim, hər şey.

İndi kəndimizdə

Kəpənək qovduğumuz vaxtlarımız olmadığı kimi,

Çay kənarında,

Otlaqlarda uçuşan

Rəngbərəng kəpənəklər də qalmayıb…

əriyib insanların üzünün təbəssümü…

 

Əziz Faiq Balabəyli!

Bu il sizin ilinizdir. Bu il ömrün bir durağında dərindən nəfəs alıb, ahıllığa doğru yenidən yol almaq ilidir. Mən bu mübarək il, mübarək yubiley münasibətilə Sizi ürəkdən təbrik edirəm və sizin öz dilinizlə deyirəm:

 

Xoş günlər, arzular hələ qabaqda,

Qönçələr açacaq yaşıl budaqda.

Deyirəm nə ola, ömür də baxt da

Həmişə üzünə qımışa sənin!

 

İradə Aytel

 

Ədəbiyyat qəzeti  2024.- 15 iyun, ¹22.- S.46-47.