Dost adam
Xudat Kəlbiyev Rusiyadan təqaüdə
çıxıb gələndə hələ əlli
yaşı tamam deyildi. Mayor bilmirdi ki,
bekarçılıqdan nə etsin. Nə qədər
yeyib-yatmaq, gəzinmək olardı. Tanışlar
hesabına Vəkillər Kollegiyasına yol tapdı.
Ancaq əvvəl çox çətinlikləri oldu ha. Hərdən
özünü sanki lap çıxılmaz meşədə,
qarışıq, gizli cəngəlliklər aləmində
hiss edir, qəlbən sıxılırdı. Bəzən
yanına gələn, ondan, işindən narazı olan
müştərilərinin incik, xoşagəlməz söz-söhbətlərini
eşidirdi:
- Bu ki,
lap keyin biridi, ə...
-
Savadsızdı...
- Necə
vəkil olub, ey?
-
Adamı var da...
- Bundansa
elə özüm öz hüquqlarımı müdafiə edərəm.
- Deyirsən
də.
-
Görmürsən, yazdıqlarını da oxumaq olmur.
- Polisdə
işləyib də.
- Polisdə
işləyənlərin hamısı belə
savadsızdır?
-
İşlərində var da.. Elə bunun kimi.
Həqiqətən
də, cüssəli, iri şaqqalı bir adam
olsa da, bir az kal, yöndəmsiz, işinin adını bilməyən
bir hüquqşünas təsiri
bağışlayırdı. Özü
demişkən, o, Polis Akademiyasını qurtarmışdı
axı. Orada da bu kimi ixtisaslar versələr
də, formal işlər idi də.
Onun çətinlik çəkdiyi, xüsusilə
mülki hüquq idi. Bu sahədə az-çox səriştəsi
olanların lap zəhləsini tökmüşdü. Bir
bəhanə ilə gündə onalara baş çəkər,
soruşardı:
- Tı
znayiş, çto takoy...
Belə suallar isə qurtarmaq bilməzdi. Özü də
daha çox əmlak məsələlərinə aid
olardı. Məhkəmədə isə
son vaxtlar daha çox elə belə mübahisələrə
baxılar, Xudatı çox pis vəziyyətdə
qoyardılar. Bəzən onun işdən, həyatdan
narazı səsi eşidilərdi:
-
Umirayu... Daha işlədiyim bəsdir. Bu gün hökmən ova getməliyəm.
Müştəriləri
gülümsəyər, qımışardılar:
- Bəxtəvər
başına... Mağıl heç olmasa
vaxtını öldürməyə məşğuliyyət
tapırsan.
- Hə...
- Bizi tərəfdə
yaxşı dovşan var. Oynaqlaşırlar ha...
- Donuz necə?
- Onlardan
da görmüşəm. İçlərində də iri
bir qaban vardı,
- Bir beləsi
mənə rast gəlmir də...
O gün
Xudatın bəxti onda gətirmədi də. Tərs
kimi bir balaca yeyib-içmiş, kefli idi. İri bir
dovşanı nişan almaq istəyirdi ki,
ayağının altındakı daş qaçdı,
sürüşdü, yerə yıxılıb, yamac boyu top
kimi dığırlandı. Lap körpə uşaq kimi
sızladı, ufuldadı:
- Ax...
çort... işə bax da...
Tanımadığı
bir çoban ona yaxınlaşdı:
-
Yavaş da... Ölmüşdün... Səndə baş var?..
Ona
çəpəçi baxaraq soruşdu:
- Nu
xvatit! Sən kimsən?!
- Mən...
pastux!
-
Oçen xoroşo...
-
Dovşan vuran deyildin, qoyunları hürkütdün.
- Ölməzlər...
Çoban
onun sözünə başını bulaya-bulaya gedəndə
gileyləndi:
- Ova gəlib...
Özü də dəm... Bu zəhrimarı bir az az içərəm
də..
- ...
-
Yaxşı ki, gülləni mən tərəfə
tuşlamadı.
- ...
- Bədbəxt
adamdı da.
Arxadan
Xudatın gileyli səsini eşitdi:
- Ey dost adam, mən vəkiləm... Advokat...
Tanıdınmı məni?!.
Həmişə yeni tanışlarına beləcə
müraciət edərdi.
-
Heç tanımaq da istəmirəm.
- Tupoy! Cındır! Sənin kimlər nə bilir hüquq vəkilləri
nə deməkdir? İşin düşəndə deyərəm
sənə!.. İlan dili
çıxararsan!..
Bu vaxt zəng gəldi.
O telefonu cibindən çıxarınca xeyli vaxt keçdi,
sonra da çaşıb, açmaq əvəzinə
söndürdü... Zəng ikinci dəfə gələndə
soyuq səs eşidildi:
- Ay əbləh,
bu telefonu aç da!
Vəkil
ona bozardı:
- Ey, əclaf
kimdi?!
- Elə
sən, telefonu niyə açmırsan?!
Vəkil
bu adamın qatı bir qatil olduğunu bildiyi üçün
sakitləşdi, gülümsədi:
-
Yaxşı, ağ eləmə,
sözünü de... Çaşdım, telefon söndü...
Həmin adam tanışlıq verdi:
- Bilirsən
də, mənəm... Vor zakon Valik...
Onun adı Vəli olsa da, belə
çağırırdılar.
- Alə,
tanıdım, xalası göyçək.
- Xalamla
işin yoxdur!
-
Anladım...
- Mənim
vəkilim olacaqsan...
Mayor onun meşədə şikəst, kimsəsiz
bir qızı zorladığını eşitmişdi. Ancaq
Valikin dirənməsini görüb dedi:
-
Yaxşı... Mən razı.
- Sənədləşdir...
Pulunu da köçür. Görüşəndə
haqqını verəcəyəm.
Vəkil
and-aman elədi:
- Belə
yox axı, dost adam...
- Ə, mən indi səninlə necə
görüşüm? Həbsdəyəm axı...
- Hə,
doğrudan...
- ...
- Sən
de, əmanəti gətirsinlər, dost adam.
- Pul
öldürməsin səni, verəcəklər də!
Borc belədi
də... Vəkil bir neçə dəfə
prosesdə, prokurorun yanında, müstəntiqin
otağında Valiklə görüşsə, onu dindirsə,
sorğu-sual etsə də, pul barədə bir söz demirdi.
İşarə vuranda da, alnını turşudur, onu
acılayır, deyirdi:
- Sən
nə iş görmüsən ey?! Hələ bir təmənna
güdür, pul istəyirsən?.. Tələsmə,
verəcəyik də...
- ...
- Birdə
ki, bu nə vəkillikdi?! Sən məni necə müdafiə
edirsən?!. Edəcəksən?!.
Xudat incik
halda dilləndi:
- Dost adam, bəyəm bu elə dəmir yol xəttidir
ki, elə düz getsin?! Əyri-üyrüləri, dolanbac
yolları var da...
- Məsələn...
- Zəif
nöqtə axtarıram sənin işində...
- Baho!
- Ziddiyyətli
fikirlər də ola bilər...
- Hə?!
- Bəli,
dost adam, işdə səhv də ola bilər.
Valik xəstə
adam kimi ona qabardı,
çığırdı, bağırdı:
- Sən
nə çərənləyirsən?! Mən qadınam ki, zərif,
zəif... Axtarırsan?!
- Yox ey, məni
başa düş, dost adam. Yəni incə
yeri də...
- Yenə
danışdı, dedi də! Məni cin atına mindirmə
ha!
-
İşdə ziddiyyətli fikir ola bilməz
məgər?!
- Çərlətmə
məni, daha qurtar.
- Səhv
hər işdə ola bilər!
Qanuni
oğru xəstə adam kimi inlədi,
isterikcəsinə donquldandı:
- Ay əclaf,
sən bunları neyləyirsən?. Mənə
alibi şəraiti yarat.. Sübut
elə ki, mən heç o gün meşədə
olmamışam.
Məhkəmə günü isə hər şey lap gərginlik
dərəcəsinə çatdı. Axı bir tərəfdən
də hələ də vəkilin pulunu verməmişdilər.
Yenə də cibinə bir şey qoysaydılar,
"özünü" ələ alar, səbirli olardı.
Pul xəstələrindən biri idi də... Onun
üçün peşə marağı çox az idi. Daha çox elə
dolanacaq, yeyib-içmək üçün
çalışır, maddi vəsait əldə etməyə
çalışırdı.
Belə olanda işləmək çox çətin
olur.
Yaxşı deyirlər ki, işindən zövq alan insanın həmişə üzü
gülər, ürəyi şad olar. Vəkilin
isə üz-gözündən lap zəhər
tökülürdü. Çox vaxt həmişə
belə olardı.
Düzdür, bu keyfiyyətlər daha çox onda elə
polislikdən qalma idi. Ancaq xidməti müddətində həmişə
belə olmamışdı axı. Əməliyyatçı
kimi üz ağartdığı vaxtlar da olmuşdu. Neçə qulduru, cinayətkarı həbs eləmişdi.
Birinə isə yazığı gəlib, himayədarlıq
etmiş, o da sonradan bu oğurluq cinayətindən xəcalət
çəkmiş, intihar etmişdi. Mayor yaxşı
xatırlayır o xanımı - Yelenanı... Bir
yastığa baş qoyanda necə də məzələnərdilər.
Poçtda işləyirdi. Oradan
xeyli pul çırpışdırmışdı. O isə
ilk gündən bu sarışın xanıma vuruldu. Elə düzüb-qoşdu ki, bu oğurluqda, guya ki,
onun təqsiri yoxdur. Otağa bir
başqası girmişdi. Bəli, onda həmin
xanım üçün əsl mənada alibi şəraiti
yaratmışdı.
Bir də itkin məktəbli qızı tapması. Onda da
ağır işdən sonra həvəslənib ova
getmişdi. Son vaxtlar möhkəm
içkilərdən - spirtdən, araqdan imtina edib,
çaxıra, konyaka yamanca aludə olmuşdu. İndi də yanında bir şüşə
yaxşı şirin çaxır vardı. Dovşandan, meşə xoruzlarından birini vurandan
sonra kabab çəkmək fikrində idi. Bəxtinə dovşan düşdü. Elə yenicə dovşanı soyub, ətini
doğramış, meşə ağaclarından düzəltdiyi
şişə kabab tikələrini çəkirdi ki, inilti səsi
eşitdi. Ətrafına nə qədər
diqqətlə baxsa da gözünə bir şey dəymədi.
Tərs kimi bu xoş payız günündə hava da bir qədər
soyuq idi, qar yağırdı... Birdən
altında əyləşdiyi gur budaqlı küknar
ağacından bir qoza yerə düşdü. Yuxarı baxanda yerində donub qaldı. Ağacların budaqları arasında bir qaraltı
görünürdü. Elə bildi ki,
ayıdır. Tərs kimi şirin çaxırdan bir qədər
içmiş, başı dumanlı idi... Yox, bu
heç də ayıya oxşamırdı. Zəif,
inilti səsi eşitdi:
-
Dya...dı...ya...
- ...
- Mən
itmiş qızam...
- ...
- Göbələk
yığmağa gəlmişdim...
İlahi, bu qəsəbə sakinlərinin neçə
gün bundan əvvəl axtardıqları altıncı sinif
şagirdi Veroçka idi. Səsləndi:
-
Doçka, qorxma, düş aşağı.
-
Düşə bilmirəm axı...
Cəld onu oradan düşürəsi oldu. Qız
neçə gün ac-susuz qaldığı üçün
zəifləmiş, üzgün bir vəziyyətdə idi.
Dərhal ona şirin çaxırdan verəsi
oldu. Etik qaydalara zidd olsa da. Sonra kababdan qarşısına qoydu.
- Xleb... Çörəyiniz yoxdur?
- Var, bu dəqiqə...
- Məni
axtarırdılar?..
- Bəli...
Qəsəbədən xeyli uzaqda idilər. Həmin gecə
tonqal başında, demək olar ki, meşədə gecəliyəsi
oldular. Hərdən qız söz-söhbəti ilə
onu qorxudur, diksdindirirdi:
- Dyadya,
smotri... O parlayan gözlər nədir?..
- İşıldaquşdur.
- Yox,
canavardır...
- Çaqqal da ola bilər...
- Ujas!..
- Bəlkə
də, tülküdür...
Səhər tezdən qəsəbəyə tərəf
gedəndə qızı arxasına almışdı. Hərdən onun
yıxılmasından ehtiyat edir, deyirdi:
- Boynumdan
yapış...
Qız
onu öpür, oxşayır, nazlanırdı... Onu tərifləyir,
öyürdü:
- Tı
xoroşiy dyadya.
Qəsəbədə ilk dəfə keşişlə
qarşılaşdı. Qızın valideynlərini
tanımırdı axı. Onu düzbir
kilsəyə gətirmişdi. Yol
üstündə, qəsəbənin mərkəzində
olduğu üçün bir andaca simsiz teleqraf öz işini
gördü. Valideynləri də gəldi..
Bilmirdilər ki, ona necə təşəkkür
etsinlər. Anası onu qucaqlayıb üzündən
öpdü: "Sən mənim qızımın
xilaskarısan!".
Bu isti münasibət sonralar da davam etdi. Qadın iş yerinə
gedib-gəlirdi. Bir gün də təsadüfən
çimərlikdə rastlaşdılar. Özünü
günə verirdi. Ondan əl çəkmədi.
Birlikdə çaya baş vuranda soruşdu: "Sən mənə
düzünü de, qızıma toxunmamışdın ki?
Onun sözlərinə əsəbiləşmiş halda
başını buladı: "Sən nə
danışırsan?! Mən polisəm, məktəbli qıza
təcavüz edəcəkdimmi?". "Şeytan
insanı yoldan çıxaranda, çıxarır da, - dedi.
- Sənin mükafatını mən verəcəyəm..."
Beləcə, o gün suyun içindəcə öz
borcundan çıxsa da, ərinin
soyuqqanlılığını görüb, ondan
uzaqlaşdı. Ərli qadın idi də... Ailə
münaqişəsinə yol vermək istəmədi. Ancaq qızı bu xeyirxahlığı unutmur, ona
xoş, şirin sözlü məktublar yazar, görüş
vəd edərdi.
...Məhkəmə
günü həyətdə xeyli adam,
xüsusi, yaddaqalan bir qələbəlik, canlanma vardı. Bəlkə də, oğru dünyasının
bütün adamları burada idi. Məhkəmənin
gedişində yenə də Valik sarsaqladı, lap ağ elədi. Onu söydü, təhqir elədi:
-
Svolıç! Adını vəkil qoymusan da.
Niyə dillənmirsən?! "Dost adam - dost adam..." Belə müraciətinlə
zəhləmi tökmüşdün...
- Ədəbli
ol!..
- Ədəbsiz
sənsən!.. Niyə bir iş görə
bilmirsən?! Kişinin oğlu polisdə işləyib, əməliyyatçı
olub, mayordu!.. Cinayət aləminin
cikini-bikini bilir!..
- ...
- Yox,
hamısı yalandı! Sən adicə bəbəsən,
yaramazsan...
İçəridəkilər
onun bu sözlərinə gülməkdən uğunub gedəndə,
hakim sakitliyi bərpa etmək üçün əlindəki
taxta çəkicini altlığına çırparaq dilləndi:
- Sakit
olun da! - Sonra müttəhimə üz tutdu, görürsən
də! Elə sənin haqqında haqlı cəza seçiblər!
Vəkilinə niyə bu sözləri deyib, onu
təhqir edirsən?!
Müttəhim
qımışdı:
- Ona
görə ki, o məni aldatdı. Pul versəydim belə etməzdi!.. Puldu, verəcəm də!..
Adam ölümüdü, gözləyə bilməzdi?!
Prokuror
pıkkıldadı:
-
İşə bax ha... Razborka gedir ki... Bunlar ki, dost idilər.
Müttəhim
hiddətləndi:
- Biz də
uşaq deyilik də!.. Belə işlərdə
baş ağartmışıq!.. Neçə
il stajımız var!.. Bir
alibi şəraiti yarada bilərdi də?! Mən həmin
gün orada olmamışam axı...
- Bayaqdan
onun beləcə yersiz söz-söhbətinə dözən
vəkil, daha özünü saxlaya bilmədi:
-
Alçaq, əbləh, vicdansız özünsən, əbəjdadındı!
Qatilsən də! Nə çərənləyirsən?!
Hakim səsləndi:
- Sakit! Mən
hələ sənə söz verməmişəm!
- Mən
də danışmalıyam, ya yox?!
- Bəli,
indi danış! Sən vəkilsən, müdafiəçisən,
bir qədər hövsələli, səbirli ol!
Vəkil
incik halda qeyzləndi:
- Bu
yaramazın, qatilin dediklərini eşitmədiniz?! Elə
bilir ki, buraya bir neçə dələduz
yığılıb, dünya onundur... Cinayətkarsan da?
alçaq, binamus! Şikəst qıza tamah salıb, onu
korlamış, bədbəxt etmisən!
Prokuror bu sözləri eşitcək gülməkdən
uğundu, başını buladı, hakim ona xəbərdarlıq
etdi:
- Cənab vəkil, bu nə hərəkətdi?!
Siz vəkilsiniz axı. Sizin bütün səyləriniz
müdafiə etdiyiniz şəxsin hüquqlarını
qorumağa yönəldilməlidir.
Vəkil
ağlar bir səslə dilləndi:
- Bilirəm!
Hakim, mən artıq cana doydum.
- Siz xəstəsiniz?!
- Yox, bu
bişərəfin təhqirlərinə dözə bilmədim!
Bir də ki... Halbuki mən Rusiyada meşədə
azmış məktəbli qızı tapıb, xilas edib, evlərinə
gətirsəm də, ona toxunmamışdım... Gecəni də
birlikdə keçirmişdik...
Beləcə, vəkil andına xilaf
çıxdığı üçün Xudat bu işdən
uzaqlaşdırıldı. Yuxarılara bunu kim
çatdırmışdı, qaranlıq idi. Prokuror,
yoxsa hakim?! Polis rəisi də ondan
narazı idi. Ondan incik düşmüş adamlar da
vardı... Özü isə eşidəndə,
tövrünü pozmadan dedi:
- Hə,
lap yaxşı oldu. Onsuz da lap cana
doymuşdum. Camaatın dərdini çəkmək
elə mənə qalıb? Əsəblərim də
pozulub... Kifayət qədər pensiya alıram da... Birtəhər
dolanarıq...
Əlisəfa Azayev
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.44.