Hayao Miyazakinin 10 möhtəşəm
əsəri
5
yanvar 1941-ci ildə Tokioda anadan olan rejissor, animasiyaçı,
prodüser Hayao Miyazaki, eyni zamanda yazıçı, ssenari
müəllifi və manqa rəssamıdır. Ziyalı və
zəngin ailədə böyüməsi onun yaxşı təhsil
almasına şərait yaradıb. Film və animasiya studiyası
"Studio Ghibli"nin
(1985) həmtəsisçisi olan rejissor usta hekayəçi
və anime bədii filmləri yaradan rejissor kimi dünya
şöhrəti qazanıb, ən böyük
animasiyaçılardan biri olaraq qəbul edilir.
Çəkdiyi çoxsaylı filmlərlə yüksək
gəlirlər əldə edən rejissor, eyni zamanda
böyük mükafatlar da qazanıb. Miyazakinin "Şahzadə
Mononoke" ("Princess Mononoke" - ing.) filmi ilk animasiya filmi
olaraq Yapon Akademiya mükafatlarında "İlin filmi" adına layiq görülüb. Bu film 1997-ci ildə
ekranlara çıxandan sonra Yaponiyada ən yüksək gəlirli
film olub. Filmin Qərb dünyasına
nümayiş etdirilməsi "Studio Ghibli" şirkətinin
də nüfuzunu artırıb. Rejissorun
2001-ci ildə çəkdiyi "Ruhlarla sovrulanlar"
("Spirited Away" - ing.) cizgi filmi Yaponiya film tarixində ən
yüksək gəlirli filmə çevrilərək, 75-ci
Akademiya mükafatlarının "Ən yaxşı anime
filmi" nominasiyasında Oskar mükafatını qazanıb.
"Külək qalxır" ("The Wind
Rises" - ing.) filminin nümayişindən sonra Miyazaki istefa
etdiyini, bir də bədii film çəkməyəcəyini
elan etsə də, yenidən sənətə qayıdaraq
2016-cı ildə yeni bədii filmi üzərində işləməyə
başlayıb.
Miyazakinin yaradıcılığında bəşəriyyətin
təbiət və texnologiya ilə əlaqəsi, təbii və
ənənəvi naxışların vəhdəti, incəsənətin
və sənətkarlığın əhəmiyyəti,
zorakı dünyada pasifist etikanın saxlanılması çətinliyi
mövzularının təkrarlanması xarakterizə olunur. Onun filmlərində
baş qəhrəmanlar çox vaxt güclü gənc
qadınlar olur, bir neçə filmlərində isə
antoqonistlər şübhəli xarakterlərlə təmsil
olunub. Miyazakinin əsərləri yüksək
səviyyədə qiymətləndirilib və müxtəlif
mükafatlara layiq görülüb. 2012-ci ilin
noyabrında o, mədəni töhfələrinə görə
Mədəniyyət adamı fəxri adına
layiq görülüb, 2014-cü ilin noyabrında isə
animasiya və film sahəsində təsirinə görə Fəxri
Akademiya Mükafatına layiq görülüb.
1965-ci ildə özü kimi animasiyaçı Akemi Ota
ilə ailə həyatı quran rejissorun Qoro və Keisuke
adlı iki oğlu var. Qoro Miyazaki də atası kimi animasiya
rejissorudur.
Hayao Miyazakinin ən möhtəşəm hesab edilən
10 animasiya filmini təqdim edirik.
1. "Ruhlarla sovrulanlar"
("Spirited away")
Tammetrajlı anime filmi olan "Ruhlarla sovrulanlar"
2001-ci ildə çəkilib. Büdcəsi 19 milyon
ABŞ dolları olan animenin gəliri 274.925.095 milyon dollar olub.
Animasiya "Studio Ghibli" tərəfindən
istehsal edilib. Animasiya Çihiro Oqino
adlı qızcığazın yeni evə köç əsnasında
rastlaşdığı qəribə hadisələrdən bəhs
edir. Balaca Çihiro ailəsi ilə
birlikdə bir qəsəbəyə köçərkən
atası avtomobilini səhv döngəyə salaraq başqa
yola girir. Bu yol onları həyəcan və
qorxu dolu macəralara aparır. Çihiro
atasını xilas etmək üçün qorxu dolu macəranın
içinə atılır və tamaşaçıları
da öz ardınca aparır. Tamaşaçılarda
dərin təəssürat yaradan, böyük həyəcanla
izlənilən film, Miyazakinin şah əsərlərindən
hesab edilir.
2. "Səmadakı qəsr"
("Castle in the Sky")
1986-cı
ildə çəkilən bu tammetrajlı anime də
"Studio Ghibli"nin məhsuludur. Gələcəkdə yaşanan macərada Laputa
adlı uçan ada ilə qarşılaşırıq.
Bəziləri oranı böyük hərbi
baza, bəziləri isə sonsuz xəzinəsi olan saray hesab
edir. Səma qəsri Laputa göylərdə
- buludların arasında, gözlərdən uzaqda yerləşir.
Bu sirli qalaya gedən yolu yalnız Şitanın
sehrli güclərə malik tumarı vasitəsilə tapmaq
olar. Tumar göy rənglidir və üzərində
qızılı simvol var. Saundtreklərindən tutmuş,
ofsunlayıcı dünyasına və hər bir incə
detalına qədər üzərində diqqətlə
işlənmiş filmi Miyazaki
yaradıcılığının ən yaxşı
nümunələrindən hesab etmək olar.
3. "Qırmızı donuz"
("Porco Rosso")
Bu
animasiya 1992-ci il istehsalıdır. Yapon dilində adı "Kurenay no Buta" ("Al
donuz") kimidir. Animasiyanın mövzusu belədir:
1920-ci illərdə Adriatik dənizində təkcə bir
pilot göylərin hakimidir. Sehrli qüvvələr tərəfindən
donuza çevrilən istedadlı pilot: Porko Rosso. Əsl
adı Marko Paqqot olan baş pilot Birinci Dünya müharibəsinin
iştirakçısı olub. Müharibə
bitdikdən sonra, İtaliyada faşistlər yararandan sonra Marko
özünü Porko Rosso adlandıraraq hökumətə hava
piratlarını yaxalamaqda kömək etməyə
başlayır. Animasiya Porkonun daimi
mübarizəsindən bəhs edir. Bu
animasiya filmi, təxminən 10 mükafat alıb və 5
nominasiyada qalib olub.
4. "Qonşum Totoro"
("My neighbour Totoro")
H.Miyazakinin 1988-ci ildə yaratdığı
tammetrajlı animasiya filmidir.
Anaları
xəstə olduğu üçün müalicə alan iki bacı, doqquz yaşlı Satsuki və
beş yaşlı Mey ataları ilə birlikdə başqa kəndə
köçürlər və evlərində onlarla bərabər
digər varlıqların da olduğunu anlayırlar. Balaca Mey evdə tək olarkən meşənin
yanında kiçik bir ruh görür. Kiçik
ruh onu böyuk ruhun, boyük ruh isə nəhəng Totoronun
yanına gətirir. Ardınca Satsuki də avtobus
dayancağında atasını gözləyərkən Totoro
ilə tanış olur. Bacıların
Totoro ilə tanışlığı onların həyatına
rəng qatmağa başlayır. "Qonşum
Totoro", ailə istiliyini, qonşuluğu və
bacı-qardaş sevgisini yaxından izləmək istəyənlər
üçün qaçırılmayacaq bir animasiyadır.
5. "Kikinin çatdırılma
xidməti"
("Kiki`s delivery service")
1989-cu ildə
istehsal edilən film rejissorun əksər animasiyaları kimi
"Studio Ghibli"nin məhsuludur. Bu "Studio Ghibli" tərəfindən
hazırlanan dördüncü filmdir.
Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on
üç yaşı tamam olmuş hər bir cadugər, cadugərlik
praktikası üçün evdən ayrılaraq bir il tək yaşamalıdır. Kiki
pişiyi Cici ilə birlikdə anasının verdiyi
süpürgəyə minərək cadugər olmayan başqa
şəhərə gedir. Kikinin, sadəcə,
uçmaq bacarığı olduğu üçün
özünəməxsus bir çatdırma xidməti verən
bir iş yaratmaq istəyir. İlk gündə bir
dükandakı qadına kömək edərkən elə həmin
qadının yanında yaşamağa və istədiyi
işi görməyə başlayan Kiki, bu şəhərdə çoxlu dostlar da qazanır.
Kiki özü üçün seçdiyi sahil qəsəbəsində
bəzən ilhamını itirəcək, bəzən tənha
qalacaq... Bütün bu ümidsizliklər əslində
yeni macəraların başlanğıcıdır.
Miyazakinin fikrincə, yapon gəncləri uşaqlıq
dövrünü başa vurduqdan sonra ailə
bağlılığı və azadlıq arasında
sıxışıb qalırlar. Bu film onlara həyatda
istədiklərini qazanmaq üçün güclü
olmağı, çox çalışmalı və özlərini
kəşf etməyi göstərir.
6. "Sıldırım qaya üzərindəki
Ponyo"
(Ponyo)
Balaca və sevimli yapon balığı olan Ponyonun ən
böyük arzusu insan olmaqdır. Bu ümidsiz xəyalı
onu macəradan-macəraya sürükləyəcək.
Ponyo bu əsnada,
beş yaşlı bir oğlanla - Soske ilə
tanış olur. Soske və anası
sıldırım qayanın üstündə dəniz mənzərəsi
olan evdə yaşayırlar. Soskenın
atası balıqtutan gəminin kapitanıdır və evdə
nadir hallarda olur. Soske ilə Ponyonun
dostluğu balaca balığın ən böyük xəyalının
gerçəkləşməsinə kömək olacaq.
Ətraf-mühit və dəniz çirklənməsinə
də diqqət çəkən bu sevimli animasiya film,
uşaqlara xitab edilən hekayəsi ilə incə ruhlu hər
kəsin zövqünü oxşamağı bacarır.
2008-ci ildə çəkilən tammetrajlı animasiya
filmi rejissorun "Studio Ghibli" istehsalı olan səkkizinci,
ümumilikdə isə onuncu filmidir.
7. "Şahzadə Mononoke"
("Princess Mononoke")
1997-ci ildə "Studio Ghibli" tərəfindən
istehsal olunan tammetrajlı animasiya filmi Yaponiyada ilin ən gəlirli
filmi olub, ümumilikdə 150 milyon dollar qazanc gətirib. Filmin rejissoru
olan H. Miyazaki, həm də ssenari müəllifidir. Rejissorun insanların təbiətə müharibə
elan etməsi mövzusunda olan əsərlərindən biridir
"Şahzadə Mononoke". Filmin əsas qəhrəmanı
Aşitaka bir gün meşədə gedərkən
"Meşə Tanrısı"nın
hamıya ziyan vuraraq irəlilədiyini görür və onun insanlara
ziyan vurmağının qarşısını almağa
çalışarkən o da lənətlənir. Ona kömək edə biləcək təkcə
"Meşənin ruhu"dur. Onu
tapmalıdır. İnsanın təbiət
ilə, təbiətin insan ilə savaşdığı bu
mübarizədə Aşitaka hamının ziyan
gördüyünü müşahidə etməkdədir.
Macəra, həyəcan dolu film rejissorun bu
mövzuda ən yaxşı animasiyalarından hesab olunur.
8. "Küləklər vadisindən
Navsikaya" ("Nausicaa of the Valley of the Wind")
Küləkləri
bir an olsun dayanmayan vadinin ümidli və mərhəmətli
bir şahzadəsi var: Navsikaya. Şahzadə
Navsikaya dünyada baş verən dəhşətli müharibə
səbəbindən zəhərli qazların təbii
yaşayış yerlərini məhv etməsindən sonra
öz xalqıyla birlikdə son qalan təmiz ərazidə
yaşamaqdadır. Canlı olan
bütün varlıqlarla ünsiyyət qura bilir və
dünyanı yenidən əvvəlki gözəlliyinə
qovuşdurmaq üçün ümidini həmişə diri
tutur. Rejissor bu filmində küləkli
vadidə yenidən insanın təbiətə
açdığı savaşı və qalibin məğlub
olduğunu göstərir.
9. "Haulun yeriyən qəsri"
("Howl`s moving castle")
Adi gənc qız olan Sofi bir gecə yaşlı və
pis qəlbli cadugər tərəfindən yaşlı
qadına çevrilir. Buna görə böyük ümidsizliyə
qapılır və tanınmayacaq halıyla
yaşadığı yeri tərk etmək məcburiyyətində
qalır. Yolda gördüyü qəsrə
sığınır, demə, qəsr Haul adlı bir sehrbaza
aidmiş. Haul da Sofi kimi eyni taleyi yaşayır və
onlar eyni məqsəd ətrafında birləşirlər. Qəsrin ətrafında başlayan müharibə səbəbiylə
həm öz ölkələrini müdafiə etmək, həm
də onlara olunan cadunu təmizləmək məcburiyyətindədirlər.
Tamaşaçıları göz qırpmadan
ekrana baxamağa məcbur edən bu filmin hər detalı incəliklə
düşünülüb, ustalıqla
ekranlaşdırılıb.
"Haulun yeriyən qəsri" "Studio Ghibli" tərəfindən
2004-cü ildə istehsal olunub. Miyazakinin dediyinə
görə, tammetrajlı animasiya filmindəki qəsrin
obrazı rus nağıllarından götürülüb.
10. "Külək qalxır"
("The wind rises")
2013-cü
il "Studio Ghibli" istehsalı olan
tammetrajlı film "Mitsubişi A5M" və
"Mitsubişi A6M zero" adlı qırıcı təyyarələrinin
yaradıcısı Jiro Horikoşinin həyatından bəhs
edir.
Hayao Miyazaki bioqrafiya janrında olan bu əsəri ilə
növbəti dəfə kino ilə
vidalaşdığını desə də, yenidən kinoya
qayıdaraq 2023-cü ildə növbəti animasiya filmi olan
"Oğlan və quş" ("The Boy and the Heron")
filmini çəkib. Bu filmi ilə 96-cı Akademiya
Mükafatlarında "Ən yaxşı rejissor"
nominasiyası üzrə ikinci Oskar mükafatını belə
qazanıb.
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.41.