Çətənə
kolu
Səhər-səhər
işə yeni gəlmişdi ki, növbətçi polis rəisin
onu gözlədiyini dedi. Zəfər Zəfərov dərhal
ikinci mərtəbəyə - kabinetə qalxdı. Zəfəri
görən rəis birbaşa mətləbə keçdi:
-
Deyildiyinə görə, Köhnə Yurd kəndində Bəsti
adlı bir qadın öz bağçasında çətənə
kolu əkib, becərir. Kənd yerində, həyətdə
narkotik əkmək hər adamın işi deyil... Xüsusilə
də, qadın xeylağının... Yəqin ki, hansısa dəstəyə
qoşulub, kimlərsə ona kömək edir. Nadimi də
götür, gedin, araşdırın.
-
Oldu! - Zəfərov qapıdan güllə kimi
çıxdı.
...Köhnə
Yurda çatmışdılar. Soraqlaşıb Bəsti
arvadın evini də tapmışdılar. Rəngsiz, paslı
darvaza yarıörtülü idi. Döymədən, geniş
açıb həyətə girdilər. Bünövrəsi
daş, yuxarısı kərpicdən hörülmüş,
kürsülü, köhnə evin əkin yerinə, bağ
yerinə bölünmüş böyük
bağı-bağçası vardı. Yayın əvvəli
olmasına baxmayaraq bostan da, ağaclar da saralmış
yarpaqlarla dolu idi. "Su həyatdır!" - deyənlər heç
də yanılmayıblar....
Yaşlı
qadın əkin yerində bardaş qurub oturmuşdu. Sanki qiymətli
bir əşyanın keşiyini çəkirdi.
-
Salam, ay nənə! Nə iş görürsən? - Zəfərov
qadının qarşısına keçdi.
Bəsti
başını qaldırıb sakit-sakit polislərə
baxdı... deyəsən, ağlamışdı... gözləri
qan çanağı idi.
-
Xeyirdimi, qadanızı alım?
-
Deyirəm, nə əkmisən belə?
-
Heç nə, bala. Su olmayan yerdə nə əkmək olar
ki... Əslində hər şey əkmişəm...
Badımcan, kartof, lobya, xiyar... hərəsinin üstündə
bir-iki məhsulu da var... Amma tağları su dərdindən
quruyub tökülür... Heyif mənim zəhmətimdən...
Hər il belədi... Yağış olsa, yenə bir az məhsulumuz
olur... olmasa, bax, beləcə yanıb kül olur...
- Bəs
bunlar nədir, ay nənə? - Zəfərov çətənə
kollarını göstərdi. - Bir, iki, üç... on dənə
çətənə koludu. Bunları necə sulayırsan bəs,
yamyaşıldı...
- Hə,
bala, onu vedrəynən su daşıyıb sulayıram. Bax, bu
vedrəynən... Təzə sulamışam... eləcə
yorulub oturmuşam... - qadının səsindən sonsuz
ağrı, acı, hüzn, kədər süzülüb
axırdı... Polislər bir-birinə baxdılar. Nənənin
deyəsən, bu bitkinin narkotikə aid olduğundan xəbəri
yoxdu. Bəlkə də narkotikin özünün nə
olduğunu bilmirdi. Yoxsa, belə sakitcə
danışmazdı. Elə bil, adi badımcandan, kartof bitkisindən
danışırdı. Zəfərov bir az sakit, amma kəskin,
bir az da qorxulu səslə danışmağa başladı:
- Nənə,
bu bitkini əkmək qanunla qadağandır!
- Niyə,
bala? - Qadın onun səsinin tonundan bir az üşəndi də.
- Ona
görə ki, bu bitki narkotikdir, narkomaniyanın
yayılmasına səbəb olur. Gəncləri zəhərləyir,
özündən asılı vəziyyətə salır, xəstə
edir...
-
Oğlum, neçə yaşın var? - Qadının
sualı polisi çaşdırdı.
-
Otuz... amma nə dəxli var, ay nənə?
- Mənim
də altımış beş. İki dəfə səndən
böyüyəm... sən anadan olanda mən tibb
işçisi işləyirdim...
-
Olsun, nənə. Rəis mənə tapşırıb ki, bu
kolları məhv eləyim.... sizə də xəbərdarlıq
edim... əks halda, həbs olunarsız: beş ildən on ilə
kimi... - Nadimə baxdı. Bir
anda Nadim kolları kökündən qopardıb otluğa
atdı... və onlar sürətlə darvazadan
çıxdılar...
Maşına
minəndə Zəfərov: -Yaxşı qurtardıq, ha.... -
çiynindən ağır yük
götürülmüş kimi dilləndi. - Mən elə
bildim arvad hay-həşir salacaq... səsi də
çıxmadı.
-
İmkan oldumu, səsini çıxartsın? Bəlkə də
şoka düşüb indi! - Nadim bərkdən
güldü...
Qadın
doğrudan da, bir anlıq şoka düşdü.
Gözünü, ümidini bu kollara dikmişdi. Pulunun bir hissəsini
də almışdı... Nəvələrinin
pal-paltarına, məktəb ləvazimatlarına xərcləmişdi...
İndi bu kollar məhv olsa, o da məhv olacaqdı... Bu boyda
bağ-bağça kor olub gedirdi... Nə meyvəsi, nə
bostanı qaldı... Halbuki bu bağın mer-meyvəsi ilə
böyümüşdülər... Atası da, babası da
burda çətənə, küncüt... kətan... daha nələr
əkməyiblər... Sovet dönəmində çörək
bişirənlər çətənə toxumunun
üstündə dava salardılar... İndi on kol
üçün ona on il iş oxuyurdular???... Noldu? Bu
dünyanın nizam-tərəzisi niyə pozuldu? Nə dəyişdi?
Dünyanı, insanları nə dəyişdirdi belə? -
Qadın qalxıb kökündən
çıxarılmış çətənə kollarını
yenidən əkmək üçün bağın başqa tərəfində
yer hazırladı. Səliqə ilə əkib suvardı.
Üzərinə bir-iki budaq atdı ki, diqqəti cəlb eləməsin.
Qayıdıb yenə oturdu. Nə edəcəyini bilmirdi. O,
yaşamaq üçün, dəryanın ortasında
boğulmamaq üçün saman çöpündən yapışmamışdı
ki? Bununla hara qədər gedəcəkdi? Onun nənəsi də,
anası da xalq təbabətiynən məşğul
olmuşdular. Çətənə toxumundan, reyhandan,
yarpızdan, nanədən, gicitikandan, baldırğandan, həmənköməncindən,
daha nələrdən məlhəm, dərman
hazırlayırdılar.... Ölü içsəydi, dirilərdi...
Bu kolları da bir oğlan gətirmişdi... Atası
ağır xəstə olan bir oğul: - Onun
ağrılarını azalt, bir az ömrünü uzat, yata
bilmir... heç morfi də kömək eləmir... -
demişdi və ehtiyacın içində boğulduğu
vaxtda ona pul da vermişdi... İndi o bütün qüvvəsilə
çalışıb o məlhəmi hazırlamalı, ən
azından, borcundan çıxmalı idi... Əlbəttə,
aman-imkan versələr... - Bəsti arvad yerindən qalxdı,
bağa, çətənə kollarına tərəf bir də
baxdı. Elə ağlamaq, hönkürmək,
bağırmaq-çığırmaq istəyirdi ki... Niyə
bu duruma düşdü? Niyə dünyası qaraldı? Niyə
ailəsi dağıldı?.. Pis-yaxşı, iki oğul
böyütmüşdü, axı. Ərini, böyük
oğlunu Qarabağ hadisələrində itirdi... Qalan bir
oğlunu tez evləndirdi ki, evdəki boşluğu doldursun,
gedənlərin əvəzi gəlsin dünyaya... olmadı...
Oğlu iş dərdindən Rusiyaya getdi, qayıtmadı. Gəlin
də iki uşağı onun üstünə atıb
Türkiyəyə ərə getdi... İndi bu yaşında
yenidən, təkbaşına iki oğul
böyüdürdü... Onları bu gedişlə, bu çətinliklərlə
boya-başa çatdıra biləcəkdimi?
Hadisədən
bir neçə həftə keçmişdi. Zəfərə
rəisin onu çağırdığını dedilər.
Kabinetə qalxdı. Kişi onu təəccüblə
süzdü:
- Zəfər
Zəfərov! Sənə bu adı kim qoyub?
- Cənab
rəis, babamın adı olub. Hansısa bayramda doğulub...
Necə bəyəm?
-
Basdırdığınız ölü yaman tez dirilib?
-
Anlamadım, rəis?
- O Bəsti
arvadın çəltik kolları bar verməyə
başlayıb...
- Ola
bilməz! Biz onu kökündən qoparıb atdıq!
-
Yenidən o köklə əkmək olmazdı?!
- Nə
danışırsız? Ola bilər?
-
Olub ki, indi də bar verir də... Bu qadın bizimlə
"çiling-ağac" oynayır, ya "Gizlən-paç",
ya "Qaçdı-qovdu"?
-
Bilmirəm ki... İndi nə məsləhət
görürsüz? Nə edək?
-
Polislərdən bir neçə nəfər götür,
gedin, kolları yandırıb məhv eləyin,
özünü də həbs eləyin. Qərarı məhkəmə
verər!
- Rəis,
onun himayəsində iki məktəbli oğlan
uşağı var... Valideynləri yoxdu.
-
Uşaq evlərindən birinə təhvil verərik. Gedə
bilərsən!
...Zəfərov
dəstəsilə Bəsti arvadın həyətinə girəndə
sürprizlə qarşılaşdı. Qadın bir əlində
yanan zopa-məşəl, digərində benzin dolu qab
eyvanda-pilləkanın başında dayanmışdı.
Əlləri əsirdi. Heç özündə-sözündə
deyildi. Hər dəqiqə yanğın ola bilərdi.
- Gəlmisiz?
Bilirdim gələcəksiz... Amma... yaxına gəlməyin!
Evi də, uşaqları da, özümü də onsuz da
yandıracağam! Sizin də canınız qurtarsın, bizim də...
Bizimçün yaşamağın yolları bağlanıb,
demək... Olsun, bala... Uzaqdan baxın, bir ailənin necə məhv
olduğunu gözünüzlə görün...
Səs-küyə
qonşular, yoldan keçənlər həyətə
doluşmağa başlamışdı. Çəpərdən
aşan kim, ağaca dırmaşan kim... Qonşu Fatma gələndə
Bəsti artıq aynabəndə, pilləkənlərə
benzin səpirdi. Tez nəvəsini harayladı, - Əliii,
qaç Camal müəllimi tap gətir! Denən
maşınla gəlsin, tələssin!
Zəfərov
işlərin "şuluq" olduğunu görüb Nadimə
baxdı: - Yaxına getmirik. Nəsə olsa, bizim
üstümüzdə qalacaq. Sən Fövqəladəyə
zəng elə, yanğınsöndürənlər gəlsin.
Qarayev, Təcili yardıma zəng elə, Ambulans göndərsinlər!
Sarıyev, rəisə zəng elə, əlavə qüvvə
göndərsin, kənd caamatı ilə qarşıdurma ola
bilər.
Az
sonra kəndin girişi, çıxışı
bağlandı. Yeni gələn polis qüvvələri yolboyu
kəndi mühasirəyə aldı. Təcili yardım
maşını vahiməli səsiylə darvazanın
çölündə özünə yer eləyib
dayandı. Daha sonra yanğınsöndürənlərin
susuz maşınları fövqəladə səsləriylə
özlərinə mövqe seçdilər. Əgər su
tapsalar, darvazanın üstündən həyətə
fışqırda bilərdilər. Zəfərov son
tapşırığını verdi: - Müdaxilə etmirsiz.
Yalnız diqqətlə izləyirsiz. Üstünə getməyək,
bir az gözləyək, görək, nə olar...
Nisbi
sakitlik yaranmışdı. Kənd camaatı nə edəcəyini
bilmirdi. Polislərin olduğu yerdə nə edə bilərdilər
ki... Əslində kənddə qadınlardan, uşaqlardan və
qocalardan başqa kimsə yox idi. Cavanlar, orta yaşlı
kişilər iş üçün dünyaya səpələnmişdilər...
Bəstinin oğlu kimi...
Qadının
əlindəki qabda benzin qurtarmışdı. Evi, ətrafını,
demək olar ki, benzinlə suvarmışdı. Sol əlindəki
yanan zopa-məşəli indi yerə atmaq kifayət idi ki, bir
anda hər şey-içi özü qarışıq od tutub
yansın. Başını qaldırıb tamaşaya
yığışan adamlara baxdı, hədəqəsindən
çıxmış gözlər.... Əlləri havada nəsə
deyənlər... Bağlı qapı arxasında, evin pəncərəsindən
əl-qol ata-ata ağlayan nəvələri... Səsləri
eşitmirdi... sanki səssiz filmə baxırdı...
"Yanmağına hər şey dərhal
alışacaqdı..." - qadın şüuraltı
düşünürdü. - "Amma onlar ölməyə
bilərdilər... ömürlük şikəst
olardılar..." Məşəl qadının əlinə
yapışmışdı elə bil. Yerə ata bilmirdi...
Əlləri elə sıxılmış, elə qurumuşdu
ki, sözünə baxmırdı... Ayaq üstə
dayanmağa da taqəti qalmamışdı... yıxılmamaq
üçün divara söykəndi...
Təqaüddə
olan Camal müəllim - kəndin keçmiş sovet sədri,
məktəb direktoru darvazaya çatmamış
maşından düşdü. Köhnə kişilərə
xas zəhmlə qışqırdı:
-
Dağılın, burdan! Çıxın, həyətdən!!!
- Səsi darvazaya dəyib əks-səda verdi.
Əvvəlcə
uşaqlar, sonra qadınlar qaça-qaça həyətdən
çıxdılar. Özünü ayaqüstə qurumuş
Bəstiyə yetirdi. Yumşaq səslə, - a Bəsti, bu nədi?
İndiyə kimi sənin səsin çıxmayıb bu kənddə,
sən neyləyirsən? - Qadının
sıxılmış əlindən məşəli güclə
çəkib aldı və həyətin ortasına atdı.
- Sən bu tifil nəvələrini niyə qan-bağır
edirsən? - Qadın yerə çökdü. Gözlərindən
yaş sel kimi axmağa başladı... Camal kişinin səsini-sözünü
eşitmirdi... Amma özünü görürdü... elə
bil ölüm ayağında atası özünü
yetirmişdi... demək, onu xilas edəcəkdi...
- A
Fatma, a Telli, - qonşu qadınları səslədi, - gəlin
buraları yığışdırın, nefti təmizləyin.
Bəstini də evə aparın, sakitləşdirin. Bir
yaxşı da çay hazırlayın, gəlirəm. A
Mustafa, - bu dəfə üzünü yəqin ki, səs-küyə
gələn kəndin dükançısına tutdu, - nə ərzağın
varsa, hərəsindən 3-5 kilo çək, gətir bura,
indi qayıdıram. - Cərgə ilə
düzülmüş polistlərə yaxınlaşdı, -
komandiriniz kimdi? - Zəfərov irəli çıxdı. -
Polisləri tez burdan çıxardın!
- Rəisin
əmridir, ağsaqqal, mən bacarmaram.
- Rəisini
telefonla yığ, ver mənə.
- Cənab
rəis, kəndin ağsaqqalı sizinlə danışmaq istəyir.
Yaxşı... Buyurun, Camal müəllim.
Kişi
telefonu alıb sakit, amma hökmlü səslə dedi:
- Rəis,
yanlışlıq, anlaşılmazlıq olub. Xahiş edirik,
polisləri kənddən çıxardın!
-
Ağsaqqal, o qadın həbs olunmalıdır! Nəvələri
də uşaq evinə göndərilməlidir!
-
Dedim ki, yanlışlıq olub! Məsələni
böyütməyin! Şişirtməyin!
-
Araşdırmışıq...
-
Yaxşı araşdırmamısınız, rəis! Bizim kənddən
indiyə qədər namərd, nakəs, mərdimazar, qatil,
narkoman çıxmayıb!.. Bundan sonra da çıxmaz,
inşallah! Ətrafına yaxşı bax. Gör, səni bu vəziyyətə
salanlar kimlərdi? Məqsədləri nədir? Əvvəla,
o qadın təhsilli tibb işçisidir, çətənə
kolundan məlhəm-dərman hazırlayır, narkotik yox!
İkincisi, yaşlı qadın həbs olunsa, ya orda şəraitə
dözməyib öləcək, ya da düşdüyü bu
duruma dözməyib intihar edəcək...
Üçüncüsü, o uşaqlar böyüyüb
uşaq evindən çıxandan sonra mütləq bu kəndə
qayıdacaq. Yeganə ümid yeri olan dağılmış
evlərini görəndə, nənələrinin həbsdə
öldüyünü eşidəndə səbəbkarların
məhv edilməsi üçün
çalışmayacaqlarına kimsə zəmanət verə
bilməz!.... Demək, bu kənd üçün biz uşaq
evində iki real düşmən - qatil böyüdəcəyik!
Üç-beş çətənə koluna görə buna
dəyərmi? O sərt qanun əsl narkomana, qatilə tətbiq
edilər, nəvələrini saxlamaq üçün
dişiylə, dırnağıyla yer qazan nənəyə
yox! İndi, ya polisləri geri çağırırsız,
ya da Bakıda olan lazım adamlara zəng edirəm, məlumat
verirəm, məsələni prezidentə
çatdırırlar! Sonrasını özünüz
düşünün...
Yaxşı...
- rəis hikkə ilə razılaşdı... Camal müəllim
telefonu qaytarıb nəvəsini səslədi: - Həsən,
uşaqları da götür, darvazanı çöldən
bağlayın, həyətə kimsəni buraxmayın.
Özünüz də buralarda olun... - Hələ də hadisələri
qeyri-ixtiyari izləyən polislərə tərəf
çönüb əlavə elədi: - Bu
yanğınsöndürənləri, Təcili yardımı
kim çağırıbsa, yola salsın. Polislərin
komandiri, bələdiyyənin sədri, İcra nümayəndəsi,
bizə gedirik, söhbətimizi orda sakitlikdə davam etdirəcəyik.
- Özü maşınına minib qabağa düşdü.
Camal
müəllimin həyətinə girəndə hər kəs
dərindən nəfəs aldı. İkimərtəbəli,
aynabəndli, üstü kirəmitli, göz oxşayan ağ
ev idi. Al-yaşıl həyət gül-çiçəyə
bürünmüşdü. Əsl kənd həyəti idi.
Bağdan əsən xəfif meh gül-çiçəyin cənnət
qoxusunu da gətirirdi. Kölgəlikdə - üzüm
çardağının altında qoyulmuş stolun ətrafında
cəm oldular. Camal kişi xanımını səslədi:
- Ay
Zəriş, bizə dədə-baba çayı hazırla.
Mixəkli, zəncəfilli, kəkotulu....
-
Çay hazırdı, ay Camal, bildim ki, qonağın olacaq...
indi gətirirəm...
- Gətir,
evimin dirəyi! Halaldı... Havanın qoxusundan, fövqəladə
vəziyyətdən, üzümü görmədən məni
başa düşənim!
Şanı
balla çay ortaya gələndə Camal müəllim yenə
tərifə keçdi:
- Bu
çayı içənlər ən azından on yaş
cavanlaşar! Ürəyindən kin-nifrət gedər, əvəzində
məhəbbət dolar... Ömrü uzanar!
Doğrudan
da, isti havada, gərgin, çətin, ağır, qorxulu vəziyyətdən,
boğazı da, dili-dodağı da qurumuş haldan
çıxıb, birdən-birə cənnət kimi bir yerdə
şanı balla çay içmək dünyaya təzədən
gəlmək demək idi... Deyir, yaxşı işdən
gül iyi gələr, pis işdən fəlakət qoxusu!
- Ay
Zəriş, balı bol elə ki, dilimiz bu gün daha çox
şirin olsun!
Nəhayət,
Camal kişi söhbətə polislə başladı:
- Siz
elə bir günah eləmisiz ki, bunun ağrısı
heç vaxt keçməyəcək. Qadın bəlkə də
bağışlayacaq... amma uşaqlar... Onlar elə
böyük travma alıblar ki... çətin ki, unutsunlar.
İndi günahınızı necə yuya bilərsiz? Mən
deyim, sən yadında saxla və rəisinə də
çatdır. Bəstinin bir oğlu on-on beş ildir Rusiyaya
işləməyə gedib. Elə o vaxtdan da səsi-sorağı
kəsilib. Günü sabahdan rəisiniz Rusiya və Ukraynada
onu axtarışa versin. Birinci növbədə, həbsxanalarda,
xəstəxanalarda, qəbirsanlıqlarda axtarsın.
Çünki qafası salamat olsaydı, çoxdan evinə
qayıtmışdı... Demək, nəsə olub. Ya həyatda
yoxdu, ya da həbsxanada, nə bilim, xəstəxana
küncündədi... Kim bilir?..
-
Yaxşı... Çatdıraram və sizi də hər
addımdan xəbərdar edərəm.
-
Gözləyəcəm...
***
...Bəsti
arvadın həyətində qələbəlik idi.
Qonum-qonşular gözaydınlığına gəlmişdilər.
Danışırdılar ki, sən demə, oğlu sağ
imiş. Həbsə düşübmüş, sənədlərini
itiribmiş... Rusiyanın küçələrində
dolaşırmış... Bizim Azərbaycan polisi onu axtarıb
tapıb. Xızır İlyas kimi dadına çatıb.
İndi sənədlərini hazırlayırlar... Ayın
axırına kimi gələcək...
...Bəstinin
sevinci yerə-göyə sığmırdı... Evdə
ustalar işləyirdi. Aynabənd, darvaza rənglənməli
idi. Ustalara Camal kişi özü göstəriş verirdi...
...Bu
payız günlərində Bəstinin bağçası
yazı xatırladırdı. Barlı-bəhərli
yaşıl ağaclar üzə gülürdü. Həyətdə
əkilən güllər tabaq-tabaq açılmış,
göz oxşayır, könül açırdı. Günəş
də erkən oyanmışdı. Göy üzündə elə
gülümsəyirdi ki... hər kəsin üz-gözünə
bu təbəssümdən pay düşmüşdü!
...Qonşu
Fatma hamının eşidəcəyi səslə dua edirdi: -
Yaradan heç bir eli-obanı, kəndi-kəsəyi, ailəni
başsız, böyüksüz, ağsaqqalsız qoymasın!
Allah Camal qardaşa da uzun ömür versin, bu kənddən əskik
eləməsin! Amin!!!
-
Deyirəm, ay Fatma, vallah, Camal kişi kimi ağsaqqaldan hər
kəndə, obaya lazımdı. Yoxsa, vəzifəlilər vəzifəsindən
qorxub kəndin, xalqın dərdini yuxarılara
çatdıra bilmir ki... - Telli də ürəyindən
keçənləri dilə gətirdi. - Amma bu gün
çox gözəl gündü! Günəş də, elə
bil, həmişəkindən çoox parlaqdı,
işıqlıdı, istidi, doğmadı!!!
...Məktəbdən
qayıdan nəvələr nənəni
qucaqlamışdılar: - Atamız doğrudan gəlir, hə,
nənə?!
Sentyabr 2023
Bahar Bərdəli
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.38-39.