O Seyran Səxavət və bu
Seyran Səxavət...
Seyran Səxavətin hansı əsərlərini
oxumusunuz, bilmirəm. Hansını onun şah əsəri
hesab edirsiniz, bunu da bilmirəm. Ancaq mənə görə
Seyran Səxavət özü Allahın sözbəsöz
diqtə etdiyi və millətimizin də qələmə
aldığı şah əsərdir.
Qarabağ torpağında yazılmağa
başlamış, sonrakı fəsilləri Bakıda, Azərbaycanın
hər yerində yazılmış bir möhtəşəm ədəbi
şedevrdir Seyran Səxavət. Yeni fəsilləri hələ
də yazılmaqda davam edir...
Elə yazıçılar, elə qələm
adamları var, sözün namusuna toxunur. Sözün ismətini
ləkələməkdən sanki həzz alır. Sözü
öz şəxsi, "bədii" şəhvətinin
qurbanına çevirir. Sözlə lakey kimi davranır.
Seyran Səxavət isə, əksinə,
Sözün namusunu qoruyur. Sözü yerdən qaldırıb
öpüb gözünün üstünə qoyur. Ramiz
Rövşən demişkən, Sözün tozunu alır.
Silib, təmizləyir, hisdən-pasdan arındırıb,
ürəyinin üstündə, dilinin ucunda saxlayır. Yeri
düşəndə o Sözü layiq olduğu o təmiz,
ağ vərəqlərə bükür, üstünə
Ədəbiyyat "markası" yapışdırıb,
Əbədiyyətə pay göndərir.
Yaxından tanıyanlar, dərindən bələd
olanlar yaxşı bilir: Seyran Səxavət həmişə
sözünün ağasıdır. Amma Sözün
ağası deyil.
Bəziləri kimi Sözə nökər kimi
baxmır, qul kimi rəftar etmir. Sözlə dostluq edir,
sirdaşlıq edir. Yeri gələndə ata qyğısı
göstərir, yeri gələndə qardaş sevgisi. Sözə sevgili kimi baxır; Sözə vurulur,
sevir-sevilir, "sevişir". Bu "ədəbi
izdivac"dan sağlam və güclü, ağıllı və
əxlaqlı "balalar" - romanlar, povestlər, hekayələr,
pyeslər, şeirlər doğulur. Nur topu kimi
oğlan-Söz. Su sonası kimi
qız-Söz.
Seyran Səxavət özlüyündə ədəbiyyatımızın,
mədəniyyətimizin şah əsəridir. Seyran Səxavət
dil təfəkkürümüzün başına gələn
ən qeyrətli hadisədir. Seyran Səxavət ana
dilimizin düzgün işləyən "təmizlik
qurğusudur", millətinin dərdlərinin süzgəcidir.
Mən necəsə bir dəfə ustad sənətkar,
kinorejissor Ramiz Həsənoğluna bir "poetik"
cızmaqara həsr etmişdim. Orda belə bir bənd vardı:
"Allahın
yarım qoyduğu
Filmin ardını çəkirəm.
Dünya
çoxdan dəli olub,
Mən də dərdini çəkirəm".
Seyran Səxavət də, bax, çoxdan dəli
olmuş bu dünyanın dərdini çəkən
azsaylı "yaradıcı dəliqanlıların" ən
ağıllısıdır. Dəli-dolu və
ağıllı...
Seyran Səxavəti çoxdan görmüşdüm. Doxsanıncı
illərin axırında, iki mininci illərin əvvəlində.
Əvvəl də, sonra da.
Gözlərində bulanıqlıq var idi. Üzündə
tutqun hava əsirdi. Səsi indikindən
qısıq səslənirdi. Sözləri
yarımçıq, fikirləri alaçiy
çıxırdı. Gülüşləri
"günahkar"gəlirdi. Seyran Səxavətin
üzündəki adam adamların
üzünə baxırdı, içindəki insan insanlardan
qaçırdı sanki. Çox fərqli idi o
Seyran Səxavət bu Seyran Səxavətdən. Dünən,
tutaq, Bakıda "Şuşa" restoranında oturub
dostları ilə yeyib-içib, dərdləşən,
Şuşasızlıqdan kədərlənən Seyran Səxavətlə
bu gün Şuşadan -Cıdır düzündən
bütünləşmiş ölkəsinə baxıb
qürurdan qəhərlənən Seyran Səxavət
arasında Yerlə Göy qədər fərq var.
Bu gün baxıram, üzündəki duman da
dağılıb gedib, gözündəki buludlar da sovrulub,
çəkilib. Daha sözləri də bütövləşib.
Gözlərinə işıq gəlib. Səsi də əvvəlkindən gur
çıxır.
Kim azad olunmuş Qarabağı görmək istəyirsə,
Seyran Səxavətdən yaxşı "bələdçi
büroşürü" tapa bilməz. Seyran Səxavət
ayaqüstə gəzən Ərgünəş silsiləsidir,
Kirs zirvəsidir. Danışan
Cıdır düzüdür. Yeriyən
Laçındır. Canlı Qarabulaqdır,
Şuşadır, Xankəndidir. Boyu uzunu Kəlbəcər
dağlarıdır. Nəfəs alan, yaşayan
Qarabağdır.
Qarabağın yenidən doğuşu ilə
sanki dünyaya Seyran Səxavət də yenidən gəlib.
Bu, əsl Seyran Səxavətdir. Bu Seyran Səxavəti
gözləyirdim. Əsgərimiz azad etdiyi Qarabağdan mənə,
bizə Seyran Səxavəti yenidən bayram hədiyyəsi
olaraq göndərib. Göndərib və ona deyib:
"Yağlıvənd balası, o müqəddəs
Sözün xətrinə səni yetmiş səkkiz yaş
cavanlaşdırmışam, get, bir ömür təzədən
yaşa...
Bahəddin Həzi
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.39.