Zəfər bizim zəfərdir
Müharibənin ilk günlərindən cəbhədə
olmuşam. Bizim dəstə çox yüksək şəkildə
hərbi biliklərə malik dəstələrdən idi.
Bizim hərbi taktikamız, döyüş
manevrlərimiz, düşmən üzərinə yerimə
taktikamız, mühasirəyə düşmək
ehtimalının çox olmasından doğan
özünü müdafiə imkanlarımız - hər
şey özümüzə həvalə olunmuşdu. Arxadan bizə gələ biləcək yardım,
kömək deyilən bir şeyə arxalanmırdıq.
Yaşamaq da, ölmək də, qələbə
də - hər şey özümüzün imkanımız
daxilində idi.
İllərlə hərbi təlimlər keçmiş
hər bir hərbçimizin itkisi böyük fəlakət
idi. Artıq hər birimiz bu ideya ilə
yaşayırdıq ki, biz hərb üçün
doğulmuşuq, vətən naminə
daşıdığımız cismani və mənəvi nəyimiz
var, bu yolda qurban verməyə hazırıq.
İlk gündən kəşfiyyat qruplarımız
döyüşün, ümumən müharibənin bizim
xeyrimizə həll olunması yolunda böyük igidliklərə
imza atırdı. Biz düşmənin ən strateji hissələrini,
hətta min kilometrlərlə yüksəkliklərdə yerləşən
postlarını beş-on nəfərlik dəstələrlə
burunlarının dibinə qədər gedib qəfil onları
zərərsizləşdirərək alırdıq. Qoşunlarımız
aldığımız postlarda, hərbi nöqtələrdə
yerləşirdi və biz irəli yeriyirdik. Bəzən qəfil gediş nöqtələrimiz dəyişdirilirdi.
Biz on kilometrlərlə yolu piyada qət edir, əmri
yerinə yetirirdik.
Növbəti həmləmiz Suqovuşan istiqamətində
idi. Oradakı bir sıra yüksəklikləri ələ
keçirib irəli yeriyirdik. Mənim
olduğum dəstə düşmənin içinə
girmişdi. Bizdən qabaqda da müəyyən
istiqamətlərdə yeriyən qüvvələrimiz
vardı. Biz beş nəfərlik qrup
hədəfə çatmağa az qalmış həmin
istiqamətdə düşmən hərbi sirrimizi ələ
keçirib qarşımızı kəsmişdi. Səbrimiz tükənmişdi. Zülfüqar
sağ tərəfimizdə yerini möhkəmləndirib bizə
qarşı aramsız atəşlərdən yeriməyə
imkan verməyən erməni snayperini görmüşdü və
can atırdı ki, atəş altında özünü
qarşıdakı balaca çökəkliyə atsın. Oradan təbii ki, həmin snayperçi
açıq-aydın görünürdü. Amma o da peşəkar idi və buna imkan vermirdi.
Amma Zülfüqar quş cədliyi ilə həmin
çökəkliyə özünü ata bildi və az keçməmiş həmin istiqamətdə
atdığı minamyot snayperi susdurdu. Baxmayaraq ki, həmin
snayperçini vurmuşduq, ətrafda çoxlu sayda
düşmən qüvvələr vardı və atəş
dayanmırdı...
Sol tərəfə
göndərilən kəşfiyyatçı geri
döndü:
- Komandir,
orada başqa qüvvələrimiz də var, o qrupun da yerimək
imkanı yoxdu, qarşıda da uşaqlar var... taleyindən
xəbərsizik.
Komandir
Abışov bizə sarı baxdı:
- Bizim
qarşımızı kəsən düşmən,
görünür, onlara təslim olmayan
qardaşlarımızı məhv etməyə
çalışırlar. Artıq dözə
bilmərik. Biz bu odlu meydandan keçib irəliləməliyik.
Hamımız əmrə haır şəkildə ona
baxırdıq.
- Biz
dayanmayıb buradan keçəcəyik, işdir təhlükə
artsa, koordinasiya ilə yeriməyə başlayın. Qarşıda yenidən bir yerə
yığılarıq. Dağılışın
və irəliləyin.
Biz verilən əmrə əsasən tək-tük,
oradan-buradan, düşmənin gah gözündən
oğurlanaraq, gah da onları zərərsizləşdirərək
mühasirədən çıxmağa can atırdıq. Elə anlar
olurdu ki, əlbəyaxa döyüşürdük.
Düşmənin buralarda özünün
XT-lılarını yerləşdirdiyi hiss olunurdu. Mükəmməl hərbi təlimlər
keçmiş üç erməni ilə özüm əlbəyaxa
döyüşə girmişdim və Sahil mənə
yardım etməsəydi, onlarla axıra qədər
döyüşə bilməzdim.
Sahillə birlikdə onları məhv edib sürünə-sürünə
irəliləyirdik. Qəfil hardansa komandir özünü
yetirib məni arxaya, bir yerə çəkdi. Əvvəlki olduğum yerə minamyot
düşdü, komandir məni çəkməsəydi,
ordan uzaqlaşdırmasaydı, param-parça olardım.
Sahil məndən iyirmi metr kənarda idi...
Yenidən qüvvələrimizi birləşdirə
bilmişdik və bir yerdə irəliləyirdik. İki yerdə
düşmən yığılan nöqtələri
dağıdıb irəlilədik. Biz
yeriyirdik, bir xətdə uşaqlardan biri yaxında partlayan
mina səsinə çevrildi. Xoşbəxtlikdən
bu ərazilərin minalandığını da bildik. Komandir artıq ehtiyatlı olmağımızı
bildirdi. İrəlilədikcə
gördüyümüz səhnələr bizi dəhşətə
gətirirdi. Ermənilərin mina yerləşdirdiyi
istiqamətdə üç şəhidimiz vardı. Anladıq ki, bunlar kəşfiyyata gəlmiş
olmalıdırlar.
Həmin yerdə düşmən bizi hər tərəfdən
atəşə tutdu, sol cinahdan gələn
XT-lılarımızla birləşdik. Qüvvələrimiz
artdı. Qanlı döyüşlər
oldu. Atılan qumbaralardan, yaxından yağan top mərmilərindən
elə dəhşətli bir mənzərə
yaranmışdı ki, insan əli, qolu, bədəni
parçalara ayrılıb ətrafa səpələnirdi. Düşmən gördüyü mənzərədən
qaçıb qurtarmaq üçün özü də bilmədən
qaçırdı və biz də onları məhv edirdik.
Bir saata yaxın qanlı döyüşlər
getdi. Artıq arxadan bizim əməliyyatın
düşmənə sızdığından xəbər
tutmuşdular. Və əlavə qüvvələrimiz
hərbi texnika ilə hücuma keçmişdi. Biz ətrafda yaxınlıqda gedən
döyüşlərdə tankların, topların gurultusunu
eşidirdik.
Döyüş nədənsə qəfil səngiyəndə
biz yaralılarımızı və şəhidlərimizi
meydandan çıxarmaq istədik.
Komandir
qoymadı:
- Hələ
bir durun. Bu, düşmənin hiyləsi ola
bilər. Biz şəhidləri götürməklə
düşmənin qurduğu tələyə düşə
bilərik.
Asəf:
- Komandir,
biz igidlərimizi burada qoymayacağıq.
Komandir:
- Biz
ölümüzə də, dirimizə də sahibik. Bir az səbr edək, bunların planını bilək.
- Mən
bir yoxlayım.
Komandir Talıbın xarakterinə bələd idi. Bilirdi ki,
yerində durmayacaq.
Sərt
bir səslə:
- Mən
daha şəhid istəmirəm.
- Kim deyir
ki, çaqqallara burada can verəcəm? Bir
baxım görüm nə var, nə yox.
Talıb süründü, bizdən aralandı, yarım
saat çəkdi, nə güllə, nə atəş səsi
vardı. Talıb geri döndü. Qarşıda, qəsəbəyə
doğru istiqamətdə otuz-qırx erməni, pulemyotları,
snayperləri olduğunu xəbər verdi.
- O istiqamətdə
deyirsən?
- Komandir,
üçümüz bəsik.
- Necə?
-
Snayperçiləri və o pulemyotun nöqtələrini
susduraq...
- Şəhidlərimizi neyniyək? Yaralılarımız var...
- Siz burda
qalın. Biz üç nəfər bəsik.
Çünki qarşıda düşmən
leşləri vardı, görünür, bizim qruplardan
aralarına sızanlar var.
- Bizimkilərdən
vardımı? - Komandirin səsi titrəyirdi.
- Yox,
komandir, bizdən kimsə yoxdu. Amma əlbəyaxa
döyüşdə öldürülmüş erməni cəsədləri
vardı.
- Demək,
bizimkilərdən irəliləyənlər olub, amma hansı
istiqamətə?!
- Komandir,
icazə ver, o gördüklərimizi aradan götürək,
xəbər verərik.
Komandir:
- Biz
şəhidləri qoyub gedə bilmərik,
yaralılarımız da var. Onları ortadan qaldırsanız,
geri dönməyin, irəli gedin. Nadir, qrupa rəhbərlik
elə. Bizimkilərlə lazım gəlsə
birləşin.
- Oldu,
komandir.
Talıb,
Nadir, Ərəstun bizdən aralandılar.
Komandir
yerində qərar tuta bilmirdi... çabalayırdı...
Orda qəribə bir möcüzə oldu. Qəfil göz-gözü
görməyən bir duman gəldi...
Komandir
pıçıldayırdı:
- Gözə
görünməz bizə köməyə gəldi. Bu duman bizi qurtaracaq.
- Komandir,
dumandan istifadə edəcəyik.
- Tez olun,
yaralılarımızdan özü yeriyə bilənlər
özləri yeriyəcək, şəhidləri biz
çıxardacağıq.
Tez bir zamanda sürünüb şəhidləri
götürdük. Düşmən elə bil
aldanmışdı dumana, inanmırdı ki, bu dumanda əl-qol
ata bilək.
Biz şəhidləri də götürüb
aşağıya doğru sürünəndə düşmən
gördü.
Artıq oradan xeyli aralanmışdıq.
Salxım kimi sallanan
duman qəfil də yoxa
çıxmışdı.
Yaralılarımızdan əli silah tutan
döyüşürdü. Biz həmin istiqamətdə
erməni postlarından birini məhv edib postu təmizlədik.
Orada Vasif yaralandı. Qanı
dayanmırdı. Novruzla İslam onu
yarasını sarıyaraq bir sutkalıq yolu min bir əziyyətlə
gedərək onun həyatını xilas etdilər.
Biz, nəhayət, yaralılarımızı da, şəhidlərimizi
də döyüş meydanından çıxarmağa
müvəffəq olmuşduq. Çox
yaralımız vardı, məktəblərdə yerləşdirildik.
Hamıya yardım edirdilər. İlkin yardımdan sonra oradan ayrılanda
silahdaşım, yaxın dostumuz, şöhrəti aləmə
yayılmış Qasımov Əlini gördük. Yaralı dostu Maqsudu yola salırdı. Onun yaralanması Əliyə çox təsir eləmişdi.
- Məni
qoyub gedirsən?
Maqsud:
Qayıdacağam,
- dedi.
Onun sonra şəhid olduğunu eşitdim. Tez-tez əsgərlərə
zəng edirdim, hal-əhval sorurdum, qayğılarını
çəkirdim.
Əsgər yoldaşlarımızdan biri də elə
son döyüşdə şəhid olmuşdu. Anasına
yazdığı məktubu cibindən çıxardıq.
Bu məktub
bizi güllədən də bərk yaraladı.
Onların cəsarəti, qorxmazlığı,
düşmən üzərinə qorxmadan gedişi, o şəhidlərin
necə döyüşdüyü biz sağ qalan adamların
gözünün qabağında olmuşdu. Onlar şəhadətə
yüksələn vaxtı belə qorxmadan düşmənə
qan uddururdular.
Məntəqədə
qardaşım Əlinin şəhid olduğunu eşidib
dayanmadım, intiqam hissi içimi yandırırdı...
Komandir məktəbin həyətindəki
dağılmış bir skamyanın üstündə oturub
fikrə dalmışdı. Qrupdan sağ qalanlarımız onun
başına yığışmışdıq. Sanki başını qaldırıb bizə
baxmağa qorxurdu. Verdiyimiz şəhidlər
onu sarsıtmışdı.
Orada bizim qazaxlı uşaqlar vardı, Xətayi adlı
bir əsgər çox dilli-dilavər idi. Sükutu o
pozdu.
- Komandir,
Nadirgili tapmalıyıq.
-
Onları itirmişik ki, tapaq? - Mən dözmədim.
Komandir:
- Biz
onlarla, inşallah, Şuşada görüşəcəyik. İndi əmr gəlib, biz Xocavəndə doğru hərəkət
edəcəyik.
- Biz beş nəfər qalmışıq.
Komandir, nəhayət,
başını qaldırdı, üzünün dörd
yerində yara, çapıq vardı, qan quruyub
qalmışdı:
-
Qarşıda əlavə uşaqlarımız olacaq.
Hazırlaşın...
Biz məktəbin
həyətindən çıxdıq, qapının
ağzındakı UAZ-a oturub arxaya belə
baxmadan yola düşdük. Qəfil rabitəçi xəttə
qoşuldu və onun bağırtısı maşına
yayıldı, az qala UAZ-ın şoferi
maşını aşırmışdı...
Bir-birimizə dəysək də gözümüzü
rabitəçiyə dikmişdik. O isə komandiri belə unudub
bağırırdı:
-
Suqovuşanı almışıq...
Sevinc
göz yaşlarımızı silmək belə
ağlımıza gəlmədən bir-birimizlə sıx
oturmuşduq, əllərimizi qaldırmağa imkan olmasa da,
başımızla qucaqlaşırdıq...
Komandir sanki bunu bilirmiş kimi sakitliklə qarşıda
oturmuşdu, irəli baxırdı.
- Komandir,
biz Suqovuşanı almışıq...
- Biz
Şuşanı almağa gedirik. Suqovuşanı alarkən
verdiyimiz şəhidlərin intiqamını almağa
gedirik... Biz yarımçıq qalmış işimizi
tamamlamağa gedirik...
Zöhrab mənimlə yanaşı
oturmuşdu, o, qardaşımın şəhid olduğundan xəbərdar
idi, məni bərk qucaqlamışdı. Onun məni
qucaqlamağı içimə bir qor saldı... mən
anamı düşünürdüm. Bu saat onun nə qədər
sarsıldığını bütün varlığımla
hiss edirdim. Gözümü
maşından çölə dikib içimdəki
böyük itkiylə baş-başa idim. Ağlamağa,
bağırmağa, içimdəki qardaş itkisini bəyan
etməyə gücüm çatmırdı, ürək eləmirdim...
bu gün neçə şəhidi, yaralını arxaya yola
salmışdıq, nə qədər qapıları faciələr
açdığını, anam kimi şəhid anaları
olduğunu düşündükcə içimdə qəribə
bir səbr hakim idi, mənim anam da o şəhid analarından
biridir.
Maşın yolun kənarında dayandı,
qalan yolu piyada gedəcəyimizi komandir bildirəndə
maşından düşdük. Sıraya düzüldük.
Komandir:
- Qardaşlarımızın arzusunu yerinə
yetirmək bizim boynumuza düşüb... Allah onlara rəhmət
elsin.
Zöhrabın boğazına dolan qəhəri
sakitcə boğaraq dediklərini eşitdim.
- Komandir,
Mahmudun qardaşı şəhid olub.
Komandirin bənizi ağardı.
- Nə
vaxt? Harada?
-
Hadrutda... Sabah onun dəfnidir.
Komandir mənə yaxınlaşıb boynumu
qucaqladı, onun necə
çırpındığını hiss elədim. Qulağıma
pıçıldadı, o pıçıltı bir
parça köz kimi məni yandırdı:
- Səni
and verirəm, özünü qoru, ananın yanına getməyə,
qardaşına görə ona başsağlığı verməyə
üzüm olsun! Mənə zülm verməyin!
Mən
qeyri-ixtiyari olaraq:
- Biz Vətənə
əmanətik, komandir! Analarımız bizi bu haqq
yolunda döyüşə göndərəndə şəhid
olacağımızı bilirdi. Vətən sağ olsun!
Əsgərlər yerbəyerdən "Vətən
sağ olsun!" - deyəndə komandir bir daha məni
sinəsinə sıxıb aralandı:
- Mənim
dağ ürəkli igidlərim! Sizinlə
birlikdə biz bütün igidlərimizin qisasını alacağıq.
30 il düşmən ayağı
altında inləyən torpaqlarımızı azad etməklə,
qələbə bayrağımızı o torpaqlara -
Suqovuşana olduğu kimi Şuşaya, Xankəndiyə
sancmaqla bu intiqamı almış olacağıq. Onlar vətən
uğrunda can veriblər. O şəhidlərin istək və
arzularını həyata keçirmək üçün
öz canımdan belə keçməyə hazıram.
- Biz də
hazırıq... - bir ağızdan dilləndik.
Komandir
susurdu, bir kəlmə belə daha danışmadan biz irəliyə
doğru addımlamağa başladıq...
Salatın Əhmədova
Ədəbiyyat qəzeti 2024.- 15
iyun, ¹22.- S.37.