Musiqisiz
Yekə, güclü və yaraşıqlıdır. Zavodun
çoxdan buraxdığı, köhnəlmək bilməyən
uğurlu modelinə oxşayır. Axtarsan,
bəlkə də nəsil-nəcabət şəcərəsi
əsrlərin dərinliyindən qızıl damar kimi
keçib xanlara, xaqanlara calanar. Görəsən,
indiyədək o haqda, bircə dəfə də olsa,
düşünübmü? Özünün
kran maşinisti ömrünün başqa bir həyat qəlibinə
uyğunluğunu ölçüb-biçibmi? Əzələli yanaqlarından iki barmaqla möhkəm
tutub buraxmasan, başını qaldırmaqla adamın
ayaqlarını yerdən üzər, karusel kimi göydə
fırlayar.
Əlləri tərtəmizdir, kranı çoxdan
işlətmir. İdarəyə gəlib
tanımadığı adamlarla görüşəcəyini
bildiyindən iki hektarlıq dərə-təpəli
üzünü gücü çatan qədər
qaşıyıb. Köynəyinin
ütüsü boyunluğunun qırağından
görünür. Uzunboğaz çəkmələri
qəzet yalanı kimi par-par parıldayır. Geyindirəsən
buna general mundirini, yaxasına da beş-on medal taxasan,
qabağında müdafiə nazirləri farağat durar -
yoptvaymat!
Hər şeyin kəllə-mayallaq olduğu əyyamda bu
boyda vücudun işsiz necə keçindiyini, ailəsini necə
dolandırdığını düşünmək
ağırdır. Onu ölkə iqtisadiyyatına bağlayan
son ümidini - kranı da itirir.
Arxada
oturub acizanə cütlədiyi uzun ayaqlarını
"Jiquli" darısqallığına birtəhər yerləşdirib:
"Uzaq yol döy ki, budu, buradı", - qabaqda oturmaqdan təvazökarcasına
imtina edib. Yüngül dumana
bürünmüş 15 kilometrlik şüarlı,
böyürtikənli, itli-pişikli qış yolu
maşının qabağınca qaçan tumançaq
uşaq kimi hey burulub aradan çıxmaq istəyir. O, elə
bil sifətinin güzgüdə görünməsindən,
biz isə daymanın yubanacağından, stansiyada gözləyən
vaqonun "prostoy"undan qorxuruq.
Gecəni pis yatmışıq. Qaçqınların
arı pətəyi kimi daraşdığı rayon
mehmanxanasında müdir öz kabinetini və qonaq-qara
üçün yalnız bir otağı qoruyub saxlaya bilib.
Gecə-gündüz uzağa getmir ki, birdən
onlar da əldən çıxar. Axşamdan
sönmüş işıqlar elektrik
qızdırıcısının işə düşəcəyinə
ümid yeri qoymadığından paltarlı yatıb paltomuzu
da üstümüzə atmışdıq. Ancaq canımız qızmadı, hələ də
üşüyürük.
Vəziyyətini yaxşı təsəvvür etdiyimizdən
danışıqla kişinin ürəyini üzməməyə
çalışırıq. Daha çox sussaq da,
arada danışmamaq mümkün deyil.
-
Maşının yanacağı qurtarmış olar, -
Abışov geri qanrılmadan deyir. - Eləsə, buralardan
salyarka alıb aparaq. Gedib orada məəttəl
qalarıq.
- Yo-ox,
yanacaq var, - Əbülhəsən inamla deyir. - Bakın ağzı
qıfıllıdı.
-
Neçə ay olar işlətmədiyin?
-
Axırıncı dəfə sentyabr ayının 16-da orada
olmuşam. Bağlıyıb, qarovulçuya təhfil
verib çıxmışam.
- İndi
yanvardı, beş ay keçib, -
Abışov tez hesablayır. - Xoddanacaqmı? Akumlyatoru
ölmüş olar...
Əbülhəsən
başını qaldırmadan yüngülcə köks
ötürür, sözləri elə bil xəyalən
qıfılını açdığı kran
motorxanasından bir ovuca götürüb sakitcə ortaya
qoyur:
- Bu
maşınlarda akumlyator olmur. Bunlar puskatelnən
xoddanır.
- Hə-hə,
kəndirnən, - Abışov səhvini düzəldir.
- Mən
onu kran kimi yox, "Jiquli" kimi işlətmişəm. Bu on ildə nə bir dəfə motoru
açılıb, nə xadovoyu axsayıb, nə də oxunun
bir seksiyası əyilib. Kitab-dəftəri
də eləcə bardaçokda duroyur.
"Duroyur"!
Rəhmətliyin oğlu, elə bil qız ərə verir: bu
da bunun diplomu!
- Təzəsini
almışdı idarə onun? - Abışov dəqiqləşdirməyə
çalışır.
- Hə-ə...
- Əbülhəsən cavabı gecikdirmir. - Stansıda
vaqondan özüm endirmişəm.
Özün
endir, özün mindir, - istər-istəməz fikirləşirsən.
A nöqtəsində azalan, B nöqtəsində
artır. Maddə itmir, halını dəyişir.
İndi heç halını da dəyişmir,
sadəcə, yerini dəyişir. Ancaq maddə
qırx tonluq özüyeriyən kran qismində Əbülhəsən
üçün itir. Əksini ona nə
Dekart, nə Leybnits, nə də PMK-29-un rəisi Kərim
müəllim sübut eləyə bilər.
Kran nə qədər güclü olsa belə,
dünyanın yazılmamış bir qanununu da qaldıra bilməz. O qanunlara görə
Əbülhəsən kranın idarədən çox, şəxsən
ona məxsus olması qənaətindədir. Əmindir
ki, bu illər ərzində onun yerinə başqası olsaydı,
maşını belə saz vəziyyətdə saxlaya bilməzdi.
Ya yük altında aşırıb zay eləyərdi,
ya da hissələrini çıxarıb dəyər-dəyməzə
satardı. İdarə rəisi onu pusan
deyildi ki! İndi rəisin aldığı məbləğdən
ona çatanı da, çox güman ki, çəkdiyi zəhmətə,
göstərdiyi xidmətə müqabil saymır.
Sürüşüb arxada qalan kəndlərin
küçə mənzərəsi o qədər eyni və dəyişməzdir
ki, artıq hansının qurtarıb, hansının
başlandığı yad göz üçün də fərq
etmir. Bu
minvalla lövhələrin də fərqinə varmadan gedib
Gürcüstan sərhədinə çatmaq olar: çoçxeli,
çoçxeli!
Sükutu pozmaq üçün Abışov radionun
düyməsini basır, ancaq oradan
xırıltı-pırıltıdan başqa bir səs
çıxmır. Abışov onun içində oturmuş diktorlar, həkimlər
və müğənnilərlə barmağının ucu ilə
tezbazar vidalaşır: yaxınlıqdakı hərbi aerodroma
görə danışmır Bakı!
- Musiqisiz
ləzzət eləmir ki! - Alışov deyir və arxa təkərləri
valaylayan eşşək arabasını ötüb keçəndən
sonra əlavə eləyir: - Musiqisiz heç nə ləzzət
vermir. Elə deyil, Əbülhəsən kişi?!
- Əbülhəsən dinmədiyi üçün məni
söhbətə çəkir: - Əcoşun məsələsini
danışmamışam sənə?
- Yox, - mən
deyirəm.
Dünyanın ən əcaib-qəraib işlərinin məhz
Abışovun və Koroğlunun iki dəlisinin
doğulduğu Qırtmıqlı kəndində baş
verdiyini bilirəm. Ancaq musiqinin o kəndə nə dərəcədə
dəxili olduğunu bilmirəm.
- Danışaram,
- Abışov söz verir.
Yarımçıq tikintinin divarı önündə
sarı qülləsindən qarmağını əyilməz
polad qüruru ilə sallayıb durmuş kran Dədəbala kəndinin
ətəyində texniki tərəqqinin yeganə heykəlidir. Onsuz
bütün yol qırağı, tikinti meydançası
qarışıq, dağılmaqda olan xarabazara bənzəyəcək.
Əbülhəsən maşının başına
fırlanıb ora-burasına - qıfıllarına, qülləsinə,
tros mancanağına, işıq faralarına, sepin içindəki
qoşa təkərlərə göz gəzdirir, sonra yekə
ayağının pəncəsilə kiçik nərdivan
pilləsini cırıldadıb yuxarı qalxır. Elə bil padşah taxta
çıxır, çəkmələrinin
parıltısı yuxarıda bir az da
artır. Paltosunu soyunub kabinədən
çıxardığı köhnə
sırıqlısını döyüş libası kimi əyninə
geyinir və puskatelin şkiflərini əllə bir-iki dəfə
fırlayandan sonra onu kəndirlə işə salmağa
çalışır. Doladığı kəndiri bir
neçə dəfə dartandan, motorun ora-burasını
şübhə ilə qurdalayandan sonra başını pəncərədən
çölə çıxarıb qış sükutuna
bürünmüş, yarımcan tikintiyə təzə xəbəri
çatdırır:
- Təpir,
zəhrimar!
Maşının nazı ilə oynayırmış
kimi, Əbülhəsən böyük hövsələ və
səbirlə yenə gödək kəndiri şkifə
dolayıb dartışdırır, yenə puskatel
tırıldayıb-pırıldamadan, inadla susur - onun istədiyini
vermir.
- Təpir, - bu dəfə
Əbülhəsən tikintiyə, maşına yox,
özünə astaca deyir və aşağı
düşüb bir siqaret yandırır. Sanki
zarafatı kənara qoyub, bütün ciddiyyətilə
özünə və puskatelə fikirləşmək
üçün vaxt verir.
- Həmişə
belə xoddanırdı? - Abışov narahatlıqla
soruşur.
- Yo-o, bu
mənə əziyyət verməyib. Olub ki, ilnən
dayanıb, ancaq heç vaxt belə dirəşməyib.
Qoy, bir az özünə gəlsin görək,
dərdi nədi...
Elə bil bir azdan maşın umu-küsünü kənara
qoyub onu uzun müddətə tərk etmiş sahibi ilə
barışacaq, dil açıb dərdini deyəcək.
Bu vaxt
daymanın sual işarəsinə oxşar əyri, qoşa
buynuzunu özünün dəmirçixana kimi bərbad
dalına soxmuş "K-700" fit çala-çala gəlib
yolda dayanır. Bunun da rəngi nə vaxtsa kran
kimi sarı olub, ancaq indi ləkəli şəkildə
bozarıb, qoturlayıb. Eybəcərliyi və
xallılığı ilə çənədən möhkəm
Afrika kaftarlarına oxşayır. Abışov
mənə kranın korpusu üzərindəki yerimdən tərpənməməyi
tapşırıb deyinə-deyinə daymana yüklənmək
üçün münasib yer axtarmağa gedir. Guya mühərrik işə
düşmüşdü, guya kran yeriyib darısqal tikinti ərazisini
tərk etmişdi, bircə qalırdı onu daymanın belinə
mindirmək.
Gün günorta yerindədir, seyrəlmiş duman arxasından
uzaq dağların qara yerləri və aerodromun uca qülləsi
görünür. Daymanı sürüyüb gətirmiş
K-700 yolun qırağında gücənə-gücənə
özünə yüklənmə yeri düzəldib
qurtarıb, amma Əbülhəsən hələ də
mühərriki işə sala bilmir. Puskatel inadla təpməyinə
davam edir. Abışovun qabağına
qatıb köməyə gətirdiyi "K-700"
sürücüsü tam komplekti ilə Azərbaycan əsgərinin
qış geyimindədir. Rütbəsi,
paqonu-filanı olsa, ən azı mayordu. Qışqıra-qışqıra
danışır, səsi yeddi yüz at gücündə
mühərrikin ahəngdar, fitli döyüntüsünə qarışıb
göy üzünün qatığını ox kimi deşərək
itmiş günəşi axtarmağa gedir.
Çatan
kimi də gözünü qıyıb, altdan-yuxarı
kranın oxundan sallanan qarmağa baxa-baxa kiməsə xitabən
mızıldanır:
- Siyim sənin
lebyodkana! - Sonra da sepin üstünə tullanıb içəridə
itmiş Əbülhəsənin yanına keçir. - Bəlkə
yanacaq nasosu işləmir, a qa! - bilər-bilməzə
səslənir.
- Yo-o,
nasos işləyir, şlanqı çıxardıb
baxmışam, - Əbülhəsən deyir. - Yanacaq gəlir.
Elə bil nəsə tərsliyi tutub andırın...
- Yəqin
gücü çatmır, - sürücü deyir. - Sən
ipi dola, reski çək, mən də şkifi əlimnən
hərriyəcəm!
Deyir və
yüz belə mühərriki öz əli ilə
yığan adam kimi bir təpiyə
yatmış vulkanı oyadır! Maşın haradansa
qarnının dərinliyindən gələn, bayaqkılardan
fərqli və zəif səslə, sanki dəqiq say hesabı
ilə bir neçə dəfə öskürür, sonra tələsik
"pır-pır-pır-pır" tırıltısı
ilə işləməyə başlayır. Mühərrikin
getdikcə şənlənən bu döyüntüsü
yarımçıq qalmış tikintinin ölü
sükutuna dərhal nəfəs verib onu canlandırır.
Abışov sevincək ətrafa boylanır.
Elə bil altı-yeddi aylıq nahar fasiləsindən
qayıdan inşaatçılar bu dəqiqə dəstə
ilə həyətə girib fermanın tikintisini davam etdirəcəklər.
Naxır çöldən gəlib tövlələrə
dolacaq, sağıcı qızlar inəklərin süd
sızan yekə əmcəklərinə ovucları ilə
toxunan kimi, güclü çırtımlar əvvəlcə
vedrələrin dibini danqıldadacaq, sonra isə qalxan
ağappaq köpüyün içinə fışqıraraq
südü altdan yuxarı qaldıracaq. Bununla
da Dədəbala kəndində həyat coşqusu və kolxoz
firavanlığı yenidən çağlayacaq.
Sürücünün qalib hərbi formasından
aşıb-daşan məmnunluğun kiçicik bir hissəsi
də Əbülhəsənin sifətində təcəlla
edir. İti baxışları nisbətən sakitləşib
xəcalət kölgəsindən azad olmağa
başlayır.
-
Heç məni bu qədər incitməmişdi, - yerə
düşüb əlinin yağını cında ilə silə-silə
gileylənir və Abışov tərəfə baxmağa,
sanki ehtiyat edir.
- Sür,
gəlsin görək, axşam oldu! - deyə
sürücü ot-ələf basmış
çınqıllı cığırla qayıdıb gedir.
Güclü mühərrik işlədikcə
döyüntüsünün ahəngini nizamlayıb
porşenlərə normal nəfəs verir. Bir azdan səliqəli,
artıq-əskiyi olmayan qıvraq mexanika səsi
"K-700"ün pəltək fitinə qoşulub ətraf dərələrə
yayılır.
Qısa sevincini siqaret kimi, bir-iki qullaba çəkib
qurtarmış Abışov tükənməz mühəndis
qayğılarının növbəti mərhələsinə
qədəm qoyur.
- Bircə
sağ-salamat daymana mindirsəydik, - narahatlıqla mənə
deyir. Sanki kran burada hələ də hansısa
təhlükə altında qalmaqdadır.
Ondansa, şadlıq coşqusunda Əcoşun
haqq-hesabını danışsa, yaxşı olar. Unudub.
Əbülhəsən
uzaqda bir neçə kimsəsiz evi və çılpaq həyətləri
görünən kəndlə, yarımçıq tikinti ilə
vidalaşırmış kimi, dərindən köks
ötürüb kabinəyə qalxır və bir azdan
sapsarı dəmir oxu aşağı endirməklə
maşının mancanaq hissəsini beş
aylıq sükunətdən çıxarır. Abışov gedib oxun ucunda qoşa tros dolamalardan
sallanan ağır qarmağı dartışdırmaqla, sanki
kranla salamlaşır. Bəlkə də
ürəyində özünü maşına onun yeni sahibi
kimi təqdim edərək tapşırır ki, bundan sonra
şıltaqlıq eləməsin. Mühərrik
havaya qara tüstü püskürüb gücənir və
seplərinin ətürpəşdirici ciyiltisilə kran yerindən
tərpənir. Torpağa həkk olmuş sep
pəncələrinin izlərindən qara böcəklər,
termitlər çıxıb qaçışır, bir
qurbağa kənara tullanıb qışın gəldiyinə
təəccüblə domba gözlərini bərəldir. Şüşə kabinədə qoşa linklərdən
möhkəm yapışmış pəhləvan cüssəli
Əbülhəsən kosmik gəmi pilotu kimi səriştəli,
azman və sarsılmazdır.
Kran belə
daşınmanın ən primitiv variantlarına hesablanıb:
zəif manevr imkanları ilə yalnız düz xətt
üzrə yeriyir, sağa, sola çətinliklə
dönür. Mühərriki necə işə
düşmürdüsə, daymanın belinə minməyi də
o cür alınmır. Yolu eşib bərbad hala
salır, Əbülhəsənin üz-gözünü məyusluğun
xəcalət tərinə qərq edir, Abışovu əsəbiləşdirir,
az qalır sürücünü də
hövsələdən çıxara, bu müsibətin
qızğın yerində, haradansa bir toy karvanı peyda olur:
gəlin maşını, ardınca başqa maşınlar,
ağzınacan dolu avtobus. Kranın uzun oxu isə
yolu elə qapayıb ki, maşın nədir, heç velosiped
də keçə bilməz. "K-700"ün
cıyıltılı dəmir qanmazlığından
bezmiş sürücüsü keçid məntəqəsinin
hərbçi rəisi kimi tez karvanın qarşısına
çıxıb musiqiçilərə maşından enməyi
əmr edir.
- Yo, yo, nəmər
istəmirəm, - toyun ağsaqqalına deyir. - Amma oynayajam!
Oğraşın malı minmir, - krana
işarə ilə deyir. - Bəlkə qabağında oynayam,
rəhmə gələ! Manısları çağır!
Kranın daymana minmək cəhdləri hər dəfə,
sanki mexanizm dəqiqliyi ilə eyni vəziyyətdə, eyni
cür boşa çıxa-çıxa Abışovu
bayaqkından da betər əsəbiləşdirib. Uğursuz cəhdlərdən
yorulmuş Əbülhəsən üçün də toy
elə bil göydəndüşmə olur. Daymana minmək
istəməyən kranın primitiv texniki inadından
yaranmış bu çarəsiz qaranlıqda toy öz şən
görüntüsü ilə ən azı təskinlik verəcək
bir ümid işığı kimi yanır: məmləkətdə
hələ evlənərək sabaha inamla yaşayanlar, əlindəki
işi uğurla başa çatdıranlar var.
Aşağı düşüb maşından aralanmadan onun
yorğun canını "Prima" tüstüsünə
tutur.
- Bizim kənddə
bir Əcoş olub, - Abışov əsəbi məzhəkə
fasiləsində mənə deyir. Unutmayıbmış! - Bu, əsgərlikdən
gələndə dədəsi bir hinduşka kəsir... Əcoş da dirəşir ki, "Yo-o-o, bez
muzıka net xleb!"- musiqisiz mən
çörək yeyə bilmərəm.
Gedib zurnaçı Qələndərnən
nağaraçı OndaBeşi gətirirlər. OndaBeş, yəni
sıfır tam onda beş: maşın qəzasında
bir gözü, bir xayası gedib, bir qoluynan, bir ayağı da
şikəst olub. Camaat kəndçilik xatirinə
hələ də toya bunu çağırır. Bunlar gəlir, basıb hinduşkanı yeyəndən
sonra başlayırlar çalmağa. Əcoş
düşüb ortada meymunnuq edir, arada da musiqiçilərə
səslənir: "Davay, davay, çastuşka Tambovskaya!"
Dədəsi baxır bunun ədalarına, deyir, köpəyoğlu,
oyna, oyna, axşam hinduşka yerinə OndaBeşin tay ...ğını yeyəssən!
"K-700"ün sürücüsü isti gödəkcəsini
soyunub ulduzlu general toqqasını bərkidir, ölkədəki
fövqəladə vəziyyətin komendantlarından biri kimi
musiqiçilərə Şəki rəqsi çalmağı
sifariş verir. Bircə anın içində, sanki kran müsibətini
unudaraq əl-qolunu açır və ortada qartal kimi süzməyə
başlayır: küçənin daşına,
torpağına baxmadan əsgər çəkmələrinin
gah burnu, gah da dabanı üzərində dolu bədənini
yüngül əsintilərlə oynadır, tullanıb dizi
üstə yerə düşür, təzədən
sıçrayıb dövrə boyu fırlanır. Vəcdə gəlmiş toy əhli ona qoşulur.
Sonda Əbülhəsən oxu qaldırır və
musiqisiz toy karvanı bənddən buraxılmış su kimi
sürətlə sorulub asfalta tərəf gedir.
- Sür,
gəlsin! - sürücü bayaqdan
süzdüyü göylərdən rahatlıqla daymanın
üstünə enib oxu yönləyən Əbülhəsənə
səslənir. - İndi minər daha, qaramatını
tökdük!
Əbülhəsən maşını maksimum sürətlə
yerindən tərpədir, bu dəfə kranın burnu
daymanın ortası ilə bərabərləşməyənə
qədər sol sepi yoldan aşağı salmır. Yalnız
daymanın ortasına çatanda eynən
sürücünün rəqsdə fırlandığı
yüngül, sərt hərəkətlə sol sepi
aşağı endirib dərhal da sağa burmaqla daymanın
körpüsü üzərinə minib dayanır. Həmişə
bu anda sol sep sürüşüb aşağı
gedir, daymanı itələyib özündən
uzaqlaşdırır və oxun ağırlığı
olmasa, maşını aşırmaq halına
çatdırırdı. Bu dəfə
dayanır. Saatlarla davam edən işgəncə,
nəhayət, belə, gözlənilməz asanlıqla, bitir.
Belə çıxır ki, həqiqətən
də "bez muzıki net xleb!"
Abışovun
üzü yenə gülür, dodaqları səxavətlə
onun ağappaq dişlərini sarı maşına, yarımçıq
qalmış tikintiyə və Əbülhəsənə
göstərir:
- Yolda sənə
demədimmi, musiqisiz iş olmaz?!
Sürücü Əbülhəsəni öz
yanında oturmağa dəvət edir. Əbülhəsən az qalır səhərki kimi "budu, buradı
da" desin və ani tərəddüddən sonra gəlib
"Jiquli"də öz yerini tutur.
- Orada mənə
görə bir iş olmazmı? - yolda əhvalı
düzəlmiş Abışovdan soruşur.
- Harda,
Bakıda?
- Aha.
Abışov
məsələnin vələzzaliminə getmir, kranı
iş sahibi Turqut bəyə satdığımızı
demir.
- Olsa, xəbər
eləyərəm, - inamla müxtəsərcə deyir. -
Telefonun məndə var.
Kəndlər çılpaq ağacları və bozumtul
damları ilə stansiyaya gedən asfalt yola lülə-kabab
kimi bülənib. Sapsarı kran yüklü "K-700" həngaməsinin
gözqamaşdıran işıqları qış yuxusuna
getmiş daşın-divarın arasından bayram atəşfəşanlığı
kimi keçib gedir. Hərdən səsə
çıxan adamlar maşına baxa-baxa öz aralarında nəsə
danışır, bəlkə də dağların
arxasında mürgü vuran müharibədə nəsə
baş verdiyini fikirləşirlər.
- İtə-qurda rast gəlmiyək, - xeyli yorğun
görünən Əbülhəsən deyir. Elə bil at
belində qılınc vurmaqdan qayıdır.
- İt-qurd bizə neyləyəsədi? - Abışov dərhal
cavab verir. - Oğurluq eləmirik ki... Sənədimiz
qaydasındadı. Elə sənədlərə
görə düz, üç ay ləngimişik, yoxsa,
payızda gəlib aparasıydıq.
- Olsun
da... Deyir, tülkü
tülkülüyünü sübut eləyincə dartıb
dərisini boğazından çıxarırlar.
- Biz xozan
tülkülərindən deyilik! - Abışov zarafat eləyir.
- Biz qütb tülküləriyik!
Əbülhəsən
daha heç nə demir, kranın arxaya çıxmış
on metrlik oxunun başından sallanan qarmağın
ağır-ağır yırğalanmasına baxa-baxa
stansiyaya qədər susur.
Stansiyada kimsə gözə dəymir. Yolların o
üzündə boş yük vaqonlarından ibarət heyət
quyruğunu Qarayazı çölünə qədər
uzadıb yatıb. "K-700" anbarlar tərəfə
ayrılan, relsləri güclə görünən dərin
yolu bütün maşınların keçdiyi yerdən
keçəndə daymanı aşırır. Kranın
motor və kabinə hissəsi öz oxu ətrafında
ağır ballast qarışıq fırlanıb daymanın
belindən sürüşərək küncünü yerə
qoyur. Daymanın təkərlərinin
yarısı göydə qalır. "Jiquli"nin dörd gözü önündə hər
şey o qədər yavaş, səliqəli və
hesablanmış kimi baş verir ki, heç kim səsini də
çıxara bilmir. Proses tam bitəndən sonra
Abışovun "vay" deyə sükana ikiəlli vurduğu
qapaz, sanki arxada Əbülhəsənin başına dəyir.
Sonra dəqiqələr çəkən ani bir
sükut yaranır və bu sükut sərhədlərinin
yaxınlığında qəflətən Abışovun
radiosunun itmiş musiqisi gurlamağa başlayır. Elə bil şıdırğı oyun havası
müğənninin oxuduğu mahnı avazına
qarışıb kranın aşmağından, soyuq mehmanxana
gecəsindən, Əbülhəsənin
qayğılarından və bütün tikinti
dünyasından xəbərsizcəsinə, kimlərinsə
sərxoşluq nəşəsilə çuğlaşaraq
maşındakılar üçün cəza
yanğısı yaradır. Xoşbəxtlikdən,
bu çox sürmür, qapı şıqqıltı ilə
açılanda bitir. Əbülhəsən
gedib kran motorxanasının yerə dəyib əzilmiş
küncünü diqqətlə müayinə edir, əlini dəmirə
sürtür. Onun pəhləvan cüssəsi,
uzun qol-qıçı, qulaqlı papağını qısa
saçları üzərinə üskük kimi
taxmış başı da duruşunu itirmiş nəhəng
kranla müqayisədə kiçik, köməksiz və
lazımsız görünür.
- Ayə,
bu on ildə mən bir çöpü də
qoymamışdım bunu cızmağa! - Geri dönəndə
deyir. - Ancaq ballast xilas elədi, qoymadı motora ziyan dəyə.
Əzilən yerini dəmirçi düzəldər.
Bu
çökək yerdən, sanki bütün vağzal ərazisinə,
oradakı bütün dəlmə-deşiklərə hadisə
haqda ultrasiqnal gedir və beşcə dəqiqənin
içində təkərlərinin yarısı göydə
qalmış daymanın ətrafına xeyli adam
toplaşır. Kran çox ağır olmasa, bəlkə
də həmin adamların gücü ilə onu itələyib
yerinə oturtmaq olar. Ancaq deyirlər ki,
bunu qaldıra bilsə, yalnız dörd avtokran qaldıra bilər,
çünki onların hər biri 4-5 tondan artıq
qaldırmır.
Abışov
bir camaata baxır, bir hərbi geyimli sürücüyə
baxır, bir çökəkliklə gedən, yolun
qırağına tökülmüş köhnə tank, top və
minamyot mərmilərinin qorxunc, paslı təpələrinə
baxır və heç kimdən yox, az-çox, etibar etdiyi
stansiya rəisindən soruşur:
- İndi mən dörd kranı hardan tapım?
- Sən
dördünü tapma, - rəis deyir, - birini tap. O özü
zəngləşib yığacaq o biriləri. Mən
də tapşırım, vaqonu versinlər bura. Elə qaldırmışkən birdəfəlik
qoysunlar platformanın üstünə.
Bu sözlərdən sonra elə bil krana ciddi ziyan dəymədiyinə,
ondan yenə də istifadə etməyin
mümkünlüyünə inanırıq. Dəmirin əziyi düzələr!
Abışov vaxtı itirmədən maşına əyləşib,
ən yaxın kran ünvanı kimi deyilmiş Vidadi
küçəsini axtarmağa gedir. Tələsir,
qışda hava tez qaralır.
- Deyirəm,
yaxşı ki, mən sizin yanınızda oturmuşdum, - bir
azdan mümkün qədər həlim səslə
Əbülhəsən mənə deyir.
Mən onun yorğun, qayğılı gözlərinə,
mis rəngli üzünə baxıram, təskinlik
üçün nəsə deyirəm. Fikirləşirəm:
"Görəsən, Turqut bəyə kran maşinisti
lazım olsa, bu necə gedib Bakıda işləyəcək?"
Səfər Alışarlının
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.34-35.