"21:15 qatarı",
yaxud ölümü gözləmək qaydaları
Gəlin,
unutmayaq ki, Toyğun Orbayın əsas peşəsi və məşğuliyyəti
beyin cərrahlığıdır ("21:15 qatarı"
pyesinin Birinci Kişi qəhrəmanı:
"Azadlığımız ətrafımızdakı şəraitlə
bağlı deyil, (əli ilə başını göstərib)
bununla, daha doğrusu, bunun içindəki ilə, ən qiymətli
bədən üzvümüzlə, ən qiymətli
olduğuna görə də ən az işlətdiyimizlə...ruhən
və cismən var olmaq üçün göstərdiyimiz cəhdin
səbəbi və mexanizmi ilə bağlıdır"). Dramaturqluq T.Orbayın hobbisidir. Ona görə konkret olaraq, "21:15 qatarı"
pyesinin qəhrəmanlarının
beyinlərini çox
işlətmələri, pyesin
əsas hərəkətverici
qüvvəsinin düşüncə
və bu düşüncələrin sözlə
ifadəsi olması təbiidir.
"21:15 qatarına
yük götürmürlər"
Başqa sözlə, insan axirət dünyasına özü ilə heç nə aparmır. 2002-ci ildə qələmə alınmış
birpərdəli pyes boyunca əsas personajlar olan Birinci Kişi, Qadın və Vağzal Məmuru bilavasitə ölüm barəsində birbaşa ifadələrlə danışmırlar.
Demək olar ki... Bircə səhnədə Kişi insanların beton-dəmir qutular adlandırdığı
ev, idarə,
nəqliyyat vasitələri
labirintinin sonunda taxta qutuda torpağa
gömüləcəklərini söyləyir. Və bir də ən azı iki dəfə 21:15 qatarının yük göturmədiyini, başqa
sözlə, ölüm
qatarını gözləməyin
qaydalarını Qadına
anlatmağa çalışanda
bunu vurğulayır.
"YUĞ" Dövlət
Teatrının baş
rejissoru Mikayıl Mikayılovun ekzistensial oyun janrında qurduğu tamaşada külli-ixtiyar aktyorlara verilib. Əgər rejissorun "Medeya.
Sekvensiya-01" tamaşası, subyektiv təəssüratdan
çıxış etsək,
rejissor benefisidirsə,
"21:15 qatarı"
aktyorların hər birinin ayrılıqda benefisindən "toxunmuş"
bir səhnə əsəridir. Qadın obrazını canlandıran
Gülzar Qurbanova, Birinci Kişi rolunda çıxış
edən Məmmədsəfa
Qasımov, Vağzal Məmurunu oynayan Fərhad İsrafilov özləri aktyor olduqlarını unutduqları
üçün tamaşaçıya
da bunu unutdura bilirlər. Ümumiyyətlə, tamaşanın dekorasiya,
əlbisə, işıq,
tüstü və digər effektlər həlli çox ustalıqla qurulduğundan
rejissor yozumu ilə vəhdət təşkil edir. Süjetin əsas epizodu olan 21:15 qatarının, başqa sözlə, ölümün
perrona yaxınlaşması,
Birinci Kişini alıb aparması elə dəqiq, qədərində tükürpədici
detal və effektlərlə çatdırılır
ki, səhnə əsərinin adi bir otaqda oynanılması
("YUĞ" Teatrının tamaşaları hələ
də Kukla Teatrının otaqlarından
birində oynanılır)
yaddan çıxır.
Eyni təəssürat bütün
tamaşa boyunca davam etməkdəydi, zatən.
Niyə məhz 21:15 radəsi?
Pyesinin adı ilə bağlı açıqlamalarında T.Orbay
"iyirmi bir on beş" kəlmələrinin
düzülüşünün türkcə çox qulağayatımlı səsləndiyini
söyləyir. Razılaşmamaq mümkün deyil
- bu söz birləşməsi nəinki
qulağayatımlıdır, rəqəmlərin düzülüşündəki
harmoniya da göz qabağındadır. "Göz qabağında"
demişkən, müəllif 21:15 radəsinin saat əqrəbini ortadan iki yerə bölməsinin
də pyesinə ad seçməkdə əhəmiyyətli amil olduğunu deyir. Və əlavə edir ki, əlbəttə, 18:00
da saat əqrəbini tən yarıya bölür, amma yuxarıda qeyd edildiyi kimi, "iyirmi bir on beş"
daha gözəl səsləndiyi üçün
seçilib. Pyesin
adındakı saat radəsinin daha bir yozumu da bu
ola bilər
ki, söhbət qatar reysindən getdiyinə görə saat əqrəbini üfüqi şəkildə
tən bölən saat radəsi ad olaraq seçilib,
personajlar vağzalda deyil, hava limanında
bir araya gəlsəydilər, saat əqrəbini şaquli şəkildə ortadan bölən 18:00 ad olaraq seçilə bilərdi. Bəlkə də müəllif bu məqama fikir verərək pyesinə ad seçib, bəlkə də seçim şüuraltı olaraq baş verib.
Vağzalda yuğlama
"YUĞ" Teatrının tamaşasında 21:15 qatarının
gələcəyi vağzal
dekorasiyasının detallarına
nəzər salanda, həm gerçək vağzal atmosferinə xas məkan görmək mümkündür,
həm də məchul, məcazi bir şərait. Aktyorların səhnəyə ilk olaraq
neon məftilləri ilə
işıqlandırılmış maskalarda çıxmaları
bu məchulluğu və məcaziliyi daha da artırır.
Və bir də keçən
əsrin telefon əlaqəsi sifariş edilən məntəqələrindəki
kabinələri xatırladan
üç ədəd
kabinə. Aktyorlar tamaşa boyunca bu kabinələrə daxil olub replika,
monoloq və dialoqlarının bəzilərini
oradan söyləyirlər - ekzistensializmə,
mövcudluq fəlsəfəsinə
dayaqlanan rejissor yozumunun təzahürlərindən
biri - "hal olaraq hər birimizin özünün platformamızın, qutumuzun,
görünməyən virtual məkanlarımızın, o qutularda
gizlənib özümüzə
fərqli rollar, maskalar düşünüb icad etməyimizin, hərdən
o maskaların içində
özümüzü tapa bilməməyimizin,
tənhalığa yuvarlanmağımızın
səhnə həlli. İnsan mövcudluğunun
unikallığı fəlsəfəsi
olan ekzistensializm bədii materialdan qaynaqlanıb tamaşanın
janrı kimi seçilərək bu fəlsəfənin bütün
yanaşmalarında yuğlanır.
Fədakar sevgi hekayəsi
Yox,
"21:15 qatarı"nı
belə bir hekayə adlandırmaq mümkün deyil. Amma o da aşkardır ki, hər zaman 21:15 radəsini göstərən
vağzal saatının
altında bir-birini tapmış Kişi ilə Qadının həyatlarında böyük
bir əsl sevgi boşluğu vardır. Baxmayaraq ki, hər ikisi sevilməyə layiq, sevməyi bacaran insan təəssüratı
yaradırlar. Pyesin
Birinci Kişi qəhrəmanı süjet
boyunca qulaqcıq taxıb opera sənətinin
"incilərindən" biri olan A. Dvorjakin
qarşılıqlı fədakarlıqdan,
sonsuz olduğu üçün ölməz
sevgidən - su pərisi ilə adi insanın, şahzadə oğlanın
məhəbbət əhvalatından
bəhs edən
"Su pərisi" operasını
dinləyir. Qadına da dinləməyi təklif edəndə Qadın musiqini anlamayacağından qorxduğunu
deyir. Kişi musiqidə anlamağın
deyil, duyub-hiss etməyin, musiqinin gücünə aludə olub başqa bir aləmə düşə bilməyin
əsas olduğunu söyləyir. Amma Qadın Su pərisinin ariyasında bəhs edilən aydınlıq yaz gecəsi əvəzinə, "dənə-dənə
qar yağdıran bəmbəyaz qış gecəsi" aləminə
düşür… Anlaşılandır:
az bir
vaxtdan sonra 21:15 qatarı və ya ölüm Birinci Kişini alıb aparacaq və Qadının üstünə qar dənələri yağmağa
başlayacaq.
Belə
bir mövcudluqda sevgisizlik, sevgini tapanda dünyanı dəyişmək, ölümünü
"doğru-dürüst, necə lazımdırsa, o
cür gözləmək,
etdiyin hər bir işdən zövq almağı və ən əsası, bu zövqü başqası
ilə bölüşməyi
bacarmaq" haqqında
hekayə...
Samirə Behbudqızı
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.36.