Tarixin oğurlanmış zamanı və ya müharibədə insan olmağın faciəsi

 

Məğlubiyyət pis şeydir, yenilmək kompleksi insanı sağlam düşünməkdən məhrum eləyir, kin, hirs, intiqam hissi həm yazıçının, həm də oxucunun sağlam düşüncəsini buxovlayır. Müharibə mövzusunda insan taleyi haqqında obyektiv əsər, adətən müharibə başa çatandan sonra, əsasən də, qalib ölkədə yaranır. Onillər boyu müharibənin ağrılarını canında daşıyan, torpaqları düşmən əsarətində olan, düşdüyü düyünü nə xoşluqla, nə də zorla aça bilən bir ölkənin yazıçısının bu mövzuda irihəcmli nəsr əsəri yazması çox çətindir.

Millətinə, dininə, əqidəsinə baxmadan insanların öldüyü, öldürüldüyü qanlı müharibədə millətin, dinin, əqidənin fövqündə olan insanlığın ölmədiyi, ölməli olmadığı barədə düşünmək, bu düşüncəni bədii obrazlara çevirmək, ölməyən insanlığı bədii obrazlar vasitəsilə oxucuya təqdim etmək isə daha çətindir.   

Ən çətini də oxucunu yazdıqlarına inandıra, yazdıqlarınla yaşada, yaratdığın bədii aləmin havasına alışdıra bilməkdir.

Varisin "Qızıl cib saatı" romanı 2020-ci ilin avqust ayında - çağdaş siyasi ədəbiyyatda İkinci Qarabağ müharibəsi adlandırılan Vətən müharibəsinin başlamasından bir ay əvvəl tamamlanıb. Kitabdan əvvəl roman "Ədəbiyyat qəzeti"ndə oxuculara təqdim ediləndə isə, müharibəyə düz on gün, şanlı Zəfərin elan olunmasına əlli dörd gün qalırdı...

Bu yazını romanın yaranma tarixindən başlamağım gəlişigözəl təsadüf deyil: Varis, oxucularını müharibənin ağrıları ilə yükləyən "Qızıl cib saatı"  romanının son nöqtəsini qoyanda otuz illik məğlubiyyətin göynəkləri hələ canımızda idi. Qələbə ərəfəsində Azərbaycan yazıçısının müharibənin sağalmayan, daim qövr edən, qan axan yaralarından roman yazması ondan böyük cəsarət və uzaqgörənlik tələb edirdi...

Böyük ədəbiyyatın əsas missiyası qəzəb, intiqam hissindən təmizlənib, insana və insanlığa, insan talelərinə əbədi dəyərlərin ölçüləri ilə yanaşmaqdır. Bu baxımdan, "Qızıl cib saatı" tarixdən və siyasətdən yüksəkdə dayanan, insanın öləri, insanlığınsa əbədi olması haqqında ciddi fəlsəfəsi olan əsərdir. Qarabağ müharibəsinin, ümumiyyətlə etnik don geyindirilmiş erməni-türk siyasi münaqişəsinin insanların taleyində əks-səda verən ağrılarını dünyaya, gələcək nəsillərə çatdırmaq üçün bu romanın müstəsna əhəmiyyət daşıdığını düşünürəm... 

Əsərdəki hadisələr tarixin son dərəcə gərgin bir dövrünün gerçəklikləri fonunda baş verir. Nəhəng bir imperiya - sovet hakimiyyəti iflasa uğrayıb, imperiyanın xarabaları üzərində öz müstəqil dövlətini qurmağa çalışan gənc dövlət(ləri)i isə, sanki görünməyən bir qüvvənin sehrli əli idarə eləyir. Həmin "sehrli əl" alnının təri ilə dolanan, xeyir əməlləri ilə dünyanın tarazlığını qorumağa çalışan insanların, o cümlədən, cansız taxtalardan gözəllik yaradan usta İsanın ailəsinin həyatına müharibə gətirir və müharibə cəmiyyətin nizamını, təbiətin ahəngini pozur. "İnsan burnundan uzağı görsə, nə var ki. Yaşayırsan, elə bilirsən ki, həmişə belə olacaq: günlərin axarı, təbiətin səxavəti, insanlığın insafı-mürvəti dəyişməz qalacaq. Ətrafında da dost-tanışların, qurduğun gün-güzəranınla şad-xürrəm yaşayacaqsan. Amma qəfildən başında bir ildırım çaxır ki, onu görürsən, dünyanın avandı tərsinə qarışdı...

Allah müharibə çıxardanın evini yıxsın..."

Bunlar əsərin baş qəhrəmanının - Əslinin düşüncələridir. "Müharibə çıxardana" qarğış eləyən Əsli müharibədə ər və oğul itirmiş anadır, romanda müharibənin faciələri Əslinin həyatından, düşüncələrindən keçirilib təqdim olunur. Yazıçının ustalığı mümkün olduğu qədər oxucu ilə mətnin arasına girməməyində, mətnlə oxucunun birbaşa səmimi ünsiyyətini yarada bilməyindədir. Şərti olaraq "müəllif" adlandıra biləcəyimiz təhkiyəçi öz görüşlərini, mühakimələrini oxucuya qəbul etdirməkdən vaz keçir. Ona görə də oxucu  romanda təqdim olunan hadisələri və insanları sadəcə, müəllif təxəyyülünün məhsulu kimi qavramır, özünü hadisələrin içində, insanların arasında hiss eləyir və görür.

Müharibə başlayana qədər həyatdan, yaşamaqdan zövq alan və təbiətən ruh əhli olan, mənəviyyatı maddiyyatdan, sevgini sərvətdən üstün tutan, sevib ailə quran Əsli müharibə başlayana qədər öz doğma kəndində, öz dünyasında xoşbəxt yaşayıb, ömrü işıqla dolu olub: əri İsa eldə-obada xeyirxah insan kimi tanınıb, insanlara əlindən gəldiyi qədər yaxşılıq eləyib. Gözünün ağı-qarası, madar oğlu Samir öz zəkası ilə yaşıdlarından fərqlənib, təhsil almaq həvəsi ilə böyüyüb, sevib-sevilib...

Müharibə Əslinin dünyasının işığını öləzidib: İsa şəhid olub, Samir əsir düşüb. Əslinin gündüzü gecəyə çevrilib. "Müharibə başlayalı, işıqdan qaranlığa keçid elə sürətlə baş verir ki, keçidin özünü izləmək mümkün olmur".

Erməni-azərbaycanlı münaqişəsindən bəhs edən romanın baş qəhrəmanlarının adları heç də təsadüfi seçilməyib, əsərin fəlsəfi qayəsinin açılmasına xidmət edir. "Əsli və Kərəm" dastanının qəhrəmanı Əsli Azərbaycan xalqının təsəvvüründə (ermənilərin də türk dastanına nəzirə sayıla biləcək "Əsli və Kərəm" dastanı olub) aşiqini sınaqlar qarşısında qoyan Mütləq Həqiqətin rəmzidir, əsl adı Məryəmdir - xristianların və müsəlmanların müqəddəs saydıqları əzabkeş Anadır. Romanda Əslinin ərinin - İsanın adı da həm müsəlmanlar, həm də xristianlar üçün müqəddəsdir. Əsərin mətnində buna açıq işarə də var. Bir dəfə bir malakan ona adının "tale işi" olduğunu demişdi: "İsa peyğəmbər də dülgər olubmuş..."

Əslinin əri - dülgər İsa dünyanın düz vaxtında - müharibədən əvvəl həm öz həmkəndlilərinin, həm də qonşu kəndlərdə yaşayan xristianların - malakan və ermənilərin körpələri üçün beşiklər düzəldir. Millətlərin həyatına girən, "müharibə çıxardan" sehrli əl həmin beşiklərdə böyüyənlərin arasına dava salır və onlar etnik mənsubiyyətlərinə görə cəbhənin əks tərəflərində əllərinə silah götürüb bir-birinə qarşı döyüşməli, bir-birinin qanını tökməli, bir-birinə qənim kəsilməli olurlar...

Əsərin təhkiyəsi Əslinin 1993-cü ilin martından sonra yaşadıqları üzərində cərəyan edir. Bu dövr Ermənistanla Azərbaycan arasında münaqişənin ən qaynar, eləcə də Azərbaycanda  daxili siyasi vəziyyətin ən gərgin çağı idi. Həmin vaxta qədər Əsliyə olan olmuşdu: ilk döyüşlərdə əri şəhid olmuş, atasının intiqamını almaq üçün könüllü orduya qoşulan yeganə oğlu əsir götürülmüşdü. Əsərin başlanğıcında, 1993-cü il martın 2-də Samir otuz yeddi gündü düşmən əsirliyində idi. Bu, cəbhə yaxınlığında yaşayan insanların həyatının "adi həqiqətlərindən" biri idi.

Qeyri-adi həqiqət isə romanda "müharibə çıxardanın" əli ilə tezliklə düşmənə çevrilmiş insanlar arasındakı "cəbhə xətti"nin pozulmasıdır. Martın 2-də bizim özünümüdafiə güclərimizə əsir düşmüş bir erməni əsgərini girov kimi saxlamaq üçün Əsliyə təhvil verirlər. Erməni əsgərinin Əslinin "girovluğuna" verilməsində məqsəd həmin əsiri imkan düşən kimi Əslinin oğlu ilə dəyişmək idi...        

Əsir düşən erməni əsgərinin Əsliyə təslim edilməsi və azərbaycanlının öz evində "erməni saxlaması" əsərin nüvəsini təşkil edir və nüvə parçalandıqca oxucu ilə Əsli arasındakı məsafə kiçilir, oxucu ətrafda baş verənləri Əslinin mövqeyindən görüb qiymətləndirməyə təhrik olunur.

İçi intiqam hissi ilə dolu olan, düşməni - erməni əsirini öldürmək qərarına gələn əlibıçaqlı Əsli qarşısındakı "ayaq üstə qırxı çıxan", çəlimsiz və xəstə "ana uşağı"nı görəndə öz oğlu Samir gözünün qabağına gəlir. O da madar övladını "ana uşağı" kimi böyütmüşdü və onun oğlunun da başı düşmən əlində idi. Taleyi Əslinin əlində olan əsir ona yalvarır və "onun dediklərini "Ana, mənə soyuqdur, mən donuram" kimi qavradı Əsli. Ani olaraq karıxdı. Bir hiss gəldi, elə bildi öz Samiridir qarşısındakı, boy-buxunu, hətta bəzi jestləri necə Samirinkinə oxşayırdı, üstəlik, simasının da bu qədər doğma gəlməsi... Özünü saxlaya bilmədi, hıçqırdı. Ağır-ağır evə qayıtdı.

"Ana, mənə soyuqdur, mən donuram..."

Əslinin dünyasında iki zidd qüvvə - müharibənin yaratdığı reallıq ilə şüurunda inanca çevrilmiş təsəvvüf humanizmi bir araya gəlir və oxucu da bir-birinə əks olan bu iki qüvvənin təsir dairəsinə salınır. Əslinin "evində erməni saxlaması" ərazisində müharibə gedən kəndin əhalisinin təsəvvürü ilə düz gəlmir və məntiqin ən inanılmaz paradoksu baş verir. Əsli əsirlikdəki erməni uşağının qayğısına qaldığı üçün öz doğmaları ilə üz-göz olur, təhqir edilir, söyülür, döyülür... 

Ərini itirəndən sonra tez-tez səssizliyə düşən, oğlu əsir düşəndən sonra isə lal sükuta qərq olan Əslinin qulağına sükutun içindən səslər gəlməyə başlamışdı. Əsli zaman-zaman ölümlü-itimli dünyadan ayrılıb həmin səsin yaratdığı mistik aləmə düşür və bu aləmdə onu nəqşbəndi şair Mir Həmzə Əfəndi Seyid Nigarinin xəyalı qarşılayır. Onu da qeyd edək ki, XIX əsrdə Azərbaycanda və ümumən Qafqazda böyük təsir qüvvəsinə (həm mənəvi, həm də siyasi) malik nəqşbəndilik təriqətinin nəzəri əsasını Ərzurumlu İbrahim Həqqinin "Mərifətnamə" risaləsi təşkil edirdi. Romanda Əslinin xəyalına gələn sufi şair Mir Həmzə Əfəndinin mülahizələri "Mərifətnamə"dən gəlir, oxucuya müəllifin stilizasiyası ilə təqdim edilir.

"Qızıl cib saatı" əsərini janr tipologiyasına görə tarixi roman hesab etmək olar. Burada tarixin iki layı - iyirminci əsrin əvvəlində baş vermiş mürəkkəb və qarışıq hadisələrlə əsrin sonunda çoxumuzun şahidi olduğumuz hadisələr paralel verilib. Əsər beynəlxalq imperializmin XIX əsrdə Osmanlı imperiyasını çökdürmək məqsədilə ortaya atdığı və hələ də arxasında durduğu "erməni məsələsi"nin insanlıq tarixinə gətirdiyi fəlakətin və XX əsrin sonunda eyni qüvvələrin idarə etdiyi Qarabağ müharibəsində törədilən qırğınların içində ölməyən, ancaq dərin və sağalmaz yaralar alan insanlığa həsr olunub.

Romanın strukturundakı birinci lay 1993-cü ilin mart ayında Qarbağda cəbhə xətti ilə qonşu kəndlərdən birində, ikinci lay isə 1912-18-ci illərdə Osmanlı dövlətində və Azərbaycanda, Bakıda cərəyan edən hadisələri əhatə edir.

Romandan ilğım kimi keçən üçüncü bir lay da var: insanların öldüyü, bir-birini öldürdüyü yerdə insanlığın ayaq üstə qalmasının əsaslandırılmasını təmin edir. Həmin lay əsərin baş qəhrəmanının - oğlu əsirlikdə olan Əslinin sufi şair Mir Həmzə Əfəndi Seyid Nigari ilə xəyali dialoqları formasında təqdim olunub. 

Roman boyu XX əsrin sonunda - 1993-cü ilin mart ayında, Kəlbəcərin işğalı ərəfəsində Azərbaycanın sərhəd kəndlərindən birində yaşananlar ilə əsrin əvvəlində Osmanlı imperiyasının tarixində baş verənlərin xronikası bir-birini əvəzləyir. Həm üçüncü şəxsin - təhkiyəçinin dilindən təqdim olunan Qarabağ müharibəsi, cəbhə xəttinin qonşuluğunda yaşayan insanları içindən yaralayan müharibənin ölüm-qalım ağrıları, həm də "Daşnaksütyun" partiyasının gənc katibinin XX əsrin əvvəllərinə aid qeydləri romanda xronika formasında verilib. Ancaq bu "xronikalar" öz məzmununa və vəzifəsinə görə bir-birindən ciddi şəkildə fərqlənir. Qarabağ "xronikası"nda günü-güzəranı tarixi hadisələrin qaynar nöqtəsinə düşən, müharibənin qurbanına çevrilən sadə bir insanın, əri şəhid, oğlu əsir düşən ananın mənəvi dünyasının sarsıntılarına işıq tutulur, partiya katibinin qələmə aldığı xronikada isə onun şahidi və iştirakçısı olduğu hadisələrin təqdimatına üstünlük verilir. Bu yanaşma romanın strukturundakı layları üzvi şəkildə bir-biri ilə bağlayır, keçən əsrin əvvəlində və sonunda baş verən hadisələri əsər boyu paralel təqdim edən roman müəllifinə imkan yaradır ki, müasir dünyadakı etnik münaqişələrdən birinin siyasi köklərini bədii sözün aynasına tutub əyaniləşdirsin.

Onu da qeyd edim ki, əsəri "roman içində roman" kimi deyil, bir-biri ilə səsləşən iki paralel "xronika" kimi oxumaq, zənnimcə, daha məqsədəuyğundur və bu, müəllif-mətn-oxucu üçbucağını daha mükəmməl tamamlayır... 

Üçüncü şəxsin (şərti olaraq müəllifin) dilindən təqdim olunan xronika 1993-cü il martın 3-dən başlayıb, aprelin 2-dək davam etdirilir. Aprelin 2-də Kəlbəcərin işğal edilməsi ilə tarixin içində özlərinin də bilmədiyi istiqamətə yollanan insanlar zamanın yeni bir tunelinin qaranlığına düşürlər. Oxucunu axıra qədər intizarda saxlayan təhkiyədə əsərin son səhifələrində "sıçrama" olur, zaman və məkan dəyişir. Aradan beş il yarım keçib. Əsər boyu ağrılarına ortaq olduğumuz Əsli ilə tunelin dibində - qaçqın düşərgələrinin birində üz-üzə gəlirik.

Oğlu 2096 gündür itkin düşən və hələ də oğlunun əsirlikdə olduğuna, əsirlikdən azad olacağına ümidini itirməyən, beynəlxalq təşkilatlara, ölkə rəhbərliyinə məktublar yazan Əslinin aradan keçən beş il yarım ərzində nə çəkdiyini, hansı sarsıntıları yaşadığını onun özündən başqa heç kəsin bilməsi mümkün deyil və bu mənada, zaman "sıçrayışı" təhkiyənin məntiqi ardıcıllığından doğur.

Yüz il əvvəl ortaya "erməni məsələsi"ni atan beynəlxalq qüvvələrin nüfuzlu təşkilatlarından biri isə yenə iş başındadır. "Çiskinli payız günündə azərbaycanlı məcburi köçkünlərin Aran bölgəsində məskunlaşdıqları çadır şəhərciyində UAİD adlanan beynəlxalq təşkilat gətirib yardım paylayırdı. Başına örtdüyü, rəngi soluxmuş, bəzi yerləri süzülmüş örpəyinin altından bəmbəyaz saçları görünən Əsli Nurullayeva ona çatan bir qutu payı kösövəbənzər, qupquru, qırışlar və pırtlaşmış damarlar içində itib-batan əllərinə götürdü... Heydən düşmüş odun kimi hissiyyatsız ayaqlarını lilli-palçıqlı yolda arxasınca sürüyərək gedib axtardı, adamların içindən bir vaxtlar kənddə qonşusu olmuş Münəvvəri tapdı, öz payını ona verdi..."

Bu mənzərə müharibənin "şah əsəri"dir. Müharibənin "şah əsəri"nin bir fəsli də qaçqın düşərgəsində üzərinə qırmızı boya ilə "Şəhidlər" sözü həkk edilmiş taxta lövhədir. Lövhədə tanış adlar - bir vaxtlar öz istəklərindən asılı olmayaraq müharibəyə cəlb olunan, doğma yurd-yuvasını, ev-ocağını düşməndən qoruyan, vətənini sevən insanların siyahısı yazılıb.

Əslinin oğlunun məktəbdə oxuyarkən sevdiyi, qaçqınlıqdan əvvəl böyük xəyallarla yaşayan Nazilə də müharibənin "şah əsəri"nin qəhrəmanlarındandır. Əsli "Dörd yaşlı uşağının əlindən tutaraq, qucağında da südəmər körpəsi, komendantın otağından çıxan, olduqca gözəl gəlinlə də salamlaşıb (Nazilə idi) qapını döyərək içəri keçdi. Komendant özü yox idi, katibəsi dedi ki, bu axşam Bakıda "Gülüstan" sarayında cənab Razi Əsədovun oğlu Akkının - Aqşinin toyudur, komendant da bu səbəbdən Bakıya gedib"...

Yardıma möhtac qaçqın kütləsi və "Gülüstan" sarayında toy! Əsərdə obyektivliyi şərtləndirən amillərdən biri müəllifin tarixi ən kəskin ziddiyyətləri ilə təqdim etməyə çalışması və buna müvəffəq olmasıdır. Təhkiyənin canlılığı, dinamikliyi də, mətnlə oxucu ünsiyyətinin səmimiliyi də müəllifin təzadların qütbləri ilə bərabər məsafə saxlaması, obyektiv mövqe tutması ilə bağlıdır. Müəllif açıq deməsə də, oxucunun gəldiyi qənaətlərdən biri budur ki, müharibənin milləti yoxdur. Müharibə təkcə "müharibə çıxardanın" işinə yaramır. Müharibəyə cəlb olunanlar da düşdüyü axından çıxa bilmir və bulanıq axın kimlərəsə sərf eləyir.

Əsər boyu bir-birini əvəzləyən xronikaların kəsişmə nöqtəsini, təhkiyəni təşkil edən motivlərin məntiqi əsaslandırılmasını da bu cür ziddiyyətlərin obyektiv təqdim olunmasında axtarmaq lazım gəlir.

Əsərin fəlsəfi qayəsi, ibrətamiz mahiyyəti isə müəllifin (təhkiyəçinin) mətnə birbaşa müdaxiləsi ilə deyil, Əslinin sufi şair Mir Həmzə Əfəndi ilə xəyali dialoqları zamanı üzə çıxır. Mir Həmzə Əfəndinin təlimi millətindən və dinindən asılı olmayaraq insanı Mütləq Həqiqəti dərk etməyə, mütləq dəyərlərlə yaşamağa dəvət edir. Güclü oyunquranlar tərəfindən ortaya gətirilən, mərkəzinə milli və etnik maraqlar yerləşdirilən, siyası oyunların toruna düşən insanlar isə kinin, ədavətin, müharibənin, ölümün məlzəməsinə çevrilirlər. Olan millətə olur: Əslilər ərsiz, oğulsuz qalır, Əsədovlar dəbdəbəli salonlarda toy çaldırır, kef edir...

Dünyanın xəritəsini öz istəyinə uyğun dəyişməyə, özünə sərf eləyən şəkildə dizayn etməyə çalışan görünməz əllərin sahibləri öz qurbanlarına rəhmsiz yanaşırlar. Millətlər bir-birinə qənim kəsilir - ermənilərin əli ilə müsəlmanlar və türklər, müsəlmanların əli ilə ermənilər güdaza gedir.

Varisin daha bir cəsarətli addımı da əks cəbhədə insanlığın ölmədiyini göstərməsi, həqiqətə, insanlıq dəyərlərinə sadiq qalan erməni gəncinin obrazını yaratmasıdır. Öz iradəsindən asılı olmayaraq 1912-ci ildə İstanbulda tarixi proseslərin qaynar qazanına düşən, Avropada təhsil almış gənc erməni cəbhənin əks tərəfində baş verənləri insanlıq mövqeyindən qələmə alır. Halbuki "Daşnaksütyun" partiyasına katib vəzifəsinə qəbul ediləndə ona gördüklərini həqiqət və ədalət ölçüləri ilə deyil, erməni milli ideologiyasının mövqeyindən qələmə almaq, həqiqətləri erməni millətinin mənafeyinə uyğunlaşdırıb təhrif etmək tapşırılmışdı.

Ancaq o, "milli" tapşırığı yerinə yetirə bilmir, əvvəl Osmanlıda, sonra da Bakıda gördüyü müdhiş mənzərələr qarşısında sarsılır. "Mən martın 19-na kimi elə bilirdim Osmanlı ərazisində gördüklərim ən böyük vəhşətdir, belə şeyləri bir də heç vaxt Yaradan mənim rastıma çıxarmayacaq... Martın 19-u səhər ertədən başlayaraq, ta ki martın 25-nə qədər nələr gördüm, İlahi. Ən qatı millətçi olmaq məgər cəlladmı olmaqdır? Qocasına, uşağına aman vermədən, qadınına, qızına fərq qoymadan milli mənsubiyyətinə görə bir xalqı necə məhv etmək olar axı?"

Varisin XX əsrin əvvəllərində baş vermiş erməni-türk qırğınlarını əsərdə erməni gəncin gözündən göstərməsi, "müsbət" erməni obrazı yaratması oxucu-müəllif münasibətləri baxımından riskli yanaşmadır: bütün ermənilərə düşmən nəzəri ilə baxan oxucunun daim müəlliflə polemikada olması gözləniləndir.

Mətn-oxucu münasibətləri baxımından isə tarixin dəhşətlərinin türklərin əhatəsində böyüyüb tərbiyə almış erməni gəncinin dilindən söylənilməsi özünü tamamilə doğruldur. Bu yanaşma mətnin bədii gücünü artırmaqla yanaşı, obyektivliyə və müəllif neytrallığının saxlanılmasına xidmət edir.

Romanda Əslinin ona girov kimi verilmiş, çəlimsiz erməni əsgərini anasına qaytarması da iki xronikanı bir araya gətirən tarazlaşdırıcı motivdir. Bu tarazlığın təməli, mənəvi əsaslandırılması Əslinin Mir Həmzə Əfəndi ilə xəyali dialoqları üzərində qurulub.  

Romanın ən maraqlı cəhətlərindən biri müharibənin görünən üzü ilə görünməyən üzünə, tarixdən anlayışı olan insanlara tanış olan hadisələrlə həmin hadisələrin insanların mənəvi dünyasında yaratdığı sarsıntılara eyni müstəvidə baxılmasıdır. Yazıçının hadisələrə və milliyyətindən asılı olmayaraq insanlara mümkün olduğu qədər bərabər məsafədən yanaşmağa çalışması sənədlər əsasında yaradılmış bədii aləmin oxucunun içində olduğu, iştirak etdiyi gerçəklik kimi qavranılmasını təmin edir...

"Qızıl cib saatı" yarandığı vaxt baxımından bəxti gətirmiş, düşərli əsərlərdəndir. Bu cür əsəri qalib ölkənin oxucusu daha düzgün qiymətləndirməyə qadirdir.

 

Məti Osmanoğlu

 

Ədəbiyyat qəzeti  2024.- 15 iyun, ¹22.- S.32-33.