Yücel
Feyzioğlu ilə bir müsahibə
Yücel
Feyzioğlu türk topluluqlarının minilliklərdən bəri
mədəni dəyərlərini qoruyub saxladığı
nağılları və əfsanələri toplayaraq, yenidən
tərtib edərək 35 kitab silsiləsi nəşr etdirən,
3 hekayə kitabı və 3 romanı ilə Almaniyada yaranan
türk uşaq və ailə ədəbiyyatının
(almanlar uşaq ədəbiyyatı deyil, ailə və
uşaq ədəbiyyatı adlandırır) öndə gedən
yazıçılarından biridir. Feyzioğlu, xüsusilə,
bütün dünyaya yayılan türklərin və
türklərə qonşu olan xalqların
nağıllarını 1974-cü
ildən sonra bir araya toplayıb. Topladığı bu əfsanə
və nağılları dövrün sosial şərtlərinə
uyğun olaraq yenidən tərtib edərək, "Türk
dünyası nağılları" və "Qardaş
nağılları" silsiləsi olaraq nəşr
etdirmişdir. Əsərlərinin əksəriyyətini təşkil
edən nağıllarla yanaşı, hekayələr, romanlar
da yazan Yücel Feyzioğlu "Anarbay" və
"Uğultu" romanları, "El Malı ilə necə?",
"Kaçak" adlı hekayə kitablarında Almaniyada
yaşayan türklərdən bəhs edirdi. Yücel
Feyzioğlu müşahidələrinə əsaslanaraq Almaniyada yaşayan birinci və
ikinci nəsil türklərin yaşantısını, dil və
təhsil problemlərini işıqlandırmışdır.
Yücel
Feyzioğlu əsərlərinə görə bir çox
mükafata layiq görülüb. Bunlardan bəziləri:
1979-cu ildə "Uğultu" romanına görə "Sənət
Əmək Romanı Mükafatı", 1986-87-ci illərdə
"Gənclik əsəri ilə Cümhuriyyət qəzeti
"Yunus Nadi Müsahibə"sində ikincilik
mükafatına, 1997-ci ildə hekayə üzrə
"Ömər Seyfəttin" xüsusi mükafatına
layiq görülüb. 2001-ci
ildə "Göçün 40. Yılı" adlı interkultural ədəbiyyat
yarışmasında "Ana dili gərəklimi?" publisist
yazısı ilə "Cümhuriyyət qəzeti"nin
birincilik mükafatına, 2003-cü ildə TRT İNT-nin təşkil
etdiyi "Aİ/Türkiyə əlaqələri"
müsabiqəsində "Məsləhətçi" hekayəsi
ilə birincilik mükafatına layiq
görülmüşdür. 2011-ci ildə TÜRKSAV tərəfindən
"Türk dünyasına xidmət ödülü" və
"Elginkan Vəqfi" tərəfindən 2012-ci ildə
"Türk Xalq Mədəniyyəti Araşdırmaları
mükafatı" və 2019-cu ildə TÜRKSOY-un verdiyi
Çingiz Aytmatov medalı ilə
təltif olunmuşdur.
Onun əsərləri
1987-ci ildə Almaniyada "Gladbeck Komediya mükafatı"
alanlar siyahısına girib. 2002-ci ildə isə "Sehrli
limon" kitabı NRW (Şimali Vestfalen əyaləti) Təhsil
və Elm Nazirliyinin 20 kitablıq seçiminə daxil edilib və
bütün uşaqlara, məktəblərə və ailələrə
oxunması üçün tövsiyə olunub.
Feyzioğlu
Almaniya Yazarlar Birliyinin üzvüdür. O, 1974-77-ci illərdə
Türk Sülh və Azadlıq Komitəsinin (TBÖK) baş
katibi vəzifəsində çalışıb.
Bu
gün Almaniyanın Köln şəhərində Rena sahillərində
öz yaradıcılığını davam etdirir. Biz də
onun yaradıcılığını tədqiq edərkən,
müsahibə almağı qərara aldıq. Bizim təklifimizi
geri çevirməyib, evinin və yaradıcılıq həyatının
qapılarını üzümüzə
açdığı üçün ona təşəkkür
edərək müsahibəyə başlamaq istəyirəm...
-
Hörmətli Yücel bəy, ədəbi fəaliyyətinizə
nəzər saldıqda, 1972-ci ildə Almaniyaya gələndən
sonra fantaziya və macəra dünyası olan nağıllar
aləminə üz tutduğunuzu görürük. Orta
Asiyadan Balkanlara, Mesopotamiyadan Azərbaycana qədər uzun səyahətlər
edərək minlərlə nağıl topladınız.
Nağıllar aləminə sizi hansı hiss və
düşüncə apardı?
-
Gözəl sualdır. Əslində bütün həyatımı
əhatə edir. Mən nağılla böyüdüm. Ailəmdə
ədəbiyyata böyük maraq vardı. Atamın çox
gözəl hekayət qabiliyyəti vardı. Axşamlar atam
dostları ilə birlikdə hekayə, nağıl və
romanlar oxuyub onları təhlil edərdilər. Nənə və
babamın nağıllarından sonra məni ən çox təsirləndirən
Yaşar Kamalın "İncə Mehmet" romanı
olmuşdu. Bu roman günlərlə evimizdə oxunub təhlil
edilmişdi. Lakin nağılların cazibə qüvvəsindən
qurtula bilmədim. Hafizəmdə çox nağıl var idi.
Buna baxmayaraq heç vaxt nağıl yazmağı
düşünmədim. Belə bir xəyalım da olmadı.
22 yaşında bir hekayə kitabım çıxdı.
Çox da bəyənildi. Lakin 1971-ci illərdə Türkiyədə
hökm sürən hərbi idarəçilik səbəbilə
çox sevdiyim ölkəmi tərk edib Almaniyaya getmək məcburiyyətində
qaldım. Burada alman dilini öyrəndim və məktəbdə
müəllimliyə başladım. Bir alman müəllimim mənə
dedi ki, biz bugünkü texnoloji, fəlsəfi
düşüncəmizin inkişafını və zənginliyimizi
nağıllara borcluyuq. Heyrət etdim, "Axı bu necə
ola bilər?" - deyə soruşdum. Dedi ki, 1800-ci illərdə
Almaniya bölünüb parçalanmışdı. Bu da
ölkəni tamamən gücdən salmışdı. Elə
bu məqamda, Napoleon Almaniyanı işğal edir. Məhz bu
zaman Qrimm qardaşları Jacob və Wilhelm Qrimm Almaniyada
nağıl kitablarını yayınlamağa başladı.
Qrimm
qardaşlarının milli kodların yerləşdiyi
nağılların Almaniyanın darmadağın olduğu və
eləcə də Fransa ixtilalından sonra bütün
dünyada milli kimlik şüurunun oyandığı bir
dövrdə ortaya çıxması heç də təsadüfi
deyil. Qrimm qardaşları siyasətə girmədən
yayınladıqları nağıl kitablarını beyliklərə
parçalanan Almaniyada uşaqlara paylayırlar. Otuz altı il
sonra Almaniyanın Birləşik Məclisini məhz Qrimm
qardaşlarının nağılları ilə yetişən
uşaqlar qurur. Bu hadisədən çox təsirləndim.
Baxdım ki, bolqarlar "Marta nənə"
nağıllarını, yunanlar Homerin nağıl və
dastanlarını oxuya-oxuya milli mənsubiyyətlərini dərk
etmiş və müstəmləkədən qurtulmuşlar.
Uzun illər Fransanın müstəmləkəsi altında
inləyən Əlcəzair xalqı da "Toroman
nağılları"nı oxuya-oxuya fransızları öz
torpaqlarından çıxarmışlar. Bütün bu
faktlar məni çox həyəcanlandırdı.
Düşündüm ki, mən də türk dünyasına
nağıllarla milli kodlarını ötürüm. Elə
o zamandan harada türklər yaşayırsa, oraya səyahət
edib, xalq nağıllarını toplamağa başladım.
İlk növbədə, Anadoludan və Balkanlardan
başladım. Daha sonra Azərbaycana gəldim. O zaman hələ
Sovet Azərbaycanı idi.
-
Böyük bir coğrafiyadan mindən çox nağıl topladınız.
İşə necə başladınız? O zamanlar Orta Asiya və
Azərbaycan keçmiş sovet məkanları kimi
tanınırdı. Türkiyə vətəndaşı
olaraq ora necə gəldiniz? Azərbaycanla bağlı xatirələrinizi
bizimlə paylaşa bilərsinizmi? Hansı şair və
yazıçıları tanıyırsınız?
-
Anadolu və Balkanlardan sonra ilk istəyim Sovetlər Birliyinə,
türk xalqlarının yaşadıqları yerləri ziyarət
etmək idi. Əlbəttə, ilk üz tutduğum yer Azərbaycan
olmalı idi. Dədəm, babam, atam da Borçalıdan
Ağbabaya, ordan da Qarsa köçmüşlər.
Çünki Azərbaycan mənim uşaqlıq xatirələrimdə
var olan bir həsrət idi. Qars vilayətində gecə yarısından sonra radio
dalğaları Azərbaycan kanallarından birini tuturdu. İlk
duyduğum və Türkiyə şairlərindən öncə
tanıdığım ilk şair Səməd Vurğun və
onun,
"El
bilir ki, sən mənimsən,
Yurdum,
yuvam, məskənimsən,
Anam,
doğma vətənimsən!
Ayrılarmı
könül candan?
Azərbaycan,
Azərbaycan!"
"Azərbaycan"
şeiri olmuşdu. Bu şeir məni, sanki
ovsunlamışdı. Vətən sevgisi, milli mənliyimə
bağlılıq duyğusu məni məndən
almışdı. Hətta nağıllar aləmini tədqiq
etmək fikrimin formalaşmasında Səməd Vurğunun
"Azərbaycan" şeirinin də təsiri olmuşdur. Bu
sehrli duyğu, sevgi, həsrət məni istər-istəməz
Azərbaycana çəkirdi. Mütləq getməliydim! Lakin
necə? Sovetlər Birliyi içində olan bir ölkəyə
getmək o qədər də asan deyildi. Hətta qorxurdum da.
Almaniyadan gəldiyim üçün məni agent sanıb
tutarlarsa?.. Bu qorxu və tərəddüdlər içində
bir çox araşdırma apardım və ilk
sığınacağım şəxsiyyəti tapdım. Bu,
Asiya və Afrika ölkələri Yazıçılar
Birliyi ilə Sovet Həmrəylik
Komitəsinin sədri Mirzə İbrahimov idi. Kiril əlifbasını
öyrənib onun hekayə və romanlarını oxudum.
"Gələcək gün" romanı çox xoşuma
gəldi. Bundan əlavə, onun zəngin fəaliyyəti, Azərbaycan
türklərinin birlik və bütövlüyü, ana dili,
xalqının milli kimliyi uğrunda fədakarlığı
diqqətimi çəkdi. Azərbaycanda kimin yanına gedəcəyimi
artıq müəyyənləşdirmişdim.
İlk
olaraq, Azərbaycan Ədəbiyyatı Muzeyinə gəldim.
Orada xeyli gəzdikdən sonra muzeydəki xanımlardan Mirzə
İbrahimovun yerini öyrəndim. Birbaşa yanına getdim.
Qapını döyüb içəri girdim. Yaşlı və
mütəvazi bir adam məni qarşıladı.
Özümü təqdim etdim. Yer göstərdi, oturdum. Gəncliyimin
mənə verdiyi həyəcanla duyğu və
düşüncələrimi ona anlatdım. Xeyli söhbət
etdik.
-
"Məni hardan tanıyırsan?" - deyə soruşdu. Mən
də:
-
"Gələcək gün" romanınızı oxudum və
haqqınızda geniş araşdırma apardım" dedim.
"Gələcək gün" romanında M.İbrahimov
imperializmə qarşı mücadilədən bəhs edir.
M.İbrahimov mənə:
- Sən
də Türkiyədən yaz, - dedi. Mən də gəncliyimin
mənə verdiyi təkəbbürlə:
-
Yox, mən onu yazmayacağam. Bu haqda yazan çox
yazıçı var. Mən heç kimin
yazmadığını yazacağam, - dedim.
- O nədir
ki, elə? - deyə təəccüblə üzümə
baxdı. Ürəyimdən keçənləri ona
danışmaq istəyirdim, amma bir tərəfdən də
çəkinirdim. Lakin səmimi davranışından cəsarətlənərək
fikirlərimi ona danışdım. Dedim ki:
-
Baxın, Mirzə müəllim, bizim övladlarımız Türkiyədə,
ya ərəb mədəniyyətinin, ya da Avropa mədəniyyətinin
təsiri ilə yetişir. Digər türk
övladlarımız, ya rus, ya Çin, ya da fars mədəniyyəti
ilə böyüyür. Bəs bizim mədəniyyətimiz
haradadır? Mən istəyirəm ki, bizim uşaqlara milli mənliyini
dərk etdirən əsərlərlə yetişsinlər.
Öz köklərini tanıyıb, milli mənsubiyyətinə
sahib çıxsınlar.
Sözlərim
Mirzə müəllimi kövrəltmişdi.
Başımı qaldıranda gözündə iki damla yaş
gördüm. Özünü ələ alıb telefonu
çevirdi. Elçin müəllimə zəng vurmuşdu.
Elçin müəllim o zaman Azərbaycan
Yazıçılar İttifaqının İdarə Heyətinin
katibi və Beynəlxalq Dostluq Dərnəyinin sədri idi.
M.İbrahimov Elçin müəllimə
dedi:
- Sənə
cəsur və gənc bir yazıçı göndərirəm.
Ona yaxşı qulaq as.
Doğru
yolda olduğumu və mənim üçün əlindən
gələni edəcəyini bildirdi.
Sürücüsünü çağırdı. Qalxıb
gedərkən paltomu tutmaq istədi, "Olmaz, qətiyyən
olmaz", - dedim. Onun iyirmi doqquz-otuz yaşlarında bir gəncə
göstərdiyi bu diqqət məni çox utandırdı.
-
Qoy, bu cavan oğlan sənə hörmət eləsin, - dedim.
Əlindən
almağa çalışdım, amma güclü bir şəkildə
paltonu buraxmamaqda qətiyyətini görüb tabe oldum. Paltomu
geydirib, mənə sarıldı; sanki "mən sənin
arxandayam" mesajını verirdi. Böyüklüyə bax!
Ürəyim dağa döndü. Bu görüş, sanki mənə
qol-qanad verdi. Öz-özümə bundan sonra bu yolda mətin
addımlarla irəliləyəcəyimə söz verdim.
Öz sürücüsü ilə məni Elçin müəllimin
yanına göndərdi. Elçin müəllim mənə
Azərbaycan nağıllarının zəngin xəzinəsinin
qapısını açdı. Səməd Vurğunun
"Balalarımıza əllərindən düşürməyəcəkləri
kitablar yazaq" sözləri mənə ilham verdi. İki
nağıl kitabında Azərbaycan nağıllarını
toplayıb yenidən tərtib etdim. Sovetlər Birliyinə də
rahat gedib-gəlməyimə, oradakı nağılları
toplamağıma Mirzə İbrahimovun böyük mənəvi
dəstəyi oldu. 1986-cı ildə Bəxtiyar Vahabzadə ilə
də tanış olmuşdum. Onunla da bu mövzuda çox
gözəl söhbətlərimiz olub. B.Vahabzadə
şairlik adının arxasına sığınan bir şəxsiyyət
deyildi. O, xalqdan biri idi. Əsl xalq şairi idi. Onun fəlsəfi
fikirləri milli ənənəyə dayansa da, müasirlik
yolunda xalqı irəli aparmağa yönəlmişdi.
Bu
gün də, Azərbaycanda yazıçı Elçin, Anar,
Tofiq Məlikzadə və adlarını
sadalamadığım bir çox dostlarım var.
-
Nağıllarda, əfsanələrdə və dastanlarda
baş verən hadisələr, ümumiyyətlə
bütün dünyada ümumbəşəri dəyərlərə
malik olduğu bəllidir. Orta Asiya, Azərbaycan və Avropa
nağıllarında hansı oxşar xüsusiyyətlərə,
obrazlara rast gəlmisiniz?
-
Orta Asiya türklərinin zəngin şifahi ədəbiyyat ənənəsi
vardır. Bu şifahi ədəbiyyatın ən gözəl
və zəngin məhsullarından biri, əlbəttə ki,
nağıllardır. Aldar Kosa Qazax, Qırğız, Özbək,
Qaraqalpaq və Türkmən türklərinin nağıl və
lətifələrində yer alan bir növdür. İstər
nağıllarda, istərsə də, lətifələrdə
Aldar Kosanın ən mühüm xüsusiyyəti onun
aldadıcı bir obraz olmasıdır. Aldar Kosa da bütün türk
boyları arasında danışıq qabiliyyəti və zəkası
ilə məşhur olan Molla Nəsrəddən (Nəsrəddin
Hoca) kimi türk dünyasının ortaq obrazlarından
biridır. Türk dünyası, hələ uşaqları
bir-birinə mədəni dəyərlər baxımından nə
qədər yaxındırsa, bir o qədər uzaqdır. Hələ
uşaqlar bir-birini heç tanımır. Çox
acınacaqlı vəziyyətdir. Tibetlilərin Tompa
Dayısı da Molla Nəsrəddin, Aldar Kosa kimi xarakterlərdəndir.
Onların düşüncə tərzi, hadisələrə
münasibəti eynidir. Avropada da Till Eulenspiegel Almaniya, Fransa və
Orta Avropa ölkələrində Aldar Kosa, Molla Nəsrəddin
kimi pitoreks bir folklor fiqurdur. Ən maraqlısı da odur ki,
bunların dördü də eyni dövrlərdə ortaya
çıxır və insanların hadisələrə
baxışını dəyişdirirlər. Məsələn,
gölə qatıq mayalayan Molla Nəsrəddinə: "belə
şey olarmı, göl də qatıq tutar?" - deyə
soruşanda: "ya tutarsa?" - deyə cavab verir. Doğrudan
da, heyrət olunacaq bir davranış və düşüncədir
- insanın xəyal dünyasını qanadlandıran bir
düşüncə. Azərbaycan nağıllarından
"Şəngülüm, şüngülüm, məngülüm"
nağılı almanların "Keçi və dörd
balası" nağılı ilə eynilik təşkil edir.
Türkmənistan nağılı "Ayıqulaq" yenə
Qrimm qardaşlarının "Qurbağa Prens"
nağılı ilə eynilik təşkil edir. Burada
Ayıqulağın başına gələn hadisələr
Azərbaycan xalq nağılı qəhrəmanı Məlikməmmədin
başına gələnlər ilə eynidir. Bu
nağıllar uşaqlara qərəzli düşünməməyi
və çirkinin içindəki gözəli görməyi
öyrədir. Ərəb nağıllarında keçən
Zümrüd və Anka quşu "Ayıqulaq"
nağılında Berkut olaraq keçir. Türk folklorunda yer
alan Berkut quşu Zümrüd və Ankadan daha qədimdir.
Ayrıca
bunu da demək lazımdır ki, türk xalqları hər nə
qədər ayrı olsalar da, aralarında bir mədəni
birlik və ortaqlıq vardır. Bir misal verim: Azərbaycandakı
"Cırtdan ilə Yanıq", Dağıstandakı
"Çilbik", Türkiyədəki
"Keloğlan", türkmənlərdəki "Yartı
Kulak ilə bir qarış boy, iki qarış saqqal",
başqırdlardakı "Əmanət", Sibir türklərindəki
"Öksüzoğul", altaylardakı
"İristu", çuvaşlardakı "Tuytuy
Tupalak", göyoğuzlardakı (qaqauzlar) "Dimitraş ilə
Pıtraş", qafqazlarda
"Kalıcı", qırğızlardakı "Ər
Tapıldı" bənzər nağıl qəhrəmanlarıdır.
Bunlar görünüş olaraq bənzərlikdən ziyadə,
xalqın təmsilçiləridir. Cəsurluqları və
bacarıqlarıyla dəyirmanın boğazına ölü
salsan, diri çıxan qəhrəmanlardır.
Bir
çox ortaq dəyərlər vardır ki, bunları
sadalamaqla bitməz. Bütün bu nağılların əsasını
uşaqlara vermək istənilən mərhəmət
duyğusu təşkil edir.
Doğruluq,
dürüstlük, mərdlik, xeyirin şərə qalib gəlməsi,
ədalət kimi dəyərlər türk xalqları
nağıllarının ortaq ideyasıdır. Onları Avropa
xalqlarının, xüsusilə də, alman
nağılları ilə qarşılaşdırdıqda bu
dəyərlərin sadəcə, türk xalqlarının
deyil, bütün bəşəriyyətə aid dəyərlər
olduğunu görürük.
-
Yücel bəy, 1974-cü ildən nağıllarla məşğul
olsanız da, 2007-ci ildən etibarən Türkiyədə
nağıl kitablarınız işıq üzü görməyə
başlayıb. Bu prosesi necə izah edirsiniz?
-
İlk nağıl kitabım 1981-ci ildə Almaniyada həm
alman, həm də türk dilində nəşr olundu. Bir anda
Almaniyanın bütün kitabxanalarına yayıldı. Məni
müxtəlif konfranslara, proqramlara, görüşlərə
dəvət etməyə başladılar. O zaman mən bir
alman məktəbində müəllim işləyirdim. Hər
dəfə bir yerə getmək üçün icazə almaq
məcburiyyətində idim. Müdirim alman idi, amma hər dəfə
mənə məmnuniyyətlə icazə verirdi. Bir müddət
sonra uzun fasilələr verməyə başladım. Məktəbə,
müəllimlər otağına girəndə mənə kənardan
gəlmiş bir adam kimi baxırdılar. Bu vəziyyət məni
narahat etməyə başladı və istefa vermək istədim.
Müdir məni buraxmaq istəmədi. Mənim uğurum onu da
sevindirirdi. "Sən heç bilirsənmi, nə iş
görürsən? Sənin yerinə mən özüm dərsə
girərəm", - deyirdi. Bir müddət də qaldım.
Lakin artıq utanmağa başladım. Nadir getdiyim iş
yerindən məvacib almaq mənə ağır gəldi.
1985-ci ildə istefa ərizəmi yazıb işdən
çıxdım. Elə o ildən etibarən peşəkar
yazıçılıq fəaliyyətimə başladım.
Daha sonra, 1991, 1992-95-ci illər arasında bir neçə dəfə
kitablarım nəşr olundu. Ancaq Türkiyədə 2007-ci
ildən etibarən kitablarım nəşr edilməyə
başladı. Çünki yayınevi sahibləri
"Ata-analar Qrimm qardaşları və Anderson
nağıllarını oxutmağa alışmışlar,
biz bunları nəşr etsək, sata bilmərik, zərər
edərik", - deyirdilər. Çox çətinlik çəkdim.
Bu çətinlikləri aşmaq asan olmadı. Lakin indi
artıq nağıllarım təkrar-təkrar nəşr
olunur. Elə Azərbaycan
nağılları 8-ci dəfədir ki, təkrar nəşr
olunur. Bir zamanlar kitablarımı nəşr etmək istəməyən
naşirlər indi məndən nəşr etmək
üçün kitab istəyirlər. Lakin "artıq
gecikdiniz, inciməyin", - deyə cavab verirəm. Təkəbbürlük
etmirəm, həqiqətən də, çox yaxşı
redaktorum və nəşriyyat direktorum var. Kitablarımı nəşr
edən "Doğu Batı Yayınevi" Türkiyənin
aparıcı nəşriyyatlarından biridir və öz
işlərini çox ciddi şəkildə görürlər
və bütün kitablarımı da onlara çap etdirirəm.
-
Nağıllar, həqiqətən də, sirlər
dünyasıdır.
Yazıçı kimi deyil də, bir insan olaraq həyat
reallığınızı, həyatdan gözləntilərinizi
hansı nağıllarda, hansı qəhrəmanların
timsalında tapırsız?
-
Nağıllar hələ uşaqlıqdan mənim diqqətimi
çəkib. Nağıllar mənim üçün hər
zaman sehrli bir aləm olub. Tərtib etdiyim nağıllar mənim
üçün çox əzizdir. Hamısını
çox sevirəm. Sevməsəydim, yaza bilməzdim.
Bütün nağıllar mənim üçün doğma
olduğu kimi, qəhrəmanları da mənim
üçün əzizdir. Hər bir nağılı yazarkən,
oradakı qəhrəmanın düşüncə və
davranışlarını hiss edib onunla birlikdə daxilən
hadisələri yaşamışam. Hətta Almaniyada
yazdığım romanlarda da obyektiv olmamaqdan çəkindiyim
üçün nağıllar aləminə
sığınmışam. Çünki 52 il bundan öncə,
Almaniyaya gəlsəm də, bu cəmiyyəti hələ də
yaxşı tanımıram. Qonşularımız, bəzən
başlarından keçən bir hadisəni nəql etdiklərində
hələ də təəcüblənə bilirik. Psixoloqlar
da insanların doğruları ifadə edə bilmələri
üçün nağıllara
sığındıqlarını söyləyir. Mən də
"Uğultu" və "Anarbay" romanlarında cəmiyyətdə
baş verən hadisələri nağılların dili ilə
anlatmağa çalışdım. Çox qəribədir
ki, 1200 il əvvəl yaşanmış maraqlı bir hekayəni
"Niran ilə Ziryab" adlı roman olaraq realist bir
üslubla yazdım. Romanın birinci cildi 2024-cü ilin fevral
ayında nəşr olundu. İkinci cildi isə bu ilin sentyabr
ayında nəşr olunacaq. Fikrimcə, Nizami Gəncəvi
"Əsli və Kərəm"i yazarkən Niran ilə
Ziryabın yaşanmış hekayəsindən təsirlənmişdir.
Ən
böyük gözləntim: nağıllarda olan mərhəmət,
sevgi və insanlıq duyğuları uşaqlarımız tərəfindən
oxunub öyrənilsin. O zaman dünyamız daha gözəl və
insanlar daha xoşbəxt olar. Məsələn,
"İlan" kürd nağılı mənə çox
təsir etdi. Bu nağıl verdiyi mesaj baxımından bu
gün də çox faydalıdır. Sevgi ilanı sevimli bir
uşağa çevirir. Bu gün ehtiyacımız olan ən
mühüm şey sevgidir. Bunu uşaqlarımıza
aşılaya bilsək, cəmiyyətdə yaşanan neqativ
hadisələr hiss olunur səviyyədə azalar və hətta
bitər.
-
Topladığınız iki mindən çox
nağılı seçib yenidən tərtib etdiniz. Bu
seçimi necə və nəyə görə müəyyənləşdirdiniz?
Məqsədinizə çatdınızmı?
-
Türk dünyasından topladığım nağıllar
böyük bir xəzinədir. Lakin qəbul edək ki, bir
çox nağıl uşaqlar üçün deyil,
böyüklər üçün nəzərdə
tutulmuşdur. Məhz bu baxımdan, ilk öncə, uşaq və
ailələr üçün olan nağılları
seçib ayırdım. Daha sonra yaş qruplarına və dəyər
xüsusiyyətlərinə görə ayırdım. Bu haqda
"Masallar bizə nə anlatır" adlı kitabımda
geniş məlumat vermişəm. Bu günə qədər
Avropa alimlərinin və pedaqoqlarının nağıllar
haqqında apardıqları tədqiqat əsərlərini
oxudum və gördüm ki, onlar nağılların yalnız
13-14 funksiyasını ortaya çıxarmışlar. İllər
uzunu apardığım tədqıqat nəticəsində
nağıllarda 13-14 funksiya deyil, 40 funksiya müəyyənləşdirdim.
Bir başqa alim də bu araşdırmalardan faydalanaraq
nağılların funksiyalarının 100-ə qədər
çıxdığını bildirmişdir. Belə nəticəyə gəldim
ki, nağılların içində zəngin xəzinə
var və bunları uşaqlarla yanaşı, ailələr də
oxumalı, uşaqların tərbiyəsində
nağıllardan geniş istifadə etməlidir. Milli mədəniyyət
elementləri olan layla və nağıllarla böyüməyən
uşaqlar şəxsiyyətini itirə bilər. Yəni tamam
başqa bir şəxsiyyətə çevrilər. Bu da onun
şəxsiyyətini parçalayar. Buna psixologiyada şəxsiyyət
yarılması, şəxsiyyət bölünməsi deyilir.
Milli mədəniyyətindən ayrı düşən bir
uşaq özünü tam dərk edə bilmədiyi
üçün başqası olmağa
çalışır, lakin onu bacara bilmir. Beləliklə,
arada qalan, milli mənsubiyyətindən uzaqlaşmış
bir fərd meydana gəlir. Buna görə də elə Səməd
Vurğunun dediyi kimi, balalarımızın əllərindən
düşürməyəcəkləri kitablar nəşr etmək
uşaq yazıçılarının işi
olmalıdır. Arzum uşaqlarımıza öz mədəniyyətini
öyrətməkdir. Çünki nağıllar, sadəcə,
xəyal məhsulu kimi deyil, xəyallar içində həqiqətləri
nəql edən hekayələrdir. Bu yolda almanlardan örnək
alaraq şuurlu hərəkət etmək lazımdır.
-
Yücel bəy, nağılları toplarkən hansı
qaynaqlara müraciət etdiniz?
- Mən
nağılları kitabxanalardan, arxivlərdən, xalqın
folklor hafizəsindən, yəni qoca və ağbirçəklərin
dilindən, aşıqların ağzından topladım.
Bunlar dörd min illik bir xəzinədir. Dəclə sahilində
m. ö.1750-ci ildə gil lövhələr üzərinə
yazılmış dünyanın iki nağılını da
mən tapıb nəşr etdirmişəm. Adı
"Adapa"dır. Hər almanın Qrimm
qardaşlarının nağıllarına verdiyi əhəmiyyət
qədər, düşünürəm ki, bizim türk
xalqları da "Türk
dünyası qardaş nağılları"nı hər
bir övladımıza çatdıra bilsə, o zaman mən
də məqsədimə çatmış olacağam.
-
Müşahidə etdiyim qədər, üçüncü nəsil
türk gəncləri nə tam türkcə, nə də tam
almanca danışır. Bunun fəsadları nə ola bilər?
Almaniyada türk dilinin gələcəyini necə
görürsünüz?
-
Almaniyada interkultural kontekstdə türk ədəbiyyatını
təhlil etdikdə, türk ailələrin köç
problemlərini, Almaniyada yaşayan bir türk olaraq yazırlar.
Bir qrup yazıçı və şair isə tamamilə alman
cəmiyyətinin bir parçası olaraq ədəbi fəaliyyətlə
məşğuldur. Almaniyada yaranan türk ədəbiyyatı
bu günə qədər müxtəlif şəkildə
adlandırılmışdır. Ən çox, "Türk
göçmən ədəbiyyatı" adı geniş
yayıldı. Son olaraq da "Alman-türk ədəbiyyatı"
olaraq adlandırılmağa çalışılır. Bunu
necə dəyərləndirirsiniz?
- Bəzi
yazıçıların türk köçmən
yazıçı olaraq adlandırılmaqdan xoşu gəlmir.
Haqlı sayıram. Çünki bu adla cəmiyyətdən təcrid
olunmuş olursan. Əlbəttə, bu vəziyyət insanı
narahat edir. Lakin alman-türk ədəbiyyatı deyilincə,
daha isti və daha qəbul olunur bir münasibət
gördüyünü hiss edirsən. Bir də köçmən
statusu ilə əsərlər yazdıqda artıq əvvəlki
qədər maraq doğurmur. Almaniyada yaşayan bir
yazıçı olaraq ümumi məsələləri
mövzu olaraq işlədikdə daha çox bəyənilir
və təqdir edilir. Biz artıq yarım əsrdən
çoxdur ki, Almaniyada yaşayıb-yaradırıq. Məncə,
artıq köçmənlik qalmamışdır. Ona görə
alman-türk ədəbiyyatı adlandırılması daha məqsədəuyğun
olar.
-
Sizcə, Almaniyada yaşayan türk yazıçılar necə
yazmalıdır ki, cəmiyyət və ədəbi mühit
tərəfindən qəbul edilsin və sevilərək
oxunsun?
-
Hansı cəmiyyətdə olursan-ol, əsl
yazıçı olmaq asan iş deyil. Marsel Rayx-Ranicki Polşa əsilli
alman ədəbiyyatşünasıdır. O, alman ədəbiyyatı
sahəsində ən nüfuzlu müasir ədəbiyyatşünaslardan
biridir və Almaniyada tez-tez Literaturpapst (ədəbiyyatın
atası) kimi tanınır. Onun ədəbi əsərlərə
yanaşma tərzi, təhlil və tənqid gücü
bütün Avropada qəbul edilmişdir. Günter Grassın ən
məşhur romanı "Die Blechtrommel" (Trampet) 1959-cu ildə
700 min tirajla çıxacaqdı. Lakin son anda Marsel Rayx
televizor verilişlərinin birinə çıxaraq roman
haqqında tənqidi fikirlərini söylədi və 680 səhifəyə
yaxın əsərin 27 səhifəsini ədəbiyyat,
qalanını makulatura olaraq dəyərləndirdi. Əlbəttə,
bu hadisə böyük rezonans yaratdı. Kitabın tirajı
birdən-birə 200 minə düşdü.
Belə
bir adam 1980-ci illərda köçmən ədəbiyyatı,
yoxsa, xarici ədəbiyyatmı? mübahisəsinə də
aydınlıq gətirməyə çalışdı. Sərt
bir şəkildə "keçin bunları, əsas olan ədəbiyyatdır.
Ədəbiyyatın prinsiplərinə cavab verməkdir. Qalan
şeylər boş şeylərdir", - deyə fikrini ifadə
etdi. Məncə, bu, çox gözəl bir tənqiddir.
Yazıçı olaraq özünə qarşı tələbkarlığını
artırır.
Mən
Türkiyədə hələ 22 yaşlarımdan bəri
böyük qəzetlərə yazılar yazırdım, bir
kitabım çıxmışdı. Artıq
tanınmış bir gənc olaraq yazılarımdan sitatlar gətirirdilər
(Bunlardan: məşhur yazıçı Cətin Altan,
İlhami Soysal, İlhan Səlcuk və digərləri).
Artıq bir yazıçı kimi formalaşırdım.
Yaradıcılığımın çiçəklənən
dövründə Almaniyaya gəlmək məcburiyyəti birdən-birə
məni dilsiz körpə uşağa çevirdi. Tam
başdan başlamaq məcburiyyətində qaldım. Dili
bilmirəm, mentaliteti tanımıram. Nə qədər də
çətin idi! Dili öyrəndim, Almaniyada Anderson yazarlıq
akademiyasını bitirdim. Alman yazıçıları və
dünya ədəbiyyatı ilə yarışmaq məcburiyyətində
olduğumu anladım. Çünki dünyanın ən
yaxşı ədəbi əsərləri burada dərhal nəşr
edilir. Belə bir yerdə mən necə məşhur ola bilərəm?
Məni kim tanıyacaq? Öz-özümə: "həddini
bil" dedim.
-
Daha sonra Marsel Rayx görüşünü dəyişdimi,
Yücel bəy?
-
1990-95-ci illərdə Marsel Rayx
çıxışlarında köçmən ədəbiyyatı
diqqətlə izlənilməsinin vacibliyindən və bu ədəbiyyatın
Almaniyaya gətirəcəyi ədəbi faydadan bəhs etdi. O
anda bizim ədəbiyyat, yazdıqlarımız əsərlərə
maraq artdı. Bir çox yazıçımızı
müxtəlif tədbirlərə dəvət edib, ədəbi
fıkirlərimızi almağa başladılar.
-
İnformasiya texnologiyalarının inkişaf etdiyi,
uşaqların telefon və planşetlərlə gəzdiyi,
internetdən endirilən oyunlar, filimlərlə
maraqlandığı, virtual dostluqlar qurduqları bir dövrdə
alman təhsil sistemində nağıl kitablarıyla təhsilin
səviyyəsi nə yerdədir?
-
Yuxarıda da qeyd etdiyim kimi, almanlar öz milli mədəniyyətlərini
öyrənməyi, milli birliklərini yenidən
qurmağı, nağılların yaratdığı təsiri
bildikləri üçün məktəblərdə bu
gün də bu məsələyə əhəmiyyət
verilir və Avropa Birliyi mədəniyyəti xüsusi önə
çıxarılır. Uşaqlara ağıllı telefonlar
almırlar. Sosial mediadan daha az yararlanırlar. Sosial media
üzündən kitab tirajları Almaniyada da
düşdüyü halda, uşaq ədəbiyyatı
seriyasından olan kitabların satışında yüksəliş
qeyd olunur. Avropada uşaqlar saatlarla televizorun önündə
oturmur. Əlbəttə, bəzən istisnalar da olur.
-
Yücel bəy, mən apardığım tədqiqatlar
zamanı görüşdüyüm insanlara və əsasən
də, gənclərə diqqət etdim. Çoxu fikrini
türkcə tam olaraq izah edə bilmir, qarışıq
danışır. Almanca da tam səviyyədə deyil. Bu
xüsus mənim diqqətimdən qaçmadı. Almaniyada
doğulub-böyüyən uşaqlar alman dilində təhsil
alır. Bu səfər nənə-baba olmayan gənc ailələrdə
bir də alman dilində danışılır. Bir an
düşündüm: "görəsən, Almaniyada
türk dilinin gələcəyi necə olacaq?" Bunu siz necə
qiymətləndirirsiniz?
-
Çox düzgün nöqtəyə toxundunuz.
Ağrılı bir məsələdir. İlk zamanlar
Türkiyədən gələn işçilərə, sadəcə,
iş-gücü kimi baxdıqları üçün onlara
alman dili kursları vermədilər. Bu sayədə, Anadoludan
gələn insanlar bütün ömürlərini zavod və
fabriklərdə fəhlə olaraq keçirdilər.
Onların uşaqları da az əziyyət görmədi. Dili
bilməyən valideyn övladına dərslərində,
sosial davranışlarında yardım edə bilmədi. Nəticədə
yeni nəsil tam olaraq alman uşaqları kimi yetişməyə,
onlar kimi dəyərləndirməyə çalışarkən
öz ana dilini yadırğamağa başladı. Bu halda,
Türkiyə dövlətinə də böyük iş
düşür. Almaniyada açılan minlərlə məscid
gənc nəsli dini inanc yoxsulluğundan xilas etdi və
türk dilinin istifadəsinə də müəyyən qədər
yardım etdi. Lakin bəzən bilgisizlikdən ərəb
dilinə daha çox önəm verildi. Mənəvi dəyərlərin
öyrənilməsi üçün ərəbləşməyə
ehtiyac yoxdur. Ana dili, inanc və
milli mənsubiyyətin kodlarını daşıyan mədəniyyətin
öyrədilməsidir və bu da çox vacibdir. Mən
keçənlərdə bir məsciddə seminar verdim.
Altmışdan çox uşağa nağıllar
danışdım, onların önəmini vurğuladım.
Onlarla birlikdə valideynləri də iştirak edirdi. Çox
bəyəndilər və bu cür proqramların davam etməsini
arzu etdilər. Əlbəttə, dini bilgilərlə
yanaşı, uşaqlarımızım milli mədəniyyətini
və ana dilini öyrənməsi çox vacibdir. Almaniyada məktəblərə
xarici dil kimi Türk dili qoyulmuşdur, istəyən ailələr
imza toplayaraq məktəblərdə türk dili dərsi ala
bilir. Lakin bu da yetərli deyil. Məncə, türk dili dərsi
məcbur tutulmalıdır. Hətta istəyən alman
uşaqları da bu dərslərə girsin. Bax, o zaman gələcəyə olan
narahatlığımız azalar.
-
Türk dünyasından topladığınız və yenidən
yazdığınız nağıllarda uşaqların
söz xəzinəsini zənginləşdirmək
üçün türk xalqlarına aid sözlərdən
istifadə etdinizmi?
-
Əlbəttə, ilk yazdığımda müxtəlif
türk topluluqlarına aid sözləri qoruyub saxlamağa
çalışdım. Lakin daha sonra nağılların
başa düşülməsində çətinlik
yaratdı. Ona görə də belə qərara gəldim ki,
bu nağılları hakim olduğum dildə yazım,
düşündüm ki, daha sonra müxtəlif türk
topluluqlarının dilinə tərcümə edilər.
Nağıl kitablarını tərtib edərkən hər
bir türk topluluğuna bir kitab ayırdım və kitabın
arxasında o ölkə haqqında məlumat verdim.
-
Yücel bəy, yeni layihələriniz varmı və əgər
varsa, onları bizimlə bölüşə bilərsinizmi?
-
Türk mifologiyasında mühüm rol oynayan, dişi qurd olaraq bilinən Asena haqqında uzun
illərdən bəri tədqiqat aparırdım. Yeni mənbələr
əldə etdim. Onun qurd deyil,
Göktürk Xaqanı Mukan Xaqanın qızı olduğunu
öyrəndim. O qədər mühüm bir obrazdır ki, 12
pərdə ilə Çin musiqisinin təməlini o
yaratmışdır. Bu günə qədər təsiri davam
edir. Əks təqdirdə,
yüz illər boyu unudulmayan bir əfsanə olardımı? Məzarı
da tapıldı, məzarın içindən Asenaya aid mindən çox əşya
çıxdı. Bunların arasında qızıldan qulaq
çöpləri də var.
Kitab yeni nəşr olundu. Digər əsərim
"Niran ilə Ziryab"ın ikinci cildidir. Nəşrə
hazırlanır, önümüzdəki sentyabr ayında o da
işıq üzü görəcək.
Niran
və Ziryabın qeyri-adi hekayəsi Şərqin Qərbə
bəxş etdiyi ən rəngli səhifələrdən
biridir. Hekayənin bu qədər gözəl və cəlbedici
olmasının səbəbi Niran və Ziryabın tarixi
reallığa söykənməsi, incəsənətin və
musiqinin intibahdan çox-çox əvvəl dünyaya ilham
qapılarını açması və təbii ki, bu iki
fiqurun böyük şəxsiyyəti təmsil etməsi,
Şərqdə və Qərbdə dərin sevgi
qazanmasıdır.
Ziryabın
(Əli Nafinin) Şərqdən başlayan uzun səyahəti
Kordobada bitir. Həyatı boyu
qarşılaşdığı çətinliklər, rəqabətlər,
qısqanclıqlar, ayrılıqlar həmişə olur. Lakin
o, sənət dühası ilə bütün çətinliklərin
öhdəsindən gəlməyi bacarır. O, əsl səsinin
zamandan sonra da eşidiləcəyini bilir. Çox maraqlı
hekayədir. Məni arxasından, ta Bağdaddan İspaniyaya qədər
apardı. Altı dəfə Əndəlüsə getdim;
evinin yerini, məzarını tapdım. Çox maraqlı
faktlarla qarşılaşdım və ayaq izlərini belə
axtarıb tapmağa çalışdım, əldə etdiklərimi
yazmağa çalışdım. Nə dərəcədə
müvəffəq oldum, onu bilmirəm.
-
Hörmətli Yücel bəy, geniş və maraqlı
müsahibənizə görə sizə təşəkkür
edirik. Soruşmadığımız, lakin sizin söyləmək
istədiyiniz varsa, buyurun.
- Mən
də sizə təşəkkür edirəm. Bu günə qədər
verdiyim ən gözəl müsahibələrdən biri oldu.
Məni də düşündürən, mənə yeni
fikirlər verən gözəl suallarınız bütün
yaradıcılığımı açdı. Müsahibədən
ziyadə, gələcəkdə Almaniyada türk ədəbiyyatı
yazıçılarını araşdıran tədqiqatçılar
üçün də maraqlı olacağını
düşünür və sizə uğurlar arzu edirəm.
Son
olaraq sözlərimi yenə də nağıllarla tamamlamaq
istəyirəm. Alman türkoloq Rosemarie Kuper bir məqaləsində
belə yazır: "Türk dünyası
nağılları Yücel Feyzioğlunun qələmindən
gəlib ailə və uşaq ədəbiyyatı
kitablığında üst rəfə yerləşib".
Buradan Rosemarieyə də təşəkkür edirəm.
Söhbətləşdi:
Səriyyə Gündoğdu
F.ü.f.d.,dos., AMEA
akademik
Z.M.Bünyadov
adına Şərqşünaslıq
İnstitutu
"Türk filologiyası"şöbəsinin müdiri
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.28-30.