Elm ruhun işığıdır...
...Mənim
və yüzlərlə yetirmələri üçün
müqəddəs olan əziz insan - dəyərli müəllim,
tanınmış ədəbiyyatşünas alim, tədqiqatçı,
pedaqoq, şair, publisist, gözəl ziyalı, professor
İslam Qəriblinin bu günlərdə 70 yaşı tamam
oldu. 70 ilə gəlib
çatmaq hünər deyil, hünər bu ömrü kişi kimi yaşamaq, el-obanın məhəbbətini
qazanmaqdır. Məşhur bir kəlamda deyildiyi kimi: "Həyatın
mənası yalnız yaşamaqda deyil, nəyin xatirinə
yaşamaqdadır".
İslam Qəribli nəyin xatirinə
yaşadığını bilən, Tanrı tərəfindən
ona verilən ömür payını layiqincə dəyərləndirməyi
bacaran şəxsiyyətlərdəndir. Etiraf edək
ki, hər bir ziyalı, alim, müəllim şəxsiyyətə
çevrilə bilmir. Şəxsiyyət
olmaq üçün insanın duyan qəlbi, Yaradanı və
yaradılanları sevən ürəyi, düşünən
beyni, verilənləri dəyərləndirə bilən zəkası
olmalıdır. Tam səmimiyyətimlə
deyirəm ki, mənim tanıdığım İslam Qəriblidə
bu xüsusiyyətlərin hamısı cəmləşib.
Doğulduğu yerlərin ecazkar təbiəti
var xarakterində. Lerik dağlarının
vüqarı duyulur əzəmətli duruşunda,
çaylarının əks-sədası var səsində, kənd
insanlarının səmimiliyi hopub yazılarına, deyimlərinə,
xarakterinə. Mərdanəlik, ağayanalıq
var simasında. Seyid adının
ucalığını, ülviyyətini daima qorumağa
çalışıb, işi, əməli, mənəvi dəyərlərə
sadiqliyi ilə həmişə ətrafdakılarına
örnək olub prof. İslam Qəribli.
70 illik yubileyini AMEA-nin Nizami adına
Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri kimi qarşılayan, sadə kənd
müəllimliyindən alimliyə qədər şərəfli
həyat yolu keçən İslam Qəriblinin pedaqoji, bədii,
elmi, publisistik fəaliyyəti əsl həyat məktəbidir,
ədəbi dəyərdir, bu məktəbi
araşdırmağa, bu irsdən öyrənməyə dəyər
və həm də ona görə ki, dəyərli insanlar məhz
zamanında, yaşayıb yaratdıqları vaxt dəyərlərini
almalıdır ki, digərlərinin də
yaradıcılıq yollarına işıq olsun!
Professor
İslam Qəribli 70 illik ömrünü necə
yaşadı, yaşıdlarından nə ilə fərqləndi,
yaşanmış ömründə tək özü,
doğmaları üçün deyil, xalq, vətən, cəmiyyət
üçün yaddaqalan ola bildimi? Bu sualların cavabı İ. Qəriblinin
keçdiyi maraqlı və şərəfli həyat yolunun
qısaca da olsa, çözümündədir. Geniş
oxucu kütləsinin marağını nəzərə alaraq
xatırlatmaq istəyirəm ki, İslam Eynəli oğlu Qəribli
5 may 1954-cü ildə Lerik rayonunun Molalan kəndində anadan
olub. Əsli Ərdəbil yaxınlığındakı
Sarxanbəyli elatındandır, altıncı babası Ramazan
Molalan kəndinin əsasını qoyanlardan biri olub, atası
Eynəli Kərbəlayi Xanəli oğlu tanınan sənətkar
- nəccar olsa da, folklorumuzun və mərsiyyə ədəbiyyatının
kamil bilicisi, sinədəftər bir şəxsiyyət, el
ağsaqqalı, kəsərli söz sahibi kimi tanınıb və
prof. İslam Qəribli doğulduğu kənddə bu gün
də elə atasının adı ilə tanınır!
İslam
Qəribli 1971-ci ildə ADPU-nun filologiya fakültəsinə
daxil olub, 1975-ci ildə bu ali məktəbi
fərqlənmə diplomu ilə bitirərək təyinatla
Biləsuvar rayonunun Əmənkənd kənd orta məktəbində
4 il müəllim və tədris işləri üzrə
direktor müavini vəzifələrində
çalışıb. 1979-cu ildə Biləsuvardan
Lerik rayonuna dəyişilərək burada pedaqoji işini davam
etdirib, 1990-cı ilin dekabr ayına kimi Lerikin Murya, Kaqoy, Molalan
kəndlərində müəllim və məktəb direktoru
olub.
İslam Qəribli niyə məhz müəllimlik
peşəsinə könül vermişdi - bu seçimi kənd
uşağının öz müəllimlərinə olan
sevgisimi doğurmuşdu, müəllimlərinə olan
hörmətdənmi qaynaqlanmışdı, bu peşəyə
olan ehtiyacdanmı? Düzü, nədənini, niyəsini
İslam müəllimdən heç vaxt
soruşmamışam, cavabını da bilmirəm. Amma bildiyim
bir həqiqət var ki, həyatda təsadüfi heç nə
yoxdur və İslam Qəriblinin müəllimlik peşəsini
seçməsi taleyin xoş qisməti, uca Yaradanın ona
lütfü kimi dəyərləndirilməlidir ... Zaman
göstərdi ki, müəllimlik peşəsi prof. İslam Qəriblinin
sanki taleyinə "biçilmişdi", həyati
ehtiyaclarını ödəyən peşə,
"çörək ağacı"ndan çox, ruhən,
qəlbən bağlandığı könül sevdası
oldu, gəncliyindən ahıllıq çağlarına qədər
cəmiyyətlə özü arasında hörmət,
ehtiram, sevgi körpüsünə döndü...
Pedaqoji fəaliyyətlə
məşğul olduğu illərdə İslam Qəriblinin
aldığı təltiflər, təşəkkürnamələr,
fəxri-fərmanlar, fəxri adlar göstərdi ki, ADPU-nun
filologiya fakültəsinin fərqlənmə diplomlu məzunu
çalışdığı bütün pedaqoji kollektivlərdə
sevilən, seçilən, fərqlənən biri
olmağı bacarıb. 1985-ci ildə
"Baş müəllim" adını qazanması fikrimizi
bir daha təsdiqləyir. Biləsuvar, Lerik
rayonlarının ucqar kənd məktəblərində tədrisdə
yeni öyrənmə metodlarını, şagirdlərə fərqli
yanaşma tərzini ortaya qoymaqla, fənnini ürəkdən
tədris etməklə yetirmələrinin yaddaşında əsl
müəllim kimi iz qoymağı bacardı. Aylar, illər
keçdikcə İslam müəllimin yetirmələrinə,
ilahi seçimi olan müəllimliyə, ədəbiyyata -
poeziyaya olan sonsuz sevgisi ürəkləri isitdi, öyrətmənə,
öyrənməyə olan sevgiyə döndü, həyat
yolunu nurlandırdı, onu cəmiyyətin nurlu
ziyalısına çevirdi, nur, işıq topası kimi
özünə qayıtdı. Rayonda işləyə-işləyə
Azərbaycan EA-nın müxbir üzvü, böyük alim
Əziz Mirəhmədovun rəhbərliyi ilə "M. Hadinin
İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah
poeması" mövzusunda namizədlik dissertasiyası
yazması və 1990-cı il sentyabr
ayının 28-də müvəffəqiyyətlə
müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini
alması ucqar dağ kəndində çalışan müəllimin
əldə etdiyi böyük uğur kimi dəyərləndirilməlidir.
Bu uğur gənc müəllimin həyat fəaliyyətinin
axarını dəyişdi, o, həm də alim-tədqiqatçı
oldu. İslam Qəriblinin pedaqoji və elmi
fəaliyyəti, nəinki bir-birinə mane olmayıb, əksinə,
tamamlayıb, qoşa qanada dönüb. O, uzun illər
orta və ali məktəblərdə dərs
deyib, bakalavrların, magistrlərin, doktorantların,
sözün müstəqim mənasında, rəhbəri - yol
göstərəni, məsləhətçisi olub, bir
çox dərsliklərin müəllifinə çevirib.
İ. Qəriblinin müxtəlif illərdə tərtib etdiyi
"Azərbaycan dili" (2002, 2003, 2006, 2009) adlı dərs vəsaitləri
mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
İslam Qəriblinin 1990-cı ilin
dekabrından AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutuna dəvət olunması,
aparıcı, baş elmi işçi kimi
çalışması, hazırda isə Yeni dövr Azərbaycan
ədəbiyyatı şöbəsinin müdiri kimi fəaliyyəti
göstərir.
Qeyd edək
ki, professor İslam Qəribli 35 ildən çoxdur ki,
yorulmadan, usanmadan ədəbiyyat tariximizə baş vurur, o
taylı-bu taylı Azərbaycan ədəbiyyatının
açılmayan səhifələrini tədqiq edir, ədəbi
qaynaqları səbirlə araşdırır, yeni fikirlərini
ortaya qoyur və ən əsası, heç kimi təkrarlamır,
öz yolu, öz cığırı ilə gedir. Təkcə bir faktı vurğulamaq kifayətdir ki,
Məhəmməd Hadinin həyatının, elmi, bədii
irsinin köklü araşdırılması professor Əziz
Mirəhmədovdan sonra İslam Qəriblinin adı ilə
bağlıdır və bu irsin tək
araşdırıcısıdır, "sonuncu
mogikan"ıdır. İslam müəllim
bütün yaradıcılıq gücünü sərf edərək,
Azərbaycan ədəbiyyatının istedadlı və
talesiz nümayəndəsi Məhəmməd Hadinin həyat və
yaradıcılıq yolunu ilmə-ilmə çözərək
"M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"
poeması" mövzusunda namizədlik (1990),
"M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü
mətbuatında (1905-1920)" mövzusunda (2013) doktorluq
dissertasiyalarını müdafiə edib. Akademik Bəkir Nəbiyevin
İslam Qəriblinin "Məhəmməd Hadi və mətbuat
(1905-1920)" monoqrafiyasını
"Hadişünaslığa yeni töhfə"
adlandırması tədqiqatçının böyük zəhmətinə
verilən dəyərdir. Prof. İ. Qəribli M. Hadi ilə
bağlı araşdırmalarını bu gün də eyni həvəs
və bu nakam ədibin ruhuna ehtiramla davam etdirir. Onun "Məhəmməd
Hadi: Həyatı və
yaradıcılığı" adlı son monoqrafiyası XX
əsr Azərbaycan ədəbiyyatı və ictimai fikir
tarixinin görkəmli nümayəndələrindən biri,
milli Azərbaycan romantizminin yaradıcılarından olan Məhəmməd
Hadinin həyat və yaradıcılıq yolunun tədqiqinə
dair ən sanballı tədqiqat hesab olunur.
"Ağçaydan başlanan
yol", "Sönməyən ocaq", "Məhəmməd
Hadinin "İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"
poeması", "Azərbaycan dili", "Məhəmməd
Hadi yaradıcılığının "Həyat" və
"Füyuzat" mərhələsi", "Məhəmməd
Hadi və mətbuat (1905-1920)", "Gecikmiş
görüş", "Mən bir kitab,
hər vərəqim min kitabdır", "Ədəbiyyat sərhəd
tanımır", "Sözün sehri",
"Hüseynbala Mirələmov: tarix və müasirlik",
"Xurşidbanu Natəvan: həyatı və
yaradıcılığı" və s. kitabları prof.
İslam Qəriblinin necə məhsuldar alim, publisist, şair,
yazıçı olduğunu göstərir. Prof.
İslam Qəriblinin "Azərbaycan ədəbiyyatı:
dünən və bu gün" kitabı təkcə ədəbiyyatşünaslığımızın
deyil, özünün də elmi yaradıcılıq yolunun təhlili,
yaradıcı şəxsiyyət kimi özünə
hesabatıdır.
Prof. İslam Qəribli geniş diapazona malik ədəbiyyatşünas
alimdir. Onun elmi
yaradıcılığının əsas istiqamətini ədəbiyyat
tarixçiliyi və mətnşünaslıq təşkil
edir. 20-dən yuxarı elmi və bədii kitabların
redaktorunun toplayıb tərtib etdiyi, ərəb əlifbasından
transliterasiya edib çapa hazırladığı, müqəddimə,
şərh və lüğətlər yazdığı
"Necə qan ağlamasın...?"(Bakı-1993),
M. Şəhriyar. Seçilmiş əsərləri-müştərək
(Bakı-2000; 2005), Ş.S.Ərdəbili "Qara məcmuə"
(Bakı-2004), M. Hadi. Seçilmiş əsərləri-lüğət
hissəsi (Bakı-2005), Ə.Nəbati, Heyran xanım, X.Natəvan.
Seçilmiş əsərləri (Bakı-2005), A.
Bakıxanov. Seçilmiş əsərləri (Bakı-2007),
Ə.N.Oxtay. Əsərləri (Bakı-2009), M. Biriya. Əsərləri
(Bakı-2010), M. Biriya. "Hər addımda məzarım
var" (Təbriz-2016), M. Şəhriyar. "Əbədiyyət
gülüyəm mən" (Bakı-2017), M. Hadi. Əsərləri.
I və II cildlər (Bakı-2020) kitabları nəşr
edilib.
İslam Qəribli olduqca məhsuldar alim, tədqiqatçı
olduğundan müəllifi olduğu, redaktə etdiyi
kitabların, məqalələrin dəqiq sayını
yazmaqda çətinlik çəkirəm. Təqribi
də olsa, deyə bilərəm ki, çapdan
çıxmış elmi əsərlərinin sayı 200-dən
artıqdır, 20-dən artıq kitabın müəllifidir,
onlarla kitabın redaktoru olub və zəhmətkeş alim bu
gün də qələmini yerə qoymur, daim yazır,
yaradır, yeni araşdırmaları ilə ədəbiyyatşünaslıq
elmimizi zənginləşdirir.
O taylı-bu taylı Azərbaycanda,
bütün Türk dünyasında professor İslam Qəribli
ədəbiyyatşünas alim-tədqiqatçı kimi
tanınır, sevilir. Tələbələri
üçün o həm də gözəl müəllim-pedaqoqdur.
Esmira İsmayılova
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.22-23.