Qulu Ağsəsin şeir-mətnləri
və ya "dil açan şəxsiyyət"
Əməkdar
jurnalist, "Ulduz" jurnalının baş redaktoru, şair
Qulu Ağsəs "Nasir" jurnalına verdiyi müsahibəsində
deyir: "Tərcümeyi-halı Hüseyn Cavidlə
üst-üstə düşən ərəb filosof-şairi
Cəbran Xəlil Cəbranın bir kəlamında deyilir:
"Şairlə alim arasında bir zolaq var. Bu şəffaf
zolaqdan əgər alim şairə sarı adlayırsa, o,
müdrik, şair alimə tərəf istiqamətlənirsə,
o, dahi olur." Mən həmişə
aralıq bir zonada yaşamağın tərəfdarı olmuşam.
İki əks qütbün arasında
dayanmağa çalışıram. Hətta
publisist yazılarımda da öz mövqeyimlə cəmiyyətin
mövqeyi arasındakı mövqeyi qələmə
almağa cəhd edirəm". Bu mənim
Qulu Ağsəs haqqında ikinci yazım olduğu
üçün deyə bilərəm ki, mən o
zolağı keçmişəm, şairə tərəf
addımlayıram. Onun şeir
dünyasının və ya sözdən qurduğu şeir
sarayının 40 otağını da gəzəcəm.
Bunlar ilkdir; otağa girmək üçün
qapı döyməkdir.
Qulu Ağsəsin şeirləri ədəbi mətnlər,
bütün ədəbi mətnlərsə müəllifin
yaradıcılıq aktıdır. Şairin mətnini - əsərini
"dil açan şəxsiyyət" (S.Böv) hesab edən
mütəxəssislərin qənaətincə, poeziyadakı
hər bir söz müəllifin etirafı, onun
avtobioqrafiyasının bir hissəsi" (Mandelştam) və
düşüncələrinin, insana və Tanrıya olan
sevgisinin inikasıdır. Mən Qulu Ağsəsin
şeirlərini şeirdən çox, mətn kimi oxuyuram.
Fikrimi vəznə, qafiyəyə yox, mənaya
kodlaşdırıram. Şairin
düşüncələri hopan misralarda inikas edənləri
oxumağa çalışıram. Daha
doğrusu, şairin dünya, təbiət, insan, cəmiyyət
və Tanrı haqqındakı fikirlərini maraqla izləyirəm.
Bir oxucu olaraq deyə bilərəm ki, Qulu
Ağsəsin mətnlərini şeir kimi oxumaq bir başqa
zövq verir. Amma mətn kimi oxuyanda bəzən
bir misranın üzərində dəqiqələrlə
düşünüb dururam. Şairin dünya, Tanrı,
insan, cəmiyyət və s. haqqındakı düşüncələrini
anlamağa çalışıram. Bu,
bütün insanları düşündürən məsələlərdir.
Doğrudur, bu o qədər də asan olmur.
Tam bir fikirdən yapışmaq istəyirsən
ki, o biri misra səni başqa bir fikrə calayır. Bəzən Tanrı ilə ölüm eyni mətndə
işlənir. Düşündürücü
mətnlərdir.
Qulu Ağsəsin şeirləri Allahla arasında olan
bağlardır. "Yuxu ilə oyanmaq arasındakı
halların inikasıdır. Bu
yolçuluqda yaşadığı hallar şairə,
"İnsanın hər axşam ölüb, hər səhər
təzədən doğul"duğuna inandırır. Bir haşiyə çıxaraq, uşaqlıqda
anamla aramızda olan bir dialoqu xatırlatmaq istəyirəm.
Anam hər gecə əlləri açıq, üzü
göyə Kəlmeyi-şəhadət oxuyurdı:
"Əşhədu ən la ilahə illəllah Əşhədu
ənnə Muhəmmədən rəsulullah." Bir dəfə soruşdum, niyə hər gecə kəlmeyi-şəhadəti
oxumasının səbəbini. Anamın cavabı qısa
və konkret oldu: "Yatıb oyanmamaq da var. Yuxu ki var,
ölümdür." Bu sözləri duyunca
heyrətlənmişdim, daha çox qorxmuşdum, hətta
uşaq düşüncəsi ilə bir neçə gün
yatmaq istəməmişdim, birdən oyanmaram deyə. Mövzudan uzaqlaşmayaq. Dünya,
kainat, təbiət başdan-başa heyrətdir. Heyrət
deyincə, Füzuli babamızın "Heyrət ey büt,
surətin gördükdə lal eylər məni, Surəti-halım
görən, surət xəyal eylər məni", -
misralarını xatırlamadan keçmək olmaz. Füzulinin heyrəti Onun möcüzəsindən
doğduğu kimi, Qulu Ağsəsin də heyrəti
dünyanı və Tanrını anlamaqdan, yuxularında
uçduğu məkanın sehrindən keçir. Bu
"uçuş"lar şairi daha da
yaxınlaşdırır Tanrıya. Şair
anlayır ki, "Nə əmək qılsan, xətadır
qeyri-eşq! Ya Hu! -yalnız O! (Allah!)
"
Tanrının
varlığına inandıqca onun yaratdıqlarına da
inamı tamlaşır, başqa aləmlərin olmasına
inanır şair:
Mən
ölümə gedər oldum,
Sən
qal, yaşa! Can sevdiyim.
Mən
ölümə gedər oldum,
Sən
qal yaşa! Can sevdiyim.
Ayrılığa dözərmisən?
Kələf açıb, söz düyəcəm.
Yenə məni gözlərmisən?
Səni
orda gözləyəcəm...
"Ürəyində bir arzu
tut"
Aləmlərin olduğuna inanan şair üçün
ölüm son deyil, başqa aləmə köç etməkdir. O aləmdə də
sevgilisini gözləyəcəkdir. Bu
görüş istəyi yalnız sevgili üçün
deyil. Şair Qarabağda itkin düşən
dostu Xaliqə yazdığı şeirdə də bunu
vurğulayır. Şair, dostuna söz
tapşırır, "ondan da adaşına deməsi"ni istəyir:
Bəlkə
veriblər səni
Tanrının yaddaşına?
Mən sənə
söz tapşırım,
Sən də öz adaşına.
"Tanrıya"
Nə
olar, ayırmasın,
de,
ikimizdən məni!
Getdin?.. sənə yaxşı
yol,
gəlməsən, gözlə məni...
"Yasına çağır, gəlim..."
Şairin dostu ilə Xaliqə ismarışı
onları ayırmaması istəyidr. Şairin itkin dostu həyatda
deyilsə, "Tanrının yaddaşında"dır.
Demək ki, nə vaxtsa, vaxtı gələndə
"Tanrı yaddaşında" görüş var. Getdinsə,
sənə yaxşı yol" (yeni məkana uğurlama).
"Gəlməsən, gözlə məni..." (yeni məkanda görüş). Bütün
bunlar şairin bir başqa şeirində də təkrarlanır:
İşdi-qəzadı
səndən əvvəl ölsəm,
məni
son mənzilə aparırlar görsən,
vəsiyyətimə əməl elə:
Arxamca su
at,
uğur
dilə.
Saçını
yolma,
köksünü ötürmə.
"İşdi-qəzadı"
Şairin vəsiyyətindəki detallar bizi başqa bir məcraya
aparır. Ölüm aktı və ölümdən
sonrakı mərhələlər, insanın suya tutulması,
kəfənlənməsi, molla və Quranla son mənzilə
yola salınması və s. bunlar normal və bildiyimiz
rituallardır. Şairinsə,
"işdi-qəzadı sevgilisindən öncə ölsə"
son mənzilə uğurlananda ondan istədikləri bunlar
deyil. Şairin ölümə münasibəti
və son mənzilə uğurlanma arzusu qəbul edilmiş
qanunlardan fərqlidir. O, sevgilisindən harada və necə
basdırılmasını, necə yas tutulmasını istəmir.
"Arxasınca su atmasını, uğur diləməsini",
"saçını yolub, köksünü ötürməməsini"
istəyir. Şair bilir ki, əzizini son səfərə
uğurlayanlar, təbii ki, bu məcburi deyil, ağı deyib,
saç yolur, kədərə bürünüb köks
otürür, ağlayır, ağladır. Qulu Ağsəs isə sevgilisinə onun arxasınca
su atmasını, uğur diləməsini vəsiyyət edir.
Adətən uzaq yola, səfərə çıxanda
arxasınca su atılır, uğur arzulanır; "yolun
uğurlu, su kimi aydın olsun!", - söylənilir. Şair də səfərə çıxır, O,
Tanrı yolçusudur. Ağsəs
üçün ölüm son deyil,
başlanğıcdır. O, gəldiyi yeri bildiyi kimi,
getdiyi yeri də bilir. Şair torpağın
altına getmir, onu Yaradanın - Allahın yanına
"gedir." Ölüm şair
üçün Tanrıya qovuşmaqdır, ruhun aid olduğu
yerə dönüşüdür. Varlıqda
yox olmaqdır. O dünya dediyimiz yer yoxdur, başqa aləmlər
var. Başqa aləmə uçuşlar var (ruhun aid olduğu
yerə qayıtması var və s.), o aləmdə davam edən
bir həyat var. Türklər buna uçmaq deyir - ruhun
uçuşu. Rəvayətə görə,
Rumi özü rəqs edib oxumağı çox sevərmiş.
Onun rəqs edərək vəcdə gəlməsi,
"quş kimi göylərə uçmağı" barədə
çoxlu rəvayət mövcuddur. Şamanlar
da oxuya-oxuya qamlıq edərək Tanrı dərgahına
yüksəldiklərinə inanırlar. Bu,
ölümün fəlsəfəsini anlayanların
yanaşması, başqa aləmlərin
varlığının təsdiqi və ruhun ölməzliyinə
inamıdır.
Şairin bəhs etdiyi ölüm aktı "Xəlqi tərk
edib, xaliqə qoşmaqdır." Bunun üçün
sevgilisinə "faniyə uyma"magı, arxasınca su
atıb uğurlanmasını, "ürəyinə ayrı
şey gətirməməsini" vəsiyyət edir. Qulu Ağsəsin bu uyarısında,
bütövlükdə dünya, olum, ölüm, fanilik və
s. şamanizmin, sufizmin izləri var (hər geçə yuxuda
uçan şair və üzü göylərə qamlıq
edərək Tanrıya yüksələn şaman). Sufi düşüncəsində ölüm ancaq bədənin
ölümüdür. Ruh Tanrının
insana əmanətidir, zülmətdən xilas olub nura
çatmaq, həqiqi və əbədi həyata başlamaq
üçün Tanrıya dönüşüdür -
uçuşudur. Misralarında "sənsən hər
yer, İlahi"... (Q.Ağsəs) deyə
pıçıldayan şairin uçuşu Tanrı qatınadır.
"Son nəfəs"ini verib getdiyi yer, həm də
ilk nəfəsinin verildiyi yerdir. Şair, bu müqəddəs
duyğularla Allah qatına yüksəlir. Bu
yoxolma Tanrıya "can atan" şairin arzu etdiyi
görüşdür. Bu "canatma"
Haqqa yetişməkdir. Allahla, dostla, sevgili ilə vüsaldır:
Eşit,
yoldadı artıq, çapır cin atım Sənə,
Söz
atıb-tutammadım...
İndi
can atım sənə...
"Radiodan çağırsam,
Allah, eşidərmisən?"
Şairin
Tanrıya can atması özünüdərkdir, varlıqda
yox olmaq istəyidir. Həyatın mənasını
anlamaq, insanın Dünya adlı gəmidəki, olumla
ölüm arasındakı (bəzən buna qaşla göz
arasındakı həyat da deyirik) missiyasını
anlamaqdır. Qədim Delfi məbədinin
baştağında yazılır: "Ey insan,
özünü dərk et.
Özünü dərk et ki, Onu da dərk
edəsən! Özünü dərk etmədən
Onu dərk etmək olmaz. Onu,
varlığı, Yaradanı dərk edən Qulu Ağsəs,
Yaradanı - Varlığı qəbul və təsdiq edir,
insanın alın yazısına inanır. Olum kimi ölümü də qəbul edir.
Olum və ölüm... həyatın fəlsəfəsi. Olum varsa,
ölüm labüddir. Yəni insan
dünyaya gəldiyi gündən öləcəyini bilir.
Hətta ömrü, ölümü ondan əvvəl
yazılır. Bunu anlayanlar, ölmədən
öncə ölənlər var. Hələ də
sivilizasiyanı qəbul etməyən kiçik bir qəbilədə
hər yeni körpə doğulanda məclis qurub
ağlaşırlar. Dünyaya bir fərd
də gəldi, ölümü dadmaq üçün. Bizdə əksinədir, doğulanda ölümü
düşünmürük, şənlənirik. Fatalist olduğum üçün
düşünürəm ki, hər doğulan insanın
alın yazısı var və ona yazılan taleyi
yaşayır. Fatalist olmamasına rəğmən,
Qulu Ağsəslə eyni düşüncəni
paylaşırıq. Alın
yazısının insana qoyulan addan öncə
yazılmasına işarə edir. Alın
yazısını Tanrı yazır, ad uşaq doğulandan
sonra verilir. Doğrudur, adlarda da mistiklik
olur bəzən. Yəni hər kəs ona
yazılan tale ilə dünyaya gəlir və dünyaya qalmaq
üçün deyil, getmək üçün gəlir
("Gələn qalmaz, gedən gəlməz, əcəb
sirr"). Ölmədən öncə
ölənlərdən olan Qulu Ağsəs "əcəb
sirr"in sirrinə vaqifdir. Onu dərk etdikcə
şairdə Yaradana və yaratdıqlarına
"şükür" yaranır:
Şükür,
o göydəki ismin halına,
Şükür, yağışına,
şükür, qarına.
Şükür
- adımızı öz jurnalına
Əcəl
- adqoydudan qabaq yazdırıb...
"Bir yol yatağından qalxmayan bu
çay"
Şairin "Ağsəs" soyadı (təxəllüsü)
atasının adıymış (ilk dəfə duyuram bu
adı, Ağsəs). Bu ad da mistiktir, məncə, Ağsəs... Bəzi
şeirləri fəlsəfi suallar və onlara verilən
cavablar üzərində qurulan Ağsəs, şeir-mətnlərində
bizi də adının daşıdığı ağ səsə, ağ ünə şərik
edir, ruhumuzu nurlandırır, üzümüzü Tanrıya
istiqamətləndirir.
"Əgər fəlsəfə yoldadırsa, ən
yaxşı yoldaş ədəbiyyat olacaq" (Karl Jaspers). Qulu Ağsəsin şeir-mətnlərində
"fəlsəfə yoldadır, ədəbiyyat ona yol
yoldaşlığı edir." Şair
düşünür, düşüncələrində
vardığı məkanın varlığını
misralarında poetikləşdirir. O`ndan, dünyanın
sirrindən, aləmlərin varlığından xəbərdar
olduğunu mətnlərində inikas etdirir. Yerlə
göy arasında əlaqənin olduğunu təsdiqləyir.
Zatən, şairlik bir az da göylə əlləşməkdir.
Günəşə gülümsəyib,
Ayı sevməkdir. Ulduza göz vurub,
Tanrı ilə həsb-hal etməkdir. Düşünürəm
ki, M.Müşfiqin "Bu yerlə çarpışan,
göylə əlləşən. / Dostdan, aşinadan
necə əl çəkim", - misraları fikrimizin
möhkəmlənməsinə xidmət edə bilər.
"Göylə əlləşən" şair, vərəqlərlə
söhbət edir, onları qarşısında zəmi kimi
görür.
Yaradılışdan və
yaradıcılıqdan xəbər verməyən söz
yazmaq istəmir. "Dünyanın düz
vaxtları"nı xatırlayır:
Dünən
Dünyanın
düz vaxtlarını göstərirdilər,
Səni
göstərirdilər,
Allah...
"Retro"da.
"Dünən"
Oxucu
olaraq şairin xatırlatdığı "dünyanın
düz vaxtı"na fikir
yolçuluğu etdim. Uşaqlıqdan
yaddaşıma yazılanlar "Retro" kimi ötüb
keçdi göz önümdən. Anam hər
gecə bizə nağıl deyərdi (bizdə bu bir ənənə
idi, sonralar mən də hər gecə övladlarıma, nəvələrimə
nağıl söylədim. Dünən
söylədiyimiz və ya dinlədiyimiz nağıllardakı
bir çox mümkünsüzlər bu gün gerçək
oldu. Bu, bir başqa yazının
mövzusudur). Hər dəfə nağıl belə
başlayırdı: "Biri var idi, biri yox idi, Allahdan
başqa heç kim yox idi." İlk dəfə Allah sözünü anamım
söylədiyi nağıllardan belə duymuşam. O
günlər artıq keçmişdir, abstrakt bədii ifadə
ilə desək, "Retro"dur. İndi
övladlarına nə nağıl deyən analar var, nə də
Allahı yada salan insanlar (istisnalar xaric). Şairin
də bəhs etdiyi vaxtlar, insanların Allahı öldürmədiyi,
Allahın bəndəsini unutmadığı vaxtlardı.
Qulu
Ağsəs, Tanrı möhtacıdır. Şair,
Ona müştaqdır. Onun məhrəmi də,
yaxını da, doğması da, həmsöhbəti də,
duası da, bəzən umu-küsüsü, bəzən
üsyanı da Tanrıdır. Şair, hər an Onu
düşünür:
Düşündüm
görən O neynir,
Hardan tapır dincliyi?
Gecə
Ona, gündüz Ona,
Saat Ona
işləyir...
Bəzən
düşünürəm ki, yalnız insanların deyil,
dünyanın da taleyini yazan, yönəldən var. Görəsən,
müharibələri, salğınları kim
yazıb dünyanın taleyinə? Allahı
içində öldürənlərmi? Bütün
bu suallar şairi də düşündürür. Baş verənləri, yaşananları anlamaq istəyir.
Nədən? Nə
üçün? Bu suallara cavab
tapmağın yolu Ondan keçir. Şairin
tez-tez Tanrıya müraciəti də bu suallara cavab tapmaq istəyidir.
Bu düşüncələr, dünyanın və
Yaradanın hikmətinə yetmək cəhdləri Qulu Ağsəsin
poeziyasında fəlsəfi qatı dərinləşdirir.
Şair fəlsəfi düşüncələrini
poetikləşdirir. O, bütöv bir şeirini bu
mövzuya həsr etməsə də, simiotiklərlə,
detallarla sözlə hördüyü xalısına bir
işarə - ilmə atır. Atasını xatırlayanda
göyə baxması, ağacların ölüb-dirilməsi
və s. Bunlar sufizmin, şamanizmin izləridir:
Qış
günü soyuqdan ölən ağacın
Yasına mart ayı yarpaq yazdırıb.
Şeir dediyimiz şey, sözlə yaranan kiçik
saraylardır.
Söz hər adama verilmir, hər adam
sözdən sənət əsəri yarada bilmir. Qulu Ağsəs sözün dilini bilir, sözü fəlsəfə
ilə yoğura bilir, sözə can verir, düşüncəni
poetikləşdirir. A. Ağsəs üçün
şeir sirdir:
Əkinçinin
havaya
atdığı
bir ovuc
toxumdu ulduzlar -
bar vermədiyindən
qızarar.
...Şeir
sirdi, Adam,
sirri
bağırmazlar -
ulduzlardan
utan.
"Əkinçinin"
Cavid sovet
dövrü ən zəif əsəri sayılan "Afət"də
bir az panteistcəsinə bu "sirr"ə toxunur:
"Şeir!.. Musiqi!..
Din!.. Dünyada yalnız bir
şeir, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir,
şermi istərsin? İştə
aşiqlərin iztirabı, filosofların düşüncəsi,
öksüzlərin göküs keçirməsi, kimsəsizlərin
göz yaşı, yıldızların səfvəti,
qürubun məhzunluğu, gecənin sükutu, fəzanın
dərinliyi həp birər şeirdir. Əvət,
hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər
fırtına, hər girdab, birər şeirdir. Musiqimi istərsin? Çayların,
ırmaqların ninnisi, dənizlərin,
çağlayanların vəlvələsi; arslanların,
yıldırımların gurlaması; xəfif
rüzgarların zümzüməsi; yapraqların,
çiçəklərin öpüşməsi;
bülbüllərin, ishaqların ötüşməsi həp
birər musiqidir. Vurğun gönüllərin
acı təranəsi; minimini çocuqların tatlı qəhqəhəsi,
körpə quzuların mələməsi həp birər
musiqidir. Dinmi istərsin? İştə hər yıldızın incə təbəssümləri,
hər günəşin yıldızlı
baqışları" (Cavid, 2007,). Hər
şeyi təbiətdədir, təbiət isə
Tanrının şah əsəridir. Tanrının
əsəri olan Ay, Günəş, ulduzlar birər-birər
sirr deyilmi? Şirr çoxdur, mübhəmlik
çoxdur, amma sirr açmazlar, adı üstündə
sirr!!! Sirri xuda!!! Amma sirr hər zaman cazibədir.
Gecənin sirri var, gündüzün
işığı. Arayışda olan
şair, göyün sirrini açmaq üçün sözə
sığınır. Bəzən
sözün belə gücü çatmır bu sirri
açmağa. Bu baxımdan şairin gecə və
gündüzün poetik ifadəsi də çox fəlsəfidir:
Gecə -
səhəri su kimi üzünə çəkər,
Gündüz
-
gecənin çiynindən ulduzları sökər...
Allaha inanan şair üçün
"Yaradıcılıq yol getmək kimidir, məsafə qət
etməkdir. Uşaq vaxtı bir şeyə marağım var idi -
kəndimizdən görünən "yerlə göyün
birləşdiyi" yerə qaçırdım. 3-5 km qaçandan sonra ordan baxırdım ki, indi
evimizin yanında göylə yer birləşib. Bir də o üzə gedirdm. Həmişə
gedirdim, gedirdim... Heç vaxt yerlə
göyün birləşdiyi yerə çata bilmirdim. Mənim üçün Allah da, mütləq həqiqət
də, sözün yuvası da ilğım kimi uzaqdadır.
Həmişə yerlə göyün birləşdiyi
yerə getmək istəyirəm. Və hər
dəfə gedəndə görürəm ki, əlim boşa
çıxır."
Deyirlər ki, sevgi ilğım kimidir. Sən
yaxınlaşdıqca o uzaqlaşır. Bu sevgi
ilə həqiqətə çatmaqdır. Şair
üçün də "Allah da, mütləq həqiqət
də, sözün yuvası da ilğım kimi
uzaqdadır." Yaxınlaşdıqca O daha yüksəlir,
şairi yerlə göyün birləşdiyi yerə dəvət
edir. Yüksəlişə, özünüdərkə
səsləyir. Tanrıya yüksəlişin mübarək
olsun, şair!
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.20-21.