Ovcuma
qazdığım yazı
(Esse-hekayə)
Onu hər gün daha
çox sevməyə başlamışdım. Gecələr eşikdə açıq havada qalmaq,
səhərlər erkən oyanıb yataqdan qalxmamış,
onu alaqaranlıq otaqda düşünmək xoş gəlirdi
mənə. Bu halıma, belə xəfif
duyğularıma əvvəl ciddi yanaşmamışdım,
özümə inanmamışdım bəlkə də, onu
sevməyimin səbəblərini anlamamışdım. Sonradan, əslində heç bir səbəb olmadan
sevmək əsl səadət imiş, - deyə
düşünmüşdüm.
Həyat yavaş-yavaş rənglənir, dondan-dona
düşürdü. Saralıb xəzəl olan yarpaqlar, solan
çiçəklər yenidən oyanır, ləçəklənir,
yaşıllaşır və yerbəyer olub günəşə
doğru boylanırdı.
Eşq
adlı həyat bağçasında yenicə bitən,
rişəsi-kökü gün-gündən qəlbimin dərinliklərinə
işləyən bu kövrək tağı necə, becərə
biləcəkdimmi?..
Necə olacaqdı, bilmirəm, hünərim yetsə, əlimi
ona tərəf uzadacaqdım, əlini sıxacaqdım,
qollarım dolansa, çiyinlərini qucaqlayıb kövrələcəkdim,
iradəmə, qüruruma yenilib bəlkə də dəlilər
kimi dayanmadan ağlayacaqdım.
Təkadamlıq kamerada yatan xəstə məhbus kimi bir
gün adını sayıqlamağa başlayanda qorxmuşdum. Qorxmuşdum ki,
qəflətən ölərəm, o bunu bilməz. Nəinki
o, heç kim bilməz nədən belə
qəfil öldüyümü, eləcə üstümə
başqa ad qoyarlar.
Pencəyimin
yan cibindən tələkə qələmimi
çıxarıb əlimə aldım, ölsəm,
ilqarım, həm də etirafım olsun, - deyə nəsə
yazmaq istədim, daim qoltuq cibimdə, qoynumda gəzdirdiyim dəftəri
açıb baxdım, dəftərdə boş ağ vərəq qalmamışdı. Bəs
mənə ağ vərəq gətirəcəkdilər?.. Eşiyə
çıxarıb bir az gəzdirəcəkdilər?
Nə oldu? Gəzmək o yana
qalsın, kaş ki ağ vərəq gətirəydilər.
Eeh.. kaş ki...
O tələkə
qələmimlə ovcumun içinə kiçik hərflərlə
adını yazdım. Elə kiçik yazdım ki, heç kim oxuya bilməsin. Ən
böyük əsərini yazıb bitirmiş böyük
söz sultanları kimi sinədolusu dərin bir nəfəs
alıb fərəh hissi ilə köks ötürdüm.
Barmaqlarımı ovcumun içinə
qatlayıb, bərk-bərk sıxıb açdım. Dırnaqlarımın yeri ad olan hissənin
üstündən çəpər çəkmişdi.
Ad isə silinməmişdi. Öpdüm
adından, qəlbim, ruhum elə ətirlənmişdi ki, onun
rayihəsini duyurdum, sanki.
Sonra yenə əlimi büküb ovcumu sıxdım, bəlkə
də indicə ruhumu cilalayan, ürəyimə su səpən
o adın pozulub silinəcəyindən qorxurdum. Yatağıma
uzanıb gözlərimi yumdum. Qızdırmalı adam kimi titrədirdim, yorğanı sinəmə
çəkib bərk-bərk büründüm. Beləcə, yatağımın içində xeyli
vurnuxdum, gah sağ, gah da sol böyrüm üstə
çevrildim. Uzun-uzun hey yuxuya getmək,
yatmaq keçdi ağlımdan. Ancaq mən,
yatdığım zaman, yuxuları çıxmaq şərti
ilə, yaşamadığımı hiss eləmişdim.
Anlamışdım ki, yatmaq yaşamaqdan
deyilmiş. İndi necə yataydım?
...Ayaqlarım
yaman ağrımağa başlamışdı. Neçə gün idi ki, adətimcə əməlli-başlı
gəzib-dolaşmırdım deyə keyimişdilər. Canım da yaman ağrıyırdı. Çox küskün idim, incimişdim özümdən.
Pəncərədən zəif işıq
düşürdü otağa, gözlərim o
işığın işartısına dikilmişdi. Aynanın açıq nəfəsliyindən xəfif
küləklə azacıq hava dolurdu içəri. O azacıq hava sıxılmaqdan pörşələnən
ürəyimi az da olsa, sakitləşdirirdi. Sanki
onun dayanması ilə gözlərimdə həyat sönəcək,
qəlbim vurmaqdan duracaqdı.
Əllərimi açıb bir də ovcumun içinə
baxdım, ad hələ də ordaydı, qazdığım
yerdə. Səhərin tülküuyumazında axır ki, yuxu
tutmuşdu məni, yorğan da üstümdən
sürüşüb düşübmüş yerə. Üşüdüyümü hiss
edəndə artıq hündürnahar idi, günəş şəfəqdən
xeyli aralanmışdı, saat 10-u göstərirdi. Heç sevmirdim gec oyanmağı. Yerimdən dik atıldım, sonra işimin
adının məhbusluq olduğu yadıma düşdü,
rahatlandım, sanki. Nə qədər rahatlana bilir ki,
insan?..
Ovcumun içinə qazdığım ad
düşdü yadıma, tez əlimə baxdım,
qazdığım yerdən silinmişdi adı. Bəlkə
heç bir ad yazmamışdım ora. Yuxu
görmüşdüm, bəlkə də... Yoxsa,
məni günün günorta vaxtı qara basırdı?
Əlimin
içinin isindiyini hiss etdim, bir də dönüb baxdım,
yanaqlarımdan axıb düşən iki damcı göz
yaşı göllənmişdi ovcumun ortasında.
Qapı açıldı. Günəşin
ziyaları axdı içəri. Çıxdım,
mənim üçün darıxan Günəşin sevənlərə
açılan qanadlarını öpməyə.
Qayıdanda qucağımda bir topa ağ vərəq
də vardı... Hara getmişdim, niyə
qayıtmışdım, bilmirəm. Ancaq öz
zindanımda onun xəyalıyla tək qalmaq, sanki bir alın
yazıma çevrilmişdi...
9 dekabr
2020
Bir ovuc badam
(Novella)
Yuxuda onu görmüşdüm, məni qonaq
çağırmışdı. Yerdən, elə
döşəmənin üstündəcə süfrə
açmışdı. Süfrənin
ortasına dəmir çörək qabı, tabaq
qoyulmuşdu. Tabağın içində də bir ovuc
badam ləpəsi... Boynuma alıram ki, həqiqətən,
mən əntiq dəmir məişət əşyalarını,
elə badamı, badam ağaclarını çox sevirəm.
Qəribəydi, axı o mənim dəmir məişət əşyalarını
və badam ağaclarını belə çox
sevdiyimi haradan bilirdi?..
...Ata-baba
həyətimizdə bir badam ağacı vardı. Alma ağacıyla
qonşuydu. Badam ağacımız şümərək idi,
nazik, düz budaqları vardı. Hətta yarpaqları o
qədər xırda, nazik idi ki, adam
onların tez saralacağından, ilk yağışdan, ya xəfif
bir küləyə dözməyib töküləcəyindən
ehtiyat edərdi.
Alma yetişən zaman mən o ağacın altında
oturub ətirli, qıpqırmızı, dadlı meyvələrindən
yeyə-yeyə badam tərəfə baxardım və
düşünərdim ki, görəsən, bu ağacın
meyvəsi necə olur? Sonrakı
illərin birində badam ağacı çiçəklədi,
meyvə də gətirdi. Düzdür, az
gətirmədi, üstündə bar vardı, ancaq heyif ki, tez
qurudu. Anlamadıq
dərdini. Olmaya, ətrafında iri ağaclar vardı, kölgələndi,
günəş ziyalarından doymadı? Yoxsa, alma
ağacının bol bar-bəhrə verməyinə dözə
bilmədi, hövlündən çatladı. Mənim
də gözüm badamdaydı, qurudu. Bəlkə
də mən qurutdum ağacı.
O vaxtlar
arxlar yaxşı işləyərdi, su sarıdan bolluq idi.
Badam ağacı da zoğal ilə alma
ağaclarının arasındaydı, arxın üstündə.
Sonralar başa düşdüm ki, badam suyu sevən
ağac deyilmiş. Yoxsa, zoğal, alma
ağacı kimi o da uzun yaşayar, öz bol bar-bəhrəsini
əsirgəməzdi bizdən.
Həyətimizdəki badam ağacı quruyanda çox
məyus olmuşdum, ağlamışdım, hətta. O ağacı heç indi də
unutmamışam. Dostlara, tanışlara həyətimizdəki
o badam ağacından, onun bəhrəsiz acı taleyindən bəhs
edəndə: "yenisini ək, becər, sapsağlam, təptəzə
badam ağacın olsun
- sənin badam ağacın", - deyə ağızdolusu məsləhət
verir, yeni dəbdə olan badam növlərindən də bəhs
etməyi unutmurdular. Mən isə razılaşmırdım,
nə gizlədim, qorxurdum ki, birdən yeni əkib-becərəcəyim
badam ağacı köhnə həyətimizdəki o badam
ağacına bənzəməz və yaddaşımdakı
unudulmaz təəssüratları alt-üst edər.
Nəhayət,
dost-tanış "badam ağacı ək", - deyə-deyə
saqqızımı oğurladılar, badam bağı
saldım, xeyli, lap çox badam pöhrəsi əkdim, o qədər
çox ki, indi sayını da xatırlamıram.
Pöhrələr filizləndi, budaqları pardaxlandı. Hər bahar
ağaclar şövqlə tumurcuqlayıb ləçəkləyir,
sıx budaqlarından yamyaşıl, titrək yarpaqlar
sallayırdı. Di gəl, meyvəyə
çatanda, nə oldusa, bağ əlimdən
çıxdı, saxlaya bilmədim, yenə meyvəsini
dadmadım.
...İndi
də yuxuda, mən dostumun açdığı süfrədə
həmin o dəmir çörək tabağındakı badamları əlimə
alıb deyirdim ki, birinci dəfədir badam görürəm.
- Həə,
yuxum çin oldu, nahaq danışdım yuxumu. Əslində
yuxuda nəsə vermək istəyirdi mənə, çox
bahalı hədiyyə. Dedim, "yox, bu bahalıqda hədiyyəni
qəbul edə bilmərəm", götürmədim. Sonra dəmir çörək qabını
götürmək istədim. Dəmir əşya
yığmaq hobbim var axı, ancaq çatdıra bilmədim.
Qapı döyüldü, kimsə gəlirdi. O məni mətbəxin
yanındakı otaqda gizlətdi, şkaf vardı, onunla
şkafla divarın arasındakı küncə
sığındıq. Onu qollarımın arasına alıb,
"Badam gözlüm", - deyib köksümə
sıxdım. Orada o qədər qaldım ki,
yuxu məni apardı.
Ayılanda
gördüm səhər açılıb, oğlum: - Ata,
ata, - deyib, məni çağırırdı. Mənim qonaq
getdiyimi, burda olduğumu ona kim demişdi, kimdən öyrənmişdi?..
Novruz Nəcəfoğlu
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.17.