"Şiircə" silsiləsindən
Kölgələr itəndə
Kafenin
içalatından
bir
haykırtı qopdu qəfil:
"Dur burdan!
Liftçiyimin üstündə oturubsan!"
Siqaretsiz gecəyə nifrət etdi küncdəki
müştəri.
Papağımı yan qoydum ki, özümə
oxşamayım.
Bir də gördüm kimsə mənim kölgəmlə
danışır.
Kölgəm boşanmışdı sanki məndən.
Öz kölgə həyatı ilə
yaşayırdı.
Mənsizdi
və
tam mənasızdı bu küçələrarası
qaranlıq otellərdə.
Qordi düyünü
Süfrəni dəyiş, bircə əl hərəkətinlə.
Sevgini də təzələ, bircə ürək
döyüntünlə.
Yaxanın bircə düyməsini, bircə cümləsini
aç sonra.
Qordi düyünü yaxamızdakı elə həmin o
düymədəydi, biləsən.
Dükan vitrinlərindəki manikenlərədir son
umudum.
Sevgi əzablarını görüb də, diriləcəklər
mütləq.
Yaxalarındakı düyməni də özləri
açacaqlar.
Bizsiz.
Final
Yüksək gərginli elektrik xətləri altında
dayanmışam.
Ana həyət
qapısından ayrılmadan,
öz
uşağına "Final!" nidasını göndərdi.
Özü
də təkcə bir dəfə demədi bu qorxunc sozü,
Dəfələrlə təkrarladı.
Özü
də, hər dəfə ucalan, yüksələn bir səslə
təkrarladı
bu məhşər məzmunlu sözü.
Axırda
bəlli oldu, məsələ bir o qədər də
faciəli
deyil burda mənimçün,
Elə bu anadan ötrü də.
O sadəcə,
oğluna "Final" yağı almağı
tapşırırmış.
Səmadan qaranquş fəğanı gəlirdi.
Günəş
də batırdı,
Elə
bil uzaqlarda deyil də,
Lap yaxınlığımda.
Qaranquş
fəğanını bir daha dünyanın ən guclü nəğməsi
bildim,
Dünyanın finalına hələ çox
qalırdı, deyəsən.
Söyüş
Qəfil ağzımdan üçmərtəbəli
söyüşlar qopdu.
Kimi söyürdüm mən?
Fatalistlər kimi qoca zəmanənimi söyürdüm,
bəlkə?
Yoxsa,
qapıbir qonşumdan bezib...
Bəlkə səbəbkar siyasi qüvvələrdi?
Qapımıza yapışdırılmış növbəti
kommunal ödəniş qəbzidir?
"Bolt"
taksilərinin nazlanmasıdır müştəriləri
qarşısında?
Yox...
Söyüşümün
bircə ünvanı var, deyəsən...
Deyəsən, artıq özümü söyməyə
başlamışam.
Modern sevda
Süni
intellektlə sevişdim -
ancaq nə
adını dedi mənə, nə çöhrəsini
göstərdi,
Ən qaranlıq küçə səkilərindən
gəldi səsi.
Kölgəsi, "İnterbellum" dükanına
girdi, çıxdı.
Mənə öz hədiyyəsini paketlədi bir
bahalı ünvanda.
Qapımı, çox musiqili cırıldatdı.
Baletdəki
hərəkətlərlə hüzuruma tələsdi,
Dematereallaşdı, əlimi sıxınca.
Mənlə çəkdirdiyi fotoları anında
sıfırladı.
Gedincə,
çarpayımın altına baxdım,
Masama təzə üzqırxan buraxıb getmişdi.
Yazmışdı:
"Sifətin tüklüdü. Üzümü
qızartdın".
Etirafını,
iradını qəbul edincə, yenidən pərdəarxasından,
bütün
qacetlərdən göz vurdu mənə.
Musiqimizi
özü bəstələdi,
Qəhvəni, təkcə özü bildiyi bir üsulla
dəmlədi.
Kölgəsi,
hələ də evimdədi,
Özü, isə AZdrama pərdələri arxasında
itdi.
Tüstülü ünvanlardan
İtirdiyin
gözəli çoxxx...çox sonralar
bir
bahalı dükanın geyim kataloqunda tapdınsa...
Həyat davam edir.
Qəhvəni
xahiş et, tünd dəmləsinlər.
Get, otur
bir tüstülü, uzaq ünvanda,
Gələcəyə
ordan bir yol axtar,
Geriyə boylanma bir daha.
Öz
kölgənə salam ver.
Cavab salamı eşitsən, diksinmə.
Bəxtsiz bloqqer
"Qəşəng
hava var,
Əsil, odun sobasında kartof dilimi havasıdır.
Sən
dilimləyəsən, yar duzlaya.."
Harda, hansı xarabada, hansı internet küncündə
eşitdim bu şeri?
Barmağımdakı
gümüş üzüklə
taqqıldatdım
yazı masamı da, yaddaşımı da.
Bəxtsiz
bir bloqqer düşdü yadıma:
Bağımızın açarını istəmişdi
bir gün məndən.
SMS-lədi bu xatirə məni.
Əl
telefonumun musiqisi də
çox
uyğun idi
bu isti nəfəsli
xatirəmə.
Anamdan sonra
Pensiya
fondundan evimizə gəldilər,
Yoxlamaydı.
Anamı
yoxlayırdılar,
Diridi hələ?
Yoxsa, çoxdan ölüb?
Təqaüdünü özümü alır, yoxsa,
başqası?
Anam qışqırdı sifətlərinə -
"Sağam.
Hələ ölməmişəm ki!"
Bildilər,
hə..anam hələ sağdı.
Tərs
baxdılar biz tərəfə,
Çayımızı içmədən durdular
süfrə arxasından.
Divara
vurduğum paslı mismara
öz
bahalı plaşlarını etibar etmədilər,
Elə üst geyimlərində qaldılar.
Az sonra
anam öldü.
Anamı
bax, beləcə öldürdülər,
Vallah.
Seçim
Dayanmışam bir gözəl ağac budağı
qarşısında.
Seçimim ağırdı - pencəyimimi, asım
budaqdan?
Yoxsamı özümü?
Məsləhətinizə ehtiyacım var.
Quşlardan o tərəfdə göy var.
Qoy, o tərəfdən
gəlsin
Doğru-dürüst cavabım.
Xəyanətkar tatu
Arıqlamış
bir şou-biznes gözəli girib yuxuma,
Tatusu dirildi.
Başqa
həyət, başqasını seçdi qəfil,
Başqa bədənə keçdi.
Çox amansız idi bu seçim.
Çox
ciddi xəyanət idi,
Ancaq çox adiydi oralarda.
Xarı bülbül
Xarı
bülbül indi daha münbit bir ərazidə -
məmur
kostyumlarının yaxasında bitir.
Çiçəkləyir.
İkisindən birini seçəcək gec-tez.
Ən
uzaqlardakı bir avtomobilin
iti
gözləri tamaşaçısız qoymayacaq bu dramatizmi.
Bu
seçimimizi işıqlandıracaq
gözlərimizi qamaşdıraraq.
Yol göstəricisi
Gün batdıqca, buludların da rəngi dəyişir.
Mənim də daxilimdə nələrsə dəyişir
eyni vaxtda.
Avtomobilimin yan güzgüsünü
bacardığımca təmizlədim.
Sildim.
Yolum uzaqdı.
Təbrizsizəm
Və ümidsiz.
Əyilmiş
elektrik dirəyi
dünyanın ən qəliz yerini,
tam dəqiqliyinən,
işarələyib göstərdi mənə.
Yolum uzaqdı.
Elə, o tərəflərədi.
Rauf Denktaş
İngilislərə,
Britaniyaya daha bağlıydı,
Nəinki
Türkiyəyə.
Uilyam Çerçili xatırladırdı? Yamsılayırdı?
Eyni çəkili, eyni sifətli gördüm ikisini də.
Mənlə
danışarkən,
üzdə çox mehribandı.
"İnsanlarla
münasibətim nə qədər uzanırsa,
köpəklərə
sevdam bir o qədər də artır" ifadəsi,
məncə, ona da tam doğmaydı.
Köpəyi, Çerçill nəslindəndi.
Qorxuram, mənlə
söhbətindən sonra da
köpəklərə
sevdası bir az da artdı.
Qara pişiklər aləmində
Bu
küçədə qara pişiklər
insanlara
tam biganəydilər,
Ciddiyə almırdılar insanları.
Ancaq məni
duyunca, görüncə
qəflətdən ayrıldılar, ayıldılar, elə bil.
Bir
ağızdan miyoldadılar,
Elə
bil bizimcə də danışdılar bir ağız,
Bir azacıq.
Mən
tam anlayırdım bu gün pişikləri,
Quşları.
Xüsusən, göyləri saran qaranquş fəqanlarını.
"Sekond cup" barında başım
çox aşağıydı.
Yalnız şuşələrdəki əksimi
görüncə özümə inandım.
Özümə qayıtdım.
Özümə inandım.
Ayrıldım qara pişiklər aləmindən.
Xüsusən, şampan qədəhindəki əksim,
mənlə söhbətləşməkdən
doymaq bilmirdi.
Özümə ilk dəfə salam verməyə
tələsdim.
Qorxdum, qaçırdaram bu kölgəmi.
Novruz
Novruzu
tərsinə oxusan,
"Zervan",
yəni əbədiyyət tanrısının
adını
eşidərsən.
Deşifrəni
düz vaxtında,
düz
bayram ərəfəsində azad edilmiş ərazilərdə
eşitdim.
Çocuq
Mərcanlı məktəbinin "Novruz" lövhəsini
bu
cür oxuyub bərk həyəcanlandım.
Ağlıma
gətirəmməzdim qədim Zərdüşt
tanrısı Zervan,
mənlə
görüşünü Qarabağda, xarabalıqlar
arasında təyin edəcək.
Nə
vəd edir mənə bu görüş?
Yaxşı sualdı.
Azərbaycanda
son 2000 min ildə
kimsə
Zervanla bu cür görüşməmişdi.
Tonqal ətrafında,
paxlava-filan yeyəndə həəə...görüşdüm
bu qədim
kölgələrlə.
Ancaq
çox gücsüzdü,
uduzmuşdu bu qədim tanrı.
Aya səyahət
Əhənglə ağardılmış əyri-üyrü
divara
taxta pilləkan dirəmişdilər,
Yuxarısında Ay ağarırdı.
Elə bil kimsə bu pilləkanla həmin o Aya
dırmaşmaq istəmişdi.
İstədim mən də bu pilləkanda
öz bəxtimi sınayım.
Görüm, o bəxt varmı məndə?
Lakramoza, yaxud qara
göz yaşları
Zarafat-zad deyil, Bakının, özüm
görmüşəm,
qapqara göz yaşları var...
Söhbət, köhnə evlərin damından
yavaş-yavaş əriyib
aşağı tökülən, süzülən,
divar boyu
izlərini
qoyan qara qır ləklərindən gedir...
Budur Bakının qara göz yaşları...
Divarları ağdı, qapıları göy,
göz yaşları qapqaradır, Bakının.
Bu üç rəngin vəhdətində
böyümüşəm,
Rəngləri, bu mənzərədən
tanımışam.
Motsart "Rekviyem"indəki
"Lakramoza" hissəsi
"Qara göz" yaşları deməkdi.
Bakının o qara göz yaşlarınamı
bəstələnib
bu əsər?
Sualımı musiqi kimi eşidin,
Xahiş edirəm.
Təbrizdə
Təbrizdə yeddi bibimlə ilk
görüşümüzdü,
Bibiblərim, təbrizlilər demiş, "əmmələrim"
məni əvvəlcə naməhrəm bildilər.
Yaşmaqlandılar.
Üzüdivara mənlə danışmağa
başladılar.
Güllü çadralarını çənələri
altında ikiəlli bərk sıxmışdılar.
Sonra, danışığımız
uzandıqca,
isinişdikcə bir-birimizə
Sifətləri, tədricən, yavaşcana
soyuq divarlardan ayrılırdı.
Dikilirdi düz sifətimə.
Divarlar uduzurdu bax, beləcənə mənə.
Divarlara qalib gəlirdim.
Qəfil, qapı dəstəyi aşağı
əyildi, lal-dinməz.
Bibilərim mənzərəni axıracan izləyib
bir ağızdan: "Əqdəsddi. Zinətin
kiçik qızı.
O da səni
görmək istəyir", dedilər.
Qapı
arxasındakıları da, həəə...
görürdü,
seçirdi qocaman gözləri.
Sonra, lap axırmacalda birisi girdi içəri.
Bibilərim
yenə bir ağızdan dilləndilər:
"Tanıdınmı? Tanıdın?"
Xalça naxışlarında azmadı gözlərim.
Bildilər
təbrizliyəm,
Özümüzküyəm.
Həmid Herisçinin
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.2-3.