Nizami Gəncəvinin mərhəmət
- sosial dövlət anlayışı
"Yeddi
gözəl" məsnəvisinin "Quraqlıq ilinin təsviri
və Bəhramın şəfqəti" adlı bölməsinin
şərhi
(Əvvəli
burada)
Qırx beşinci beytin şərhi:
gün ayırdı
O hər
kəsə bir iş tapşırıb,
Ona eyş üçün gün ayırdı.
Dedik ki,
Nizami məsnəvinin sonuna doğru mərhəmətli Bəhramı
önə çıxarır, öncəki beytdə
"şah" dedi, iki "o" əvəzliyinə yer verdi, dövlət başçısını
hər kəsə mərhəmət hərəkatının
mərkəzinə qoydu, o, hakimiyyət nemətinin
şükrünü yerinə yetirdi...
- Bu beytdə
şəxs sonluğu və bitişən əvəzlik Bəhram
deyir, şahın mərhəmətinin yeni əlamətləri
açıqlanır, ölçü qoyur: mərhəmət
də, mərhəmətli şah da, sosial dövlət də
dəyərdir, dövlət idarəçiliyinin əsasları
sırasında yer tuturlar;
- "Hər
kəsi" - hər bir kəs, bu qəlib deyir ki,
şahın mərhəməti hər insanı qucaqladı;
- Bir
işə təyin etdi, bir iş tapşırdı, hər kəsə
uyğun bir iş verdi, hər kəsin işi qabiliyyətinə
görə oldu - şah bu yolla bir neçə məsələni
yoluna qoydu: a) dövlət idarəçiliyinin əsaslarından
olan əhliyyət və ləyaqət
ölçüsünü yerinə yetirdi; b) bildi ki, əmanət
(iş) əhlinə verilməsə, siyasi nizam çökər,
zülm ortaya çıxar; c) insanları işlə təmin
etdi, əməyin, halallığın dəyərini öyrətdi
- işsizlik pislik qaynağıdır; d) ölkənin
inkişafının yolunu açdı; e) dövlətin
yükünü azaltdı, sosial gərginliyin, üsyanın,
qarışıqlığın yolunu bağladı;
- Nizami məhz
"təyin etdi" feilini seçir, yəni Bəhram hər
kəsə iş, hər kəsə aş
ölçüsünü dövlət siyasətinə
çevirdi;
- Bəhram
hər kəsə iş verdi, ancaq məsələ burada bitmədi,
o, mərhəmət anlayışına uyğun olaraq iş
nizamını da açıqladı: a) iş saatı az
olacaq - sıradakı beyt bu ölçünü
açıqlayacaq; b) işçi iş üçün
deyil, iş işçi üçündür; c)
işçi istismar olunmayacaq; d) işçinin əməyinə,
ehtiyacına uyğun qazancı olacaq; e) işçiyə
istirahət günü veriləcək;
- Elə
bu ölçülərə uyğun olaraq Bəhram hər
işçiyə bir bazar günü / boş gün - istirahət
günü verdi, eyş (eyş-işrət,
kef, şadlıq, ləzzət) üçün;
Qırx altıncı beytin şərhi:
günü iki yerə bölsünlər
O buyurdu
ki, günü iki yerə bölsünlər,
Birinci
yarısını iş üçün,
ikinci
yarısını şərab içmək
üçün.
Bu, öncəki beytin davamıdır, Nizami deyir ki, mərhəmət
söz deyil, işdir, saleh əməldir, ölkənin
bütün məsələləri mərhəmət, ədalət,
dövlət, hakimiyyət insan üşündür
ölçüləri ilə həll olunmalıdır. Şair yenə Bəhramı
önə çıxarır, hər kəsə mərhəmət
hərəkatını onun adına
bağlayır, mərhəmətli şah obrazını onun
işləri ilə inşa edir:
- Bəhram
imkanı az olanlara yardım etdi, onlara
dövlət xəzinəsindən pay ayırdı,
çalışmaq qabiliyyəti olan hər kəsə iş
verdi, indi də iş nizamını mərhəmət
anlayışına uyğunlaşdırır (beş
ölçünü öncəki beytin şərhində
açıqladıq);
- Nizami
"fərmud" feilini seçir, feili şahın dərəcəsinə
uyğunlaşdırır ("əmr etdi",
"buyurdu", "fərman verdi"),
bu, qanundur, hökmdür, dövlət siyasətidir, icrası
məcburidir, şahın sözü, göstərişidir;
- "Fərmud"
sözünə bağlı feillər də əmr məzmunu
yüklənmişdir: ayrılsın / bölünsün,
içmək/istirahət üçün olsun;
- Şair
"ta" deyir, şahın buyruğunun məqsədini
açıqlayır: "o məqsədlə",
"buyruğunun məqsədi o idi ki";
- Mərhəmət
anlayışı işə düşür, şah əmr
edir ki, gün, bir gün, hər iş günü iki hissə
olsun, ikiyə ayrılsın - bu, az işlə, çox qazan,
iş, dövlət, hakimiyyət, sərvət insan
üçündür ölçüsüdür, Bəhram
deyir ki, siyasətimin mərkəzində insan var, kimsə
insanı istismar edə bilməz;
-
İş gününün bir yarısı "kəsb"
("qazanc") üçündür (tərcümədə
"kəsb" sözü "iş" kimi verilib, məna
pozuntusudur, belə ki, Nizami işi deyil, qazancı önə
çıxarır), yarım gün işlə, ehtiyacın qədər
qazan, az işlə, çox gəlirin olsun, kimsəyə
möhtac olma - mərhəmətli dövlət vətəndaşını
kimsəyə möhtac etməyən dövlətdir;
- "Və"
bağlayıcısı sıralayır, bir günü iki yerə
ayırır, günün ikinci yarısı mey içmək
üçün olacaq/olsun, burada "mey içmək"
anlayışı istirahətin bütün növlərini əhatə
edir: özünə, ailənə vaxt ayır, ye, iç, gəz,
yat, oxu, yaz, musiqiyə qulaq as, məclislər qur, bədəninə,
ağlına, ruhuna maya qoy, əmək, zaman, qaynaq ayır -
günün yarısını işləyərək
qazandığın sayılanları etməyə yetsin, yetəcək
qədər olsun - mərhəmətli dövlət, mərhəmətli
şah bunu istəyir, edir;
- Mərhəmətli
olmaq hər şey insan üçündür
anlayışına inanmaq, ona uyğun hərəkət etmək,
saleh əməlləri olmaqdır;
Qırx yeddinci beytin şərhi:
xərac almadı
Ölkədən
yeddi il xərac almadı,
Yetmiş illik qəmin kökünü kəsdi.
Yenə mərkəzdə Bəhram var, hər kəsə
mərhəmət hərəkatının
başçısı odur. Nizami mərhəmətli şah
obrazının inşası üçün uyğun vasitələr
seçir:
- Feilləri
(iki feil var) üçüncü şəxsin təkində
işlədir, birbaşa Bəhrama bağlayır, o, kiməsə
göstəriş vermir, özü edir, qərarlılıq,
cəsarət, ciddi əmək, hərəkət bildirən
feillər seçir: atdı/ləğv etdi,
qopardı/çıxardı - kökünü kəsdi, feilləri
qətilik, əminlik, şahidlik bildirən şuhidi
keçmiş zamanda işlədir - mərhəmət iş,
hərəkət, saleh əməldir, şair hərəkət
feillərini qafiyə mövqeyinə - beytin ağırlıq
mərkəzinə yerləşdirir (orijinalda feillər təsdiqdə,
tərcümədə inkardadır);
- Nizami Bəhramın mərhəmətinin
böyüklüyünü göstərmək
üçün məkanı böyüdür,
"dünyadan" deyir - tərcümədə bu söz
"ölkədən" qəlibi ilə əvəz
edilmiş, məkanın mərhəmətin dəyərini
ifadə imkanı azaldılmışdır. Nizami "dünyadan"
deyərkən İran imperatorluğunu nəzərdə tutur;
- Bəhramın
yeddi ili və dünyanı əhatə edən
qərarı nə ilə bağlıdır? O, vergini
atdı, vergi qanununu qüvvədən saldı - Nizami vergi/xərac
almadı demir, vergini atdı, verginin hər növündən
yerli-dibli imtina etdi, vergi yükünü xalqın üzərindən
qaldırdı deyir. Xalq vergidən azad olsa, nə
baş verər? Əkməyə, becərməyə,
istehsala yönələr, iş yerləri çoxalar,
inkişafın yolu açılar, bolluq, ucuzluq olar, insanlar
varlanarlar, əxlaq düzələr, barış, hüzur gələr
- mərhəmətli şah/dövlət vergiləri azaldar,
yeri gəlsə, bir müddət ləğv edər;
- Nizami Bəhramın
mərhəmətinin dərəcəsini göstərmək
üçün yeni üç vasitə seçir: a)
"kökünü qopardı/kəsdi/kökündən
çıxardı" - "kökündən söküb
atdı" deyir - bir şeyin kökü qalsa, o, yenidən
bitər, ortaya çıxar, Bəhram zülmün, geriliyin,
yoxsulluğun, nifrətin, didişmənin əsl səbəbini/kökünü
tapdı - ağır vergilər. Onu bir daha ortaya
çıxmayacaq biçimdə yox etdi, kökünü
qazdı, səbəbi/kökü yox etdi ki, nəticə
(zülm) yox olsun; b) "qəmin kökünü qopardı/kəsdi"
- bu, bir məcazdır, şair təsirli danışmaq, təsir
etmək üçün seçmişdir, mesaj budur: qəmin
kökünü kəsməyin yolu mərhəmətdir, Bəhramın
mərhəməti ağır vergilərin, o da qəmin
kökünü kəsdi; c) bu, sıradan bir qəm deyil,
şair Bəhramın mərhəmətinin
böyüklüyünü tanıtmaq üçün bu qəmə
iki özəllik bağlayır: milli qəmdir - hər kəsi
əhatə etmişdi, yetmiş illik qəmdir - say, zaman
çoxluğu (hamı, yetmiş il) deyir ki, mərhəmət,
mərhəmətli şah, sosial dövlət böyük nemətlərdir.
Bəhram İran xalqını sömürən, kölələşdirən,
onu yoxsulluğa, nifrətə, didişməyə, əxlaqsızlığa
sürükləyən, zülmün iqtisadi qaynağı
olan ağır vergilərin, onun ortaya
çıxardığı yetmiş illik qəmin
kökünü kəsdi - İran xalqının Bəhramın
atasına nifrətinin əsas səbəbi də iqtisadi
zülm, onun qaynağı olan ağır vergilər, bu vergilərin
ortaya çıxardığı yoxsulluq idi;
-
Dünyanı yeddi il vergidən azad edən, yetmiş illik qəmin
kökünü kəsən Bəhram şah var, onu xalqın
xilaskarına çevirən, inkişafın, bolluğun, bərəkətin,
güvənin, ümidin, zənginliyin yolunu açan dəyərin
adı mərhəmətdir;
Qırx səkkizinci beytin şərhi:
bayram havası var
Altı
min nəğməkar sənətkar -
Çalğıçı, oynayan, löbətbaz
(hoqqabaz).
Məsnəvinin
süjet xətti beş beytlik yeni mərhələyə
keçir: Bəhramın hər kəsə mərhəmət
hərəkatı ilahi rəhmətə yol açdı,
quraqlıq bitdi, ölkəyə bolluq, bərəkət, zənginlik,
güvənlik gəldi, şah inkişaf üçün zəruri
olan addımlar atdı, nəticədə, dünyaya -
imperatorluğa bayram havasının gözəl ətri
yayıldı. Nizami bu mərhələdə mərhəmət
bayrama yol açar ölçüsünü tanıdır,
uyğun vasitələr seçir:
-
Bayramın bu özəllikləri var: birləşdirir,
hamıya aid olur, insanın/xalqın sevinmə
ehtiyacını təmin edir, içində sevinmə,
sevindirmə, təmizlik, ləzzətli yeməklər, gözəl
geyimlər, təbriklər, gülər üz, məclislər,
gəzmək, rənglər, əyləncə, oyun, musiqi, ziyarət,
paylaşma ... var;
- Nizami Bəhramı önə
çıxarır, o, xalqın bayram etməsini istəyir, sadəcə
istəmir, bayramın təşkili üçün
addımlar atır, feillər ona bağlanmışdır,
ölkə bayramı haqq etmiş, yasdan qurtulub sevincə
qovuşmuş, Bəhramın qurtuluş mücadiləsi - mərhəmət
hərəkatı hamını sevindirən nəticələr
vermişdir - ölkədə hüzur var;
- Bəhramın milli bayramın təşkili
üçün gördüyü işlərin bir də
siyasi məzmunu var, o, bayram vasitəsi ilə xalqı birləşdirir,
dövlətlə/şahla xalqı bir-birinə
bağlayır, ümid, cəsarət, güvən duyğusu
verir, dostlara, düşmənlərə şahın
gücünü göstərir, mərhəmətin
dəyərini açıqlayır - mərhəmət bir
ölkəni qıtlığın səbəb olduğu
maddi, mənəvi ölümün pəncəsindən xilas
edən, onun inkişafına yol açan, birləşdirən,
zənginləşdirən, hüzura qovuşduran dəyərdir;
- Bəhramın seçimi, qərar və
addımları hər kəs, hər bölgə ən
yüksək səviyyədə bayram etməlidir
ölçüsünə uyğundur: sayı
çoxaldır, bölgələri əhatə edir,
çeşid var;
- Xalqa bayram havası yaşadacaq
sənətkarların sayı altı mindir: a) onlardan bir
qisminin gözəl nitqi var, dastan / hekayə danışan
ustalar - sənətkarlardır (tərcümədə "nəğməkar
sənətkar" kimi verilib, bu yolla dastanların musiqinin
iştirakı ilə söylənildiyi bildirilib); b) bir
qrup "motreb" / "xanəndə",
"çalğıçı"dır - onlar da ustalardır,
təsirli səsləri, ifa qabiliyyətləri var; c) bir dəstə
mahir rəqqas var; d) bir də kukla oynadanlar, indiki dillə desək,
kukla teatrı var (özləri görünmür, pərdə
arxasında dayanır, əlləri ilə pərdə
önündə kukla oynadır, tamaşa göstərirdilər);
e) xalqın bütün təbəqələri,
hər zövq nəzərə alınıb - hər şey
şahın təşkil etdiyi bayramın səviyyəsinə,
mərhəmətin adına-şanına uyğundur; ə)
təsirli söz, gözəl səs, ahəngli rəqs/hərəkət,
inandırıcılıq imkanı olan göstərmə /
teatr birləşdi, bayram havası yaratdı;
- Beytdə iki "və"
bağlayıcısı var: birləşdirir,
sıralayır, çoxaldır, çeşidi, zənginliyi
göstərir, deyir ki, mərhəmətli şahın təşkil
etdiyi bayram çox gözəl idi;
(Davamı olacaq)
Siracəddin Hacı
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.13.