Poetik
hədəfi haqq olan adam
Kainatda minlərlə qalaktika var, bizim qalaktikada Yer
kürəsi ətraf aləmlə müqayisədə zərrə
boydadır. Bu zərrənin içində milyardlarla insan, on
milyardlarla müxtəlif canlı yaşayır. Canlılar aləmində şüuru olan tək
varlıq isə insandır.
Bu göz qırpımı qədər az
müddəti, yəni iyirmi bir əsri yaşayan insan daşla
hansısa heyvanı öldürüb çiy-çiy yeməkdən
ən müasir texnoloji münasibətlərə qədər
inkişaf etdi. Əgər keçən əsrin əvvəllərində
hava xətti ilə dünyanın o başında yaşayan
bir tanış və ya qohumla
danışa biləcəyimizi kimsə bizə desəydi, o
adamı dəli hesab edərdik. Amma bu gün biz
bu əlaqəni, hətta görüntülü də edə
bilirik. Deməyim o ki, yer və zaman
baxımından zərrə və göz qırpımı
olan məkan və müddətdə insan oğlu
obaçılıqdan, tayfaçılıqdan
çıxıb dövlətləşməyə qədər
böyüdü. Bu gün isə həmin
zərrə Yer kürəsinin üzərində yüzlərlə
millət, 200-dən artıq dövlət vardır. Bu dövlətlərin tərkibində yaşayan
xalq və millətlərin öz tarixi, öz mədəniyyəti
formalaşıb. Azərbaycan dövlətinin
ərazisində yaşayan insanların da qədim tarixi
kökləri, mədəniyyəti, ədəbiyyatı,
inkişaf etmiş və milli dəyər sayılacaq bir
çox tərəfləri vardır. Bir zamanlar
tayfalaşmağı, yəni parçalanmağı hədəf
alan insanlar bu gün dünyəviləşməyi,
bütövləşməyi seçir. Çünki
xalqların icad, ixtira və istehsal güclərini birləşdirməsi
inkişaf hesab olunur. Cəmiyyətlərin,
xalqların və millətlərin bir-biri ilə ünsiyyət
qurmasında dil əsas faktor sayılır. Bir xalqın dilini formalaşdıran, inkişaf etdirən
isə həmin xalqın yaratdığı ədəbiyyatdır.
Ədəbiyyat təkcə dilin
inkişafını və ya toplumların ünsiyyətini
deyil, həm də xalqların tarix qarşısında
böyüklüyünü, mədəniyyətini göstərən,
tarixi şəxsiyyətləri ilə daim inkişaf etdirən
söz tərəfidir. Hər bir xalqın
tarixinə nəzər salsaq, görərik ki, onu xalq olaraq
dünyaya tanıdan elm və söz adamlarıdır. O
söz ki, onu ana dilində İzzəddin Həsənoğludan
bəri yaşadan neçə-neçə tarixi şəxsiyyətlərimiz
vardır. Dastanları, şifahi xalq ədəbiyyatını
yaradanlar da bu xalqın ziyalılarıdır. Dədəm
Qorquddan Nizami Gəncəviyə, nənəm Məhsətidən
Qazi Bürhanəddinə, Məhəmməd Füzulidən
Molla Pənah Vaqifə qədər yüzlərlə söz
sahibinin adını çəkə bilərik. Sovetin
qılıncının kəsərli vaxtlarında
yaşayıb-yaratmış İsmayıl Şıxlı,
Mir Cəlal, Rəsul Rza, Mikayıl Müşfiq kimi söz
adamları da bu xalqın nümayəndələridir. Bu
gün isə ana dilində sözün məsuliyyətini
öz çiyinlərində daşıyan Anar, Elçin,
Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Nəriman Həsənzadə,
Ramiz Rövşən, Kamal Abdulla, Rəşad Məcid kimi
şair və yazıçılarımızın
adını çəkə bilərik.
Poeziya insanın daxili dünyasında özü ilə
söhbətindən, hiss və duyğularının müəyyən
ritmlə sözə çevrilməsindən yaranır. Hansısa
dünya şöhrətli ixtiraçı alim iki bənd
şeir yazmağa cəhd edib bacarmaya bilər. Amma şair olan kəs təbiətlə, insanlarla, ətraf
aləmlə elə bir dalğavari təmas xəttindədir
ki, onu təsirləndirən hər bir detalı poeziyaya gətirmək
gücündədir. Azərbaycan poeziyasında
özünü yazan, sözünü şeir dili ilə deyərkən,
hisslərinin azadlığına söykənən,
misralarının arasında
düşüncələrinin təmizliyini
gördüyümüz Rəşad Məcid öz imzası
ilə artıq ədəbi tarixin silinməz yaddaşına
hopub. Rəşad Məcidin gənc vaxtlarında, 1993-cü
ildə çapdan çıxmış “Hələ ki vaxt
var” adlı şeirlər kitabında elə şeirlər yer
alıb ki, o şeirləri oxuyanda şairin təbiət dilində
danışdığını, kainat hikmətində
düşündüyünü
aydın
görmək olur:
Bu
dağlarda ay işığı –
Çəməni
bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu
dağlar ay işığında
Nəsildən-nəsilə
saflıq aparan
Yelkənli gəmidir.
Bu
dağlar ay işığında
Üz-gözü
südə bulaşmış
Körpə kimidir.
Bir ahıl saçında zehi görmək də,
şehli çəmən üzərində ay
işığının parıltısını görmək
də və bunu şeirə gətirmək də yalnız
şairə məxsusdur. İnsanın qənşərində
dağlar və onun da arxasından ay işığı
düşəndə müxtəlif kölgələr
yaranır. Burada
Rəşad Məcid kölgələri yelkənli gəmiyə
bənzədir. Dağlar isə vətən
torpağının zirvələridir. Çox
incə məqam odur ki, gəmidəki yelkən dağların
başındakı bayraq mənasını verə bilir.
Həmişə var olan ay işığının
şahidliyində döşü bayraqlı dağların nəsildən-nəsilə
saflıq, mərdlik, bütövlük daşıyan və
miras olduğunu deyən Rəşad Məcid çox
ustalıqla onu da qeyd edir ki, ay işığında yamacı
ağaran dağlar üzü südə bulanmış
körpə kimidir. Göründüyü kimi,
şair burada vətən torpağının müqəddəsliyini
körpə saflığına bağlayır. Rəşad
Məcid bu şeiri yazanda mənim
təhlilimdə olan hansısa detail, bəlkə də düşünmədən
yazıb, amma şeir düşüncədən, hiss və
duyğulardan gəldiyi üçün, şair özü də
fərqinə varmadan ortaya öz daxili dünyası boyda əsər
qoyur. Elə əsərin
böyüklüyü də oradadır ki, onu oxuyub düşünmək
məcburiyyətində qalaq, onu oxuyub neçə yerə
yozaq, təhlil edək. Böyük
Füzulinin elə beyti var ki, əlli cür təhlili
vardır. Rəşad Məcidin də
poetik yanaşmasının və şair düşüncəsinin
böyüklüyü onun şeirlərini oxuyanda oxucu
gözünün önündə və təfəkküründə
müxtəlif şəkillərin canlanmasıdır.
Yuxarıda da
qeyd
etdiyimiz kimi, reallıq və hikmət Rəşad Məcid
poeziyasının ana xəttidir. Şeirlərində
konkret həyatın özündən danışan şair
hikmət dolu məsləhətlərini də oxucusundan əsirgəmir.
Misal üçün:
İçəridən
əyildinsə,
Ha dik dayan, ha düz yeri.
Görək,
necə keçəcəksən
Ömründəki qəliz yeri?
Dərd gələcək
qucaq-qucaq,
Yandıracaq ocaq-ocaq.
Yaddaşında
sızlayacaq
Ağrılardan min iz yeri.
Bu şeirdə Rəşad Məcid, sanki öz getdiyi
yolu getmək istəyən oxucuya məsləhətini verir, həm
də daxili rahatlıqla, əminliklə fikrini
çatdırmağı bacarır. Bildirir ki, həyat imtahandır, onsuz
da ömrünün qəliz yerində iç üzün
ortaya çıxacaq, yəni içdən əyilmisənsə,
dik-dik yeriməklə yaşamaq olmur, qucaq-qucaq dərd gələcək
və od kimi, ocaq kimi yandıracaq, həmin ocaqların izi isə
xatirələr formasında ağrılara, acılara dönəcək,
buna görə də içini yaşa, ruhunun və qəlbinin
tələbatını ödə. Digər tərəfdən,
bu iki bəndin alt qatında, fəlsəfi məqamında
xeyirlə şərin
varlığından məlumat verən, həyatın
xeyir və şərin mübarizəsi üzərində
qurulduğunu deyən detallar vardır. Məsələn,
içində şeytana, çölündə tanrıya səcdə
edən adam hələ xeyir və şər
arasında öz tərəfini seçməyibdir. Mənə
görə nəsr əsərləri daha çox
düşüncələrin, nəzm əsərləri isə
daha çox hiss və duyğuların
məhsuludur. Rəşad Məcidin hiss və duyğularından
doğulub düşüncələrinə söykənən
bütün şeirləri real həyatın poetik dildə
ifadəsidir. Elə müəllif kimi qələmini
həmişə real həyatın mürəkkəbinə
batırdığı üçün onun əsərlərində
xeyirlə şərin, tanrıyla şeytanın,
yaxşıyla pisin mübarizəsi qırmızı xətt
kimi keçir. Bu yerdə şairin “Mələyim və
iblisim” adlı şeirini misal çəkmək yerinə
düşər:
Hamıdan
çətinsən, hamıdan asan,
Əzabın məşəqqət, sevincin dərman.
Gah həyat
verirsən, gah qətlə fərman,
Əzizim, ən yaxşım, ən pisim mənim.
Təkcə bu bənd haqqında saatlarla danışmaq
və yazmaq, düşünmək və susmaq olar. İstər
riyazi dəqiqliklə, istər məntiqi düşüncə
ilə, istərsə də, fəlsəfi yanaşmayla bu
misraların üzərinə getsək, qarşımıza
kainatın sirr boğçaları çıxar.
Öncə riyazi dildə
onu deyək
ki, ədəd oxunda bütün rəqəmlər mənfi
sonsuzluqla müsbət sonsuzluq arasında yerləşir. Həyat isə xeyirlə şərin
arasındadır. Deməli, bütün
olmuşlar, olanlar və olacaqlar ən yaxşı ilə ən
pisin arasında baş verir. Bu bənddə Rəşad
Məcid, sanki həyatın ciyərini çıxarıb
oxucuya təqdim edir ki, bax, həyatın iç üzü
budur, çətinlə asan, sevinclə əzab, yaşamla
ölüm – hamısı ən yaxşı və ən pis
dediyimiz həyat nöqtələri arasındakı
intervalın üzərində yaşanır. Sanki
müəllif burada oxucuya seçimetmə şansı verir
ki, özün seç – yaxşı, yoxsa, pis, mənfi, yoxsa,
müsbət, azadlıq, yoxsa, məhbəs? Elə
şeirin ikinci bəndində də ruh azadlığından,
yol seçimindən söz açır:
Gah
geniş çəmənsən, gah qara zindan,
Gah qatil olursan, gah da ki qurban.
Gah
göydə yaşadan, gah yerə çırpan,
Ruhum, azadlığım, məhbəsim mənim.
Burada Rəşad Məcid ən yaxşı ilə ən
pisin, mənfi və müsbət sonsuzluqların, elə hər
şeyin insandan başladığını, insanın öz
içində baş verdiyini vurğulayır. Bildirir ki, təbiətin
lütfü olan geniş çəmənlə insan
oğlunun tikdiyi qara zindan arasında özün
seçim etməlisən, amma unutmamalısan ki, qatil də
insandır, qurban da, göyə qaldıran da insandır, yerə
çırpan da, buna görə də cismin çəməndə,
ruhun zindandadırsa, azadlıqla məhbəs arasındasan deməkdir,
elə həyatın özü də budur. Xeyirə,
yoxsa, şərə tərəf getmək isə insanın
öz seçimidir. Şeirin üçüncü bəndində
isə şair belə deyir:
Gördüm
gecəsini, gündüzünü də,
Yaxşının, yamanın hər üzünü də.
Axır
bircə dəfə gəl, düzünü de,
Allahım, mələyim, iblisim mənim.
Hər kəs ətraf aləmi
düşündüyü və dərk etdiyi qədərdir. Kimisi bu
şeirə sevgi şeiri deyə bilər, kimisi də fəlsəfi,
mən isə bu şeirə həyat şeir deyirəm. Çünki bu üç bənddə həyatın
hər üzü var. Hələ insan təfəkkürü
mütləq həqiqətin nə olduğunu dərk edə
bilmir. Buna görə də mənim
üçün mütləq həqiqət yalnız
tanrıdır.
Bu
şeirdə də Rəşad Məcid üzünü
mütləq həqiqətə tutur və bütün insanlar
adından deyir ki, mən sənin gecəni,
gündüzünü, yəni günəşini və
zülmətini görmüşəm, yaxşının
və yamanın hər üzünü yaşamışam, ən
doğrusunu sən bilirsən, insan oğlu yanlış yola
düşərsə, bircə dəfə gəl və
düzünü de.
Göründüyü kimi, Rəşad Məcid şair
kimi özü ilə başladığı dialoqu tanrıya
qədər davam etdirməyi bacarır, poetik dilini və məntiqini
hədəfindən ayırmadan yoluna davam edə bilir. Hər
şairin ya poetik hədəfi, ya da poetik xitabı vardır.
İkisi də ola
bilər.
Məsələn, böyük şairimiz Ramiz Rövşənin
poetik xitabı “Allah” sözüdür, şeirlərində həmişə
Allaha müraiət edir, Füzuli və Nəsiminin
yaradıcılığında poetik hədəf ilahi eşq,
poetik xitabı isə yar, can və canandır. Ümumiyyətlə,
Azərbaycan
ədəbiyyatında hər bir şairin poetik hədəfini
aydın-açıq görmək olur. Rəşad
Məcidin poetik hədəfi isə haqqdır, o haqq ki, xeyir və
şər arasında qalib tərəfdir.
Yuxarıda
qeyd etdiyim ki, şeir şairin daha çox hiss və
duyğularının, nəsr isə düşüncələrinin
məhsuludur. İnsanın ruh halını nəzərə
alsaq, düşüncələr hisslərdən, hisslər
isə düşüncələrdən formalaşa bilir.
Rəşad Məcid yaradıcılığında
daha
çox hiss və duyğularına arxalanır. Onun “10
sentyabr” hekayəsində də oxucuya
ötürülmüş böyük mesajlar hiss və
duyğulu cümlələrlə verilir. Bu hekayə
müasir Azərbaycan nəsrində ən yaxşı hekayələrdəndir.
Bir mətndə sadə dil və sadə hadisələr
içində qlobal mesajlarını verə bilirsənsə,
artıq qalib müəllifsən. Rəşad Məcid
yaradıcılığında nəsrə az
müraciət etsə də, təkcə “10 sentyabr” bəs
edir ki, onun bədii mətn dilini, yazıçı
ustalığını görək. Bir
yazıçının böyüklüyü onun
yazdığı əsərlərin sayında yox, mətninin
içindədir. Kimsə iki yüz roman
yazıb yazıçı olmaya bilər, amma iki hekayə ilə
tarixdə yazıçı kimi yaşayan müəlliflər
vardır. Müəllifin içindən
süzülüb gələn mətn öz müəllifini
içində yaşadır. Rəşad
Məcidin də yazıçı kimliyi “10 sentyabr”da gizlənib.
Yazıçı ustalığı ilə
yazılmış hansısa bir əsərin ən
böyük gücü şəkillənmədədir.
Yəni oxucu mətni oxuyanda gözünün önündə
mətndə baş verən hadisələrlə bağlı
müxtəlif şəkillər canlanırsa, o
mətn
publisistik yox, nəsr əsəridir. Publisistika
daha çox quru informasiya ötürməkdirsə, nəsr
şəkil yaratmaqdır. Rəşad Məcidin
“10 sentyabr” hekayəsində demək olar ki, hər cümlədə
şəkil var, bu hekayəni oxuyanda elə bil hekayə yox,
film izləyirsən. Elə bir bədii
film ki, onun ssenari müəllifi də, rejissoru da, operatoru, rəssamı,
bəstəkarı da Rəşad Məcid özüdür.
Bu hekayənin elə girişində hər
cümlənin şəkil yaratdığına misal göstərmək
olar. Məsələn, xəstəxanadan
çıxıb maşına yaxınlaşan adamın şəkli,
köhnə “Jiquli”nin şəkli, sovet zavodunun
görüntüsü, maşında oturduğu halda əliylə
üzərinə “taksi” yazılmış lövhəni
maşının üstünə bərkidən adamın
görüntüsü – bütün bu şəkillər
hekayənin sonuna qədər davam edir. Cümlə-cümlə
şəkillənmiş “10 sentyabr”ın hər abzasına
ayrı-ayrılıqda münasibət bildirmək olar. İkinci abzasda qızını əməliyyat
etdirmək istəyən atanın
çırpınışlarını görürük.
İmkansız və çarəsiz ata həkim
axtarışındadır, ümidi ona nişan
verilmiş hərbi həkimədir. Nəhayət,
həkimlə razılaşır, amma yenə də pulu
çatmır. Burada Rəşad Məcid
bütün dövrlərdə həkim və xəstə
münasibətlərini açıq şəkildə ortaya
qoyub. Eyni zamanda cəmiyyətdə
yaşayan aşağı təbəqəli insanların real
vəziyyətini göz önünə gətirib.
Qızının əməliyyat olunması üçün
həkim tapma xəbərini arvadına muştuluq kimi
çatdırmağı düşünən adam,
həm də iş yeri dayanacaq olan adam obrazı Rəşad Məcidin
nəsr ustalığı və Azərbaycan nəsrində
obrazyaratma inqilabıdır. Çünki aylarla iş
axtarıb tapmayan, ümidi öz maşınına qalan və
işindən utanan adam obrazı elə
canlı təsvir olunub ki, elə bil hekayə yox, real həyatdır.
Tanrı da bəndəsini belə yaradıb.
Elə hamımızın həyatı bir hekayə
deyilmi?
Çoxumuz hansısa qorxulu yuxudan oyanıb yuxu
olduğuna sevinmişik. Bəlkə hər birimiz bu dünyadan
köçəndə yuxu kimi həyatdan da oyanacağıq?
Bütün bu düşüncələri və
oxucu düşündürmə gedişlərini Rəşad
Məcid bir hekayədə verə bilib.
“10
sentyabr”da amerikalı olan gombul, balacaboy kişinin və
xanımı – arıq, ortaboylu qadının əllərinin ərzaq
paketləri ilə dolu olması, gombul amerikalının
ağzının dayanmadan işləməsi və Azərbaycan
mətbəxinin paxlavalarını az qala, diri-diri udması Rəşad
Məcidin oxucuya çatdırdığı yumşaq və
acı gerçəklərdir.
Burada,
bizim ingilis dilinə can atdığımız halda,
amerikalıların tikə-tikə danışdığı
sözlər ana dilimizə hörmətsizlik kimi də qiymətləndirilə
bilər, gecəqonduların yanından keçib
hündür və təzə tikilmiş binaya getmələri
isə müəllifin oxucuya çatdırmaq istədiyi
başqa bir mesajdır. Bunun yanında obrazın
ailəsi ilə birlikdə yaşadığı evin
kiçikliyi təsvir olunur; atasının mal-heyvan satıb
yeddi min manata aldığı iç-içə
ikiotaqlı, hamam-tualetini də sonradan özü tikib.
Rəşad Məcidin bu hekayədə
yaratdığı baş obraz real, canlı insandır. Onun
arvadının vergili olmasından tutmuş, dostunun dini
söhbətlərinə qədər, hər şeyə real
və tərəddüdlü münasibəti canlı
insanın hiss və duyğularından doğan reaksiyadır.
Bir müəllifin böyüklüyü həm də
oradadır ki, yaratdığı obrazlara can verə bilsin. Hekayənin həyat reallığı və özəlliyi
çoxdur, Azərbaycan nəsrində bu qədər
açıq və sadə dillə kimsə hekayə
yazmayıb. Buna misal kimi onu göstərə bilərəm
ki, hekayədə bir tərəfdə, yeməkdən imtina
etmiş, günü-gündən arıqlayan, böyrəkləri
sıradan çıxmış və əməliyyatına
pul tapılmayan qız obrazı və onun çarəsiz
atası, digər tərəfdə, bir insana həyat verəcək
əməliyyat pulunun on yeddi mislinə it almaq istəyən
amerikalı obrazı var. Ümumiyyətlə, “10 sentyabr” hər
günün hekayəsidir, burada baş verən əksər
hadisələri bütün dövrlərə aid etmək
olar. Hər yazıçı və şairin
haqq tərəfi olmalıdır. Yaradıcı
insan haqq tərəfinə söykənməsə, yoluna davam
edə bilməz. Çünki haqq
insanın şəxsiyyətini və yaradıcılığını
böyüdür. Rəşad Məcidin
isə iki haqq tərəfi var – biri “haqq-ədalət”
sözündəki haqq tərəf, digəri, tanrı, ilahi
eşq, mütləq həqiqət olan haqq tərəfdir.
Şeir və nəsr əsərlərində
olduğu kimi, publisistik məqalələrində də Rəşad
Məcidin haqq tərəfləri aydın görünür.
Bu fikirlərə əsas olaraq oradan başlaya
bilərik ki, özü birinci, adı “525-ci qəzet” olan mətbu
orqana bir qərinədir rəhbərlik edən Rəşad Məcid
yorulamadan, dayanmadan yazıb və yazdırıb. Bu qəzet
üçün…
Elşad Barat
Ədəbiyyat qəzeti 2024.- 15
iyun, ¹22.- S.10-11.