Bədii mətn - fəvvarə
effekti
Modern
bədii mətn klassik bədii mətnlə münasibətdə
keçmiş zamana səyahət sayıla bilərmi (qismən
- ! - yəni, yazıldığı, nəfəsə gəldiyi
an həmin klassik mətnlərin yanından keçir,
onların zamanına bulaşır, onlara az da olsa, toxunur, sonra
öz zamanının realilərini canlandırır - !), yaxud
klassik poetik mətn müasir mətnin gələcəyi
adlandırıla bilərmi (hansı zamanda
yazıldığından asılı olmayaraq bədii mətn,
xüsusən, şeir mətni gələcəyin
qulağına deyilən sözdür, təsadüfi deyil ki,
gələcəyə canlı gəlib çatan klassik bədii
mətni hamı oxumaq, anlamaq, ondan təsirlənmək istəyir...)?
Bu
fikri təsdiqləmək üçün şübhəsiz
ki, bu iki mətn tipini qarşılaşdırmaq, dərin
analizlər aparmaq lazımdır. Ancaq fikrimizcə, bu da kifayət
deyil, çünki qarşılaşdırma və müqayisələr
məsələnin ancaq bir üzünü
aydınlaşdırmaq gücünə malikdir. Həm də
müqayisənin doğurduğu təhriflər bədii mətnin
gələcəkdə anlaşılmasının
qarşısını kəsir və elə bir məqam
yetişir ki, təhrif həqiqət kimi qəbul edilir. Hər hansı bədii mətnin bətnindəki
"ənənə vərdişləri"lə
keçmişə dönməyə, üzünü ona
çevirib irəli getməyə məhkumdur. Klassik qəzəllərdəki
duyğu qəlibləri məhz qəlib olduğuna görə
bütün gücü, enerjisi ilə bizim təsəvvür
edə bilməyəcəyimiz dərəcədə dərinliyə
can atır, onu kəşf etmək cəhdində bulunur. Bütün dünyanı qəlibin içinə
sığdırmaq və onun maksimum dərinliyini bəlirtmək
eşqi heç zaman sönmür. Sovet
dövrünün müdrik filosofunun sözlərilə deyək:
hər bir şeyin mənası onun özündən
böyükdür...
Seyid
Əzim Şirvaninin aşağıdakı qəzəlində
"fəvvarə" (şeir, onun intonasiyası..., - qəlibin
içindəki yanğının, eşq
yanğısının hər misrada, hər beytdə,
bütün qəzəl mətnində, eyni zamanda və ən
əsası, misralar arasındakı maqnit sahəsində
özünü faş etməyə can atması....) mənbəyə
- yerin təkinə qədər səyahət edir, o dərinliyə
can atır ki, həsrətdən cadar-cadar olmuş
torpağın üstündəki misralar dünyanın gərdişindən
ən tutarlı sözləri deyə bilsinlər. Min illərin
sınağından çıxmış deyimin birdən-birə
özülündən laxlaması, yalan çıxması hər
şeyi yerlə bir edir, həm də yox olan, divarlarından,
sütunlarından uçan deyimin düz
qarşısındakı ifadənin ən paradoksal şəkildə
özünü göstərməsi, məsələn,
Füzulinin bu misralarından fəvvarə kimi səmaya millənir:
Dedilər,
qəm gedirər badə, çox içdim, sənsiz,
Qəmi-hicranə müfid olmadı ol qan olmuş.
Bu "fəvvarə
effekti" deyək ki, yanğınlar, alovlar içində
"suyun gəlişi"ni elə bir ortamda təsvir edir ki,
şeiri oxuduqda barmaqların arasından ürəyi toxdadan və
onu yeni, daha dəhşətli yanğının içinə
atan sərinliyinin keçdiyini hiss edirsən. Duyğuların
qəlibləri o hiss və həyəcanların zaman
amplitudasında zərrə qədər də olsa, dəyişən
üzünü əks etdirmək istəyir və əks
etdirdiyi, kəşf etdiyi nəsnələri həmin qəlibin
dərinliyinə gömür. Bu dərinlikdəki
nəsnələr müasir mətnlərdə açıq
formada ifadə olunur.
Diqqət
edin:
Oldu
sünbüllər xəcil zülfi-pərişanın
görüb,
Qönçələr qan oldular ləli-dürəfşanın
görüb.
Yusifə
zindan təmənna oldu mehrindən sənin,
Aləmi-zərraxdə çahi-zənəxdanın
görüb.
Bağban
hər gündə bir sərvin qopardır bağidən,
Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın
görüb.
Guyilər
tək əşki-gülgunum olur hər yan rəvan,
Əldə çövkan, ərsədə Rəxş
üzrə cövlanın görüb.
Qoy
ölüm, axır nəfəsdir, gəlmə nəşim
üstə, ta
Qeyrlər mərg etməsin xahiş, bu ehsanın
görüb.
Zəxminə
mərhəm təsəvvür etdi tiri-Rüstəmi,
Əşkəbus, ey qaşı yay, sinəmdə
peykanın görüb.
Qönçə
tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən
Seyyidi-xunincigər çaki-giribanın görüb.
Şeirdəki "Aləmi-zərraxdə çahi-zənəxdanın
görüb" ikinci şeirdə bütün məna
qatının üzə çıxmasına bərabərdir. Bəzən bədii mətndəki
adi bir ifadə özündən sonra uzaq əsrlərdə
neçə-neçə mətnin yaranmasını şərtləndirə
bilir. Çənə, yaxud yanaqdakı çuxur kimi...
Cavanşir Yusifli
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.11.