Azərbaycan poeziyasının
Hidayəti
Hər bir xalqın, ölkənin və dövlətin
dünyada tanınması birbaşa şəxsiyyətlərin
fəaliyyəti ilə bağlıdır. Dövlət
siyasi liderləri ilə güclənər, ölkə gözəlliyi
və ədalətin təşəkkülü ilə sevilər,
xalq və onun dəyərləri ziyalıları ilə
tanınar. Bu mənada, sənət adamları
- yazıçı, şair, dramaturq, rəssam, heykəltəraş,
musiqiçi və bəstəkarların fəaliyyəti hər
zaman geniş ictimaiyyət üçün cəlbedici olub.
Haqqında söhbət açmaq istədiyim
belə şəxsiyyətlərdən biri də Hidayət
Orucovdur. Azərbaycan poeziyasının Hidayəti!!!
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
(TÜRKSOY) tərəfindən Ankarada şair Hidayətin
"Günaydın, türk dünyası" şeirlər
toplusu nəşr olunub. Yeddi dildə oxucuların
görüşünə gələn kitab TÜRKSOY-un
keçmiş baş katibi Düsen Kasainovun Ön sözü
ilə açılır.
Uzun illər yüksək vəzifələrdə
çalışan Hidayət Orucovun yaradıcılıq fəaliyyəti
onun yalnız poeziyaya bağlılığı ilə deyil,
eyni zamanda Vətənin, ölkənin, xalqın və
dövlətin üz-üzə qaldığı təlatümlərdən
də qaynaqlanır. Uzun illər yüksək vəzifələrdə
olan Hidayət Orucov hər zaman fikir və düşüncələrini
ictimaiyyətə çatdırmaq üçün yüksək
kürsülərə sahib olub. Buna
baxmayaraq, o, Azərbaycanın tarixi acılarını, eləcə
də özünün hiss və duyğularını
misraların gücüylə də paylamağı
bacarıb. Təsadüfi deyildir ki, onun
şeirlərndə 20 Yanvar faciəsinin dəhşətləri,
qaçqınlıq dövrünün məşəqqətləri,
Xocalı soyqırımının amansızlıqları
poetik formada tarixiləşdirilir. Şairin
poeziya səltənəti barədə fikir və mülahizələrimi
bölüşməkdən əvvəl qeyd etməliyəm
ki, Hidayət Orucovla ilk dəfə üz-üzə bu
mövzuda Məşhəd şəhərində geniş və
rahat söhbət etmək imkanımız oldu. "Didərginlər" məqalələr
toplusundan söz açıb, bu kitabdan çox sayda İranda
yaydığımı, eləcə də Tehran Universitetinə
və bu təhsil ocağının Qafqaz
Araşdırmaları İnstitutuna (QAİ) hədiyyə
etdiyimi bildirdim. Məhz onda bildim ki,
dövrünün nadir kitablarından sayılan Hidayət tərəfindən
tərtib olunan "Didərginlər"in ideya müəllifi
və himayədarı da məhz Hidayət Orucovdur.
"Didərginlər" şəxsən mənim
üçün böyük məlumatlandırıcı baza
olub və milli tariximizə bağlı bütün
acılı, şirinli gerçəkləri müstəqilliyimizin
bərpası illərində geniş ictimaiyyətə
çatdırıb. Qafqaz Araşdırmaları İnstitutunun
rəhbərliyi və orada çalışan azərbaycanşünas
mütəxəssislər onlara hədiyyə etdiyim "Didərginlər"
kitabından iki nüsxəni böyük qənimət kimi qəbul
etdilər. Kitabın kiril əlifbasında
olmasına baxmayaraq oradakı zəngin materiallar, o cümlədən,
topludakı imzalar QAM kollektivi üçün olduqca cəlbedici
idi. Bu kitabdakı materialları toplamaq o
dövrdə nə qədər müşkül idisə,
sovet hakimiyyəti illərində onu nəşr etdirmək
özü də bir qəhrəmanlıq nümunəsi
sayılırdı. Yerli gəlmişkən,
2-3 dəfə Yeni Azərbaycan Partiyasının Mərkəzi
Qərargahında keçirdiyi mətbuat konfranslarında
iştirak etdiyim Hidayət Orucovun təmkinli danışıq
tərzi həmişə məndə xoş təəssürat
yaradıb. Böyük Sədi buyurur:
Dünya
görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikr edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm.
Fikrini
kamil de, gec olsa, nə qəm!
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
kimi İranın Qum Təhsil Hövzəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları
olan tələbələrlə keçirdiyi
görüşdəki gərgin vəziyyət (bu gərginliyi
yaradan səbəb çoxlarına məlum olduğu kimi, həm
də tamam başqa bir mövzudur - S.Ş.) hafizəmdən
heç vaxt silinə bilməz. Təxminən
dörd saat iyirmi dəqiqə keçirilən
görüşdə Hidayət Orucov verilən bütün
sualları özünəməxsus təmkində
cavablandırdı və mən bir daha əmin oldum ki,
emosiyanı boğa bilmək özü bir qabiliyyət və
qalibiyyətdir. Bu, yalnız zəkanın
gücü ilə mümkündür. Bu
görüşdən sonra azərbaycanlı tələbələrlə
birlikdə nahar etdik. Az əvvəl
dil ağıza qoymadan ara qarışdıranlar indi tamam
başqa bir libasda görünürdülər və onlara
qarşı Hidayət müəllimin göstərdiyi sakit və
təmkinli münasibət bir daha onun müdrikliyini
nümayiş etdirdi.
...İndi
isə, çox uzatmadan "Günaydın, türk
dünyası" şeirlər toplusunda yer alan
şeirlər barədə fikir və düşüncələrimi
bölüşmək istəyirəm. Şair "Didərginlər",
"Bir qoşun əzrail", "Köçmüş
dağ kəndinin nəğmələri", "Gərək
kəndimizdən çıxmayaydım heç",
"Evimiz analı olsun", "Ömür monoloqu" və
s. şeirləri vasitəsilə Azərbaycan xalqının
yaxın tarixinin ayrı-ayrı çalarlarını gələcək
nəsillərə məhz poetik istedadı ilə
çatdıra bilir.
Elə
bilirdim ki, cənab Əzrayıl təkdir,
Can alsa
da, hər bahar, hər qış...
Yenidənqurmada,
millətim, ayıl!
Baş sədr Əzrayıl-qoşun
şaxlarmış.
...Yuxarıda
təqdim etdiyimiz bənd üç yüz illik zaman kəsiyində
dəfələrlə siyasi qabığını dəyişən
Rusiya adlı imperiyanın Azərbaycanın milli-azadlıq hərəkatına
qarşı fundamental düşmənçiliyini xarakterizə
edir. Amansız və zalım düşmənin məkrli siyasəti
şairin "Didərginlər" şeirində daha kəskin
şəkildə ifadə edilir:
...Düşmənim
gizlənib düşmən dalında,
Bu daş hansı dağdan qopub sürüşüb?
Bizim bu
günlərin qovğalarında
Haqq, ədalət özü didərgin düşüb.
Hamısı keçmiş Sovetlər Birliyinin mövcud
olduğu illərdə qələmə alınan bu şeirlər
şairin qəlbinin və zehninin, onun Vətən və xalq
yolundakı fədakarlığının göstəriciləridir. Məqalənin
sonunda onu da qeyd etmək istərdim ki, poetik hisslərini hələ
gənclik yaşlarında kağız üstünə
köçürən şair Hidayət real həyatda
olduğu kimi ədəbi yaradıcılıqda da sadə və
təvazökardır. Hər şeyin
ötəri və müvəqqəti olduğu həyatda
şairə uzun ömür və sağlamlıq, daha
böyük yaradıcılıq uğurları arzulayıram.
Hidayət
müəllim, ötən əlli illik yaradıcılıq
dövründən fərqli olaraq müqəddəs
Qarabağ Zəfəri şəxsən Siz də daxil olmaqla
türk dünyasının bütün şair və
yazıçıları, bəstəkar və
müsiqçiləri, rəssam və heykəltəraşları
üçün yeni qalibiyyət mövzusu yaradıb. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan
Ordusu tərənnümün bütün çalarlarına
layiq qalibiyyət qazanıb. İndi isə
söz sözündür, söz şeirindir, söz hekayənin
və romanın, meydan şairin və
yazıçınındır. Neçə
ki, fürsət var, yazıb-yaradın, Hidayət müəllim.
Durmaq yox, dayanmaq yox! Vətən və xalq
üçün yazılanların öz yeri, öz rolu,
öz qələmi, öz kağızı var, Hidayət
müəllim. Bu yazımı adıçəkilən
kitabınızdakı son şeirin ilk bəndi ilə Azərbaycan
poeziyasının Hidayətinə yeni yaradıcılıq
arzuları ilə bitirirəm:
Nəğmə
kəhkəşandır
qəlbimdəki misralar
düşməyib dildən dilə,
Sevincimin
nidası,
Ömrümün
öz mənası,
Ürəyimin
harayı
Sizə
çatmayıb hələ -
Bir az gözləyin məni!
Sabir Şahtaxtı
Yazıçı-publisist,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, №22.- S.9.