Millətin
bioqrafiyasını milli tarixə çevirmə cəhdi
Azər Turanın "Alp
Ər Tonqa" kitabı Atatürk Mərkəzi tərəfindən
nəşrə hazırlanıb. Akademik, Millət vəkili
Nizami Cəfərovun kitaba yazdığı Ön sözü
təqdim edirik.
Azər Turan Azərbaycanın
müstəqillik dövründə yetişmiş o görkəmli
ziyalılardandır ki, keçən əsrin sonlarından
başlayan ideyalı, xüsusi
üslubi imkanları ilə seçilən və kifayət
qədər məhsuldar yaradıcılığı milli dəyərlərimizin
aşkarlanması, dərin tarixi kökləri, əhatəsi
ilə bir yerdə analitik təhlili və milli-tarixi (etnik)
yaddaşın bərpası işinə xidmət edir. Gəncliyində
yeni (və ən yeni) dövrün hadisələri ilə
maraqlanan tədqiqatçı-mütəfəkkirin tədricən
tarixin daha qədim qatlarına nüfuz etməsi ona görə
təbii sayılmalıdır ki, Azər Turan nə üzərində
düşünürsə-düşünsün, onun məqsədi
mənsub olduğu milləti, sözün həqiqi mənasında,
millət edən strateji əlamətləri, epik miqyası
mümkün qədər mükəmməl bir sistem
halında ortaya çıxarıb onun intellektual istifadəsinə
verməkdir.
Hər bir xalqın etnik-mədəni
tarixinin əsasları ən mükəmməl şəkildə
onun daxili mənəvi tələbatının təsiri ilə
müxtəlif süjetlər, epizodlar və qəhrəmanlar
törətməyə qadir olan Eposunda təzahür etdiyindən,
hansısa səbəblərə görə həmin epos
stixiyası (və nəticə
etibarilə etnik-mədəni tarixi!) zədələnmiş
xalqlar bu və ya digər dərəcədə elmi tarix
yaratmaq qabiliyyətlərini də itirirlər. Təsadüfi
deyil ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində -
milli özünüdərk enerjisinin
qarşısıalınmaz bir vüsətlə
özünü göstərdiyi illərdə türk
xalqları öz böyük şəxsiyyətlərinin
simasında "biz kimik", "kimlərdən ibarətik"
kimi zəruri olduğu qədər də xeyli gecikmiş
suallara cavab axtararkən, ilk növbədə, epik
yaddaşının epizodikliyi üzündən son dərəcə
ciddi tərəddüdlər keçirdilər. Və etiraf
etmək lazımdır ki, həmin epizodiklik, əslində,
türk xalqlarının, demək olar ki, hamısının
öz epik keçmişinə əsasən dini, siyasi (bunun
ardınca isə mənəvi!) müstəmləkəçilikdən
irəli gələn laübalı və ya laqeyd münasibəti
onların elmi tarixini biri digərini inkar edən hər cür
saxtakarlıqlarla doldurmuşdur ki, bu xaosdan ən etibarlı
çıxış yolunun yenə də yalnız epos
yaddaşının bərpası olduğu, əlbəttə,
şübhə doğurmamalıdır. Xüsusilə, ona
görə ki, türk, o cümlədən də, Azərbaycan
tarixini yağmalamağa çalışanların bir
"metod"u həmin yaddaşı ziddiyyətli məlumatlarla
"simasızlaşdırmaq"dırsa, ikinci (və daha təcavüzkar)
"metod"u yad epos təfəkkürü
texnologiyalarını xalqa təlqin etməkdir. Azər
Turanın da kəskin tənqid hədəfinə
çevrilmiş belə cəhdlərdən ən əsası
odur ki, akademik İqrar Əliyev uzun illər ərzində Azərbaycan
tarixinə "Avesta" (İran eposu) ideyalarını elə
bir "səy"lə (mən burada onun türklər
haqqında işlətmiş olduğu məsuliyyətsiz ifadələrindən
birini işlətmək istəmirdim, ancaq məcburam deyəm
ki, əsl həyasızlıq, əslində budur)
yeritmişdi ki, bu tarixdə xalqın öz eposuna - "Dədə
Qorqud"a yer qalmamış, nəticədə etnosun həqiqi
qəhrəmanları "gəlmə köçərilər"
elan edilərək tarixin mənfi personajları qələminə
verilmişlər.
Azər Turanın
"Türkün atası Alp Ər Tonqa (Azərbaycan və
Anadolu fatehi)" kitabı həcmcə elə də
böyük olmasa da, əhatə etdiyi məsələlərin
genişliyinə, ehtiva olunan fakt, mülahizə və
mövqelərin rəngarəngliyinə, ən
başlıcası isə, əsaslandığı
elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə
kifayət qədər fundamental əsərdir. Və bu daxili
fundamentallıq özünü, hər şeydən əvvəl,
onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin
dəqiqləşdirilməsinə, nə bu və ya digər
coğrafi koordinatın ora-bura çəkilməsinə, nə
də etimoloji janqlyorluğa meyil göstərmədən,
birbaşa mötəbər epik
miqyaslarla işləməyə üstünlük verir: qədim
(ümum) türk eposu "Oğuz kağan" - Herodotun
"Tarix"i - Firdovsinin "Şahnamə"si -
"Oğuznamə"lər xətt-xronologiyası ilə
Madiva - Franxrasyan - Madyes - Əfrasiyab - Alp Ər Tonqanın tərcümeyi-halını
elə panoramlı ölçülərlə bərpa edir
ki, tarixdə möhtəşəm rol oynamış
bütöv (və hər cəhətdən əzəmətli!)
bir Etnosun bioqrafiyası dövrdən-dövrə təhrif
olunmuş şəkildə yox, necə varsa, elə
görünməyə başlayır. Mahiyyətcə, epos mənşəli
"Avesta", "Tövrat" kimi bu və ya digər
etnosun maraqlarını əks etdirən dini-ideoloji əsərlərə
gəldikdə isə, Azər Turan onları da diqqətdən
kənarda saxlamır. "Tövrat"a Nuhdan başlayan
şəcərənin konteksti olaraq (əgər belə demək
mümkünsə, problemin "tarixəqədər"ki
dövrünə aid "neytral" mənbə timsalında)
baxırsa, "Avesta"nı, əksinə, aşırı
İran təəssübkeşliyi ilə Alp Ər Tonqaya (və
Turana) qarşı etnik-ideoloji cəbhə açan
"konyuktur" əsər hesab edir. Və həmin
münasibətin nəinki min beş yüz il sonra İslam
kimi qüdrətli bir dinin əhəmiyyətli redaktəsinə
məruz qalmadan bütün aqressivliyi ilə "Şahnamə"də
təzahürü, hətta ondan da min il sonra "Azərbaycan
tarixi" çoxcildliyinin birinci cildinə (Bakı,
"Elm", 1998) təcavüzü göstərir ki,
türk, o cümlədən, Azərbaycan ziyalıları sadəlövhcəsinə
bu cür təzahür (və təcavüz)lərin bitdiyini
gözləməməlidirlər.
"Türkün
atası"nda Azər Turan dramatik-analitik üslubuna (təhkiyəsinə)
sadiq qalaraq vaxtaşırı ritorik suallar verir, istinad etdiyi
milli epos məntiqi ilə cəmiyyəti bu suallar üzərində
(və tələb olunan epik miqyaslarda!) düşünməyə,
illərlə, əsrlərlə ona təqdim olunmuş
"Tarix"ə milləti millət edən qürurlu
metodoloji mövqedən baxmağa çağırır ki, həmin
mövqe, ilk növbədə, milli Eposa əsaslanır. Odur
ki, kitabda Alp Ər Tonqanın (onun özünün, ailəsinin,
törəmələrinin) tərcümeyi-halı
"türkün çətiri" (Əl Biruni) kimi
açılaraq Millətin bioqrafiyasına (milli Tarixə)
çevrilir.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.8.