Dünya vətəndən başlayır

 

Yazıçı Tural Anaroğlunun 60 yaşına

 

Gəlin, lap başdan başlayaq. Tural Anaroğlu öz hekayələrinə bəzən hansısa qəfil xəbər, həyəcanlı informasiya, musiqişünasların diliylə desəm, yüksək registr, zil tessituradan başlayır: "Əmrin hardan gəldiyi və kimin tərəfindən verildiyi bilinmirdi" ("Birgünlük müharibə..."), yaxud: "Cərrah qolu ilə alnındakı təri silib, təəssüflə əməliyyat otağındakı ağxalatlı həmkarlarına baxdı və yaranan gərgin səssizliyi pozdu" ("Cəhənnəm əzabı"). Bəzən başlanğıc bütün hekayə boyu açılacaq problemin rəmzi işarəsinə çevrilir: "Günter sağ əlini öncə alnına, sonra da hər iki çiyninə tərəf apararaq xaç işarətini çevirdi" ("Aliluya"), bəzən isə olayın çox sakit tonda nəqlinin ilk cümləsi rolu oynayır: "Azərbaycanın ucqar dağ kəndində yaşayan Bəşir kişinin oğlu Türkiyə universitetlərindən birinə qəbul olunmuşdu" ("Türkiyədən məktub"). Bəzən qəhrəmanı birbaşa təqdim eləyir: "Əşrəf kişi nəinki kəndin, hətta rayonun tanınmış və nüfuzlu ağsaqqallarından idi" ("Xəstəxana"), bəzən isə başlıca müəllif ideyasını önə çıxarır: "Hər insanın yaddaşında silinməyən, hafizəsinə əbədi həkk olunan anlar vardır" ("Yüksək qonaq"). Olayların zaman-məkan koordinatlarını göstərir: "Bakının qızmar yayı geridə qalmışdı" ("Sinifkom seçkiləri") və yaxud "Payız fəslinin gəlməsinə baxmayaraq, Türkiyənin Antalya şəhərində hələ də isti hava hökm sürürdü" ("İclas") və sair və ilaxır...

Bütün bu sitatlardan məqsədim təkcə o deyil ki, sözügedən hekayələrin müəllifi oxucunu yoran, onun diqqətini əsas məsələdən yayındıran, usandırıcı və əksərən lüzumsuz girişlərdən vaz keçir. Demək istəyirəm ki, bu əksərən birbaşa, bəzən sərt başlanğıclar, həm də xarakter, xasiyyət göstəricisidir. Ən başlıcası, vurğulamaq istəyirəm ki, Tural Anaroğludan fərqli olaraq, mən mətləbə birbaşa, girişsiz başlaya bilməyəcəm və bu epik başlanğıcı məndən tələb edən onun mənsub olduğu nəsil, daşıdığı familiyadır. Söhbət Xudadat bəy Rəfibəylinin nəticəsi, modern şeirimizin banisi Rəsul Rza və poeziyamızda qadın başlanğıcının ən səciyyəvi təmsilçilərindən olan Nigar xanım Rəfibəylinin nəvəsi, modern nəsrimizin banilərindən biri, adlı-sanlı yazıçı Anarın oğlu və nəhayət, tanınmış yazıçı Günel Anarqızının qardaşından gedir.

Anar bədii yaradıcılığa yeni başlayanda Rəsul Rzanın dediyi və sonralar az qala aforizmə çevrilən ünlü bir sözü olub: "Sən də yazıçı oldun!" Bu üç-dörd kəlmədə nələr deyilməmişdi?! Burda çətin, keşməkeşli ömür yolu keçmiş bir şairin həyəcanı və öz övladının simasında ədəbi əzablarının əbədi mükafatını alan bir atanın təbii qüruru varıydı! "Yox!" deyən ağlın etirazı və "hə!" deyən qəlbin sevinci çırpınırdı! Təxminən iyirmi il öncə Turalın ilk kitabı - "Tənha mələk" işıq üzü görəndə Anarın bir yazıçı kimi eyni narahatlığını və bir ata kimi eyni sevincini də uzaqdan-uzağa belə duymaq elə çətin deyildi.

Tural mənsub olduğu nəslin təkcə cismani deyil, həm də ədəbi varisidir. Məsələn, biri elə Anarın "Evləri köndələn yar" telekomediyasına qarşılıq, onun eyni janrda yazdığı "Evləri göydələn yar"ı. Bircə söz dəyişir, amma təkcə adın özü əsərdə modern mətləblərdən söz gedəcəyini bəri başdanca bəyan eləyərək, oxucunu maqnit kimi tutur, onun dodağını qaçırır! Ümumən Turalın istər hekayələri, istərsə də, dramaturji əsərləri üçün səciyyəvi olan, bəzən kəskin satira, sarkazm həddinə çatan yumor və müəyyən məqamlardakı ekzistensial həyat fəlsəfəsi öz başlanğıcını, şübhəsiz ki, hər kəsdən öncə Anarın zəngin yaradıcılığından götürür. Onun Üzeyir Hacıbəylinin komediyalarının özünəməxsus kompilyasiyası kimi qələmə aldığı "O da olsun, bu da olsun"a gedən yol isə, şübhəsiz ki, yazıçının anası, ünlü üzeyirşünas, akademik Zemfira Səfərovanın uşaqlıqdan təlqin elədiyi Üzeyir sevgisi və Anarın təkcə milli kinomuz deyil, dünya kinematoqrafiyasının şedevrlərindən olan "Üzeyir ömrü" filmindən başlayır. Qəhrəmanımızın adı belə Anarın "Dədə Qorqud" kinodastanının qəhrəmanlarından biri - Qazan xan oğlu Turalın adıyla səsləşir. Amma tale Turalı iki Xalq şairi və bir Xalq yazıçısının, üstəlik də, akademikin ailəsində dünyaya gətirməklə işlərini asanlaşdırdığı qədər də çətinləşdirib, onun boynuna görəv, çiyninə məsuliyyət qoyub - heç vaxt, heç yerdə kim olduğunu unutma!

Lakin Tural Anaroğlunun bədii yaradıcılığında irs-varislik məsələsi sadəcə, ailə və familiya çərçivəsiylə məhdudlaşmır. Məsələn, "ən böyük xəstəlik cəhalətdir" ideyasını aşılayan "Xəstəxana" hekayəsində Mirzə Fətəli Axundovdan üzü bəri, klassik maarifçilərimizdən tutmuş, Mir Cəlala qədər satiraya, yumora meyilli bir çox yazıçılarımızla dialoq var. Amma Turalın hekayələrindəki satira məsələsi sadəcə, milli ədəbiyyat müstəvisində də qalmır, onların ən ümumi gülüş ruhunda Əziz Nesin nəfəsi duyulur. Ümumtürk ədəbiyyatı konturlarını aşan bəzi hekayələrdə isə müəllifin dünya klassikasının ən ünlü isimlərilə mesajlaşmasını görürük, məsələn, "Tənha mələk"də Mixail Bulqakov, yaxud "Cəhənnəm əzabı"nda Karlos Kastaneda ilə. Ola da bilər ki, belə deyil, bunların bəziləri, məsələn, Kastaneda söhbəti sadəcə, mənim hökmən nəyisə nəyəsə, kimisə kiməsə bağlamaq istəyimdən doğan filoloji fantaziyamın məhsuludur. Ən doğrusunu bilən yazıçının özüdür!

Tərəddüdsüz bildiyim bir məsələ var - Tural Anaroğlunun hekayələri üçün istənilən halda intellektuallıq, geniş, qlobal dünyagörüşü səciyyəvidir və bu, təsadüfi deyil: o, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq bölümünü fərqlənmə diplomuyla bitirib, bir sıra xarici ölkələrdə tərcüməçi, müşavir, səfir və sair kimi diplomatik vəzifələrdə çalışıb, rus ingilis, ərəb, rumın dillərini bilir. Amma onun heç bir hekayəsində, hətta "Bilmədiyimiz Türkiyə" essesində belə, nəinki abartılmış intellekt nümayişi görmürük, əksinə, kübar nəzakətindən doğan, bəlkə də qədərindən artıq təvazö ilə rastlaşırıq.

Bu hekayələrin ən ilginc yönlərindən biri, uzun illərdir xarici ölkələrdə çalışan müəllifin yaxına uzaqdan, uzağa yaxından baxması və kənar baxışın doğurduğu yumoristik təəssüratdır. Hekayələrin bəzisində avropalının bizə, bəzilərində isə bizim avropalılara münasibətimiz əks olunur. Bəzən baxış bucaqlarının miqyası genişlənir, o dünyadan gələnlərin bu dünyadakılara yanaşması və əksinə, bir mənzərəylə rastlaşırıq. Müəllifin özəl bədii  üsul kimi üz tutduğu kənar rakurs və bundan doğan "səhvlər komediyası" effektiylə hər iki tərəfin üstünlük və nöqsanları obyektiv əks olunur. Ünlü fransız filosofu Mişel Montenin "Təcrübələr" əsərindəki bir fikir yada düşür: "Yunanlar karfagenlilərin ölüləri yediklərini görüb dəhşətə gəlmişdilər, yunanların ölüləri yemədiyini görən karfagenlilər isə onlardan daha çox dəhşət içindəydilər".

Lakin Tural Anaroğlunun əsas amacı, şübhəsiz ki, hər şeydən öncə, özümüzün kənardan necə göründüyümüzü göstərməkdir. "Xəstəxana" hekayəsində sağlamlıq məsələlərinə cahil münasibətimizin Almaniyadan, "Xaricdə təhsil" hekayəsində təhsilə qeyri-ciddi münasibətimizin İngiltərədən, "İsveç masası"nda məişət etikamız və davranış mədəniyyətimizdəki nöqsanların Türkiyə və hətta Afrikadan necə görünməsiylə üzləşirik. Bu hekayələrin ənənəvi "müsbət qəhrəmanı" yoxdur, daha doğrusu, var, sadəcə, gözə görünmür. Burda qəhrəman olayların bəzən altı, bəzən isə üstündən xətt çəkən işıq və sevgiylə dolu müəllif ideyasıdır. Leonid İliç Brejnevin Bakıya səfəriylə bağlı məktəbli xatirələrindən danışan "Yüksək qonaq" hekayəsində olduğu kimi, biz bəzən bu işığın mətnin altından üstünə çıxdığını, qəfil boy verdiyini də görürük: "Hazırda Lenin babaya sevgisindən danışan o bacımın, göylərə uçan peyk haqqında mahnı söyləyən o qardaşımın... sağ olub-olmadığını, nə iş gördüyünü bilmirəm. Yaşa dolduqca bir şeyi daha yaxşı anlayıram. Həyatı sevirəm. Dünyamızı sevirəm".

Tural Anaroğlunun hekayələrinin daha bir özəlliyi təhkiyəyə nisbətən dialoqlara üstünlük verilməsi, yüksək gərginlik, bir sözlə, dramatizmdir. Bəlkə də, dramla ardıcıl məşğul olsa, o, bu gün çox aktual olan yeni dramaturq sorununu çözəcək bir imzaya çevrilə bilərdi. Lakin onun, hətta hekayələri belə drama yeni başlayanlar üçün mənbə rolu oynayıb və buna misal kimi Qəşəm Nəcəfzadənin "Ölüm o dünyada qaldı" pyesinin birbaşa "Cəhənnəm əzabı" hekayəsinin təsiriylə yazıldığını göstərmək olar. Axirətdə erməni-azərbaycan "razborkası"na həsr olunan pyesin nəinki mövzusu və məzmunu, hətta adı belə o biri dünyadan bəhs edən hekayədəki bu cümlədən gəlir: "Ala, ölüb-getmisən. Nə erməni, nə rus? Bütün o söhbətlər qaldı o biri dünyada".

Tural Anaroğlunun bədii ümumiləşdirmə keyfiyyətinə malik hekayələrinin çoxu metafizik qabığını çıxmaq şərtilə damlada dəryanı göstərmək kimi sufiyanə metodla yazılıb: "Sinifkom seçkiləri"ndə birinci sinif şagirdlərinin özlərinə sinifkom seçmələrini bəhanə edən müəllif alt qatda seçkilərin keçirilməsində yol verilən qanunsuzluqlardan danışır; "Həyəcan"da adi bir dedi-qodunun bütün cəmiyyəti bürüyən ictimai-siyasi yalana çevrilməsiylə bağlı həyəcan təbili çalınır; "Türkiyədən məktub"da qardaş ölkədə ali təhsil alan bir həmyerlimizin valideynlərinə yazdığı məktub əsrlərlə bir-birindən uzaq salınan iki xalqın dil və düşüncə fərqlərinin doğurduğu tragikomik anlaşılmazlığı üzə çıxarır; "Poeziya gecəsi"ndə müxtəlif siyasi düşərgə və estetik istiqamətə mənsub şairlərin şeir gecəsi ədəbi mühitdəki düşüncə bəsitliyi, saxta qarşıdurma və bayağı özündənrazılığı bütün çılpaqlığıyla aşkar eləyir.

"Tənha mələk" hekayəsində insanların vicdansızlığı, bir-birlərinə qarşı acımasızlığı, qanunsuzluğu, ədalətsizliyi, acgözlüyü, əxlaqsızlığı göydən yerə enmiş İblisin özünü belə mat qoyur və bununla da müəllifin gerçəkliyə tənqidi münasibəti özünün ən yüksək həddinə çatır. Amma müəllifin bəzən kəskin şəkil alan tənqidlərində belə qəribə bir daxili əminlik, özünəinam, arxayınlıq var və bu, məntiqidir. Bu özgüvəni yaradan onun geniş dünyagörüşüdür. Bu hekayələri uzun illər boyu dünyanın müxtəlif ölkələrində çalışan, beynəlxalq səviyyədə görüb-götürmüş bir müəllif yazıb. Roma imperatoru, stoisizmin görkəmli nümayəndəsi Mark Avrelinin "Özümlə təkbətək" əsərindəki təbirlə desəm, o, cismiylə azərbaycanlı, ruhuyla isə dünya vətəndaşıdır.

Dünyanın müxtəlif ölkələrindən, türkdən, almandan, zəncidən, hətta o dünyadan, şeytandan, mələkdən yazmasına baxmayaraq, Tural Anaroğlunun ilk və son ünvanı vətəndir! Azərbaycanın otuz beş nəfərdən ibarət, ərköyün nazir oğlanları, varlı balalarından təşkil olunmuş,  ən yararsız bir bölüyünün belə İravana qədər gedib çıxması və Müzəffər adlı bir döyüşçümüzün bir erməni generalının qulağını kəsməsindən danışan "Birgünlük müharibə və ya otuz beş silahlı əsgər" hekayəsi mama-papa uşaqlarına qarşı sarkazma, açıq-aşkar uydurma duruma baxmayaraq, müəllifin öz xalqıyla duyduğu qürur və qələbəmizə dərin inamını bütün çılpaqlığıyla ortaya qoyur. Xatırladım ki, hekayə 2005-ci ildə dərc olunmuşdu və Qarabağ zəfərimizə hələ on beş il varıydı!

Qarabağ artıq azaddır, indi yolumuz Turalın fəhm və uzagörənliklə dediyi kimi İravanadır! Təbrizə, Turanadır! Bu günəcən olduğu kimi, bundan sonra da bu yolun sadiq yolçularından olacaq yazıçı Tural Anaroğluna uğurlar arzulayır, onu 60 illik yubileyi münasibətilə təbrik edirəm!

 

Mübarizə bu gün də var, yarın da,

Sən də onun ən ön sıralarında!

 

Əsəd Cahangir

 

Ədəbiyyat qəzeti  2024.- 15 iyun, ¹22.- S.6-7.