Milli Kitabxanada “Rəfiq Zəka
Xəndan” adlı kitab sərgisi açılıb
Tanınmış
şair, yazıçı Azərbaycan poeziyasında və
elmində öz dəst-xəti ilə seçilən Əməkdar
incəsənət xadimi Rəfiq Zəka Xəndanın anadan
olmasının 85-ci ildönümü ilə əlaqədar
Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti
və yaradıcılığını əks etdirən sərgisi
açılıb.
“Rəfiq Zəka Xəndan” adlı geniş kitab sərgisində
şairin əsərləri, tərtibçisi və redaktoru
olduğu, “Ön söz” yazdığı kitablar,
yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan
və xarici dillərdə, sözlərinə bəstələnmiş
musiqi notları nümayiş olunur.
Qeyd edək
ki, Rəfiq Zəka Xəndan 1939-cu il iyunun
16-da Bakıda görkəmli ədəbiyyatşünas Cəfər
Xəndanın ailəsində dünyaya göz açıb. 1962-ci ildə şairin M. Müşfiqə həsr
olunan “Çağlayan” adlı ilk şeirlər kitabı
işıq üzü görür. Yaradıcılıq
diapazonu geniş olan şair “Axırı yaxşı olar”, “Mənim
əziz vəhşiciyim” musiqili komediyalarının, eyni
zamanda, “Füzuli” və “Söyüdlər ağlamaz”
operalarının mətnlərinin müəllifidir.
Şair heca və əruz vəznlərində bir-birindən
maraqlı əsərlər qələmə alıb. Əsərlərinin
mövzu və qayəsini türkçülük, vətən
sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil
edib. “Səadət”, “Vətən kimlərindir?”, “Meşədə”,
“Altı gül”, “Baharın heykəli”, “Könlümün
yadigarı”, ümumilikdə 30-dək kitabı işıq
üzü görən müəllifin əsərləri
müxtəlif dillərə tərcümə edilib.
Bədii
yaradıcılıqla yanaşı, pedaqoji sahədə də
fəaliyyət göstərən Rəfiq Zəka Xəndan “Məhəmməd
Hadi”, “Cavid sənəti” və “Müşfiq incəlikləri”
monoqrafiyalarını yazıb.
Rəfiq Zəka Xəndan həm də nəğməkar-şair
idi. Tanınmış
bəstəkarların, demək olar ki, əksəriyyəti
onun şeirlərinə mahnılar bəstələyib. Bu
mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu
gün də müğənnilərin repertuarında geniş
yer alır. Zəngin yaradıcılıq yolu keçən
şair respublikanın Əməkdar incəsənət xadimi,
Dövlət mükafatı laureatı adlarına layiq
görülüb.
Sərgi
bir həftə davam edəcək.
Ədəbiyyat qəzeti 2024.- 15 iyun, ¹22.- S.7.