İbrahim Xəlil xan
Cavanşir, Cavad xan Qacar və qatil Lisaneviçin aqibəti
12 iyun 1806-cı il - İbrahim Xəlil
xan Cavanşirin qətl edildiyi gün
...Rus
qoşunları Gəncəni işğal edib Qarabağ üzərinə
yeriyəndə Dmitri Lisaneviç (1773-1825) mayor rütbəsində
idi. Lisaneviç
ruslaşmış serbəsilli ailədən
çıxmışdı. Serblər rus ordusunda gözəçarpacaq
saya və mövqeyə malik idilər. Vətən,
din təəssübünü çəkməkdə
heç nə ilə ruslardan geri qalmazdılar. Vaxtilə imperatriçə Yekaterinanın sevgililərindən
biri olan Zoriçə görə mühüm mövqelərdə
bulunurdular. Həqiqətdə isə, əsl
səbəb xristian təəssübkeşi Yekaterinanın
türklərə qarşı onları alət olaraq işlətməsində
idi. Odur ki, serblərin həssas nöqtələrinin
qıdıqlanması I Pyotrun əli ilə başlasa da, əslində
Yekaterinanı rus-turk müharibələrində istifadə
etmək üçün serblərdən xüsusi alaylar təşkili
işinin ilk təşəbbüsçüsü saymaq olar.
General Pavel Sisianovun "dəli" Lisaneviçə
böyük etimadı var idi. Sisianov marağında
olduğu Gəncə üzərinə hücumda ona bərk
güvənirdi. Və gümanında
yanılmadı; qala divarlarına ilk qalxan və Cavad xanı və
oğlunu qala bürcündən (deyilənlərə görə,
Gəncənin ikiqatlı qala divarlarındakı qüllələrdən
biri olan bu bürc Hacı Qala adı daşıyırdı) sərrast
güllə atəşi ilə o vurub salmışdı.
Tarixi sənədlər də bunu təsdiq edir; Cavad xanın
ölümünün Lisaneviçin əli ilə olduğu
göstərilir: "Cavad xan ortancıl oğlu Hüseynqulu
ağa ilə birlikdə ümumi hücumda qala divarları
üzərində mayor Lisaneviç tərəfindən
öldürüldü" (Bax: AKAK, ll c, sənəd 1189; 1
kitab, 77) deyə göstərilir. "Tarixi-Safi"nin müəllifi, əslən erməni olan
Mirzə Yusif Qarabaği gizlətmək istəmədiyi sevinclə
bu hadisəni xəbər verir: "Şiddətli vuruşma əsnasında
rus zabitlərindən biri olan mayor Lisaneviçin gülləsi
Cavad xanı "həyat divarından" (yəni
yaşamdan) kəlləmayallaq (?) yerə
endirdi." ("Qarabaği" Mirzə Yusif əslən
Cənubi Azərbaycanın Əhər şəhərindəndir.
Qacarlar sarayında müsəlmanlığı qəbul edərək
oradan Mirzə Yusif adı altında böyük iddialarla -
artıq Rus idarəsinə keçən "vətənə"
- Qarabağa dönür) İndi Mirzə Yusifə çevrilən
erməni müəllifimiz yarı-sərxoş, yarı-manyak
bir həzz ilə: "beləliklə, rus ordusu hər tərəfdən
qalaya daxil olub onların "orucluq bayramını qurban
bayramına çevirdilər" və "işıqlı
günlərini zülmətə döndərdilər; sərdar
camaatı qırmağa əmr verdi..." deyə qanlı
istilanı nəşəli - obrazlı tərzdə müjdələməkdədir.
Ədəbiyyatımızın
mücahidi Salman Mümtaz da bu barədə göynəkli bir
dillə yazırdı: "Sisianov... Gəncə
torpağını məzlumların qızıl qanları ilə
suvardı; ramazanın 30-cu gecəsi Gəncə
qalasını alıb, ertəsi günü qətliam etdirdi.
Bu muxtəsər bəhs etdiyim hadisə haqqında
o vaxtın bədbəxt şairləri həzin-həzin mərsiyyələr
söyləmişlər. Mərhum Mirzə
Camal tarixinə düşməyən bu tarixi şeirlər
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinə
düşmədiyi kimi Hacı Abbasqulu ağa Qüdsinin də
"Gülüstani-İrəm"inə daxil edilməmişdir.
Səbəb məlumdur; rus idarəsində yüksək məmurluq
vəzifəsində bunu hansı ürəklə demək
olardı; hansı qələm bunu yaza bilərdi?!
Cavad
xandan oldu mələklər razı,
Pozulmaz qəzadan yazılan yazı.
Xəbərdar
olmadı cəngavər, qazı,
Al-qana boyandı çölü Gəncənin.
Baydaqları
bürc üstündə qurdular,
Tifil uşaqları həmi qırdılar.
O zaman ki,
Cavad xanı vurdular,
Sanasan
qırıldı beli Gəncənin!
General Sisianov döyüşdən öncə 5 dəfə
şəhəri təslim etməsi barədə xana müraciət
etsə də, Cavad xanı fikrindən döndərə bilmədi. O, "Gəncəyə
yalnız mənim meyidimin üstən keçib girə bilərsən"
dedi və belə də oldu. 1804-cü il
yanvarın 2-dən 3-nə keçən gecə qalaya
hücumdan sonra (bu hücumda Lisaneviçin taburu irəlidə
idi və qala divarlarına ilk çıxan onlar idi) gəncəlilərin
qəhrəman müqavimətini qıraraq rus ordusu şəhəri
ələ keçirdi. Cavad xan və onun
oğullarından biri qalanı müdafiə edərkən həlak
oldu.
Hadisələrin
gedişini "Qarabağnamələr" üzrə izlədikcə
yenə "Tarixi-Safi" müəllifinin
yazdığına görə, mayor Lisaneviçi həmin
ilin bahar fəslində İrəvanın mühasirəsində
görürük... Tarix səhifələrini
diqqətlə çevirsək, hələ 20 yaşlı
Lisaneviçin 1793-cü ildə general Zubov komandasında Azərbaycana
yürüşünü də öyrənmiş olarıq.
...İbrahim
xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk
görüşü müxtəlif müəlliflərdə
eyni cür təsvir olunub: "1805-ci ilin mayında Kürəkçay
sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel
Sisianov mayor Dmitri Lisaneviçi 500 soldatla Qarabağa göndərir"
(Mirzə Yusif Qarabaği. "Tarixi-Safi");
"Sərdar Sisianov mayor Lisaneviçi beş yüz yeger
adlanan dəstə və topxana ilə Qarabağa - İbrahim
xanın yanında olmağa təyin elədi" (Mirzə
Mehdi Xəzani. "Kitabi-Tarixi
Qarabağ") və s.
Təfərrüatlara varsaq, görəcəyik ki, qalaya
hücum vaxtı Cavad xanı ortancıl oğlu Hüseynqulu
ağa ilə birlikdə general Pavel Sisianovun böyük etimad
bəslədiyi "Qoçu" ləqəbli Lisaneviç
öldürmüşdü. Tarixi sənədlər də bunu təsdiq
edir ki, 23 nəfər ailə fərdləri və saray
adamları ilə birlikdə Qarabağ xanı İbrahim Xəlil
Cavanşiri də bu "dəli"mayor Dmitri Lisaneviç qətl
etmişdi. Aradan düz 19 il keçəndən
sonra isə - 1825-ci ilin iyulunda artıq general-leytenant rütbəli
qatil Lisaneviç üsyançı qumuqlar tərəfindən
öldürülmüş, bununla öz cəzasına
çatdırılmışdır. Bu fakt
özü işğalçılara qarşı
qafqazlıların 60 ildən çox çəkən
milli-azadlıq mübarizəsinin amalını və
xarakterini göstərən bir fakt kimi həmişə maraq
doğurmuşdur.
İbrahim
xanı düz bir il sonra ailəsi ilə qətlə
yetirən Lisaneviç əslində burada özü
xanlıq edirdi. Vəziyyət isə hər yöndən
mürəkkəbləşib müdhiş hadisələrə
yol açmaqda idi... Kürəkçay
müqaviləsinin imzalanmasından hirslənib
qızışan gənc şahzadə Abbas Mirzə Qacar hərbi
yürüşə başlayır; Rus-İran müharibəsinin
(1804-1813) ilk addımları artıq atılır. Rus qüvvələrinin azlığı və Araz
sahillərinə yanaşmaması (müharibələrə
"aludə" olan Rusiya bu zaman eyni vaxtda Avstriya, Fransa,
Osmanlı dövləti ilə ayrı-ayrılıqda qəsbkar
müharibələrini aparırdı) və həmçinin
Qızılbaş qoşunu ilə vuruşmağa ruslar tərəfindən
məcbur edilən yerli əhalinin ürəksiz müqaviməti
nəticəsində Şuşada da həyəcan anbaan
artmaqda idi. Həm də 1806-cı il
fevralın 20-də əliqanlı general Sisianovun Bakı qala
divarları önündə öldürülməsi xalqı
bu qəsbkarların Azərbaycandan nəhayət,
çıxıb gedəcəklərinə inanmağa
ruhlandırdı.
Böyük bir xaos hökm sürürdü; vəziyyəti
yerli erməni məlikləri, o cümlədən, Məlik
Şahnəzər də bir yandan körükləyirdi. İbrahim xan əslində
onunla qohum idi; Məlik Şahnəzərin qızını
almışdı. Lakin ata Şahnəzər
də, oğlanları da indi xanın qatı düsməninə
çevrilmişdi. Mirzə Adıgözəl bəyin
"Qarabağnamə"sində bu barədə oxuyuruq:
"Mərhum Pənah xan və İbrahim xanın
mehribanlıq nəzəri, hörmət və mərhəmət
gözü həmişə Məlik Cümşüdün
üstündə olmuşdu". İndi isə
belə qeyri-müəyyən vəziyyətdə ermənilərin,
xüsusən, Məlik Cümşüd Şahnəzərovun
məkrli gizli donosları öz işini görüb
qurtarmışdı. Hələ sonra
Türkmənçay sülhü ərəfəsində və
sonra Rusiyanın Qacarlar dövlətində səlahiyyətli
səfiri Aleksandr Qriboyedovu əhatələyən ermənilərin
içində onun tərcüməçisi və kuryeri iki
Şahnəzərovu - bu ailənin nümayəndələrini
görürük. Daha irəli gedib deməliyik
ki, Qarabağdakı rus ordusu komandanı erməni general
Valerian Madatov (əsil adı Rüstəm) Peterburqa
köçən və orada məskunlaşan
Cümşüd Şahnəzərovun qızı ilə evlənmişdi.
Xanın qətlindən sonra çar idarəçiləri
onun varisi Mehdiqulu xanın könlünü almağa
çalışmış, üstü almazlarla bəzədilmiş
qələm də bağışlamaqla, sanki onu qələm-möhür
sahibi, hakim kimi tanımışdısa da, sonralar məhz erməni
general Madatov Qarabağın qanuni hakimi Mehdiqulu xanı
perikdirib Qarabağdan qovmuşdu. Cümşüd Şahnəzərovun
Peterburqda təhsil alan və xidmətə girən
oğulları artıq yeni əsrdə Mixail Qorbaçovun
sağında, daim "Qarabağ uğrunda" fəaliyyətdə
gördüyümüz onun müşaviri, bizimsə
müasirimiz həmin Şahnəzərovun ulu babasıdır.
...İbrahim xanın isə belə şəraitdə
Şuşadan çıxıb Xan Səngər adı ilə
məşhur olan qalada qərar tutması şübhələr
doğururdu; artıq onun ruslarla ittifaqa girməkdən
peşman olması aydın görünürdü. Çoxları
da güman edirdi ki, Qacarlar sarayında yaşayan oğlu
Əbülfəth ağanın (o, Fətəli şah
Qacarın qaynı idi) Qızılbaş qoşunu
başında Qarabağa girməsi İbrahim xanın
buyruğu ilədir.
Beləliklə,
İbrahim xanın rus dövlətinə olan sədaqəti -
Kürəkçay müqaviləsinin
etibarlılığı artıq şübhə altına
alınmışdı... Odur ki, bir an belə
ləngimədən dəli mayor Lisaneviç 100 soldatla
1806-cı ilin 11 iyununu 12 iyuna bağlayan gecə qaladan
çıxaraq xan düşərgəsinə
yaxınlaşır və onu mühasirəyə alır. İbrahim xanı öz əyanları və ailəsi
ilə birlikdə öldürür. Lisaneviç
bundan sonra dərhal polkovnik rütbəsinə
qaldırılır. Mirzə Adıgözəl bəy
bundan 10 il sonra - 1816-cı ildə
Qarabağ hakimi Mehdiqulu xanın yanında işə
başlayarkən, Lisaneviçin yanında podporuçik
rütbəsində tərcüməçi işləmişdir.
Ehtiyatla olsa da, bu müdhiş olayın
aradakı çuğulların fitnəsi ilə baş
verdiyini göstərir. Müəllif
canyanğısı və saxladığı təəssübünə
görə yenə təhsinlərə layiqdir... Bu zaman erməni
fəallığı açıq-aşkar hiss olunduğu
şəraitdə çuğulların kimliyi də o zaman da,
indi də aydın olur.
...Qafqaz od içində yanır. Lisaneviçin
1809-cu ildə türk qalası Axalkalakdan səsi gəlir,
qızıl qılınc və almasa tutulmuş şərəfli
hədiyyələrlə mükafatlandırılmış,
artıq generaldır. Xalq içində isə
qorxunc xatirələrlə "dəli mayor" kimi
anılır. Harada qızğın
döyüş var, orada bu hərbçidən çox, qatiləbənzər
generalı görmək olar. Quba
üsyanı qalxanda bu dəli general 1810-cu ilin oktyabrında
iki yeger rotası ilə Quba xanlığı üsyançılarının
qabağını alır, hücum edib Qubanı işğal
edir. Bununla Qubada mühasirəyə
düşmüş rus qoşun bölüyünü
ağır durumdan xilas edir. Ağuşadan
da Qubanın əsl hakimini - Şeyx Əli xanı (O, məşhur
Fətəli xanın oğludur) o qovub
çıxarmış, bütün idarəni Rus hərbi
komendantlığına vermişdir. 1804-1813-cü
illərin Rus-İran savaşında 28 sentyabrda mövqe
tutduğu Qara Baba dağından bircə taburu ilə
Qızılbaş ordusuna tələfat verir. Bu
şücaətinə görə o, alay
komandirliyinə keçirilir. Lisaneviç bundan
sonra İmeretiyanın ələ keçirilməsində
şücaət göstərir və 1810-cu ildə Axalkalak qəhrəmanı
elan olunur. Bütün bunlara görə
1811-ci ildə Müqəddəs Vladimir ordeni, general-mayor
rütbəsi və brilliantlarla bəzədilmiş
qılınc ilə mükafatlandırılır.
Daima rus idarəçiliyindəki yüksək erməni
məmurlarından bolluca inayət görən Dmitri
Lisaneviç erməni zadəgan ailəsinə məxsus
qadınla evlənmiş, bu qadından gələcəkdə
Rus ordusu generalı olacaq iki oğlu olmuşdu.
"Qafqaz Arxeoqrafiya Komissiyası Aktları"nda nəşr
edilmiş sənədlərdən görünür ki,
general-mayor Lisaneviç 1811-ci ilin avqust ayında, Pənbək
və Şoragil Dairələri rəisi vəzifəsində
olmaqla, Ərzurum sərəskərinin hərəkatını
güdür, nəzarətdə saxlayırdı. Bu vaxt Rusiya ilə
Türkiyə arasında müharibə gedirdi. Hərbi əməliyyatın əsas meydanı Dunay
çayı ətrafında idi. Lakin
Rusiyaya tabe olan Qafqaz torpaqlarına Türkiyə
qoşunlarının keçə biləcəyi qorxusu
olduğu üçün general-mayor Lisaneviçin əsas
diqqəti Türkiyənin sərhəd rayonlarında olan
Osmanlı qoşunlarının hərəkatını izləməyə
çevrilmişdi. Lisaneviç sərhədin
o tayına kəşfiyyatçılar və casuslar göndərirdi.
...1824-cü
ildən artıq Lisaneviçin fəaliyyət meydanı
Şimali Qafqaza keçir. Burada öz əcəlini bulan
general Lisaneviçi öldürən şəxsin şəxsiyyəti
müəmmalıdır: 1825-ci il iyulun
16-da Qumuqlu knyaz, dağların şərəfli oğlu Musa
Xasav (Musa Xasav Usmiyev - müəllif) tərəfindən
döyüşdə öldürülür. Babaları Qafqaz
canişini, general Yermolovun şəxsi tərcüməçisi
Mirzə Yenikolopov və Fətəli şah Qacarın baş
müşaviri erməni Mötəmüddövlə Mənuçöhr
xan olan yazıçı İvan Yenikolopovun göstərdiyinə
görə: Lisaneviç və general Nikolay Qrekovun əslində
şair Lermontovun Hacı Abrek surətinin proobrazı olan
çeçen mücahidi Bey Bulat Taymazov tərəfindən
Terek çayı boyundakı döyüşdə
öldürüldüyünü yazır. Amma
bu da düz deyil. Çünki Taymazovun adını az sonra Rus-Türk müharibəsi sonunda
Peterburqa - İmperator sarayına qələbə xəbəri
aparan seçkin heyətin tərkibində görürük.
Şübhəsiz, 4-5 il əvvəl iki
rus generalı öldürən adamın nə savaşda, nə
də şanlı heyətdə yeri olmamalı idi.
Yaxın
illərin araşdırmalarına baxsaq: aradan düz 19 il keçəndən sonra, 1825-ci ilin iyulunda
artıq general-leytenant rütbəli qatil Lisaneviç
üsyançı qumuqları cəzalandırmaq
üçün Şimali Qafqazın Aksay (Yaksay) elində
Görsel Aulda idi. Qarabağda uzun müddət
qaldığından Lisaneviç Azərbaycan türkcəsini
öyrəndiyi üçün qumuqca danışmaqda çətinlik
çəkmirdi. Həmin gün
üç yüz nəfərdən çox Görsel kənd
sakini onun əmri ilə meydana
yığılmışdı. Lisaneviç
azacıq şübhələndiyi yerli sakinləri bir-bir
qabağa çıxarır, küçə
söyüşləri ilə təhqir edirdi. Təhqirə məruz qalanlardan Uçar oğlu Alav
Hacı adlı bir nəfər rus zabitinin
qudurğanlığına dözməyib ona və
yanındakı qaniçənlikdə ondan geri qalmayan general
Nikolay Qrekova xəncərlə ölümcül zərbələr
endirmiş, üstünə gələn qumuq baş
pristavı Filatovu da ağır yaralamışdı. Bu zaman yaxınlıqda dayanmış başqa bir
pristav - qumuq əsilli mayor Musa Xasav Usmiyev
qılıncını çəkib öz
soydaşını qətlə yetirmişdi. Rus generallarının ikisi də aldıqları
yaradan ölmüşdü. Nəhayət, intiqam
alınır...
Beləliklə, Lisaneviç illər sonra olsa da,
Qarabağdakı qanlı cinayətinin cəzasını
Aksayda, adlı-sanlı ailədən çıxmış
Uçar oğlu Alav Hacı Muhammad adlı bir qumuq
türkündən almışdı. Gəncə və
Qarabağ xanlarının qatili, general Lisaneviçi
öldürdüyü üçün öz soydaşı
Uçar Alavı qılıncdan keçirən və ruslar
qarşısındakı xidmətlərinə görə gələcəkdə
general-mayor rütbəsinə yüksələn Musa Xasav
Usmiyev (?-1843) sonralar İbrahim Xəlil xanın nəvəsi,
şairə Xurşidbanu Natəvanla evlənən knyaz Xasay
xan Usmiyevin atası idi.
Bu illərdə
Qafqazda və İranda bütün siyasi hadisələrin həlledici
nöqtələrində görünən səfir Aleksandr
Qriboyedov 7 dekabr 1825-ci il tarixdə qohumu və dostu Stepan
Begiçevə həmin yerlərdən yazdığı məktubda
xəsisliklə də olsa, amma az qala bir "roman" təfərrüatı
saxlayacaq bir cümlə ilə "Lisaneviç xrabreyşey
çelovek, no oprometçiv, umer qeroyski, jil bez tolku"
(Lisaneviç igid, lakin ləkəli adam idi; qəhrəmancasına
öldü, amma mənasız yaşadı) - deyə xəbər
verir.
Bu hadisədən
bir çox illər sonra Qafqazda, həm də faciənin
baş verdiyi yerlərdə olan Tolstoy "Kazaklar" əsərində
yaratdığı Eroşkanın prototipi olan
özünün Yapişka adlandırdığı qoca kazak Epifan Sexindən dinləyir: "Yapişka
mənə nağıl edirdi ki, Lisaneviç və Qrekov
Görsəl aulda ətraf yerlərin nüfuzlu tatarlarını
çağırıb bir yerə toplamışdı. Hamıdan silahları alıb
yığmışdılarsa, Uçar Hacı xəncərini
arxalığının qolunda gizləmişdi. Üzərinə yağdırılan təhqirlərə
dözməyib irəli atıldı, bir göz
qırpımında hər iki generalı öldürdü.
Sonda isə orada nə qədər tatar vardı,
hamısını öldürdülər" (Gündəliyindən:
1853-cü ilə aid qeydlərdən. Bax: 10, 102).
Bu sonluq
müəmma bir həyatın, müəmmalı bir şəxsiyyətin
əsl qiymətidir! Şər və fitnənin
eyni fitnəkar dəyəridir.
Minəxanım
Təkləli
Ədəbiyyat qəzeti 2024.- 15
iyun, №22.- S.4-5.