Bu, Çingiz
Əlioğludur...
Səksəninə gəlib çatdı...
Doğrusu,
Çingiz Əlioğlunun - bu istedadlı Azərbaycan
şairinin 80 yaşına gəlib çatmasına inanmaq istəmirəm.
O
Çingizi ki, mən illər boyunca son dərəcə cavan,
qıvraq, üz-gözündə cavanlıq iksiri əskik
olmayan bir gözəl insan, mənim də,
çoxlarının da sevdiyi şair. O, müasir Azərbaycan
poeziyasının istedadlı nümayəndələrindən
biridir və lap gəncliyindən bu günə kimi ona ən
çox yaraşan söz istedaddır. İstedadının
birinci əlaməti poeziyada təcəssüm edir, yəni
Çingizin hər hansı bir şeiri məhz Şeirdir və
bu şeirlərin cəmi, toplumu poeziyadır. Çingiz professionaldır. O, şeirin
düsturuna sığışan nə varsa, məhz
istedadı ilə o düsturu həll edir.
Onun çoxlu şeir kitabları çıxıb və
bir yazıda bunları əhatə eləmək çətindir. Çünki
hər bir kitabı oxucuya yeni söz deyir. O, Azərbaycan
şeirinin bütün istiqamətlərini,
axınlarını öz poeziyasında əks etdirə bilir.
Çingiz minillik Azərbaycan poeziyasının ənənələrinə,
xalq şeiri örnəklərinə sədaqətlidir.
Çingiz hecada da, sərbəstdə də kifayət qədər
uğur qazanıb. Amma onu Azərbaycan sərbəst
şeirinin özünəməxsus cizgilərini yaradan bir
şair kimi də təqdir edirik.
Çingiz modernist şairdir və bu yolda ustadı Rəsul
Rzanın yolunu davam etdirir, amma ustaddan təqlid yox,
yaradıcı hünər dərsini keçib.
Çingiz realist şairdir, həyatın, yaşadığımız
mühitin gözə görünən mənzərələrini
və gözə görünməyən gizlinlərini
şeirə gətirir.
Çingiz romantik şairdir, ay işığını
çox sevir, meşələri, ormanları, dənizi
şeir-rəsmlərində vəcdlə canlandırır.
1968-ci ildə,
"Ulduz" jurnalının 4-cü sayında Xalq şairi Rəsul
Rzanın "İstedad-Zəhmət-Dözüm" adlı
bir yazısı dərc edilmişdi və o yazıda Rəsul
müəllim gənc şair - 24 yaşlı Çingiz
Əlioğlunun şeirlərindən ürəkdolusu söz
açmışdı, onu ruhlandırmışdı:
"Çingizin şeirləri ilə tanış olanda, ilk
baxışda belə bir təsir oyana bilər ki, gənc
şair seyrçiliyə uyur, dənizin, qürubun,
bağın, çiçəyin təsvirinə çox aludədir.
Şeirləri diqqətlə oxuduqda
görürsən ki, bütün bu təbiət mənzərələri
Çingizə ürək
çırpıntılarını, həyat, insan haqqında
düşüncələrini ifadə etmək
üçün lazımdır".
Ustad şairin bu inamını Çingiz layiqincə
doğrultdu.
Mən onun "Vağzallar, yollar" (1974) şeirlər
kitabında "Qobustan ritmləri", "İçərişəhər",
"İçərişəhərdə
yağış", "Əli Kərimin xatirəsinə"
şeirlərini o illərin poeziyasında artıq
özünün poetik üslubunu müəyyənləşdirən
bir şairin uğurları hesab etmişəm. O illərdə
İçərişəhərə yazılan bir neçə
şeir vardı (F.Qocanın, İ.İsmayılzadənin, V.Nəsibin,
Ə.Salahzadənin, V.Səmədoğlunun), Çingiz də
bu "yarışda" geridə qalmadı. Metaforalarla,
istiarələrlə "hörülmüş" bu
şeir İçərişəhərin yeni poetik şəkli
idi:
Balıqçı
toru kimi
nazik
küçələrdən toxunub
bu şəhər.
Axşamlar
pəncərə gözlərində
qızıl balıqlar kimi
çırpınır işıqları.
İçərişəhərdə
küçələr
Bir
ixtiyarın
Qarışıq
xatirələrinə bənzər.
Bu tipli şeirlər o illərin yenilikçi şairlərinin
bütün standartlara, şablonlara qarşı qələbəsi
kimi səslənirdi. Ancaq bu o demək deyildi ki, yenilikçi
adlandırılan şairlər, o cümlədən,
Çingiz Əlioğlu poetik ənənələrimizə
qarşıdır. Məsələn, onun
"Qobustan ritmləri" şeiri qədim nağıl və
dastanlarımıza, folklor mətnlərinə xas olan səs təkrarları
- alliterasiyalar üzərində qurulmuşdu.
Fırlandı
səma,
açıldı taybatay
günəşə qapı.
Silkələnib
oyandı
daşlı qobu,
qayalı
qobu.
Ayıldı
hövlnak
Daş xəncərin,
qaya
qılıncın
qaya
qını,
qaya
qabı.
Bu şeir sırf alliterasiyalar üzərində qurulub,
amma formaya, səslərin təkrarlanaraq gözəl bir ritm
yaratmasına hesablanan şeirdə məna və məzmun
üzərinə kölgə düşmür. Şeiri oxuyursan,
özünü, sanki Qobustanda - o daşların, qayaların
yanında hiss edirsən.
Çingizin poeziyası öncə rənglər və
səslər üstündə pərvəriş tapdı. O, təbiətin,
dünyanın və insan qəlbinin rənglərini şeirlərində
əks etdirməyi çox sevir.
Budaqdan
qopmuş
nar kimi,
Üfüqdə
diyirləndi
gülöyşə günəş -
Qıpqırmızı
nar
şirəsinə
bulaşdı qürub.
Bir azdan
dənəvər-dənəvər
mələs ulduzlar
səpiləcək səmaya.
Nar
çiçəyi kimi
çıttayacaq
pəncərələrdə işıqlar.
Toğrul Nərimanbəyovun bir tablosundan alınan bu təəssürat
həmin tablonun sözlə ifadəsi kimi uğurludur. Amma
Çingiz heç də hazır tabloları şeirə
köçürmür, özü sözlə tablolar
yaradırdı.
Adicə bir predmetdə - səsdə, küləkdə,
yaz havasında, işıqda dünyanın rəng və
çalarlarını görmək və bunları həssaslıqla
poetik müşahidə obyektinə çevirmək hər
şairə qismət olmur. Çingizin ilk
şeirlərindəki uğurları da məhz buradan
başlanırdı.
Çingizin ustadları çoxdur, bütün klassik
şairlərimiz və XX əsrin ən novator, modernist
şairləri. Amma mənim fikrimcə, onun
ustadlarından biri və bəlkə də birincisi Rəsul
Rzadır. O, Rəsul Rzadan çox şeylər öyrənib.
Amma ilk növbədə, onun sərbəst
şeir yolunu ən uğurla davam etdirənlərdən
biridir. Onun say etibarilə heca şeirləri
ilə sərbəstləri arasında kəmiyyət
hesablaması aparmamışam, bəlkə heca şeirləri
çoxdu, ya əksinə.
Dünya,
boyun bircə qarış...
Qarı dünya, qımış, görüm.
Ürəyimdə
yağ qalmamış,
Dünya,
mənnən danış, görüm...
A
qırışmal, gidi dünya,
Neynədin igidi, dünya?
Mən
bilmirəm, sən bilirsən...
Dünya, mənnən barış, görüm.
Bu, Çingizin hecada yazdığı şeirlərdən
biridir və ilk baxışda heç bir qəribəliyilə
seçilmir.
Amma diqqətlə nəzər yetirdikdə, həm
deyilən fikirlər, həm də bunların poetik ifadəsi
uğurludur.
Çingizin şeirlərində sakitlik də var, həzinlik
də, rəqs də, gurultu da... amma patetika, boş hay-küy
yoxdur. Ən ümdəsi isə, bu şeirlərin əksəriyyətində
uğurlu təşbehlər, metaforalar diqqəti cəlb edir.
Çingiz
ən yaxşı şeirlərində obraz yaratmağa can
atır və çox zaman buna müvəffəq olur. Məsələn, "O qadın" şeirində
Çingiz darıxan qadın əllərini təsvir edir.
Çöldə, bayırda
"harın-harın, yekəqarın, kefqom kişilər
divar boyu düzülüb soyuq çaxır içirlər".
İçəridə isə bir qadın
darıxır, "kobud kişi əlinə həsrət
çəkir əlləri".
Professor
Nizaməddin Şəmsizadə "Ucalığın tənhalığı"
məqaləsində yazır: "O, (Ç.Əlioğlu)
poeziyada eksperiment aparmağı və eksperimentlərdən
vaxtında ayrılmağı bacarır".
Çingiz Əlioğlu doğrudan da, şeirdə
eksperiment aparmağı xoşlayır. Bu eksperimentlər
yetmişinci illərdən başlamışdı və
onların bir çoxu özünü doğrultdu, yaşam
hüququ qazandı. Onun "postmodernist
paradiqma hüdudlarında tişə-fırçayla
qazılıb-yazılmış simfopoema yaratmaq cəhdi"
kimi səciyyələndirdiyi "OF!!!" silsiləsi də
oxuculara təqdim etdiyi yeni bir eksperimentdir.
Çingizin
poetik axtarışları onun "Ruhumun həndəsəsi"
kitabında toplanan şeirlərində daha çox hiss olunur.
Əgər siz şeirimizdə yeni əsrin
ruhunu, nəfəsini və XXI əsr insanının
düşüncə tərzini aramaq istəyirsinizsə, bu
yolda Çingiz Əlioğlunun şeirləri bələdçi
rolunu oynaya bilər. Çingizin,
sözün həqiqi mənasında, novator şair səciyyəsi
bu kitabdakı şeirlərdə dolğun əks olunub. Onun bu kitabında ötən illərin şeirlərindən
də nümunələr var və onları yeni
yazdığı şeirləri ilə müqayisə etdikdə,
doğrudan da, ənənəçi Çingizin, sərbəst
şeir məkanında ilk uğurlarını qazanan bir
şairin illər keçdikcə poetik
axtarışlarında bir üslubun (fərdi!) müxtəlif
variasiyalarının şahidi oluruq.
Onun şeirlərindən söz açan müəlliflər
- içi mən qarışıq - nədənsə,
Çingizin sevgi şeirlərindən bəhs etməmişlər
(ya da çox cüzi). Halbuki onun sevgi şeirləri sonu duvaqqapma
ilə bitməyən bir dastanı xatırladır. Bu
"dastan"da klassik poeziyadan və bayatılardan,
ayrılıq nəğmələrindən qopub gələn,
əvvəli vüsalla başlayan, sonu hicrana köklənən
etiraflar səslənir. "Fikir
axını" bu şeirlərə də hakim kəsilir.
Səni
ayrılıq deyil,
Vüsal məndən alıbdır.
Üzünü
görmədiyim
Günlər yadda qalıbdır.
Vurmadığın
zərbənin
Yarası daha dərin.
Demədiyin sözləri
Çətin unudam, çətin!
Çingiz Əlioğlu dünya ədəbiyyatına,
o sıradan bizim müasir poeziyamıza yaxşı bələddir. Onun
2006-cı ildə çap olunan "Fraqmentlər"
kitabında esseləri, müsahibələri, ədəbiyyat
haqqında düşüncələri əks olunub.
Xüsusilə, onun ustadı Rəsul
Rza, həmçinin Ələkbər Salahzadə, Tofiq Abdin, Kəramət,
Əsəd Cahangir, Səlim Babullaoğlu, Tofiq Qaraqaya və s.
haqqında qələmə aldığı yazıları
maraqla oxunub.
Çingiz Əlioğlu... Sizə - sizin
şeirlərinizə - sizin şəxsiyyətinizə - sizin
dünyanıza Salam deyirik... Yaş o yaş deyil, yaş həm
də bu yaşdır.
Vaqif Yusifli
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, №23-24.- S.2.