Çingiz Əlioğlunun
"Avand" kitabında avanqard jestlər
Ötən əsrin 60-cı illərindən ədəbiyyatımıza
gələn Çingiz Əlioğlu Azərbaycan
poeziyasında avanqard mövqeyi, çoxqatlı məzmunu, fərdi
üslubu, modern şeir texnikası ilə seçilən
şairlərdən biridir.
Çingiz Əlioğlu vətənə, yurda,
torpağa bağlı insandır. Vətənə sədaqətli
olmaq, Vətən uğrundan canını fəda vermək,
onu hər şeydən üstün tutmaq kimi mənəvi-əxlaqi
məsələlər şair üçün prioritet
olmuşdur. "Mən, bəli deyək
ki, hansısa müəyyən məqamlarda eqoist, həddindən
artıq özünə qapalı duyğularla yaşayan
insanam" deyən şairin eqoistliyi,
qısqanclığı Vətənə sevgisindən, məhəbbətindən
qaynaqlanır.
Ədəbiyyata gəlişinin əsas səbəbkarı
isə dayısı İlyas Əfəndiyev və onun zəngin
kitabxanası olmuşdur. Kitabxananın Sitın nəşrinə məxsus
kitab nümunələri onun ədəbiyyata gəlişində
müstəsna rol oynuyub. "...hər yay mənim tətil
günlərim Bakıda dayımgildə keçirdi. Hər yay da İlyas dayımgil Şuşadakı
yaradıcılıq evinə gedirdilər. İlyas dayım, oğlanları, Nəzihə xalam,
bir də mən. Dayım qardaş-bacı
uşaqlarından ancaq məni özü ilə götürərdi...". Uşaq vaxtlarında
dünya ədəbiyyatına maraq da həmən yay günlərindən
başlamışdır. "Ədəbiyyata
gəlişimdə böyük əhəmiyyəti olan o
günləri heç vaxt unuda bilmirəm".
Bu gün
yaradıcılığında rus "gümüş"
dövrünün nümayəndələri - Anna Axmatova,
Yelena Svetayeva, Xodaseviç və Mandelşdamın təsirlərinin
olması da dünya ədəbiyyatına olan maraqdan irəli
gəlir.
Təbii
ki, poeziyamızın bir çox pleyadaları ("50-cilər",
"60-cılar", "70-cilər") kimi onun da
yaradıcılığının ilkin dövrlərində
sabiq sovet epoxasının "sərt rüzgarlar"ı əsdi.
Lakin 70-cilərin digər nümayəndələri
kimi, Çingiz Əlioğlu da Azərbaycanın novator
şairi - Rəsul Rzanın qayğısını daim üzərində
hiss etmiş, şairin diqqətindən
yayınmamışdır. Ustad Rəsul
Rzanın Çingiz Əlioğluna həsr etdiyi
"İstedad+Dözüm+Zəhmət" adlı məqaləsi
gənc şairin gələcək yaradıcılıq yoluna
mayak olmuşdur.
Rəsul
Rza yazırdı: "Nə yaxşı ki...".
Çingiz Əlioğlunun şeirlərindən
biri belə başlayır. Onun şeirləri
bir qovluq içində mənim masamın üstündədir.
Oxuculara təqdim edilən bu şeirlərdən başqa,
Çingizin 20-30 şeiri var. Lakin onun adı hələ
oxuculara tanış deyil. Çingizin
şeirlərindən ancaq biri, ya ikisi çap olunub.
Əgər Çingizin bu yeganə "Nə yaxşı
ki..." lirik miniatürü ilə tanış
olsaydım belə, mən ona şair deyər, onun haqqında
bu yazdıqlarımı tərəddüdsüz yazardım. Şairi tanımaq üçün bir xarakter
şeir də kifayətdir. "Nə
yaxşı ki..." şeirindəki təfəkkür
Çingizin istək və imkanları haqqında söz deməyə
əsas verir. Həmin şeiri oxuyarkən
mən Nazim Hikmətin çinar, göl, pişik və
günəşdən bəhs edən şeirini
xatırladım. Böyük bir şairlə bir həvəskar
gəncin sənətkarlığı, poetik ifadə, söz
bitkinliyi arasında nə qədər fərq olsa da, intonasiya
baxımından bu şeirlərdə bir yaxın
oxşarlıq var. Ona görə yaxın oxşarlıq deyirəm
ki, bu oxşarlıq təqlid, bənzətmə, hətta təsir
belə deyil. Bu yalnız poetik təfəkkür
oxşarlığı, duyğu yaxınlığı, təəssürat
bənzəyişidir". Rəsul
Rzanın dəyərləndirmələri Çingiz
Əlioğlunun yaradıcılığına işıq
oldu.
"Dünyada hər şey köhnədir, təkcə
yeni doğulan körpələrdən başqa" deyən
Çingiz Əlioğlunun da dünyaya gəlişi yeni idi. Müxtəlif illərdə
çap etdirdiyi "Nikbinlik" (1968), "Narlı gecə"
(1974), "Vağzallar və yollar" (1974), "Soraqladı
sevgi məni" (1978), "Ömür ağacı"
(1980), "Alnından ay doğan adam" (1983), "Günəşli
dayanacaqlar" (1984), "Görüşdən
ayrılığa" (1988), "Tanrını tanı" (1992),
"Gün keçdi" (1993), "Sevib unutduqlarım"
(1996), "Gicgaha sıxılan güllə" (1996),
"Sevgi oyunları" (2000), "Gecə və Bahar"
(2001), "Ruhumun həndəsəsi" (2003), "Şairlik
bir sənət deyilmiş, qardaş" (2004), "Avand"
2004), "Fraqmentlər" (2006), "Atlantlar" (2006),
"Çərçivə" (2010), "Qapı"
(2014), "Qonşunun iti" (2015) adlı şeir kitabları
Azərbaycan poeziyasına yeni nəfəsin, yeni poetik
biçimin gəlməsinin bariz təsdiqidir. Lirik-metafizikası,
fikrin qeyri-adi tərzdə ifadəsi, zəngin söz-leksikonu,
melodik-akustik strukturu, gözlənilməz baxışı və
cürətli eksperimentləri Ç.Əlioğlunu boz
sıradan ayırırdı.
Şair yaradıcılığında ənənəvi
şeir formalarına müraciət edib xalq şeirlərinə
sədaqətli olsa da, yaradıcılığı daha
çox modernizmin estetik prinsiplərinə cavab verir. "Ruhumun həndəsəsi",
"Atlantlar", "Toros canavarı", "Çərçivə",
"Qapı" kitabları məhz avanqard çevrədə
qələmə alınmış yeni əsrin ruhunu,
düşüncə tərzininin, aydın inikas edir. Bədii-estetik manevrlər, şeirlərə
başlıq seçmə mədəniyyəti, həndəsi
fiqurların abstraksiyası, alliterasiya bolluğu, metaforik
metamorfozalar, poetik kontrastlar, sürrealistik gəzişmələr
müəllifin təfəkkür dünyasını fərqli
qılan yaradıcı arqumentlərdir.
2004-cü ildə qələmə alınmış
"Avand" kitabı da avanqard çərçivənin
vizual örnəyidir. Kitabın mündəricatında yer almış
başlıqlar ("2004", "2003", "2002")
mövzular və onlara yanaşma tərzi eləcə də bədii
yozum, poetik fikirlərə qədər bütün detallar fərqli
qiyafədə təqdim edilib.
"Avand"
kitabı həyatla hesablaşan, bəzi məqamlarda onunla
dialoqa girən, ona suallar ünvanlayan liro fərdin iç
dünyasına enmələr edərək çoxcəhətli
"mən"lərinə işıq salır, onların hər
birini poetik mətnlərin mərkəzinə gətirir:
eşidilməyən səsləri eşitdirməyə, deyilməyən
sözlərin ağrısını hiss etdirməyə
çalışır. "səsin bu gecəyarı
// danüzü dan işığı qulağımı
deşirdi // ürəyində danışan //ürəyində
susma ki// susma səni eşidim". ("ürəyində
danışan"). yaxud "...nisbi
xarakter daşıyır demə çəki
ölçüləri. dar bir qəfəsdə
yaşayır hürr azadlıq elçiləri" ("hərdən
elə böyüyürəm") misraları həyatda
azadlığını tapa bilməyən insanların səsinə
səs verir.
Avanqard gələcək inkişafı böyük
inamla gözləyən, hay-küylü, "gələcəyə
istiqamətlənmiş modernizmdir". İdeoloji
çaxnaşma dönəmində sənətin
inkişafını mümkün qılan bir yol axtarmaq, "mədəniyyəti
ideologiyanın müdaxiləsi və zorakılığı
olmadan irəli aparmağın yolunu tapmaq" avanqardın əsas
funksiyasıdır. "Yalnız İrəli!"
doğru addımlayan avanqard sənət yerində
saymağı sevmir. "vaxt təkəri
təkid edir irəli! ("Təkər")
fikirləri ilə Şair zamanla ayaqlaşmağın zəruriliyini
diqqətə çatdırır. Çingiz
Əlioğlunun avanqard iddiaları onun "bu yazını sən
oxuma, yazı səni oxuyacaq" ("keçmişlər gəlməyib
hələ"), "Məni məndə gəzib aramaq
çətin, məni məndən kənar tapmaq
asandır" ("Mən başqa şairəm, sözüm
ayrıdır"), "bir vergül də vardı apastrofdu
imkanlı yerlərdə əmi-dayısı kübar
danışardı söz uzadardı çıxardıb lap
başa mindirmişdilər elə ki hərflər etdi inqilab
tez çıxdı aradan o xanəxərab" ("Bir qədər
də durğu işarələri barədə"),
"özümü qoymağa yer tapammıram...qərb
köksə dirənib, şərq kürəyində"("Darısqallıq")
şeirlərində manifestə edilir.
Aqresiya avanqardizm üçün dəyişməz
normadır. Bu bir tərəfdən "adresata
yaradıcılıq və qeyri-yaradıcılığın
sərhədləri, onun bu sərhədi adlamaq
imkanının olmadığından" qaynaqlanırsa, digər
yandan da aqresiyya cəmiyyətin, kütlənin problemlərinə
yaxınlıqdan, ictimai kəsərdən yaranır. "Ay evin tikilsin, bəxtin
qaradı", "Ovcumun içində yetirdiyini",
"Termodinamika", "Həyat enerjisi hansı filizdə",
"Nemət", "Başını döy divara",
"di durma tez götür badəni ələ", "Qəfildən"
və bu qəbildən olan şeirləri konseptual xarakter
daşıyaraq liro-subyektin cəmiyyətlə, mühitlə
barışmazlığına vurğu atır.
Dəyişib
ölçüsü bu yad fəzanın,
Şimalı, cənubu iç-içdən keçir.
Ovcumun
içində düz yol azanı
Dərzi VAXT dar-düdük bir paltar biçir.
O cümlədən
sosial bərabərsizliyin yaratdığı təbəqələşməyə
olan sərt reaksiya "Termodinamikanın birinci qanunu
önündə hamının hüququ bərabərdir
bil" misralarında nəşət tapır. Bu
aqressiv ritorikalar avanqard qəhrəmanın zamana münasibətin,
cəmiyyətə qarşı kəskin etiraz hissinin ifadəsi
və qarşıdurması kimi səslənir.
Çingiz Əlioğlunun
yaradıcılığındakı təzadlar bolluğu,
poetik qarşıdurma və kontrastlarla zəngindir. Bu cür əkstedirmə
priyomları şairin dünya hadisələrinə fəal və
ehtiraslı münasibətindən yaranır. "Doğuldun...bir bəyaz vərəqdi həyat",
"Allah sənə qurban olum", "bu taleni verdin mənə"
kimi poetik mətnləri struktur baxımından kontrastlar
üzərində qurulub. Bu kontrastlar poetik
mətnlərin kompozisiyasında ön mövqedə duraraq
dünyanı dərkin bədii ifadəsinə çevrilib.
"Avand" həm də minimalist şeirlər
toplusudur.
Poeziyada minimalist prinsipi həyata keçirməklə az sözdən dünyanı, yaşamı ifadə
etmək üçün istifadə olunur. "Korun
övladı oldu, uşaq-işıq işartısı",
"yenə də sənsizəm...və s., və
ilaxır...saat axır, həftə axır, il
axır...", "həyat bir şahmatsa qismət
matımdır // mən məğlub olanı əslim oluram,
// hər günüm sabaha ultimatumdur // hər sabah dünənə
təslim oluram..." minimalist tərzdə yazılan, az
sözdən dünyanı, yaşamı, həyatı ifadə
edən misralarda binar ziddiyyətlər, insanın özünüdərki,
yaşam kadrosu verbalizə edilib.
Kremyenin
dediyi kimi, "ideal kitab o kitabdır ki, az-çox zəmanənin
xarakterinə uyğun, gerçəkliyi təhlil edən,
dünyaya hamı tərəfindən qəbul olunmuş
baxışları, yaxud ayrı-ayrı predmetləri
alt-üst edən və tamamilə başqa, orijinal və
subyektiv, seçilmiş adamların, oxucu elitasının mənəvi
fəaliyyətini sürətləndirən, onlara yeni bir
istiqamət verməyə yönəlmiş
baxışları təlqin edən bir dildə
yazılsın". Odur ki, Çingiz Əlioğlunun Qərb
təfəkkürü ilə Şərq düşüncəsinin
sintezindən yaranmış "Avand" kitabı ruhi "mən"lərin
toxunulmamış qatlarına işıq salan, yeni
tendensiyaları ehtiva edən poetik tablodur.
Səbirə Müzəffər
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.3.