Hüznlü payız
Yay
kinoteatrlarındakı rəngli lampalar
çıxarılır, taxta stullar üst-üstə
çevrilir... Qələm, silgi, məktəb
çantası, önlük...
Bilmirəm niyə, sevinclə kədəri eyni zamanda yaşayıram
payızda... Sinif rəhbərimdən qorxum
hər payızda üzə çıxır...
Hə, mən
hələ də sinif rəhbərimdən qorxuram. Müəllimləri çox sevirəm,
amma "sinif rəhbəri, müəllim"
görəndə qaçmağa
yer axtarıram. Ona görə də payız mənə Hiçkokun məşhur filmindəki təpədəki qorxulu evi xatırladır...
Məktəb təzəcə başlamışdı,
mən və yenicə tanış
olduğum dostlarım
bağçada qarğa
balasına oxşayan qara önlüklərimizlə
sevincək qaçıb
oynayırdıq... Çantamın
içinə dəftərlərim
yığılmış, adım yazılmışdı
kitablarımın içinə...
Bunu mən yox, bir yaş
böyük qardaşım
yazmışdı... Buludların
arasında uçurdum...
Çünki məktəbdə
idim; mənim də müəllimim var idi... Müəllimlərə
yaxın idim, çox yaxın idim... Ah! Bir il əvvəl
qardaşımın müəllimi
bizim küçədən
keçdi deyə o gecə necə ağladım... Hə, ağladım; Anam mənə hirslənməmişdi,
atam qışqırmamışdı
üstümə, amma
mən ağlayırdım...
O gecə öyrəndim
ki, insanlar da sevincdən ağlaya bilirlər... Çünki
o gün bizim küçədən müəllim
keçmişdi!
Birdən
gördüm ki, sinif rəhbərim məni çağırır!.. Qaçdım... Qaçmaq nədi, ona tərəf uçdum, sanki. Amma, müəllimin otağına
girəndə anladım
ki, vəziyyət heç də ürəkaçan deyil.
Sinif rəhbərim sərt şəkildə soruşdu:
- Cibinizdə nə var?..
Şalvarımın cibində qabarıqlıq
vardı. Tərəddüd etmədən çıxartdım
cibimdəkiləri. Əski
parçaları... Ciblərim rəngarəng
əski parçaları
ilə dolu idi. Atam Dərzi Tuncay iş başında olarkən, tikiş maşınından yerə
düşən əski
parçalarını toplamaq
mənim üçün
tamam başqa bir zövq idi.
Həmin
əski parçalarını
evə gətirib dünya xəritəsində
ölkələri çəkərdim.
Sonra qayçı ilə hər ölkənin sərhədlərini
kəsərdim: Yaponiya,
Peru, Fransa, Keniya, Hindistan... Rəngarəng ölkələri cibimə dolduranda, sanki bütün dünyanı özümlə
aparırdım və
çox xoşbəxt
olurdum. Axı bir dərzi uşağının başqa
hansı oyuncağı
ola bilərdi ki?!.
"Bunlar var, müəllim"
dedim və əlimdəki parçaları uzatdım...
Dünya dağıldı, bütün
ölkələr birdən-birə
göyə uçdu əllərimdən. Yox, yerə böyük
meteorit düşməmişdi.
Sinif rəhbərimin silləsi idi... Qulaqlarım cingildəməsi
arasında ancaq bu cümləni eşitmişdim:
"Bu çirkli şeyləri
bir daha məktəbə gətirmə..."
Payız
idi... Məktəbin
ilk günləri idi...
Qara önlüklə
qarğa balası kimi görünürdüm...
Necə
deyərlər, payızda
yarpaqların saralması
hüzndür, yaşadığım
bu təcrübəylə
o yarpaqlar kimi bir şey qurudu
ürəyimdə... Uşaqların
qaçdığı məktəb
həyətini görsəm,
hər dəfə gözlərim yaşla dolur, bəzi dostlarımın yerdən
əski parçalarını
götürüb zibil
qutusuna atarkən kinayəli gülüşlərini
eşidən kimi oluram... Dünyanı atdığım fəsildir
payız!
Ancaq payızla birlikdə sənət fəaliyyətləri
artır... Teatr pərdələri açılır,
muzeylərə ziyarətçi
axını olur, rəflərdə yeni kitablar öz yerini tutur... Mən istini sevməyən payız uşağıyam... Üstəlik,
payız günü
ilk dəfə ciyərlərinə
nəfəs dolduran uşaq... 1980-ci ildən ad günümü qeyd etmirəm... Çünki sentyabrın
12-də doğulmuşam, təəssüf
ki!..
Sunay Akın
Azərbaycan türkcəsinə
uyğunlaşdırdı:
Həqiqət Atilay
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.7.