"Xəstəxana canlı bir
filosof idi"
-
Elçin müəllim, mətbuatda, sosial şəbəkədə
xəbər yayıldı ki, siz İstanbulda xəstəxanadasınız.
Oxucularınız
da, tamaşaçılarınız da, dostlarınız da,
bir sözlə, hamımız narahat olmuşduq. İllər
boyu sizinlə birlikdə işləməyimizi, münasibətimizi
bilənlər, mənə də çox zəng edirdilər,
soruşurdular. Səbirsizliklə Bakıya
qayıtmağınızı gözləyirdik. İndi isə artıq Bakıdasınız. Xoş gəlmisiniz, həmişə evdə-eşikdə.
Necəsiniz?
- Təşəkkür,
Əkrəm. Yaxşıyam, hər şey normaldır. Bu xəstəxana əhvalatı çox uzun çəkdi.
Üç-dörd günlüyə sadə bir
əməliyyat üçün getmişdim, ancaq 48 gün
çəkdi. Məsələ
burasındadır ki, mənim qanımda trombosit
aşağı idi, yəni qırmızı qan kürəciklərinin
azlığı, qanın duruluğu. Əməliyyatdan
sonra qanaxmanı saxlamaq çətinliklər
yaratmışdı. Buna görə də
bu qədər uzandı. Mən yataq xəstəsi
deyildim, ayaq üstə idim. Ancaq yataq xəstəsi
ol, ya da olma, xəstəxana xəstəxanadır. Düzdür, işləyirdim, ancaq aura başqa idi,
işığı çatışmırdı. İşlədiyin yerdə birdən fikir səni
tamam başqa illərə aparır, başqa yerlərə,
başqa mətləblərə gedib çıxırsan.
- Başa
düşürəm. Xatirələr, düşüncələr...
- Əlbəttə. O 48 gün mənim üçün
elə bil ki, bir axtarış məktəbi idi. Həyat nədir
və nə üçündür? Bu
ağılasığmaz dərəcədə nəhəng,
müdhiş kainatda insan kimdir və onun missiyası nədən
ibarətdir? Ümumiyyətlə, belə
bir missiya varmı, yoxmu? Sənə deyim ki, bu
sualların dərininə getdikcə, insanın problemləri,
umu-küsülər, xoşbəxtlik, bədbəxtlik və
s. və i.a. çox xırda, hətta miskin
görünür. Mən gənc
çağlarımda Nizami İnstitutunda işləyəndə,
akademik, unudulmaz Məmməd Cəfər Cəfərov
şöbəmizin müdiri idi. Rəhmətlik Məmməd
Cəfər müəllim deyirdi ki, adam gecə
yerinə girəndə, içindən bir filosof
çıxır. Başlayır səni məzəmmət
eləməyə ki, filankəslə niyə elə soyuq
danışdın? Filan aspirantın niyə
ürəyinə dəydin? Filan
qadını niyə pərt elədin? və
s. Yavaş-yavaş yuxuya gedirsən. Səhər
durursan, o filosofdan əsər-əlamət yoxdu. Bir də gecə yatanda təzədən peyda olur.
Yadıma gəlir, bunu mən 25-26
yaşlarımda yazdığım "Poçt şöbəsində
xəyal" pyesinə də salmışdım. 48 günlük xəstəxana, əslində mənim
üçün canlı bir orqanizm idi. Canlı
orqanizm kimi də, bax, elə bir filosof idi, özü də gecə
gəlib, sonra yox olmurdu. O filosof gecə də,
gündüz də səninlə bir yerdədir. Bir dəfə yeniyetmə vaxtlarımda
baxdığım və çox xoşuma gəlmiş
"Fanfan-zambaq" filmi, o filmdəki gözəl Cina
Lolobridjida yadıma düşdü. İnternetdə az qala 100 yaşlı Cinanın fotosunu
gördüm. İllər bu gözəllər
gözəlini nə günə salıb? Həyatın,
dünyanın etibarsızlığı, faniliyi barədə
klassik aşıqlarımızın, Ələsgərin, Xəstə
Qasımın, Tufarqanlının misraları fikrimə gəldi.
Faniliklə bağlı, elə bil ki,
Amerikanı təzədən kəşf edirdim. Sənə deyim, Əkrəm, maraqlısı da budur
ki, o cür anlarda yadıma düşən yazılı ədəbiyyat
yox, folklor misraları olurdu. Ancaq, gəl,
bu mövzunu saxlayaq sonralara.
- Mən
bilirəm ki, siz səfərə çıxanda, həmişə
özünüzlə kitablar götürürsünüz. Bu dəfə kitablar o xəstəxana aurasına təsir
edə bilmirdi?
- Yox,
Əkrəm, özümlə kitab götürməmişdim.
Təkcə köhnə noutbukum idi, vəssalam.
Axı, dörd günlüyə getmişdim.
Ümumiyyətlə, son iki-üç ildə
demək olar ki, bədii əsər oxumuram. Sənədli ədəbiyyat, məktublaşmalar,
xatirələr, gündəliklər, xüsusən də,
sovetologiyaya aid kitablar, sənədlər, arxiv materialları.
Bir müddət əvvəl "Stalin"
pyesini yazdım, bizim rus Dram Teatrında tamaşaya qoyuldu.
Özüm də gözləmədən "Mir Səfər
Bağırov kim idi?" kimi böyük
esse meydana çıxdı. Səndən gizlətmirəm,
Əkrəm, xəstəxanadakı o günlərdə, bəlkə
həyatımda ilk dəfə idi ki, kitab oxumağa həvəsim
də yox idi. Təkcə gündəlik mətbuatı
oxuyurdum. Bakıdan bizim uşaqlar göndərirdilər,
gətirirdilər. Türk qəzetlərinə
də elə orda abunə olmuşdum. Sənə
maraqlı bir söz deyim. İlkin yeniyetmə
çağlarımda oxuduğum, mənə təsir edən
kitablar bir-bir yadıma düşürdü, özü də
bu qədər illərdən sonra elə təfərrüatla
ki, mat qalırdım. Elə bil, "Başsız
atlı"ını, Robinzonu, Qulliveri, Qarqantyua və
Pantaqryueli, Ovodu, Taraskonlu Tartareni təzədən oxuyurdum... Həm də o ləzzəti alırdım ki, elə
bil, heç bir kitabdan, hətta klassikadan da o cür ləzzət
almamışdım. Yay vaxtı gecənin
yarısına kimi Şuşadakı gözəl
Yazıçılar evinin geniş və gecə tənhalığına
qapılmış şüşəbəndində, balaca bir
elektrik lampasının altında Şerlok Xolmsın hekayələrini
necə oxumağım və necə vahimələndiyim
yadıma düşürdü. Bu da, yəqin
maraqlı bir cəhətdir ki, niyə Tolstoy, ya Şekspir yox,
Qulliver, ya Robinzon yada düşürdü?
- Bilirəm,
Şuşa sizin üçün əziz
bir yerdir. Rəhmətlik İlyas müəllim
üçün də belə idi.
- Şuşa hamımız üçün əziz
bir yerdir. Bu gün isə, Şuşa bizim
milli qürur mənbəyimizdir.
- Elədir.
Sizi uzun illər tanıdığım
üçün, bilirəm ki, İstanbulu da çox
sevirsiniz.
- Mənim
palatamın pəncərəsindən o tərəfdə
gözəl İstianbul idi, bəzən, sadəcə,
İstanbulun küçələri ilə gəzmək
üçün çox darıxırdım. Mən
Türkiyəyə ilk dəfə 1979-cu ildə Əziz Nesinin
dəvəti ilə getmişdim. Əziz bəy
onda İstanbul Yazarlar Sintikasının başqanı idi.
SSRİ Yazıçılar İttifaqından mənimlə,
rus şairəsi, Nazim Hikmətin məşhur tərcüməçisi
Muza Pavlovanı Türkiyəyə dəvət etmişdi.
Getdik, qayıdandan sonra "Türkiyədən
nərgiz gülləri" adlı bir esse yazdım,
"Literaturnaya qazeta"da çap olundu. Silva Kaputikyanla
Sero Xanzadyan Moskvada MK-ya kəskin etiraz məktubu
yazmışdılar ki, sovet yazıçısı
Elçin raketləri SSRİ-yə tuşlanmış NATO
ölkəsindən, yəni Türkiyədən nərgiz
gülləri gətirir, "Literaturnaya qazeta" da bunu
çap edir. MK-dan da bir surətini bizim MK-ya, bir
surətini də SSRİ Yazıçılar İttifaqına
göndərmişdilər ki, baxılsın. O surətin
də surətini o zaman SSRİ Yazıçılar
İttifaqında işləyən rəhmətlik Azər
Mustafazadə mənə göndərmişdi. "Yaxın,
uzaq Türkiyə" kitabını da onda yazdım. Sovet dönəmində yazdığım o kitab bu
gün də olduğu kimi nəşr olunur. O zaman
İstanbuldan məni yola salan türk yazarları, mədəniyyət
xadimləri ilə sağollaşa-sağollaşa fikirləşirdim
ki, görəsən, bir də Türkiyəyə gəlmək
mənə qismət olacaq? Görəsən,
bir daha, haçansa İstanbulu görəcəyəm?
-
Elçin müəllim, xatırlayıram ki, İlyas müəllim
də bir müddət Moskvada xəstəxanada
yatmışdı. Sanki tarix təkrar olunur...
-
İlyas Əfəndiyev çox sağlam adam
idi, amma elə həmin 1979-cu ildə birdən-birə səhhətində
problem yarandı. Bu, uzun söhbətdi, Əkrəm,
qısası odur ki, Bakıda xərçəng diaqnozu
qoydular. O zaman Yazıçılar İttifaqının
gənc katibi idim. Rəhmətlik Tələt
Qasımov da Səhiyyə naziri idi, onunla isti münasibətimiz
var idi. Onun köməkliyi ilə Moskvadan
akademik Malinovskini Bakıya dəvət edə bildik. Yəni səhər gəldi, axşam Moskvaya
qayıtdı. İlyas Əfəndiyevə baxdı,
müayinə etdi, dedi ki, qəti bir fikir söyləyə
bilmərəm, ancaq məsləhətim budur ki, təcili
Moskvaya, özü də Kreml xəstəxanasına
aparasınız. Kreml xəstəxanasına
düşmək üçün MK katibi, ən azı, nazir
olmalıydın, İlyas Əfəndiyev isə heç
Kommunist partiyasının üzvü də deyildi. Ulu öndər o zaman Azərbaycanda MK-nın Birinci
katibi idi. Ona qısa bir məktub yazdım.
Elə həmin gün mənimlə telefonla
danışdı. Səhər Rəfail
Allahverdiyev zəng elədi ki, İlyas müəllimi Kreml xəstəxanasında
gözləyirlər. Heydər Əliyev
SSRİ Səhiyyə naziri, akademik Petrovski ilə
danışıb, bu çətin məsələni həll
etmişdi. Beləliklə, İlyas Əfəndiyevlə
üç aydan çox Kreml xəstəxanasında
qaldıq. Məlum oldu ki, diaqnoz
düzgün qoyulmayıb. Əməliyyat keçirdi,
müalicə olundu və ondan sonra 17 il
yaşadı. "Geriyə baxma, qoca",
"Üçatılan" kimi klassik romanlarını,
"Hökmdar və qızı", yaxud "Sevgililərin
cəhənnəmdə vüsalı" kimi məşhur
pyeslərini, bir çox başqa əsərlərini
yazdı. Bunları ona görə
danışıram ki, indi özümün İstanbuldakı
48 günlük xəstəlik məhkumluğumda o Moskva
günlərini tez-tez xatırlayırdım. Moskvada adamın ürəyini qısan payız
günləri idi və Mərkəzi Klinik Xəstəxananın
- Kreml xəstəxanasının rəsmi adı belə idi -
həyətinin ərazisi çox böyük idi. Günorta vaxtı birdən elə bil, həyətin
üzərini qara buludlar alırdı, yüzlərlə
qarğa dəstəsi uçub gəlib ağaclara, yerə,
dama qonurdu, ağız-ağıza verib, elə bil ki, xor
oxuyurdu. Günlərlə qarğalar beləcə
payız xoru oxuyurdular. Bu da bir sirri-Xuda idi.
45 il keçib, amma indi də o mistik
qarğa xoru yadıma düşəndə, elə bil,
Xiçkokun filminə baxıram. İstanbulda mənm
palatamla üzbəüz yeddimərtəbəli
yaşayış binası var idi. O binanın damında
qağayılar yuva qurmuşdu. Yuvaları
görə bilmirdim, amma dimdiyində yem gətirən
qağayılar tez-tez uçub gəlirdi, təzədən
yem dalınca Boğaza uçurdu. O qağayılara
baxmaq, onların Boğaza uçub, qayıtmalarını
gözləmək, dediyim o auraya bir hərarət verirdi.
- Yəqin
dostlar da yadınıza düşürdü... Gənclik
dostları. Elçin, Anar, Əkrəm Əylisli... Bu mövzu ədəbi camedə hələ də
maraq doğurur. Bu barədə bir-iki
söz desəz, oxucular üçün maraqlı olar.
- Hə,
yada düşürdü. Bəs necə?
Söhbət 48 gündən və 50-55 il
bundan əvvəldən bu günə qədər bir dövrdən
gedir. Vaxta görə, yaşa görə Anarla əvvəllər
kimi tez-tez görüşmək mümkün olmasa da, cürbəcür
tədbirlərdən-flandan başqa, ayda bir-iki dəfə zəngləşib,
ikilikdə nahar edirik, söhbətləşirik. Neçə ildir ki, belə bir ənənə
yaranıb. Mənim üçün
çox xoş bir ənənədir. Müştərək
xatirələr çoxdur. Bəzən həm
şəxsi mənada, həm ictimai mənada elə söz
olur, ortaya elə söhbət çıxır ki, onu bir
başqasıyla danışmaq, başqasıyla
bölüşmək mümkün deyil. Yəqin
ona görə ki, arada illərin etibarı, məhrəmliyi
olmalıdır. Bir də,
görünür, aramızda ruhi bir yaxınlıq da var ki,
illərin sınağından çıxıb. Hər halda mənə belə gəlir. On illiklərdir, söz-söhbət də olub, sərinlik
də olub, ancaq bir qırmızı xətt var ki, onu
keçmək olmaz. Keçdin, hər
şey bitəcək. Təbii ki, Anar xəstəxanaya
da tez-tez zəng edirdi, narahat idi, nigaran idi. Əkrəm Əylisli ilə bağlı, sənə
bir söz deyim. O ayyarım ki, xəstəxanada
qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə
pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla
bağlı belə bir hiss keçirirdim. Uzun
sözün qısası, Bakıya gələndən bir-iki
gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval
tutmurduq, görüşmürdük,
danışmırdıq. Ünsiyyətimiz
yox idi. Xeyli söhbət etdik.
Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin
ikinci yarısı, 70-ci illər.... Uşaqlardan,
nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim
çiynimdən hansısa bir yük götürüldü.
Bu, səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat
yaratdı. Mənə elə gəlir ki,
Əkrəm üçün də bu zəngləşmə,
bu söhbət xoş bir hadisə oldu. Yəqin
səhv etmirəm.
- Siz Yazıçılar İttifaqında işləyəndə
Araz Dadaşzadəni, Yusif Səmədoğlunu, Fikrət
Sadığı, İntiqam Qasımzadəni tez-tez sizin
otağınızda görürdük.
- Hə,
elədir. Arazın da, Yusifin də yüksək
bədii zövqləri var idi. İntiqam da
eləcə. Onlar hekayələrimin, povestlərimin,
"Mahmud və Məryəm"in, "Ağ dəvə"nin hələ əlyazmasında ilk
oxucularından idilər. Onların rəyi ilə
hesablaşırdım. Araz, həqiqi mənada,
ensiklopedik bir adam idi. Yusif
aristokrat idi. İkisi də tez getdi. Araz 55 yaşında, Yusif 60-ı təzəcə
keçmişdi. İndi fikirləşirəm
ki, 55-60 nə yaşdır ki? Nə qədər
yazılmamış yazıları özləri ilə
apardılar. İntiqamla hələ yeniyetməlik
dövründən dostluq edirdik. Sonra
Universitetdə eyni kursda, aspiranturada bir yerdə oxuduq. Vaqif küçəsindəki Yazıçılar
Evində mənim altıncı mərtəbədə
birotaqlı mənzilim var idi, 16 kv.m idi. Yeddinci
mərtəbədə isə Fikrət Sadığın eynilə
bu cür birotaqlı mənzili var idi. O 16
kv.m-lik mənzildə Fikrət həyat yoldaşı,
kiçik oğlu İlkin və anası ilə birlikdə
yaşayırdı. Çox
darısqallıq idi. Axşamlar imkan olanda
Fikrət bir mərtəbə aşağı
düşürdü, bəzən gecənin yarısına
kimi söhbət edirdik. Fikrət söhbətin də,
içkinin də qədrini bilən adam
idi. Nə qədər canlı-cüssəli idisə, o qədər
də səmimi, təmiz, kövrək adam
idi. Onun xətrini çox istəyirdim, elə
bu gün də xatirəsi mənim üçün əzizdir.
Yaş fərqimiz var idi, amma dostluğumuzda
heç bir fərq yox idi. Söhbət
hansı dinozavrlar dövründən gedir, bilirsən? Elə
bunu deyim ki, indi bizim tanınmış
yazıçımız Orxan Fikrətoğlu anadan olmuşdu,
biz də Fikrətlə gedib, küçədə
dayanıb, Doğum evinin pəncərəsindən onu ilk dəfə
gördük. Sonra da gedib bu
görüşü qeyd etdik. Əkrəm,
bu dostlar, eləcə də adlarını çəkə
bilmədiyimiz dostlar, yalnız ədəbiyyat
adamlarıdır, amma başqa sahələrlə məşğul
olan dostlar da var idi və var. Hamı haqqında danışmaq
mümkün deyil.
-
Elçin müəllim, bir halda ki, dostlardan söhbət
düşdı, bilmirəm, yeridi, ya yox, ancaq deyirəm. O
vaxtlar Yazıçılar İttifaqında, sonralar "Vətən"
Cəmiyyətində sizdən sonrakı nəsillərdən
olan bəzi cavan yazıçılar, şairlər, tənqidçilər
tez-tez sizin yanınıza gəlirdi. Onları
Yazıçılar İttifaqına cəlb edirdiniz, əsərlərinin
çapına, bəzilərinin Qorki adına
Ədəbiyyat İnstitutunda oxumalarına kömək
edirdiniz. Sizin vasitənizlə ilk dəfə
xaricə gedənlər oldu. Hətta elələri
oldu ki, məhkəmədən xilas etdiniz. Ancaq sonradan onların bir qismini sizin yanınızda
görmədim.
- Əkrəm, gəl, onları heç yada salmayaq. Düzdür, onların bəziləri
az qala mənim ailə üzvlərim kimi
idi. Söhbət yalnız iki-üç nəfərdən
gedə bilər. İnan ki, xəstəxanada
heç biri yadıma düşmürdü. Yəqin ona görə ki, onların hansınısa
yada salmağa mənim qətiyyən mənəvi ehtiyacım
yoxdur. Görünür, onların da mənə
ehtiyacları yoxdur. Həyatdı... Sənə
başqa bir söz deyim. Yadındadı də,
Yazıçılar İttifaqına yaşlı nəsildən,
orta nəsildən olan məşhurlar gəlib-gedirdi. Onların hamısı eyni istedad, eyni xasiyyət
sahibi deyildi. Bəziləri ilə gözəl münasibətim
var idi, bəzilərilə aram yox idi, sən
bilirsən, ad çəkmək istəmirəm. Ancaq bu gün mən o rəhmətlikləri
xatırlayanda hamısını xoş hisslərlə
xatırlayıram.
- Siz
düz 25 il böyük dövlət vəzifəsində
çalışdınız. Mən bunun şahidiyəm
ki, siz işə necə məsuliyyətlə
yanaşırdınız. İşçilərdən də
eyni məsuliyyəti tələb edirdiniz. Yuxarıya da,
aşağıya da eyni münasibət bəsləyirdiniz. Həyatınızın
bu böyük hissəsi də, şübhə etmirəm ki,
sizin xəstəxana düşüncələrinizdən kənarda
qalmayıb. Mən ancaq bir sualla kifayətlənəcəyəm:
Böyük dövlət vəzifəsindəki bu 25 il
yazıçı Elçinin yaradıcılığına
necə təsir etdi?
- Mənə tez-tez bu sualı verirlər. Mən
də eyni cavabı verirəm. Sırf vaxt baxımından hərdən
problem olurdu. Amma mahiyyət etibarilə problem olmayıb. Əksinə, yaradıcılıqla fəaliyyət
bir-birini tamamlayıb. Bu mənada ki, o 25
ildə mən nə qədər insan taleyi ilə
rastlaşmışam. Nə qədər
sevinc də, kədər də görmüşəm. Nə qədər xoşbəxtliyin də, bədbəxtliyin
də şahidi olmuşam. Ədəbiyyat da kimdən
yazır və kim üçün
yazır? Əlbəttə, insandan və insan
üçün. Mən müstəqil Azərbaycan
dövlətinin quruculuğunu, çox ciddi çətinliklərə
sinə gərməsini, möhkəmlənməsini, dünya
birliyi arasında get-gedə artan bir mötəbərliklə
öz yerini tutmasını kənardan müşahidə etməmişəm.
Mən bu tarixi prosesin iştirakçısı olmuşam,
öz səlahiyyətlərim daxilində əlimdən gələni
etmişəm.Yeri düşmüşkən, deyim ki, Artur
Rasi-zadə də xəstəxana günlərində tez-tez zəng
edirdi, dəstək verirdi, bu 48 gün uzunluğunu arada bir
zarafata da salırdı...
-
Elçin müəllim, 48 günlük xəstəxana həyatı
ilə bağlı daha nəyi demək istərdiniz?
- Mən
o xəstəxana aurası haqqında dedim. Düzdür,
işığı çatışmırdı, amma o
auranın alt qatında başqa bir səfa, başqa bir ab-hava
da var idi. Nəyi demək istəyirəm?
Həmin 48 gün ki, xəstəxanadaydım, Şuşadan,
Xankəndindən tutmuş, Tuğacan böyük Qarabağ Zəfərinin
qüruru, ikili siyasi standartlar dünyasında Prezidentimiz
İlham Əliyevin ortaya qoyduğu dəmir iradənin,
sarsılmaz əzmin, böyükmiqyaslı siyasi səriştənin
doğurduğu fəxarət hissi də mənimlə idi. O
böyük Qarabağ Zəfəri, ən kiçik, ucqar kəndlərimizin
belə geri qaytarılması, bax, elə səninlə
danışdığım bu anlarda da, mənə
möcüzə kimi görünür. Görünür,
deyəndə, bu, mənim üçün həqiqətən,
bir möcüzədir. Sən demə, möcüzə
yalnız nağıllarda olmurmuş!
- Son
olaraq oxuculara nə demək istərdiniz?
- Ailə
üzvləri öz yerində, bu barədə danışmaq
artıqdır. Amma o 48 gündə mənim də,
qızım Günay mənimlə qalırdı, onun da
telefonlarımıza çox zənglər gəlirdi. Hamıyla danışmaq mümkün olmurdu. Mən bütün zəng edənlərə,
yazanlara dərin təşəkkür və minnətdarlığımı
bildirirəm. Həmişə sağlam
olsunlar. Xəstələnməsinlər.
Hamıya xoşbəxtlik və cansağlığı!
Elçin
Söhbətləşdi:
Əkrəm Qaflanoğlu
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, №23-24.- S.8-9.