Şuşa - müqəddəs
duyğular şəhəri
Avtobus Şuşa yazılan məkana
yaxınlaşır. Qala divarlarının üstünə
qırmızı hərflərlə həkk olan bu adı
görən kimi qeyri-ixtiyari gözlərim yaşarır.
İlk dəfə olduğu kimi... O zaman, 2021-ci ildə ilk dəfə
Şuşaya daxil olanda axıtdığım göz
yaşlarımı 30 illik həsrətdən sonra sanki sonu
xoş müjdə ilə bitən nağıl
qutsallığına yozmuşdum. Eyni hal, eyni proses...
Görünür, Şuşa daim içimizdə
yaşatdığımız möcüzədir. Möcüzələr
isə elə-belə, adiliklə qarşılanmaz.
Bu dəfə Şuşaya Yeni Azərbaycan
Partiyasının təşkilatçılığı ilə
keçiriləcək “Türk Dövlətləri Təşkilatı:
geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni
strateji hədəflərə doğru” beynəlxalq
konfransında iştirak etmək üçün gedirik.
Artıq üçüncü ildir ki, partiya tərəfindən
iyunun 15-i ilə bağlı olan iki mühüm amilin qeyd
olunması təntənəsi - Azərbaycan xalqı
üçün mühüm olan bir tarixə - Milli Qurtuluş
Gününə və Şuşa Bəyannaməsinin
imzalanmasının ildönümünə həsr olunmuş
konfrans ənənə halını alaraq Şuşada təşkil
edilir. Türk dünyasının mədəniyyət
paytaxtı, İslam dünyasının mədəniyyət
paytaxtı olan Şuşa şəhərində!
Şuşa bizim üçün
ilk növbədə, bədii-estetik yaddaşın məxəzi
olmaq baxımından fərqli məkandır. Ölkə
başçısı İlham Əliyev 2021-ci ilin yanvar
ayının 14-də Ümummilli Lider Heydər Əliyevin 39
il əvvəl dayandığı məkanda dayanaraq demişdi
ki, Şuşanın bərpası bu gündən
başlayır. Maraqlıdır ki, işğaldan azad etdiyimiz
digər rayonlarda bir çox infrastruktur layihələrin həyata
keçirilməsinə başladıq. Füzulidə
hava limanı tikildi, Zəngilanda “Ağıllı kənd”
layihəsi gerçəkləşdirildi. Şuşanın bərpası
isə mənəvi məkanların dirçəldilməsindən
start götürdü. Bu ondan irəli gəlir ki, Şuşa
bizim üçün hər zaman mədəniyyətin
yükünü daşıyan metafizik, mistik mənaya
malik simvol olub.
Ölkə
başçısı İlham Əliyev tərəfindən
2021-ci il, mayın 7-də Şuşanın Mədəniyyət
paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə
bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər
yetirməni yenidən gündəmə gətirdi, milli-mədəni
və tarixi irsimizin qorunması və təbliğ
olunması istiqamətində estetik bir dönəm
başlandı. Bu labüdlüyə iki mühüm nümunəni
Prezident özü göstərdi. “Xarıbülbül”
musiqi festivalı və Vaqif Poeziya günlərinin təşkili
Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin
bütün dünyaya uca səslə bəyanı idi. 1908-ci
ildə V.D.Korqanov “Qafqaz musiqisi” əsərində
yazırdı ki, “Zaqafqaziyaya musiqi xadimlərini
çalğıçı və xanəndələrin,
şeir, musiqi və mahnıların
füsunkar vətəni olan Şuşa verdi”. İlham
Əliyev də vaxtilə Qafqazın və Şərqin müasir mədəni
mərkəzlərindən biri olan, mədəniyyətlərin
bütün sahələrini əhatə edən
Şuşanın əzəli parlaq obrazını bərpa etmək,
ona daha sivil və kreativ mahiyyət aşılamaq naminə
müstəsna işlərə imza atdı və bununla
Şuşaya unikal tarixi mövqe
təmin etmiş oldu.
Qeyd edək ki, Şuşaya
münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən şəxsiyyət, 1970-ci illərdə
rəhbər vəzifədə olan böyük dövlət
xadimi Heydər Əliyev olmuşdur: Şuşanın
yalnız mənəviyyatımızın deyil, tariximizin,
dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası
olduğunu sübut etmişdir. Bunun üçün onun təşəbbüsü
ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini
tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar
imzalanmışdır. Daha sonra, 1982-ci il, yanvarın 14-də
Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində
Heydər Əliyevin mənəviyyata, mədəniyyətə
qoyduğu böyük abidə idi. Elə 2024-cü il, iyunun
15-də Türk Dövlətləri Təşkilatının
iştirakı ilə gerçəkləşən konfransın
da gerçəkləşməsində Ümummilli Lider Heydər
Əliyevin danılmaz xidməti olmuşdur. Bunu öz
çıxışında YAP Sədrinin müavini-Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov da xüsusu
vurğuladı: “O, istər fərqli
siyasi-ideoloji mühitin, o cümlədən sərt
qadağaların mövcud olduğu SSRİ dönəmində,
istərsə də Azərbaycanın mürəkkəb
geosiyasi şəraitdə çoxsaylı
çağırışlarla üzləşdiyi müstəqillik
dövründə Türk dünyasında birlik və həmrəyliyin
təmin olunmasına, türk dövlətləri
ilə münasibətlərin inkişafına xüsusi diqqət
yetirmişdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi
dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə
münasibətləri müasir tariximizdə Heydər
Əliyevin təşəbbüsü əsasında Araz
çayı üzərində inşa olunaraq əzəli
Azərbaycan torpağı - qədim türk yurdu
Naxçıvanla Türkiyəni birləşdirən
“Ümid” körpüsü ilə yeni məzmun
almışdır. Ulu Öndər “bir millət,
iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə
münasibətlərinin möhkəmlənməsi istiqamətində
prinsipial siyasət həyata keçirmiş, nəticə
etibarilə, iki qardaş ölkənin dostluq və tərəfdaşlıq
əlaqələri dünyada nümunəvi xarakter almışdır.
Otuz ilə yaxın işğal dönəmindən
sonra Şuşa öz azadlığına, ruhsal
bütövlüyünə qovuşmaqdadır. Dövlət başçısı İlham
Əliyev bu mənəviyyat qalamızı tarixin indiki
aşamasında yenidən müqəddəs dəyər və
sərvətə çevirir, ona yeni minilliyin, yeni epoxanın
tərəqqi hərəkatında aparıcı obraz statusu
qazandırır. Şuşada təşkil
olunan “Türk Dövlətləri Təşkilatı:
geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni
strateji hədəflərə doğru” beynəlxalq konfransı
da bu mənada, Prezidentin gördüyü işləri layiqincə
davam etdirmək əzmi, onun yürütdüyü siyasi kursa
töhfə, türk birliyi ideyasına xidmət
sayılmalıdır.
Biz artıq hər yeni
günü, yeni təqvimi yalnız azad olunmuş yox, həm də
dirçəldilmiş Qarabağın gücü ilə
qarşılayırıq. Şuşa da gündən-gündən
artır, böyüyür, gözəlləşir. Şəhər
quruculuq təntənəsi içindədir. İnsan özünü
burada böyük bir ordunun içində hiss eləyir. Bəlkə buna görə otelə yerləşən
kimi şəhəri gəzməyə çıxıram.
Özümü hürr və bəxtiyar hiss edirəm.
Şuşada asudə gəzmək, küçələrini
addım-addım dolaşmaq, havasını ciyərlərimə
çəkmək, sənə yoldaşlıq edən təbiət
gözəllikləri və quşların
səsinə hakim kəsilərək hər anı
yaddaşımın obyektivinə fokuslamaq istəyirəm.
Şuşa müqəddəs duyğular şəhəridir.
Çünki hansı tərəfə boylanırıqsa
boylanaq dilimizin altında vird kimi şükranlıq
dualarımız səslənir. Şəhidlərimizin pak
ruhlarına, Ali Baş Komandanın əzminə,
xalqımızın gücünə!
Atıldı dağlardan zəfər
topları,
Yürüdü, iləri əsgər,
bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!
(Əhməd
Cavad)
Şuşanın qala divarlarına
çatıram və nəyə görəsə 1918-ci ilin 7
oktyabrında Şuşada Zəfər qapısının
önündə Şuşaya daxil olan ilk türk fatehini - Cəmil
Cahid Toydəmiri xatırlayıram. “Azərbaycana
Qafqaz İslam Ordusunun I diviziyasının komandanı kimi gələn
Cəmil Cahid üstün hərbi zəkası ilə, Azərbaycanın,
özəlliklə Bakının daşnak-bolşevik qüvvələrindən
təmizlənməsində həlledici fədakarlıqlar
göstərmiş, sonra Nuru Paşanın əmri ilə Bakıdan Qarabağa göndərilmişdi” (Azər Turan).
Şuşalıları erməni zülmündən qurtaran
xilaskarı, bu yolda 33 mehmetciyin şəhid olduğu o anı
təxəyyülümdə canlandırmağa
çalışıram. Şuşa uğrunda savaşın
ilk şəhidləri olan 33 türk əsgəri və ilk
fatehi Cəmil Cahid Toydəmir! Bu gün,
bir əsr sonra ən gözəl münasibətlərini
yaşayan türk birliyinin, qarşısında böyük hədəflər
və öhdəliklər dayanan Türk Dövlətləri Təşkilatının
əsasının qoyulduğu o dönəm tariximizin ən
şərəfli tarixi kimi unikaldır - “Bəkliyor bizləri
zəfər, bismillah”!
Bir əsr öncə böyük tarixi
missiyanı gerçəkləşdirən bu əzm indi
Türk Dövlətləri Təşkilatının
simasında yeni bir missiya ilə üz-üzədir. Niyyət,
amal yenə də birdir - sülh və harmoniyaya dəvət,
xaosu ahənglə əvəzləmək, dünya
nizamının pozulmamasına çağırış və
s. Bu fikirlər ölkə başçısının
konfrans iştirakçılarına ünvanladığı
məktubda da ehtiva olunmuşdu: “Müasir dövrdə qlobal
kataklizmlər beynəlxalq münasibətlər sisteminin
geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və
müdaxiləsi ilə dünyanın müxtəlif
regionlarında çoxsaylı qarşıdurmaların - etnik
və dini zəmində münaqişələrin, siyasi
konfrontasiyaların baş verməsi, xaos və anarxiya
mühitinin yaranması ayrı-ayrı dövlətlərə
və bütövlükdə beynəlxalq təhlükəsizliyə
ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq
hüquq normalarının kobudcasına pozulduğu və ikili
standartlara əsaslanan selektiv yanaşmaların baş
qaldırdığı belə bir şəraitdə milli
maraqların qorunmasına hədəflənmiş və
mövcud çağırışlara cavab verən siyasətin
həyata keçirilməsi müstəqil dövlətlərin
qarşısında duran başlıca vəzifələrdəndir.
Son zamanlarda yeni strateji hədəflərə
doğru inamla irəliləyərək dünya siyasətində
yüksələn güc mərkəzinə çevrilən,
beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda
olan Türk Dövlətləri Təşkilatında birləşən
ölkələr də analoji çağırışlarla
üzləşirlər. Yeni ittifaq modeli kimi
dünyanın diqqət mərkəzində olan bu təşkilatda
təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində
dostluq və qardaşlıq prinsiplərinə,
qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa
və çoxşaxəli əməkdaşlığa əsaslanan
münasibətləri həm milli və regional səviyyədə,
həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə
və inkişafa xidmət edən çox önəmli
amildir”.
İki il öncə,
“Şuşa ili”ndə verdiyim bir müsahibədə qeyd
etmişdim ki, “Şuşa ilə bağlı aparılacaq
araşdırmaların tədqiqat sferasına Qarabağ
dağlarındakı şamanlardan tutmuş Qarabağ
dağlarındakı sufilərə, Qarabağda toxunmuş
iki min beş yüz yaşlı Pazırıq
xalçasındakı oğuz elementlərinə qədər
hər kiçik nüans cəlb edilməlidir. Bu
isə Qarabağın bir türk Vətəni olaraq daha qədim
dövrlərdə formalaşdığının əyani dəlilidir
və bu gün Azərbaycan ədəbi zehniyyəti
Qarabağ amilinə daha dərindən nüfuz etmək
üçün ona həm də bu rakursdan
yanaşmalıdır. Çünki Şuşa elə Qarabağın
özü deməkdir”.
İndi budur, türk dövlətləri
artıq böyük birlik, ittifaq nümayiş etdirirlər,
müştərək əməkdaşlığa imza
atırlar və bunu bütün dünyaya sərgiləmək
üçün Şuşanı seçirlər.
“Əziz Şuşa, biz səni dirçəldəcəyik”!
Ali Baş Komandanın Şuşanın fəth
edildiyi günlərdə səsləndirdiyi bu fikirlər hər
azad olunan torpağa münasibətdə refren kimi təkrarlanmaqdadır.
Bu fikrin əməli ifadəsi iki ölkə
başçısının iştirakı ilə elə
Şuşada imzalanan “Şuşa Bəyannaməsi” (15 iyun
2021) ilə başlamışdır. Bunu öz bəyanatında
ölkə başçısı İlham Əliyev də
qeyd etmişdir: “Şuşa şəhərində imzalanan
Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə
bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə
qaldırmışdır”.
Bu müttəfiqlik sonradan digər türk
ölkələri arasında yeni əməkdaşlıqlara,
yeni quruculuq işlərinin başlanmasına rəvac verəcək
qədər sərhədlərini genişləndirdi. Qurmaq,
yaratmaq türkün fitrətindədir. Qarabağda
atılan hər addım, Qubadlıda, Zəngilanda, Füzulidə,
Şuşada görülən işlər anbaan böyüyən,
artan, dirçələn gücün nümunəsi olaraq
tarixi yada salmaqda, əcdadımızın ruhuna layiq davam
tapmaqdadır. Bu davam bütün türk dövlətlərinin
birliyi, qardaşlığı, dostluğu timsalında təkrarlanır
və dünyanı heyrətdə qoyan münasibət statusu
alır.
Türk dövlətləri
arasında tərəfdaşlığın güclənməsinə,
hər bir dövlətin milli gücünün artmasına və
müasir beynəlxalq münasibətlər sistemində
mövqelərin möhkəmlənməsinə
hesablanmış bu konfrans da birgə əməkdaşlıq
istəyi və ortaq təşəbbüslərlə
yadda qaldı. Türkiyədən, Özbəkistandan,
Qazaxıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən,
Macarıstandan, Qırğızıstandan təşrif buyuran
rəsmilərin hər birinin çıxışı vahid,
yekparə bir məramın ifadəsinə yönəlmişdi:
sabitlik, rifah, qarşılıqlı əməkdaşlıq,
uğurlu gələcək vəd edən münasibətlər,
gələcəyə hesablanmış yeni perspektivlər və
s. Onlar böyük bir
ağacın qolları kimi görünürdülər.
Dünyada qlobal zor stixiyasının hökmfərma olduğu
indiki zamanda dostluğu, qardaşlığı meyara
çevirən siyasi gücün varlığının təminatçısı
idilər. Bu güclər birləşmək, əməli
işlərə imza atmaq, fəaliyyət
göstərmək üçün bir yerdə idilər. Mehriban qonşuluq münasibətləri
və onun əsasında zəmini qoyulan işlər bu gün
türk birliyinin necə vacib olması faktını zəruri
edirdi. Plenar sessiyada çıxış edən
YAP Sədrinin müavini Tahir Budaqovun da qeyd etdiyi kimi, “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında Şuşa
Bəyannaməsi”nin imzalanması təkcə iki qardaş
ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan
müttəfiqlik zirvəsinə yüksəlməsi ilə
əlamətdar deyil, eyni zamanda, regionda və
bütövlükdə Türk dünyasında sabitlik, rifah və
inkişaf üçün əlverişli zəmin
yaratmışdır”.
“Şuşa Azərbaycanın
gözüdür”!
Ümummilli Lider Heydər
Əliyevin vaxtilə qürurla və kövrək uslubda səsləndirdiyi
bu ifadə öz əyanilik zamanını yaşayır.
İndi bu müqəddəs məkana yalnız onun gözəlliklərini
görmək, seyr etmək üçün gəlmirlər, həm
də ahəng axtarmaq, nizama çağırış etmək,
gülüstan yaratmaq üçün təşrif buyururlar.
Şuşa hər zaman zirvədir! Mədəniyyətin zirvəsi,
qəhrəmanlığın zirvəsi... İndi də
birliyin zirvəsi kimi tarixi anlar yaşadı və
yaşatdı...
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda şöbə müdiri
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.10-11.