Ədəbiyyat İnstitutunda
yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr
- müzakirə olunub
İyunun
24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun Elmi şurasının növbəti iclası
keçirilib.
İnstitutdan
bildirilib ki, iclasın gündəliyində duran əsas məsələ
müəssisənin bu ilin ilk 6 ayı ərzində elmi və
elmi-təşkilati fəaliyyətinə dair hesabatının
dinlənilməsi olub.
Tədbiri
açan AMEA-nın prezidenti, institutun direktoru akademik İsa Həbibbəyli
müəssisə əməkdaşlarının ümumi fəaliyyətinə
nəzər salıb, növbəti 6 ay ərzində elmi tədqiqatların
əhatə dairəsinin daha da genişlənəcəyinə,
yeni nailiyyətlərin əldə olunacağına əminliyini
ifadə edib.
Akademik İsa Həbibbəyli elmi-tədqiqat işlərinin
keyfiyyətini artırmaq, daha səmərəli fikir
mübadiləsi aparmaq məqsədilə hesabat iclaslarına
AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının
təhkim edildiyini bildirib.
Daha sonra
iclasda Prezident İlham Əliyevin “Naxçıvan Muxtar
Respublikasının 100 illik yubileyinin qeyd edilməsi
haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamı
ilə bağlı nəzərdə tutulan işlərin vəziyyəti
müzakirə olunub. Akademik İsa Həbibbəyli bildirib ki,
muxtar respublikanın 100 illiyi münasibətilə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu
AMEA-nın Naxçıvan bölməsi ilə birgə
“Naxçıvan ədəbi mühiti: ənənələr
və müasir dövr” adlı kitab hazırlayır. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən
Naxçıvan Muxtar Respublikasının yubileyinə həsr
olunan tədbirin keçirilməsi nəzərdə tutulur.
İclasda
Ədəbiyyat İnstitutunun elmi katibi Aygün
Bağırlı müəssisənin 2024-cü il üzrə yarımillik elmi hesabatını
təqdim edib. O, Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının,
habelə dövlət proqramlarının icrası ilə əlaqədar
elmi müəssisələrə tapşırılmış
işlərlə bağlı məlumat verib.
Qeyd olunub
ki, hazırda müəssisədə 2 istiqamət, 8 problem, 19 mövzu 133 iş üzrə tədqiqatlar
aparılır. Məruzəçi, həmçinin
elektron elmin vəziyyəti, institutun nəşr fəaliyyəti,
eləcə də həyata keçirilmiş konfrans, sessiya,
seminar və yubileylərdən bəhs edib. O, institut tərəfindən
beynəlxalq əlaqələrin genişlənməsinə
xüsusi yer ayrıldığını qeyd edərək mart
ayında Kərkük Kültür Dərnəyi ilə əməkdaşlıq
memorandumunun imzalandığını xatırladıb. Aygün Bağırlı müəssisədə gənc
kadr potensialının inkişafına önəm verildiyini
vurğulayıb.
Elmi katib cari ildə institutda elmi biliklərin təbliği
və populyarlaşdırılması ilə bağlı
görülmüş işlərdən də söz
açıb.
İclasda AMEA-nın Rəyasət Heyəti tərəfindən
təhkim edilən Rəyasət Heyəti aparatının Elm
və təhsil şöbəsinin müdiri Sərxan Xavəri
Ədəbiyyat İnstitutunun 2024-cü ilin birinci
yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli
şəkildə əks olunduğu hesabatı, görülən
işləri müsbət qiymətləndirib.
Daha sonra
institutun direktor müavini Mehman Həsənli “Elektron Ədəbiyyat
İnstitutu 2024-cü ildə: nəticələr və
perspektivlər” mövzusunda hesabat verib. Həmçinin
Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli
“Ədəbi proses-2023” yaradıcılıq müşavirəsinə
hazırlığın vəziyyəti barədə məlumat
verib.
Tədbirdə digər məsələlər də
müzakirə olunub. Mövzu ətrafında
çıxış edənlər institutun yarımillik fəaliyyəti
barədə hesabatını yüksək dəyərləndirib,
müəssisənin məhsuldar işlər
gördüyünü vurğulayıblar.
Sonda hesabat qənaətbəxş sayılaraq qəbul
edilib.
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.11.