2024-cü il
Bu il bizim ilimizdir. Bu il atam
Şəmsəddinin 100, anam Hənifə xanımın 90, mənim
70 yaşım tamam olur. Onlar 20 ildir ki, həyatda
yoxdur. Lakin mən hər il onların
yaşlarını qeyd edirəm. Mənim
üçün onlar hələ də diridir. Yaxşı övlad üçün ata-anası
yalnız o özü öləndə ölür.
Bu il
ölkəmiz üçün də uğurla başlayıb:
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş
Komandan İlham Əliyev həm Böyük türk dövlətlərinə
- Orta Asiyaya, həm Avropa dövlətlərinə və
Rusiyaya intensiv səfərlər edib. Onun hədsiz uğurlu
xarici diplomatiyası sayəsində bu il Avropa və
Asiyanın, Amerika və Yaxın Şərqin maraqları
ölkəmizdə birləşib, həm Türk
dünyası, həm Şərq, həm də Qərb Azərbaycanda
ortaq məxrəcə gəlib. Bu, dünya-bəşər
tarixində indiki zamana qədər heç vaxt baş verməmiş
müsbət qlobal prosesdir. KOB-un Azərbaycanda
keçirilməsi, dünya ekoböhranının enerji
ehtiyacının ödənilməsinin Azərbaycana həvalə
və ümid edilməsi bunun əyani ifadəsidir. Bəli, Azərbaycanımız dünyanın diqqət
mərkəzindədir. Bəşəriyyət
bizə - böyük lider İlham Əliyevə
gözünü dikib. O, böyük iftixar hissi ilə
17 fevral 2024-cü ildə İnaqurasiya mərasimində bəyan
edib: "Bizim ailəmiz türk dünyasıdır. Biz
özümüzü çox yaxşı hiss edirik. Türk dövlətləri Təşkilatına
üzv olan bütün ölkələrlə qardaşlıq
münasibətlərimiz var və bizim siyasətimiz Türk
Dövlətləri Təşkilatını gücləndirməkdir.
Bu böyük coğrafiyadır, böyük ərazidir,
böyük hərbi gücdür, böyük
iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat
yollarıdır, gənc əhalidir, artan əhalidir və bir
soydan, kökdən olan xalqlardır. Bundan güclü
birlik ola bilərmi?"
Təbii ki, nüfuzumuz, şöhrətimiz artdıqca
düşmənlərimiz də artıb. İndi Azərbaycanı istəməyən,
ikibaşlı siyasət yeridən Avropa Şurası, YUNESKO,
Qafqazda oyun oynamaq istəyən müstəmləkəçi
Fransa, hətta özünü dünyanın ağası kimi
göstərən Amerika tarixin pərdəsi arxasından
miskin vəziyyətdə görünür...
Azərbaycana
Tanrı elə bir təbiət bəxş edib ki, bir yanda neft
və qaz, işğaldan azad olunmuş Qubadlıda, Zəngəzurda,
Kəlbəcərdə qızıl və digər qiymətli
metallar, günəş, hava və sudan
yaşıl enerji alır, dost ölkələrin də
ehtiyaclarını ödəyirik.
Bu il həm də dünyada baş verən
regional müharibələrlə tarixdə qalacaq: Rusiya-Ukrayna
müharibəsi İsrail və Fələstin müharibəsi
və s. Bütün bunlarda isə İl günahkar deyil,
bölüşdürülmüş dünyanı yenidən
bölüşdürmək istəyən, özgə
torpaqlarına sahib olmaq iddiası ilə yaşayan erməni
xislətli insanlar günahkardır. İftixar
doğuran haldır ki, Fransanın əsarətində olan
Afrikanın müstəmləkə dövlətləri,
Kaldoniya xalqı azadlığa Azərbaycanın üçrəngli
bayrağı ilə gedir. Qazaxın 4 kəndinin
Azərbaycana qaytarılması, Rusiya sülhməramlılarının
ölkəmizdən çıxması da böyük tarixi
hadisədir. Azərbaycan təkcə Yer
kürəsində yox, həm də tarixdə öz yerini
möhkəmlədir. Əlbəttə,
daxildə bir çox problemlərimiz var, lakin biz əvvəlcə
həm coğrafi, həm siyasi-ideoloji, həm də iqtisadi sərhədlərimizi
möhkəmlətməliyik. Qalib ölkə - Azərbaycan,
məğlub ölkəyə - Ermənistana əl uzatdı -
sülh təklif elədi, ermənilərin revanşist liderlərinin
xəyal qurub təxribatlar törətməsinə, tarixdə
həmişə olduğu kimi, Avropa dövlətlərində
və Amerikada qucaq axtarmasına baxmayaraq bu sülh baş
tutacaq.
Ağıllı və uzaqgörən, tarixi
gedişatını hamıdan yaxşı duyan, "nəyin
nə vaxt olacağını" yaxşı bilən
liderimizin "bu sülh bizə lazım deyil, ermənilərə
lazımdır" deyimi bütün Qafqazda müsbət hadisədir.
Mən,
2006-cı ildə çap olunmuş, milli ideologiyaya dair
"Azərbaycançılıq" kitabımda belə
yazmışam: "Azərbaycan tarixin amansız zərbələrindən
infarkt keçirmiş ürək kimi
parça-parçadır. Onun əlacı millətin
birliyindədir". İndi - 2024-cü ildə
birliyimiz də var, diriliyimiz də. İndi Vətən
tarixinin qarşımıza qoyduğu vəzifə iqtisadi, hərbi
və siyasi diplomatik qüdrətinə arxalanıb bu
"parçaları" birləşdirmək - Dərbənddən
Göyçəyə, Borçalıdan Zəncana, Təbrizə
qədər bütöv Azərbaycanın tarixi sərhədlərini
bərpa etmək, babalarımızın səhvlərini təshih
etməkdir. Sovet, bolşevik-daşnak kommunistlər
bizim torpaqlarımızda Ermənistan dövləti yaradıb.
Dilənçi ermənilər bu gün
dünyanın hər yerində özlərini
yazıqlığa qoyub yırtıcı əməllərlə
məşğuldur. Fəqət, uzun illər boyu bu
"yazıq" mənfur toplumu, bəşəriyyətin
vücudundakı bu yad, zəhərli törəməni
mühafizə və müdafiə etmiş Sovet imperiyası
kimi kəsib tarixin arxivinə atmaq vaxtı çatıb...
Biz əzəmətli addımlarla tarixin şərəfli
dövrlərinə - Böyük türk qövmünün -
türk dövlətçiliyinin təşəkkül
tapdığı - Qızıl almaya - Turana doğru gedirik. Türk
Dövlətləri Təşkilatının
ülgüsü - strategiyası məhz bu olmalıdır.
Mən də
hamı kimi, bir gün Allahın əmri ilə (atam həmişə
deyərdi: "oğlum, mən ölsəm darıxma,
ölüm Allah əmridi") bu fani dünyadan köç
edəcəyəm. Qoy, hələ fürsət var ikən
deyim: dünya türklərin idarəsinə keçəcək,
bunun əlamətləri artıq görünməkdədir. Bu ağılla idarəçilik olacaq, bütün
xalqlar rahat - aclıqsız, müharibəsiz, sülh
içində yaşayacaq, mən əminəm ki, tarixdə
sülhü məhz türk fatehləri yaradıb. Bu idarəçiliyin şüarı
"Hamımız bir günəşin zərrəsiyik"
(Abdulla Şaiq) olacaq. Mənim "Turan: tarixi gerçəklik
və müasirlik" kitabım çapdan çıxıb.
Bir çox problemləri mən orada əks
etdirmişəm. Turan xəyal deyil, ideal
gerçəklikdir. Biz Turanın
övladlarıyıq, təəssüf ki, yadlar hökm edib
bunu illərlə bizə unutdurublar. Əcnəbi
xislətli alimlərimiz bizə "Sovet xalqı" adı
(damğası!) vurub, aldadıb. Bu,
"Yad"ın "Yaddaş" üzərində
hökmranlığı dövrü idi.
- Sizlərsiz,
ey qövmi macar, bizlərə ixvan.
- Əcdadımızın müştərəkən mənşəyi
Turan.
Əlibəy Hüseynzadə
Ə.Hüseynzadənin
"Turan" şeirinin təsiri ilə Ziya Göyalp da bir
"Turan" şeiri yazıb:
Vətən
nə Türkiyədir türklərə, nə
Türküstan,
Vətən
böyük və mübədd bir ölkədir: Turan.
Ziya
Göyalp bundan əvvəl "Millət" şeirində
isə belə yazıb:
Sorma ona
oymağımı, boyumu,
Beş min ildir millət kimi yaşaram.
Demə
bana, Oğuz, Qayı, Osmanlı,
Yoxdur
özbək, noğay, qırğız, kazanlı,
Türk milləti bir bölünməz
bütündür.
Böyük
Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlı
Turan eşqini belə bəyan edirdi:
İntizar
gözlərdə Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz
Turan deyə yoruldu,
Turan ellərinə
salamlar olsun!
Sovet dövrünün kəshakəs vaxtı 1920-30-cu
illərdə belə şeir yazmaq diri-diri kəfəni boynuna
keçirmək idi. Vaxtsız ölüm C.Cabbarlının
1937-nin qanlı repressiyalarından qurtardı. Bəs Turana nə lazımdır? Bu elə o
illərdə böyük Hüseyn Cavid cavab verib:
Turana
qılıncdan daha kəskin ulu qüvvət,
Həp mədəniyyət, mədəniyyət, mədəniyyət.
H.Cavidin "mədəniyyət"i çox geniş məna
kəsb edir.
Türkləri başqa millətlərdən fərqləndirən
Vətən məhəbbəti, "vətən əxlaqı"dır
(Z.Göyalp).
Türklərin "vətən"
anlayışı məhz Turanla bağlıdır".
"Bir türk ayrılıqda bir xalq deməkdir"
(ərəb alimi Bəhr əl Cahiz). Türklər
bəşəriyyətə dövlətçilik və yüksək
mədəniyyət veriblər.
Bəli, bəyan edirəm, bu mənim İlimdir, tarixdə
qalacaq bir İldir. Mən Turan ideallı bir türkəm, qəlbi
atəşlə dolu, məğrur bir türk, Azərbaycan
türkü. Və bununla fəxr edirəm,
ləyaqətlə dünya səhnəsinə çıxa
bilirəm. Mən çox güclüyəm
- türk güclü deməkdir. Arxamda Böyük
Türk Dünyası var. Qoy, düşmənlərimiz bunu
unutmasın, bizimlə torpaq davası edənlər bilsinlər
ki, mənim "Dəmir yumruğ"um var!
24.04.2024
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti 2024.- 29 iyun, ¹23-24.- S.13.